Məhkəmə qərarları › İş №2(104)-1529/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1529/2025

05.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1529/2025 05.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(040)-1265/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: 1-797/22 saylı sığorta ödəniş aktının surətindən görünür ki, sığortaçı "xxxx" ASC sığortalı Cavabdeh istifadəsində olan “VAZ 21140” markalı, 15BX385 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2013-cü il tarixli PSS**********-1№-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən "xxxx" ASC-də 04 iyun 2013-cü il tarixdən 03 iyun 2014-cü il tarixədək olan müddət üzrə sığorta etmişdir. 06 sentyabr 2021-ci il tarixli **********21 saylı Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixdə saat 13:00 radələrində “VAZ 21140” markalı, 15BX385 dövlət qeydiyyat nişanlı avtomobil ilə Goranboy rayonu ərazisində yolnəqliyyat hadisəsini törətməklə avtomobildə olan sərnişin X1 az ağır zərər vurulmuşdur. Goranboy Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(045)-31/2014 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 26 aprel 2022-ci il tarixli Ödəniş tapşırığının surətindən görünür ki, sərnişin X1 dəymiş ziyanın əvəzi olaraq 1400 manat ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş 1400 manat məbləğində sığorta ödənişinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 34 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh “VAZ 21140” markalı, 15BX385 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2013-cü il tarixdə Goranboy rayonu, Safıkürd kəndinin yaxınlığından keçən hissəsində sürücülük vəsiqəsi olmadan idarə edərkən avtomobildə olan sərnişin X1 az ağır zərər vurulmasına səbəb olmuşdur. Goranboy Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(045)-31/2014 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hadisə nəticəsində avtomobildə olan sərnişin X1 az ağır zərər vurulmuş və X3 dəymiş zərərə görə 1400 (bir min dörd yüz) manat məbləğində sığorta ödənişi olunmuşdur. Bu ödəniş xx.xx.2022-ci il tarixli, İ-797/22 saylı sığorta ödənişi aktında və onun əsasında verilmiş xx.xx.2022-ci il tarixli, **********5 saylı ödəniş tapşırıqında öz əksini tapmış və faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Faydalanan şəxsə ödənilmiş 1400 (bir min dörd yüz) manat məbləğ cavabdeh tərəfindən cəmiyyətə qaytarılmalıdır. Cavabdehə bu barədə xx.xx.2024-cü il tarixli, 24/400 saylı pretenziya məktubu göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(040)-1265/2024 saylı qətnaməsi ilə (hakim H.Qəniyev) iddianın təmin edilməsi, Cavabdeh subroqasiya qaydasında 1400 (min dörd yüz) manat pulun və ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumunun pul əvəzinin tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh “VAZ 21140” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2013-cü il tarixdə Goranboy rayonu, Safıkürd kəndinin yaxınlığından keçən hissəsində sürücülük vəsiqəsi olmadan idarə edərkən avtomobildə olan sərnişin X1 az ağır zərər vurulmasına səbəb olmuşdur. İddiaçı (sığorta edən) sərnişin X3 dəymiş 1400 manat məbləğində zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-ci maddəsinin və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən subroqasiya qaydasında tələbetmə hüququnu əldə etmişdir. İddiaçı "xxxx" ASC ödədiyi sığorta ödənişinin əvəzini subroqasiya qaydasında ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə, iddia təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 1400 manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməli, həmçinin iddia təmin edildiyi üçün cavabdehdən ödənilmiş 34 manat dövlət rüsumunun pul əvəzi də tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Kəlbəcər Rayon Məhkəməsinin e-2(040)-1265/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edib iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yol nəqliyyat hadisəsi zamanı cavabdehin avtomobilində olan sərnişin tanışı və qohumu olan X1 vurulmuş zərərlə bağlı nə Rauf Mamedovun özü, nə də ki, onun tapşırığı ilə digər bir şəxs "xxxx" ASC-yə və yaxud digər bir orqana heç bir müraciət olunmamış, Rauf Mamedov "xxxx" ASC-dən hər hansı bir məbləğdə pul vəsaiti almamış, Rauf Mamedovun sağlamlığına dəymiş zərər onun tərəfindən tam şəkildə onun özünə ödənilmişdir. Bununla bağlı həm istintaq, həm də məhkəməyə müvafiq ərizələr təqdim edilmişdir. Hansı əsaslarla ona qarşı iddia qaldırılması məlum deyildir. Məhkəmə isə belə nəticəyə gəlmişdir ki, cavabdehdən subroqasiya qaydasında 1400 manat pul və ödənilmiş 34 manat dövlət rüsumunun pul əvəzi tutularaq "xxxx" ASC-nin hesabına ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmənin bu mövqeyi haqlı olmamışdır. Yol-nəqliyyat hadisəsi zamanı cavabdehin avtomobilində olan sərnişin - tanışı və qohumu olan X4 da yuxarıda qeyd edilənləri təsdiq edə bilər və bu barədə müvafiq ərizəni məhkəməyə təqdim edə bilər. Cavabdehin iddiaçı "xxxx" ASC-nin qarşısında hər hansı öhdəliyi və yaxud borcu olmadığından, məhkəmə tərəfindən ondan yuxarıda göstərilən pul vəsaitinin tutulması barədə qətnamə çıxarılması qanuni olmamışdır. Cavabdehə "xxxx" ASC tərəfindən hər hansı bir məlumat və ya pretenziya məktubu, həmçinin nə məhkəmə tərəfindən, nə də "xxxx" ASC tərəfindən hər hansı bir iddia ərizəsi və ya bildiriş təqdim edilmədiyindən, həmçinin onun məhkəmə iclasında iştirakı təmin olunmadığından öz etirazlarını və sübutlarını təqdim edə bilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: ... Maddə 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişdir ki, sığortaçı "xxxx" ASC sığortalı Cavabdeh istifadəsində olan “VAZ 21140” markalı, 15BX385 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2013-cü il tarixli PSS**********-1№-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən "xxxx" ASC-də 04 iyun 2013-cü il tarixdən 03 iyun 2014-cü il tarixədək olan müddət üzrə sığorta etmişdir. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, xx.xx.2013-cü il tarixdə saat 13:00 radələrində Cavabdeh “VAZ 21140” markalı, 15BX385 dövlət qeydiyyat nişanlı avtomobil ilə Goranboy rayonu ərazisində yolnəqliyyat hadisəsini törətməklə avtomobildə olan sərnişin X1 az ağır zərər vurulmuşdur. Həmin yol nəqliyyat hadisəsi ilə bağlı Goranboy Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(045)-31/2014 saylı hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan 26 aprel 2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanla bağlı zərərçəkənə 1400 manat məbləğində pul iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. İddiaçı həmin məbləğin subroqasiya qaydasında cavabdehdən tutulması barədə hazırkı tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Yuxarıda qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" ASC-nin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə uyğun olaraq cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, yuxarıda göstərilən müddəaların mənasından göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdehdur. Apellyasiya şikayətindən aydın olduğu kimi onun özü də bunu mübahisələndirməmiş, yalnız ondan tələb olunan məbləğin zərərçəkmiş X3 ödənilməmiş olmasını irəli sürmüşdür. Kollegiya apellyasiya şikayətinin həmin dəlillərini əsassız hesab edir; Ona görə ki, iş materiallarında olan 26 aprel 2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanla bağlı zərərçəkənə 1400 manat məbləğində pul iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. Xüsusilə nəzərə almaq lazımdır ki, Cavabdeh zərərin məbləğinin zərərçəkmişə ödənilmədiyini iddia etməsinə baxmayaraq, bunu təsdiq edən hər hansı sənəd təqdim etməmiş, beləliklə də, apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ümumiyyətlə qeyd olunmalıdır ki, zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İddiaçı şirkətin isə sığortalıya məhz 1400 (min dörd yüz) manat ödəmiş olduğu təsdiq olunur. Məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Ona görə də apellasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(040)-1265/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar