Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1546/2023 01.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qızına qarşı mülki iş üzrə Açar sözlər: aliment tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-165/2023 saylı iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 24 oktyabr 2012-ci ildə Daşkəsən şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdeh qızıdır. Bu barədə Daşkəsən rayon VVADQ şöbəsində doğum haqqında akt qeydləri kitabında 22 dekabr 2009-cu il tarixində 349 nömrəli qeyd edilmişdir.
2. İşdə olan Daşkəsən Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(030)- 283/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qızına qarşı 22 aprel 2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay Cavabdeh qızından 200 manat məbləğində aliment tutulub ona ödənilməsi tələbinə dair iddiası təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Daşkəsən Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli 2(030)-33/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının dəyişdirilməsi, 24 oktyabr 2012-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün 29 iyul 2021-ci il tarixdən başlayaraq hesablanmaqla hər ay İddiaçı 100 (bir yüz) manat məbləğində aliment tutulub Cavabdeh qızına ödənilməsi, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. İşdə olan Gəncə 1 saylı Mediasiya təşkilatının ilkin meadiasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 25 noyabr 2022-ci il tarixli MŞG/1-06019 nömrəli arayışdan görünür ki, X1 “aliment və uşağın ölkə xaricinə çıxarılması hüququnun tanınması tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan Cavabdeh qızı ilə X4 mübahisə üzrə 25 noyabr 2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişlər. Tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 aprel 2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qızından 150 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh qızı ilə birgə yaşadıqları müddətdə 22 aprel 2010-cu ildə Nüsrət və 24 oktyabr 2012-ci ildə Xalimə adlı iki uşaqları anadan olmuşdur. Birgə yaşamaları mümkün olmadığı üçün faktiki olaraq ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(030)-283/2021 saylı qətnaməsi ilə 24 oktyabr 2012-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay ondan 100 manat məbləğində alimentin tutulub, Cavabdeh qızına ödənilməsi qət edilmişdir. O, hərbçi olmuşdur. Hazırda ağır xəstədir. Vətən Müharibəsində aldığı yaraya görə qazidir və ayda 80 manat məbləğində müavinət alır. Səhhətində ciddi problemləri olduğu üçün vaxtaşırı Maştağada yerləşən Ruhi-Əsəb xəstəxanasında müalicə alır. Oğlunun saxlanılmasında maddi sıxıntılar olduğu üçün cavabdehdən aliment almağa ehtiyacı vardır.
6. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-165/2023 saylı iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim: M.Mustafayev) İddiaçı Cavabdeh qızına qarşı aliment tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin 2(030)- 165/2023 saylı iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun 80 manat təqaüd almaqla, daimi iş yerinin olmamasına, hərbidən aldığı travmadan hər ay müalicəyə ehtiyacının olmasına, kirayədə yaşamasına, himayəsində ailəsinin və 1 uşağının olmasına düzgün hüquqi qiymət verməmiş, bütün faktiki halları araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
11. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
12. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
14. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
15. Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
18. Maddə 112.1. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
22. MPM-in 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. MPM-in 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və iddiaçını dinləyib, eləcə də apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. İşin faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh qızının birgə yaşadıqları müddətdə 22 aprel 2010-cu ildə Nüsrət və 24 oktyabr 2012-ci ildə Xalimə adlı iki uşaqları anadan olmuşdur. Tərəflərin birgə yaşamaları mümkün olmadığı üçün ayrılmışlar. Daşkəsən Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(030)-283/2021 saylı qətnaməsi ilə 24 oktyabr 2012-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay ondan 100 manat məbləğində alimentin tutulub, Cavabdeh qızına ödənilməsi qət edilmişdir. Hazırda isə İddiaçı onun himayəsində qalan 22 aprel 2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələb edir.
26. Kollegiya hesab edir ki, həmin tələbi təmin etməməkdə birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. .
27. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, Ailə Məcəlləsinin 78.3-cü maddəsi ilə nəzərdə tutulmuşdur ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay sabit pul məbləğində aliment tutula bilər. Başqa sözlə desək, tərəflərdən hər biri ilə uşaq qaldığı hallarda hər iki valideynə bir birindən aliment alımasına qanun yol vermir.
28. İş materiallarından müəyyən edildiyi kimi, artıq qanuni qüvvədə olan əvvəlki məhkəmə qətnaməsi ilə hazırki iş üzrə cavabdeh olan Cavabdeh qızının xeyrinə İddiaçı alimentin tutulması qət edilmişdir. Ona görə də hazırki vəziyyətdə Cavabdeh qızından alimentin alınaraq İddiaçı verilməsi qanunvericiliyin tələblərinə əsasən yol verilməzdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, Daşkəsən Rayon Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisəlsndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Kollegiya göstərir ki, iddiaçının tələb etdiyi alimentin bir illik məcmusu 5000 manatdan aşağı məbləğdir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən hazrki iş üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayəti verilə bilməz.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-165/2023 saylı iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.