Məhkəmə qərarları › İş №2(104)-1559/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1559/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1559/2023 05.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh və üçüncü şəxs Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 14 aprel 2023cü il tarixli 2(076)-1450/2023 nömrəli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh və üçüncü şəxs Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 28 mart 2005-ci il tarixli 4Ə-01-94 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şəmkir Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli 2(076)-1450/2023 nömrəli (hakim R.Mustafayev) qərardadı ilə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Qərardaddan narazı qalan İddiaçı2 şikayət verərək, qərardadın ləğv olunması və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli 2(076)-1450/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1. maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 33 maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Həmin Məcəllənin 34 maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 35 maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1. maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1. maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3. maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997ci il tarixli Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh ilə aralarında bağlanmış 28 mart 2005-ci il tarixli 4Ə-01-94 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Kollegiya da birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, hazırki tələbin əsasını alqı-satqı müqaviləsinin etibarsız hesab olunması təşkil edir və cavabdehin rəsmi qeydiyyat ünvanı Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsiində yerləşən 106/406 nömrəli bağ evidir. İddiaçı2 şikayətində cavabdehin faktiki yaşayış yerinin Şəmkir rayonu Dəllər- Cırdaxan kəndi olmasını, eləcədə alqı-satqı müqaviləsinin Şəmkir rayon 1 saylı notariat ofisində bağlanması və torpaq sahəsinin Şəmkir rayonunda yerləşməsini qeyd etmişdir. Kollegiya şikayətin həmin dəlillərini əsassız hesab edir. Beləki, bu növ iddia tələbinə müstəsna aidiyyət qaytalarına uyğun baxılması istisna olunur. Ümumiyyətlə müstəsna aidiyyət ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə hər hansı xüsusiyyətlərindən aslı olmayaraq yalnız MPM 39 maddəsində göstərilmiş məhkəmədə baxıla bilər. Həmçinin qeyd olunmalıdır ki, müstəsna aiddiyət həm də mabahisə obyektinin yerləşdiyi yerin məhkəməsinin iş üzrə qərarının icrasının daha asan ola biləcəyi mülahizəsini doğurur. Hazırkı iş üzrə mübahisənin aqlı-satqı müqaviləsinin etibarsızlığından irəli gəlməsi isə həmin mübahisənin müstəsna aidiyyət qaydaları ilə baxılması üçün əsas deyil. Cavabdeh rəsmi yaşayış yerinin Bakı şəhəri Binəqədi rayonu olmasını nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli 2(076)-1450/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli 2(076)-1450/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar