Məhkəmə qərarları › İş №2(104)-1534/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1534/2025

24.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1534/2025 24.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "uşaqların himayədə saxlanması və aliment tələbinə" dair mülki iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızının (sədrliyi və məruzəsi ilə) Mamedov Rəşad Ziyaviddin oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “uşaqların himayədə saxlanılması və aliment” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(021)-1683/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. Bərdə Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 avqust 2018-ci il tarixli AZ-İİ 279170 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 17 avqust 2018-ci ildə Bərdə Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 944 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Nərimanova soyadı verilmişdir.

2. Bərdə Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV 341232 nömrəli, xx.xx.2021-ci il tarixli AZ-İV 547675 nömrəli, xx.xx.2024-cü il tarixli AZ-V 079677 nömrəli Doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 17 oktyabr 2019-cu ildə Aysun, 08 yanvar 2021-ci ildə Abuhəyat, 11 dekabr 2024-cü ildə Elgün adlı uşaqları anadan olmuşdur. Uşaqların ataları Cavabdehdur.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X5, xx.xx.2021-ci il təvəlüdlü X3, xx.xx.2024-cü il təvəlüdlü X1 üçün hər ay bir uşağa görə 235 manat olmaqla, üç uşağa görə cəmi 705 manat sabit pul məbləğində alimentin və xx.xx.2024-cü il təvəllüdlü X6 3 yaşı tamam olana kimi saxlanılması üçün 200 manat alimentin tutularaq ona verilməsi və uşaqların onun himayəsində saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X8, xx.xx.2021-ci il təvəllüdlü X7, xx.xx.2024-cü il təvəllüdlü X9 adlı üç övladları anadan olmuşdur. Cavabdehlə 2 aydan çoxdur ki, ayrı yaşayırlar. Cavabdeh uşaqları ilə maraqlanmır, uşaqlarına qarşı heç bir qayğı göstərmir, onların saxlanılmasında ona heç bir köməklik etmir. Ümumiyyətlə, onlara maddi yardım göstərilməsindən imtina edir. Ona görə də hesab edir ki, cavabdehdən bir uşağın saxlanılması üçün 235 manat olmaqla, üç uşağa görə cəmi 705 manat sabit pul məbləğində aliment alınıb ona verilməlidir. Hətta medasiya şurasına da müraciət etmiş, cavabdeh mediasiya şurasına gəlməmişdir. Ona görə də mediasiyada baxılması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu barədə mediasiya şurasına etidiyi müraciətə görə xx.xx.2025-ci il tarixdə 00066 nömrəli rəsmi arayış verilmişdir ki, məhkəməyə müraciət etsin. Bundan başqa, cavabdehdən xx.xx.2024-cü il təvəllüdlü X6 3 yaşı tamam olana kimi saxlanılması üçün 200 manat da alimentin tutulub ona verilməsi zəruridir.

5. Bərdə Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(021)-1683/2025 nömrəli qətnaməsi ilə (hakim G.Abbasov) iddia qismən təmin edilmiş, İddiaçı Cavabdeh ilə birgə nikahından 17 oktyabr 2019-cu ildə anadan olmuş X8, xx.xx.2021-ci ildə anadan olmuş X7 və 11 dekabr 2024-cü ildə anadan olmuş X6 anası İddiaçı himayəsində saxlanılması, yetkinlik yaşına çatmayan 17 oktyabr 2019-cu ildə anadan olmuş X5, xx.xx.2021-ci ildə anadan olmuş X3 və 11 dekabr 2024-cü ildə anadan olmuş X1 üçün 06 mart 2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutulması, azyaşlı 11 dekabr 2024-cü ildə anadan olmuş X6 3 (üç) yaşı tamam olana qədər azyaşlı uşağın anası İddiaçı tələbatının təmin edlməsi üçün Cavabdeh hər ay 50 (əlli) manat miqdarında aliment tutulub İddiaçı verilməsi, Cavabdeh 11 dekabr 2024-cü ildə anadan olmuş X6 3 yaşına çatana kimi azyaşlı uşağın anası İddiaçı maddi tələbatının təmin edlməsi üçün ayda 50 (əlli) manat sabit pul məbləğində aliment tutulmasının başlanğıcı məhkəməyə müraciət edildiyi 06 mart 2025-cü il tarixdən hesablanması, Cavabdeh dövlət rüsumu hesabına 81,92 (səksən bir manat 92 qəpik) manat alınaraq dövlət büdcəsinə keçirilməsi, İddiaçı mediasiyada iştiraka görə ödədiyi 60 (altmış) manat məbləğində vəsaitin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 17 oktyabr 2019-cu il təvəllüdlü X5, 08 yanvar 2021-ci il təvəllüdlü X3 və 11 dekabr 2024-cü il təvəllüdlü X6 İddiaçı himayəsində saxlanılması qanuna və məqsədəuyğundur.

7. Məhkəmə həmçinin hesab etmişdir ki, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, habelə cavabdehin qazancının qeyri-müntəzəm olmasını, ondan ayda sabit pul məbləğində hər ay hər uşaq üçün 235 manat miqdarında aliment tutulmasının real olmamasını nəzərə alaraq, göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla alimentin miqdarının hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində müəyyən edilməsi məqsədəuyğundur. Həmçinin, Cavabdeh uşağın 3 yaşına çatana kimi azyaşlı uşağın anası İddiaçı maddi tələbatlarının təmin edlməsi üçün ayda 200 manat sabit pul məbləğində aliment tutulmasının real olmamasını nəzərə alaraq hesab etmişdir ki, iddianın həmin hissəsində alimentin miqdarının ayda 50 manat miqdarında sabit pul məbləğində müəyyən edilməsi qanuna və məqsədəuyğundur.

8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 110, 84cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, üzrə Bərdə Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(021)-1683/2025 nömrəli qətnaməsini ləğv edib, alimentin məbləğinin hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, heç yerdə işləmir, iş qabiliyyətini itirmişdir. İşləyə bilmədiyi üçün hər ay 566 manat pulu ödəyə bilməyəcək. Səhhəti isə günü gündən şiddətlənərək işləməyinə mane olur. İddiaçı ilə ailə münasibətləri pozulduqduqdan sonra o, yenidən ailə həyatı qurmuş və həmin övladının da təlabatını ödəməkdə çətinlik çəkir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

12. İş üzrə tərəflərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Konstitusiyası: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

14. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqların haqqında” Konvensiya: Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələri inzibati və ya qanunvericilik orqanları tərəfindən.

15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

16. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunu

1. 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin.

17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

18. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 218.1. Hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Apellyasiya şikayətində cavabdeh tələbin aliment hissəsində azaldılmasını xahiş etmiş, şikayətin dəlili kimi alimentin ödənilməsinə maddi imkanının yol verməməsini qeyd etmişdir.

21. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

22. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir. 1.2. 8-ci bənd üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

23. İşə baxan birinci instansiya məhkəməsi tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşağın əvvəlki təminat səviyyəsini, onun hüquq və mənafelərini nəzərə alaraq, hesab etmişdir ki, 06 mart 2025-ci il tarixdən başlayaraq 17 oktyabr 2019cu ildə anadan olmuş X5, xx.xx.2021-ci ildə anadan olmuş X3 və 11 dekabr 2024-cü ildə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

24. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, Aysun, Abuhəyat, Elgün adlı uşaqların azyaşlı olmaqla, xüsusi geyim, qida və tibbi xərcləri ilə bağlı gündəlik tələbatlarının çox olmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Həmin nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

25. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

26. Kollegiya cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, onun maddi vəziyyətinin aşağı olması barədə dəlilləri alimentin azaldılması üçün əsas deyildir. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmaqla, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyəti daşıyırlar və hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi onların işləyib-işləməməsindən asılı deyildir.

27. Digər tərəfdən isə, tərəflər ayrıldıqdan sonra azyaşlı uşaqların maddi və mənəvi bütün yükü, yəni onların geyim, qida, sağlamlıq, təhsil və digər məişət qayğılarının çəkilməsi yükü iddiaçının üzərinə düşmüşdür ki, bu da qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni Cavabdeh tutulmasına əsas verir.

28. Tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi cavabdehdən X5, X3 və X2 üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməsində qanunauyğun və əsaslı nəticəyə gəlmişdir.

29. Belə olan halda məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(021)-1683/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamə qətidir, ondan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar