Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1520/2025 04.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Alimentin sabit pul məbləğində tutulması” tələbinə dair mülki işi üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1876/2025 saylı, 30 may 2025-ci il tаrixli qətnaməsindən cCavabdeh və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 olmaqla iki ümumi uşaqları doğulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “Alimentin sabit pul məbləğində tutulması tələbi”nə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2013-cü il təvəllüdlü Əsmanur və xx.xx.2013-cü il təvəllüdlü Rəsmiyyə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 500 manat sabit pul məbləğində alimentin və həmçinin ödənilmiş 50 manat mediasiya xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə xx.xx.2007-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü Əsmanur və xx.xx.2013-cü il təvəllüdlü Rəsmiyyə adlı iki övladları dünyaya gəlmişdir. Cavabdehlə ailə qurduqları ilk vaxtlar ailə münasibətləri normal olmuş, lakin sonradan cavabdehin günahı üzündən ailələrində olan normal münasibətlər pozulmuşdur. Faktiki olaraq ailə münasibətləri pozulmuş və bərpası mümkün deyildir. Hazırda övladları onun himayəsindədirlər və valideynlərinin yanında yaşayır. Cavabdeh birgə nikahlarından anadan olmuş övladlarının saxlanılması üçün ona heç bir maddi köməklik göstərmir. Övladlarının bütün maddi xərclərini yəni uşaqların yeməyə, paltara və həkim xərclərinə olan ehtiyaclarını güc-bəla ilə ödəyir. Cavabdeh övladlarının saxlanılmasına biganə yanaşır, o isə tək ana olaraq uşağın saxlanılmasında maddi çətinlik çəkir. Hazırda cavabdeh işləyir və kifayət qədər maddi təminatlıdır. Belə ki, cavabdehin sahibliyində və istifadəsində 3 ədəd tır yük maşını var, həmçinin həmin avtomobilləri özü və başqa şəxslərə verərək qazanc əldə edir. Bununla yanaşı o, hesab edir ki, atanın öz uşağına yetkinlik yaşına çatanadək baxması borcudur. Göstərilənlərə görə məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. İddia tələbinin artırılması barədə ərizədən görünür ki, Cavabdeh xx.xx.2013-cü ildə anadan olmuş Əsmanur və xx.xx.2013-cü ildə anadan olmuş Rəsmiyyə adlı uşaqların saxlanması üçün hər ay uşağa görə 500 ( beş yüz) manat cəmi 1000 (min) manat sabit pul məbləğində alimentin, 50 manat mediasiya xərcinin və ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində vəkil xidmət haqqının cavabdehdən alınıb iddiaçıya verilməsini tələb etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1876/2025 saylı, 30 may 2025-ci il tаrixli qətnaməsi ilə (hakim N.Heydərova) iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin Cavabdeh aid edilməsi, ödənilmiş vəkil xərcinin 170 ( yüz yetmiş) manat hissəsinin Cavabdeh aid edilməsi qət edilmişdir. Rayon Məhkəməsi alimentin tutulması hissəsinə münasibətdə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamalarını, cavabdehin maddi durumunu, uşaqların yaşını və həyat tərzini, habelə digər halları, eləcə də iddiaçının ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab etmişdir ki, həmin tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2013cü il təvəllüdlü X1 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşaq üçün xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,62 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Həmin məbləğdə alimentin təyin edilməsi azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Apellyasiya şikayətlərinin dəlilləri a) Cavabdehin apellyasiya şikayətinin dəlilləri Cavabdeh tərəf apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 30 may 2025-ci il tarixli, 2(076)-1876/2025 saylı qətnaməsinin ləğv edilməsini və ədalətli yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsi tərəfindən iddiaçının birtərəfli izahatları əsas götürülərək onun gəlirləri, əmlakı və iş fəaliyyəti barədə heç bir sübut tələb edilmədən qətnamə çıxarılmışdır. Bu isə onun hüquqlarının pozulmasına, eləcə də alimentin real vəziyyətə uyğun olmayan həddə müəyyən edilməsinə səbəb olmuşdur. İddiaçı tərəf onun maddi imkanı haqqında təqdim etdiyi bütün iddiaları şifahi formada, sübutsuz irəli sürmüşdür. Onun hazırda rəsmi iş yeri yoxdur, fəaliyyətinə dair VÖEN təqdim edilməyib, daimi gəliri yoxdur. İddiaçının xarici ölkəyə səfərlər və daşımalar barədə dedikləri də yalnız şəxsi mülahizə və sosial şəbəkələrdəki şəkillərə əsaslanır, lakin hüquqi sübut sayıla bilməz. Bununla da hüquqları kobud pozulmuşdur. Sabit pul məbləğində aliment müəyyən edilərkən məhkəmə onu ölkə üzrə minimum əmək haqqının 0,62 misli həddində müəyyən etmişdir. Lakin bu miqdar cavabdehin maddi durumuna uyğun deyil və normanın məqsədi olan balanslı yanaşmanı pozur. AR Ailə Məcəlləsinin 75.1-ci maddəsi valideynlərin uşağın saxlanmasına bərabər şəkildə cavabdeh olduğunu müəyyən edir. Məhkəmə aliment öhdəliyini yalnız cavabdehin üzərinə qoymaqla bu prinsipi pozmuş, iddiaçının töhfəsini qiymətləndirməmişdir. Aliment yalnız məhkəməyə müraciət tarixindən etibarən tutulmalıdır. Məhkəmə bu tarixdən sonra tətbiqi düzgün göstərsə də, onun məbləğini real vəziyyətdən asılı olmayaraq yüksək müəyyən etməklə nəticədə cavabdehi qeyri-real maliyyə yükünə salmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə uyğun olaraq, uşağın mənafeyinə dair qərar qəbul olunarkən Himayəçilik və Qəyyumluq orqanının rəyi əsas sübut sayılır. Bu rəydən istifadə edilmədən, yalnız iddiaçının izahları ilə uşaqların həyat tərzi və ehtiyacları barədə nəticə çıxarılması qanuni baxımdan qüsurludur. Cavabdehin gəliri ilə bağlı hökumət və ya sosial müdafiə qurumlarından heç bir arayış, sorğu və ya sənəd iş materiallarında mövcud deyil. Əgər bu hallar araşdırılsaydı, cavabdehin gəlir əldə etmədiyi aydın olardı. Məhkəmə cavabdehin maddi vəziyyəti barədə sübut təqdimedilmədən "maddi təminatlı şəxs" kimi qiymətləndirmişdir. İddiaçı cavabdehin gəlirli olduğunu, yük avtomobillərinə, xarici maşına və torpaq sahələrinə sahib olduğunu bildirmiş, lakin bu iddiaları nə reyestr çıxarışı, nə bank sənədləri, nə də vergi hesabatı ilə sübut etməmişdir. Məhkəmə bu cür vacib və mübahisəli məsələni yalnız bir tərəfin şifahi izahı əsasında qiymətləndirmiş, bu isə nəticələrin obyektivliyini sual altına alır. Əgər cavabdeh real olaraq işsizdirsə, gəliri yoxdursa və rəsmi vergi qeydiyyatı aparılmırsa, onun minimum əmək haqqının 0,62 misli həcmində (hər uşaq üçün təxminən 248 manat) aliment ödəməsi praktik baxımdan qeyrimümkündür. Belə nəticəyə gəlmək, cavabdehi borcun icrasına görə gələcəkdə həbs və ya mülki məsuliyyət riski ilə qarşı-qarşıya qoyur. b) İddiaçının apellyasiya şikayətinin dəlilləri İddiaçı tərəf apellyasiya şikayəti verərək, şikayətin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin 30 may 2025-ci il tarixli, 2(076)-1876/2025 saylı qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırılması zamanı cavabdehin maddi imkanı və gəlirinin yaxşı olması ilə bağlı bir çox sənəd və fotoşəkillər vermişdir. Qeyd edir ki, cavabdeh onun yük avtomobillərinin olmamasını bildirsə də iddiaçının məhkəməyə təqdim etdiyi etibarnamələr və daşıma barədə müqavilələr onun dediklərini təkzib edir. Cavabdeh həmin avtomobilləri sürücülər vasitəsi ilə nəzarət edərək malların daşınmasını təmin edir. Həmin avtomobillər həm ölkə daxili həm də ölkə xarici yük daşımaları edir. Qeyd edir ki, həmin yük avtomobillərini cavabdeh öz adına sənədləşdirməməsinin səbəbi onun qeyd olunan əmlaka hüququnun yaranacağından ehtiyat etməsidir. Bundan başqa həmin avtomobilinin sənədləşdirilməsi üçün xeyli miqdarda vəsait tələb olunur. Bundan başqa cavabdeh Rusiya Federasiyasının vətəndaşdır. Cavabdeh digər xarici ölkələrə gedib gəlir. Cavabdehin ölkə xaricinə yük avtomobilləri ilə çıxması elektron məhkəmə informasiya sistemində tam təsdiq olunmaqdadır. Cavabdehin maddi təminatının və rifahının yüksək olması iddiaçının təqdim etdiyi foto şəkillərlə də tam təsdiq olunur. Cavabdehin gəlirinin yüksək olmasını digər hallarla da təsdiq etmək olar. Belə ki, araşdırma aparılsa cavabdehin adına olan bank kartlarına, xaricdən və daxildə onun adına nə qədər vəsait daxil olması müəyyən olunarsa bu hal öz təsdiqini tapar. Hazırda uşaqların yeməyə, paltara, təhsil və həkim xərclərinə olan ehtiyaclarını güc-bəla ilə ödəyir. Cavabdeh isə könüllü olaraq əlavə heç bir maddi yardım göstərmir. Hazırda uşaqlar böyüyüb və maddi tələbatları da artmaqdadır. İstehlak qiymətləri də yüksəkdir. O isə tək başına həmin evin tələbatını, həm uşaqların tələbatını ödəmək iqtidarında deyil. Cavabdehin maddi vəziyyəti yaxşı olsa da özü könüllü olaraq uşaqlara əlavə maddi yardım göstərmək istəmir. Hətta hazırkı qətnamədən apellyasiya şikayəti verərək alimentin azaldılmasını tələb edir. Halbuki, cavabdehin uşaqların maddi təminatını qarşılaması onun borcu və vəzifəsidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh vermiş olduğu apellyasiya şikayətini müdafiə edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. 4. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları” Bəyannaməsi Uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyası” Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 18. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2.Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu. 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki işin müəyyən edilmiş hallarıı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh nikaha daxil olmuş və bu nikahdan onların iki yetkinlik yaşına çatmayan uşaqları var: – xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi əsasında xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmuşdur. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək alimentin daha az miqdarda tutulmasını xahiş edir. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı isə Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək hər uşaq üçün 500 manat, ümumilikdə 1000 manat məbləğində aliment tutulmasını xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 adlı uşaqları iddiaçının himayəsində olduğundan sonuncunun həmin uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməsi qanuni və əsaslıdır. Belə ki, adı qeyd olunan uşağa qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Adı qeyd olunan uşaqlar anasının yanında yaşadığından, onun bütün qida, geyim, tibbi və digər xərcləri mütəmadi şəkildə anaları tərəfindən ödəniləcəkdir. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin, yəni iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni cavabdehdən tutulmasına əsas verir. Ailə qanunvericiliyinin tələblərindən göründüyü kimi, valideyn uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Valideynin işləməməsi və ya qazanca malik olmaması, yaxud qazancının az olması onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78-ci maddəsi sabit məbləğdə aliment tutulmasına əsas verən hallardan biri kimi valideynin qazancının (gəlirinin) olmamasını, başqa bir hal kimi də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu halı müəyyən etmişdir. Alimentin miqdarının təyin olunması üçün əsas meyarları müəyyən edən Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərin maddi vəziyyəti onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sairlə qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Bununla belə, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğdə müəyyən edilmişdir; 2025-ci il üçün minimum əməkhaqqı 400 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarına əsasən, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi və əmək haqqı minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit məbləğdə müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Bu məbləğ adı qeyd olunan uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir. Kollegiya göstərir ki, alimentin bu məbləği uşaqların mənafeyi baxımından qənaətbəxşdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin müvafiq maddələrinə istinad edərək məhkəmə xərcləri hissəsində də düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1876/2025 saylı, 30 may 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1520/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1520/2025
04.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver