Məhkəmə qərarları › İş №2(104)-1546/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1546/2025

15.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1546/2025 15.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: uşağın müalicəsi üçün əlavə xərc tutulması; Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əlavə xərc və aliment tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli 2(023)-729/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 avqust 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-1436/2023 saylı qətnaməsinin surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-935/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh 24 fevral 2008-ci il təvəllüdlü X3 və 06 mart 2012-ci il təvəllüdlü Zeynallı Ramal Əhməd oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 190 manat olmaqla cəmi 380 manat sabit pul məbləğində aliment tutularaq Zeynalova (İsgəndərova) Aynurə Həsənəli qızının xeyrinə ödənilməsi qət edilmişdir;

2. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(023)-24/2025 saylı qərardadının surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1436/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuş və Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulmuşdur. (0.55*400=220*2(2 uşağa)=440 manat təşkil edir);

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 27 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Zeynallı Ramal Əhməd oğlu 18 yaşınadək (xx.xx.2030-cu il tarixədək) OS-Afakiya, Vitreoektomiyadan sonrakı vəziyyət VİS OS=0(sıfır) VİS OD=0,9 xəstəliyin diaqnozu “Görmə anının ikitərəfli, davamlı, bərpa olunmaz, anadangəlmə və ya qazanılmış xəstəlikləri görmə itiliyinin yaxşı görən gözdə korreksiya ilə 0.2-dən aşağı olması və ya görmə sahəsinin 25 dərəcəyədək konsentrik daralması);

4. Elektron çıxarışdan görünür ki, Cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidmət” PHŞ-də avtomobillərin təmiri üzrə çilingər işləyir və əmək haqqısı 1150 manat təşkil edir;

5. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müaricət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Zeynallı Ramal Əhməd oğlunun sağlamlıq imkanı məhdud uşaq kimi qeydiyyatda olduğu, gözdən əlilliyi müəyyən edilmiş uşağın davamlı olaraq müayinə və müalicələrdə olduğu nəzərə alınaraq, uşağın xəstəliyi ilə əlaqədar yaranmış əlavə xərcin ödənməsi üçün cavabdehin əlavə xərclərdə iştiraka cəlb olunaraq, əlavə xərcin ödənilməsi qaydasının müəyyən edilərək, əlavə xərcin cavabdeh tərəfindən ödəniləcək miqdarını hər ay üçün 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən etməklə, həmin 200 (iki yüz) manat pulun hər ay cavabdehdən tutularaq ona ödənilməsi barədə və mediasiya üçün ödənilmiş 50 manatın da cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə nikaha daxil olmaqla ailə qurmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Pəri adlı qızları, xx.xx.2012-ci il tarixdə Ramal adlı oğlu dünyaya gəlmişdir. Cavabdehlə münasibətləri normal olsa da, lakin sonradan aralarında yaranan anlaşılmazlıq, bir-birini başa düşməməyi sonda ayrılmaqlarına səbəb olmuşdur. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(023)-935/2022 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və uşaqlar onun yanında saxlanılmışdır. Hazırda uşaqları onun yanındadır və cavabdeh məhkəmə qətnaməsi ilə uşaqların saxlanması üçün aliment ödəyir. Cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Ramal adlı oğlu gözdən əlildir, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 27 saylı TSEK-in xx.xx.2016-cı il tarixli Qərarı ilə uşağın sağlamlıq imkanı məhdud uşaq kimi qeydiyyata alınmışdır. Oğlunun xəstəliyinin diaqnozu “Görmə anının ikitərəfli, davamlı, bərpa olunmaz, anadangəlmə və ya qazanılmış xəstəlikləri (görmə itiliyinin yaxşı görən gözdə korreksiya ilə 0.2-dən aşağı olması və ya görmə sahəsinin 25 dərəcəyədək konsentrik daralması) olmaqla, OS-Afakiya, Viteoktamiyadan sonrakı vəziyyət. VİS OS-O (sıfır) VİS OD=0.9 (onda doqquz) kimi müəyyən olunmuşdur. Bu xəstəliyin inkişaf etməməsi, daha da ağırlaşmaması üçün uşaq daimi olaraq müayinə və müalicələrdə olur. Daim onun yanında kimsə olmalı, ona nəzarət etməli, eyni zamanda müayinə və müalicələri üçün aparıb-gətirməlidir. Uşağı müayinələrdən keçirmək, müalicələr üçün dərmanlar almaq, daim həkim nəzarətində saxlamaq üçün həkim məsləhətləşmələrinə aparmaq, hamısı kənar xidmətlər yaradır və bu da əlavə xərclər tələb edir ki, cavabdeh də uşağın atası kimi bu xərclərdə iştirak etməlidir. Elə ay olur ki, 350-400 manat əlavə xərc çıxır. Dərman pulu, həkim pulu, nəqliyyat pulu və s. Qanunvericilik də xəstə uşaqlar üçün yaranan əlavə xərclərdə hər iki valideynin iştirakını labüd və həm də məcburi sayır. Əks halda yalnız bir valideynin əlavə xərclərdə iştirakı ədalətsizlik olardı. Çünki, ay ərzində o kifayət qədər apteklərdən aldığı dərmanlar üçün pul ödəyir, həkim yanına aparmaq üçün ay ərzində dəfələrlə nəqliyyatdan istifadə edir və pullu həkim xidmətlərinə xidmət haqqı ödəyir. Bu da mütəmadi olaraq hər ay üçün davam edir. Cavabdeh də bir valideyin kimi bu xərclərə kömək etməlidir. Cavabdehlə birgə nikahdan anadan olmuş Ramal adlı uşağın sağlamlıq imkanı məhdud uşaq olması, həm də xəstəliyinin göz xəstəliyi olduğu, görmə qabiliyyətinin həddən artıq zəif olduğu, bu xəstəliyin ağırlaşmaması, eyni zamanda yaxşılaşdırılması məqsədi ilə davamlı olaraq uşağın müayinə və müalicələrdə olmağının məcburi olduğu nəzərə alınsa, cavabdeh, uşağın bu xəstəlikləri ilə əlaqədar yaranmış əlavə xərclərdə iştirak etməli və cavabdeh tərəfindən ödənilməli olan xərcin miqdarı hər ay üçün 200 manat sabit pul məbləğdə müəyyən edilməlidir. Cavabdehin kifayət qədər qazancı var, yüksək gəlirli, daimi iş yeri vardır. Cavabdeh uşağın əlavə xərclərdə iştirak etməyə cəlb olunmaqla, əlavə xərc üçün müəyyən edilmiş vəsaiti ödəmək iqtidarındadır.

8. İddiaçı iddia ərizəsinə əlavə ilə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan doğulmuş iki övladı xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü Zeynallı Ramal Əhməd oğlu olmuşdur. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(023)- 935/2022 nömrəli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Eyni zamanda Qazax Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(023 )-935/2022 saylı qətnaməsi ilə nikah pozulduqdan sonra uşaqları onun yanında saxlanması qət edilmişdir. Uşaqlardan biri 18 yaşa çatmamış sağlamlıq imkanları məhdud gözdən əlil övladı xx.xx.2012-ci il tarixdə doğulmuş X1 verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlimi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya xidməti 27 saylı Tibbi Sosial Ekspert Komissiyasının 08 aprel 2016-cı il tarixli **********1 nömrəli arayışa əsasən Diaqnozu: OS-Afakiya, Vitreoektomiyadan sonrakı vəziyyət. Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarı: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu. 3.1.27. görmə orqanının ikitərəfli, davamlı, bərpa olunmaz, anadangəlmə və ya qazanılmış xəstəlikləri (görmə itiliyinin yaxşı görən gözdə korreksiya ilə 0.2-dən aşağı olması və ya görmə sahəsinin 25 dərəcəyədək konsentrik daralması. Hazırda əlil övladına qulluq etdiyinə görə işləyə bilmir. Əlil övladına 200 (iki yüz) manat müavinət və əlil övladına qulluq etdiyinə görə ona 100 (yüz) manat Prezident təqaüdü verilir. Bundan başqa onun gəliri və qazancı yoxdur. Göründüyü kimi ona verilən pul minimum əmək haqqından və Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumudan aşağıdır. Birgə nikahdan doğulan gözdən əlil övladına yalnız o qulluq edir, onu gündəlik məktəbə aparıb gətirir, daimi onun yanında olmaqla ona qulluq edir bu səbəbdəndə işləmir. Halbuki, qanunun tələbinə görə hər iki valideynin borcudur. Lakin cavabdeh bu öhdəliyini nəzərə alaraq yerinə yetirmir. Ona görə də, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə instansiyası olaraq qanunla verilmiş səlahiyyətlərdən ədalətlə istifadə edib məhkəmə araşdırması aparmaqla təqdim etdiyi sənədlər əsasında onunla Cavabdeh ilə birgə nikahlarından doğulmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş xx.xx.2012-ci il təvəllüdlü X2 adlı ümumi uşağa qulluq etdiyinə və maddi yardıma ehtiyacı olduğunu nəzərə alaraq 250 manat cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qazax Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli 2(023)-729/2025 nömrəli qətnaməsi ilə (hakim Elçin Mansırov) İddiaçı Cavabdeh qarşı «əlavə xərclərə cəlb olunma» tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1, 81.2, 81.3, 84.1 və 84.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki məhkəmə işə baxarkən gözdən əlil övladının mütəmadi müalicəsi üçün dərman ləvazimatın alınması üçün ödədiyi 335 manat pulun yarısını cavabdehdən alaraq ona ödənilməsini tənzimləyən Azərbaycan Respublikası Alə Məcəlləsinin 81-ci maddəsinin tələblərinə əməl etməməsinin səbəblərini konkret dəqiq göstərməmişdir. Beləliklə də, qanunun tələblərini pozmuşdur. Hazırda əlil övladına qulluq etdiyinə görə işləyə bilmir. Əlil övladına 200 manat müavinət və əlil övladına qulluq etdiyinə görə 100 manat özü üçün Prezident təqaüdü verilir. Bundan başqa onun gəliri və qazancı yoxdur. Qeyd olunduğu kimi ona verilən pul minimum əmək haqqından və Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumundan aşağıdır. Birgə nikahdan doğulan gözdən əlil övladına yalnız o qulluq edir, onu gündəlik məktəbə aparıb gətirir, daimi onun yanında olmaqla ona qulluq edir. Bu səbəbdən də işləmir. Lakin cavabdeh bu öhdəliyini nəzərə alaraq yerinə yetirmir. Buna görə də Cavabdeh ilə birgə nikahından doğulmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş xx.xx.2012-ci il təvəllüdlü Zeynallı Ramal Əhməd oğlu adlı ümumi uşalarına qulluq etdiyi və maddi yardıma ehtiyacı olduğumu nəzərə alınaraq 250 manat cavabdehdən alınaraq ona verilməsi barədə məhkəməyə müraciət etməyə məcburdur. Övladı 18 yaşa çatmamış sağlamlıq imkanları məhdud gözdən əlil övladı xx.xx.2012-ci il tarixdə doğulmuş X1 verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya xidməti 27 saylı Tibbi Sosial Ekspert Komissiyasının 08 aprel 2016-cı il tarixli **********1 nömrəli arayışa əsasən Diaqnozu: OS- Afakiya, Vitreoektomiyadan sonrakı vəziyyət. Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarı: 3.1 Uşaqların sağlamlıq imkanlarınınməhdudluğu 3.1.27. görmə orqanının ikitərəfli, davamlı, bərpaolunmaz, anadangəlmə və ya qazanılmış xəstəlikləri (görmə itiliyinin yaxşı görən gözdə korreksiya ilə 0.2-dən aşağı olması və ya görmə sahəsinin 25 dərəcəyədək konsentrik daralması).

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Prosessual məsələlər

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə, baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə, əsasən baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

15. Maddə 81. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

16. Maddə 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər:

17. Maddə 85.1.2. Əlilliyi olan ümumi uşağa və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi övlada qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad);

18. Maddə 85.2. Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

19. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

20. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

27. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni «İddiaçı Cavabdeh qarşı «əlavə xərclərə cəlb olunma» tələbi barədə iddiasının təmin edilməməsi» hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə qismən təmin edilməli, tərəflərin birgə nikahlarından doğulmuş 06 mart 2012-ci il təvəllüdlü Zeynallı Ramal Əhməd oğlunun müalicəsi üçün uşaq yetkinlik yaşına çatanadək Cavabdeh hər ay 100 manat əlavə xərc tutulub İddiaçı verilməsi müəyyən edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər nikaha daxil olaraq ailə qurmuşlar və onların birgə ailə münasibətlərindən xx.xx.2008-ci il təvəllüdlü Pəri və xx.xx.2012-ci il təvəllüdlü Ramal adlı uşaqları anadan olmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar və məhkəmə qətnaməsinə əsasən onların nikahı pozulmuş, azyaşlı uşaqlar iddiaçı (ana) İddiaçı himayəsində saxlanılmış və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən (ata) iddiaçının (ana) xeyrinə aliment tutulmuşdur. Məhkəmə qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində müəyyən edilmişdir. Bununla belə, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü Ramal adlı uşaqda 18 yaşınadək (xx.xx.2030-cu il tarixədək) OS-Afakiya, Vitreoektomiyadan sonrakı vəziyyət VİS OS=0(sıfır) VİS OD=0,9 xəstəliyin diaqnozu “Görmə anının ikitərəfli, davamlı, bərpa olunmaz, anadangəlmə və ya qazanılmış xəstəlikləri görmə itiliyinin yaxşı görən gözdə korreksiya ilə 0.2-dən aşağı olması və ya görmə sahəsinin 25 dərəcəyədək konsentrik daralması) müəyyən edilmişdir. Adı qeyd edilən uşağın əlilliyinə görə 200 manat, həmin uşağa baxan valideyni İddiaçı isə 100 manat dövlət tərəfindən təqaüd verilir. İddiaçı uşağın atasının da əlavə xərclərə cəlb edilməsi, həmçinin əlilliyi olan ümumi uşağa baxdığına görə onun üçün aliment ödəməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

35. Ailə Məcəlləsinin 81.1-ci maddəsinin tələblərinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; Məcəllənin 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur; Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

36. Qeyd olunan maddələrdən görünür ki, valideynlərin əlavə xərclərə cəlb edilməsi valideynlərin aliment öhdəliklərindən fərqlidir. Belə ki, aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda (Ailə Məcəlləsinin 75-ci maddəsi), əlavə xərclərin əsasını Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş müstəsna hallar təşkil edir. Bu hallara – uşağın ağır xəstə və ya əlil olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər daxildir. Eyni zamanda valideynlərin əlavə xərclərə cəlb edilməsi üçün təkcə həmin halların mövcudluğu deyil, bu hallarla bağlı xərclərin (faktiki çəkilmiş və ya gələcəkdə çəkilməli olan) mövcud olması da tələb olunur.

37. Baxılan işin hallarından görünür ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü Ramal adlı uşaqda 18 yaşınadək (xx.xx.2030-cu il tarixədək) OS-Afakiya, Vitreoektomiyadan sonrakı vəziyyət VİS OS=0(sıfır) VİS OD=0,9 xəstəliyin diaqnozu “Görmə anının ikitərəfli, davamlı, bərpa olunmaz, anadangəlmə və ya qazanılmış xəstəlikləri görmə itiliyinin yaxşı görən gözdə korreksiya ilə 0.2-dən aşağı olması və ya görmə sahəsinin 25 dərəcəyədək konsentrik daralması) müəyyən edilmişdir.

38. Kollegiyanın qənaətinə görə, uşağın bu xəstəliyi onda yetkinlik yaşına çatana qədər mütəmadi müalicənin aparılmasını tələb edir. Çünki, bu xəstəlik diaqnozu uşağın 18 yaşına çatanadək qoyulmuşdur ki, işin bu halıda uşağın valideyni olan cavabdehin uşağın xəstəliyi ilə bağlı əlavə xərclərə cəlb edilməsi qanuni əsaslara söykənir.

39. İddiaçı iddia ərizəsinin məzmununda uşağın müalicəsinə görə bəzi aylarda 350- 400 manat vəsait sərf etdiyini qeyd etmiş və uşağın müalicə xərclərinə görə cavabdehdən 200 manat vəsait tutulmasını tələb etmişdir. Halbuki, işin faktiki halları ilə uşağın əlilliyinə görə 200 manat dövlət tərəfindən təqaüd verildiyi müəyyən edilir. İddiaçı uşağın müalicə xərclərinə görə cavabdehdən məhz 200 manat vəsait tutulmalı olduğunu qeyd etsə də, lakin bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Kollegiya xx.xx.2012-ci il təvəllüdlü Ramal adlı uşağın xəstəliyini və uşağın əlilliyinə görə 200 manat dövlət tərəfindən təqaüd verildiyini nəzərə alaraq hesab edir ki, cavabdehin hər ay 100 manat həddində əlavə xərclərin çəkilməsinə cəlb olunması ədalətli və tərəflərin mənafelərinə mütənasibdir.

40. Bundan əlavə, iddiaçının özünün saxlanılması üçün alimentin tutulması tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 85.1 və 85.1.2-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə, əlilliyi olan ümumi uşağa və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi övlada qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər.

41. Qeyd olunan maddədən görünür ki, bu əsasla alimentin tutulması üçün xeyrinə aliment tutulmalı şəxsin maddi yardıma ehtiyacı olmalı, aliment tutulmalı olan şəxs isə buna zəruri vəsaitə malik olmalıdır. Lakin, iş materiallarına iddiaçının maddi yardıma ehtiyacı olması barədə sübut əlavə edilməmişdir. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən görünür ki, cavabdehdən hər ay iddiaçının xeyrinə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində (cəmi 440 manat) alimentin ödənilməsi qət olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə təmin etməməkdə düzgün və əsaslı nəticəyə gəlmişdir.

42. Məhkəmə kollegiyası həmçinin izah edir ki, qətnamənin iddianın təmin edilmiş və təmin edilməmiş hissələrində tələbləri təmin olunmayan şəxslər tərəfindən mübahisələndirilə biləcək hissələrində iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli 2(023)-729/2025 nömrəli qətnaməsi «İddiaçı Cavabdeh qarşı «əlavə xərclərə cəlb olunma» tələbi barədə iddiasının təmin edilməməsi» hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından doğulmuş 06 mart 2012-ci il təvəllüdlü Zeynallı Ramal Əhməd oğlunun müalicəsi üçün uşaq yetkinlik yaşına çatanadək Cavabdeh hər ay 100 (bir yüz) manat əlavə xərc tutulub İddiaçı verilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar