Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1554/2023 25.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı mülki iş üzrə Açar söz: alimentin artırılması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-822/2023 saylı mülki iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan xx.xx.2021-ci il tarixli AZ-İV 590298 saylı doğum haqqında şəhadətnamənin notarius tərəfindən təsdiq olunmuş surətindən görünür ki, X4 14 avqust 2021-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Bu barədə akt qeydləri kitabında 1332 nömrə ilə qeydiyyat aparılmışdır. Ata qrafasında Cavabdeh1, ana qrafasında İddiaçı göstərilmişdir.
2. İşdə olan xx.xx.2020-ci il tarixli AZ-İİ 381490 saylı nikah haqqında şəhadətnamənin notarius tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 ilə X1 arasında 01 iyun 2020-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə akt qeydləri kitabında 02 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Hacıyeva soyadı verilmişdir.
3. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-926/2022 saylı qətnaməsindən görünür ki, 23 fevral 2022-ci il tarixindən başlayaraq 14 avqust 2021-ci ildə doğulmuş X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay bir uşağa görə 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment, həmçının 14 avqust 2021-ci ildə doğulmuş X4 adlı uşaq üç yaşına çatanadək 20 (iyirmi) manat sabit pul məbləğində vəsait tutularaq, İddiaçı verilsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh1 qarşı aliment məbləğinin artırılmasına barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(076)-926/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, cavabdehdən xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə faktiki evlənməklə 01 iyun 2020-ci ildə nikahlarını rəsmiləşdrimişlər. Birgə nikahlarından 14 avqust 2021ci ildə X4 doğulmuşdur. Cavabdehlə ailə münasibətləri ilk vaxtlar normal olsa da, sonradan aralarında baş vermiş narazılıqlara görə faktiki ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(076)-926/2022 saylı qətnaməsi ilə hər ay bir uşağa görə 140 manat sabit pul məbləğində aliment və Özləm adlı uşağın üç yaşına çatana kimi ana üçün 20 manat pul vəsaitinin cavabdehdən tutulması qət edilmişdir. Lakin, hazırda Özləm adlı uşağının maddi cəhətdən saxlanılmasında çətinlik çəkir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği yetkinlik yaşına çatmamış uşağın maddi cəhətdən saxlanılmasında kifayət etmir. Özü hazırda uşağı azyaşlı olduğundan heç bir yerdə işləmir. Cavabdeh isə Rusiya Federasiyasının Sankt Peterburq şəhərində sahibkarlıqla məşğul olur. Belə ki, o, Sankt Peterburq şəhərində yerləşən “Sofiyski” adına bazarda meyvə-tərəvəz satışı ilə məşğul olur. Ayda 2000 manatdan çox qazanc əldə edir. Azyaşlı uşağı böyüdükcə xərcləri də çoxalır. O, hazırda uşağı ilə birlikdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Şəmkir Rayon Məhkəməsinin 2(076)-822/2023 saylı mülki iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-926/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılmış, Cavabdeh1 qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 14 avqust 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 220 (iki yüz iyrimi) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi, Cavabdeh1 46.40 (qırx altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi, Cavabdeh1 50 (əlli) manat məbləğində mediasiya xərcinin alınaraq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh1 nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-822/2023 saylı mülki iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanuni və əsaslı deyildir. Belə ki, müəyyən edilmiş əvvəlki 140 manat məbləğində alimenti ödəməyə maddi imkanı çatmır. Həmin alimenti anasının pensiyası hesabına ödəyir. Məhkəmə iddiaçının tələbini əsaslandırması, yəni onun həqiqətən də ayda iki min manat qazanc əldə etməyini təsdiq edən sübutlar olmadan ondan 220 manat məbləğində alimentin tutulmasını qət etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İddiaçı məhkəmə kollegiyasına apellyasiya şikayətinə etirazla bağlı ərizə ünvanlayaraq, bildirmişdir ki, cavabdeh Rusiya Federasiyasının Sankt Peterburq şəhərində sahibkarlıqla məşğul olur. Belə ki, o, Sofiyski bazarda meyvə-tərəvəz alveri ilə məğuldur və aylıq 2000 manatdan çox qazanc əldə edir. Cavabdehin şikayətinin dəlilləri əsassızdır. Ona görə də şikayətin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya məhkəməsində icraat
10. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəməyə gəlməmişlər. İddiaçı Hacıyeva İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır.
Tətbiq edilən hüquq
11. “Uşaq hüquqları haqqında” 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
12. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər
14. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
15. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanun:
16. Maddə 5 - dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
17. Maddə 8 - hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.
18. Maddə 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır.
19. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
21. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
25. Maddə 112.1.3. Aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir.
26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. Maddə 372.1 - apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
28. Maddə 372.6 - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 372.7 - apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılması ilə bağlı məhkəmə qərarı əsaslı olmuşdur.
32. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə üzrə 2023-cü ildə bir uşağın aylıq minimum dolanacaq xərcləri 220 manat müəyyən olunmuşdur. Həmçinin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan əlavə, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli Qərarının 8.2 bəndində məhkəmə qərara almışdır ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
33. Mülki işin materiallarında olan sübutlara əsasən işin faktiki halları kimi müəyyən edilir ki, tərəflərin nikahından 14 avqust 2021-ci il tarixdə Özləm adlı uşaqları anadan olmuşdur. Şəmkir Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(076)-926/2022 saylı qətnaməsi ilə X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 140 manat sabit pul məbləğində alimentin Cavabdeh1 İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı həmin məbləğlə uşağın tələbatını ödəyə bilmədiyindən alimentin artırılması barədə iddia ilə məhkəməyə müraciət etmiş və iddiası qismən təmin edilmişdir.
34. Cavabdeh rəsmi heç bir yerdə işləmədiyini, maddi durumunun pis olduğunu qeyd edərək, qətnaməni mübahisələndirmiş, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
35. Kollegiya hesab edir ki, apellyatorun dəlilləri məhkəmənin müəyyən etdiyi aylıq aliment məbləğinin azaldılmasına əsas vermir. Çünki, artıq yuxarıda qeyd edildiyi kimi, aliment ödəməyə borclu olan əmək qabiliyyətli valideyn özünün yetkinlik yaşına çatmayan uşağını saxlamaq və uşaq üçün qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsi daşıyır. İş materiallarından müəyyən olunur ki, cavabdehin əlilliyi yoxdur, o əmək qabiliyyətlidir. Bir uşağın aylıq minimum tələbatı isə qeyd edildiyi kimi 220 manat müəyyən edilmişdir. Məhkəmə isə məhz həmin-220 manat məbləğində aliment təyin etmişdir.
36. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi uşaqın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh1 hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X3 verilməsi barədə qərar qəbul edərkən, qanunvericiliyin tələblərinə əməl etdiyindən cavabdehin apellyasiya şikayətinin dəlilləri iş üzrə qətnamənin ləğvi və ya dəyişdirilərək, müəyyən olunmuş aylıq alimentin məbləğinin daha da azaldılması üçün əsas hesab edilə bilməz.
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-822/2023 saylı mülki iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsinin mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, məhkəmənin artırmış olduğu (220- 140)=80 manat aylıq alimentin bir illik məcmusu (80 manat x 12ay)=960 manat məbləğini təşkil edir. Göründüyü kimi, həmin məbləğ 5000 manatdan aşağı məbləğdir, ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-822/2023 saylı mülki iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.