Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1473/2023 02.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı Şəmsi qızının və Cavabdeh iştirakı ilə, İddiaçı Şəmsi qızının Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(023)-364/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Şəmsi qızı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 dekabr 2021-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat, uşağın 3 yaşına çatana kimi saxlanması üçün isə ona ayda 50 manat alimentin tutulması və 50 manat mediasiya xərcinin birdəfəlik olaraq tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Şəmsi qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 03 mart 2019-cu ildə ailə qurmuş, 18 yanvar 2021-ci il tarixdə Qazax rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 26 yanvar 2022-ci il tarixdə Aylin adlı uşaqları doğulmuşdur. Aralarında baş vermiş narazılıqlara görə 22 avqust 2022-ci ildə cavabdehlə faktiki olaraq ayrılmışlar. Həmin vaxtdan hal-hazıra kimi cavabdeh nə onunla, nə də, uşağı ilə maraqlanmamışdır. Uşaqları hazırda onun himayəsindədir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(023)-364/2023 saylı qətnaməsi ilə (hakim F.Məmmədov) iddia qismən təmin edilərək, 30 yanvar 2023-cü il tarixdən başlayaraq 30 dekabr 2021-ci ildə doğulmuş X6 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Şəmsi qızına verilməsi, Cavabdeh 46.40 (qırx altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutulub dövlət büdcəsinə keçirilməsi, Cavabdeh mediasiya xidməti üçün ödənilmiş 50 manatın alınaraq X4 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İşdə olan sübutlar: Qazax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 30 dekabr 2021-ci ildə doğulmuş X3 atası Cavabdeh, anası İddiaçı Şəmsi qızıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X1 Filialının verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Fveral oğlu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində hazırda qüvvədə olan əmək müqaviləsi aşkar olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri. Qazax Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(023)-364/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(023)-364/2023 saylı qətnaməsini iddianın təmin edilmiş hissəsində dəyişdirərək, iddianı qismən təmin edərək alimentin hər ay üçün 130 manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə əsassız olaraq ondan 170 manat sabit pul aliment müəyyən edilmişdir. Hansı ki, aliment müəyyən edilərkən onun maddi və ailə vəziyyəti nəzərə alınmamışdır. O ailəsini fəhləliklə dolandırır. Günü 10 manata mövsümü işlərdə işləyir. Himayəsində olan anası və atası ağır xəstəlikdən əziyyət çəkirlər. O məhkəmədə bildirmişdir ki, maddi və ailə vəziyyəti nəzərə alaınmaqla 130 manat sabit pul məbləğində aliment müəyyən edilsin. Onun heç bir təsərrüfatı yoxdur, xəstə ana və atasıda onun himayəsindədir. Məhkəmə isə bu halları nəzərə alamadan qətnamə qəbul etmiş bununla da onun ailəsinin vəziyyətini pisləşdirmişdir. O atasının və anasının xəstəliyi ilə əlaqədar olan sənədləri məhkəməyə təqdim etmişdir. Təsərrüfatının olmaması və digər sənədləri yenə də şikayətinə əlavə edir. Atası beynindən ağır xəstəlik keçirib və mütəmadi müalicə olunur. Üçüncü dərəcəli əlildir və əmək qabiliyyəti demək olar ki, yoxdur. Məhkəmə onun daimi işinin olmamasını, ata və anasının xəstəliyini, mövsümü işlərdə fəhlə işləməyini, təsərrüfatının olmamasını nəzərə almadan onun vəziyyətini pisləşdirən qətnamə qəbul etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, o, iş düşəndən-düşənə günü 10- 15 manata fəhləlik edir ki, bununla da aylıq gəliri 300-350 manat təşkil edir. İddiaçının iddia etdiyi kimi isə saz çalmaq üçün el şənliklərinə artıq getmir. Bu işlə əvəllər məşğul olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Şəmsi qızı izahat verib bildirmişdir ki, cavabdehin ata və anası pensiya almaqla, öz xərclərini qarşılamaqdadırlar. Cavabdeh isə ara işlədlə məğğul olmaqla yanaşı saz çalmaqla, el şənliklərinə də getməklə pul qazanmaqdadır. Cavabdehin tələb olunan aliment məbləğini ödəmək üçün maddi imkanı vardır. O isə azyaşlı uşağa baxdığından işləmək imkanı mövcud deyildir. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu: 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı işləməməklə yanaşı, hər hansı bir qazanca malik deyildir. Həmçinin 3 yaşınadək uşağa baxmaqla onun işləmək imkanları da məhduddur. Cavabdeh isə əmək qabiliyyətli olmaqla, hazırda fərdi işlərlə məşğul olub qazanc əldə etməkdədir. 2023-ci üzrə uşaqlar üçün yaşayış minimumu məbləğinin 220 manat müəyyən edilməsi nəzərə alındıqda, cavadbehdən tutulması qət edilən məbləğ əsaslı hesab olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Qazax Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(023)- 364/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlalamalıdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Qazax Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(023)-364/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(023)-364/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.