Məhkəmə qərarları › İş №2(104)-1480/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1480/2023

20.06.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1480/2023 20.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar söz: bağışlanma müqaviləsinin ləğv edilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-75/2023 saylı mülki iş üzrə 15 mart 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 iyun 2023cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11 avqust 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********18-05101-093001 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, 12 saylı evin 4 saylı 41,9 kv,metr-də ibarət mənzili tam mülkiyyət hüququ ilə Cavabdeh adına Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. İşdə olan 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisində təsdiq edilmiş 8İ-1427 nreyestr nömrəli **********427 nömrəli ərizənin surətindən görünür ki, İddiaçı əri Cavabdeh məxsus olan, birgə nikah dövründə əldə edilmiş Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 12 saylı evin 4 saylı mənzilin bağışlanmasına etiraz etmir. Eyni zamanda aralarında bağışlanan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır.

3. İşdə olan Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisində təsdiq edilmiş 13 aprel 2022-ci il tarixli 4Ə-173 reyest nömrəli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 11 avqust 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********18-05101-093001 reyestr nömrəli Çıxarışa əsasən ona məxsus Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, 12 saylı evin 4 saylı 41,9 kv,metr-də ibarət mənzili bacısı X4 bağışlamışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 may 2022ci il tarixli, ********** qeydiyyat nömrəli, **********18-05101-093001 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, 12 saylı evin 4 saylı 41,9 kv,metr-də ibarət mənzili tam mülkiyyət hüququ ilə X3 adına Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 06 fevral 2023-cü il tarixli 3-21-3-33/2-985/2023 saylı məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Gəncə “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-1832 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil X1 tərəfindən Cavabdeh satıldığı və həmin müqavilə üzrə Cavabdeh adına xx.xx.2021-ci il tarixli, **********18- 05101-093001 reeysrt nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın Dövlət reyestrindən Çıxarış verildiyi müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə alınmış Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, 12 saylı evin 4 saylı mənzilinin Cavabdeh tərəfindən X4 bağışlanmasına dair 13 aprel 2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi olaraq boşanmışdır. Cavabdehlə Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, 12 saylı evin 4 saylı mənzilini birgə nikah dövründə əldə etmişlər. 13 aprel 2022-ci ildə Cavabdeh qeyd olunan mənzili bacısı X4 bağışlamışdır. Mənzili bağışlamazdan əvvəl Cavabdeh bağışlanma müqaviləsinə razılıq verəcəyi halda, əvəzində Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 5-ci küçədə yerləşən fərdi yaşayış evini ona bağışlayacağına dair öhdəlik götürmüşdür. Həmin vaxt o, cavabdehlə boşanma prosesində olmuşdur. O, bağışlanma müqaviləsinə razılıq verməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 5-ci küçədə yerləşən fərdi yaşayış evinin sənədləri qaydasında olmadığını ondan gizlətmişdir. Cavabdeh sənədsiz evin bağışlanmasının mümkün olmadığını bildiyi halda, onun savadsızlığından istifadə etmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-75/2023 saylı mülki iş üzrə 15 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Mustafayev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin 2(030)- 75/2023 saylı mülki iş üzrə 15 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən, onun bağışlama müqaviləsində tərəf olmadığını əsas gətirərək iddia tələbini təmin etməmiş və bununla da onun qanunla qorunan hüquqlarını, mübahisəli mənzil üzərinə pay hüquqlarını pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 apellyasiya şikayətində göstərilənləri müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etirazını bildirərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

15. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

16. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

17. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

18. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

19. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

20. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

21. Maddə 668.1. Bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə və gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə etibarlıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 23.Maddə 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. 24.Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

25. Maddə 5.2. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər.

26. Maddə 5.3. Həmin şəxslər mövcud qanunvericiliyə uyğun olaraq ərizə və ya şikayət əsasında iş başlaya bilərlər.

27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 28 Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

29. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 30.Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər

Apellyasiya baxışının hədləri

32. Maddə MPM-in 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Maddə MPM-in 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Birinci instansiya məhkəməsi iddiaçı X3 bağışlanma müqaviləsində tərəf olmadığı üçün müqavilənin ləğvini tələb etməklə bağlı subyektiv hüquqa malik olmaması əsası ilə iddia tələbini təmin etməmişdir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir.

37. Belə ki, məhkəmə kollegiyası belə qənaətə gələrkən nəzərə alır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

38. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

39. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

40. Hazırki işdə iddiaçı ləğvini tələb etdiyi həmin müqavilə üzrə müqavilə tərəf olmadığından, onun hazırki iddianı-bağışlama müqaviləsinin ləğvi tələbinə dair iddianı qaldırmağa subyektiv hüququ olmamışdır.

41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin bağışlama müqavıləsinin etibarsız sayılması tələbini irəli sürmək hüququ var ki, həmin tələbin irəli sürüldüyü halda məhkəmə müqavilənin etibarlılıq şərtlərinin yoxlanılması üzrə araşdırma aparmalıdır. Hazırki işdə isə bağışlama müqavıləsinin etibarsız sayılması tələbi irəli sürülməmişdir.

42. Göründüyü kimi, işə birinci instansiya məhkəməsində baxılıb, iş üzrə qətnamə qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-75/2023 saylı mülki iş üzrə 15 mart 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar