Məhkəmə qərarları › İş №2(104)-1559/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1559/2025

21.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1559/2025 21.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 20 may 2025-ci il tarixli 2(125)-1467/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 21 oktyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı tərəfindən Cavabdeh 1900 manat borc verilmiş, sonuncu borcundan 500 manat ödəmiş, qalıq 1400 manatı isə qaytarmamışdır;

2. Tərəflər arasında qeydə alınmış Whatsapp sosial şəbəkə yazışmasından görünür ki, cavabdeh iddiaçıya ünvanladığı mesajlarda maddi imkanının zəif olduğunu və borcunu qaytaracağı və s. ifadələr işlədir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1400 manat məbləğində pulun, məhkəməyə ödədiyi 34 manat dövlət rüsumunun, hüquqi yardımla bağlı ödənilən 600 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh yoldaşı X1 dayısı oğludur. 2021-ci ilin fevral ayında Cavabdeh 1900 manat borc pul vermişdir. Pulunu bir neçə ay ərzində ödəməyi öhdəsinə götürsə də, müxtəlif bəhanələr gətirərək pulun ödənişindən yayınmışdır. Məcburiyyət qarşısında qalaraq ondan işlədiyi hərbi hissəyə şikayətlər vermişdir. xx.xx.2024-cü il tarixədək bütün borcunu bağlamağı öhdəsinə götürmüşdür. Bundan sonra aşağıdakı qaydada ödənişlər etmişdir: xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 100 manat. Hal-hazırda Cavabdeh ona ödənilməmiş 1500 manat borcu qalmışdır. Məcbur olub məhkəməyə müraciət etmişdir.

5. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iştirak etmiş, iddiaçının iddia etdiyi 1400 manat məbləğində borcun onun deyil, anasının borcu olduğunu, buna baxmayaraq, həmin borcu özü ödəyəcəyi barədə iddiaçıya söz verdiyini, maddi imkanlarının olmaması səbəbindən borcu ödəyə bilmədiklərini, borcu ödəyəcəyini bildirmişdir.

6. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (anası) Nümayəndə3 iştirak etmiş, borcun mövcudluğunu mübahisələndirməyərək, maddi imkanlarının olmaması səbəbindən borcu ödəyə bilmədiklərini, borcu hissə-hissə ödəyə biləcəklərini bildirmişdir.

7. Gəncə Şəhər Məhkəməsinin 20 may 2025-ci il tarixli 2(125)-1467/2025 nömrəli qətnaməsi ilə (hakim Ədil Məmmədov) iddia təmin edilərək, Cavabdeh 1400 (bir min dörd yüz) manat məbləğində pul, hüquqi yardımla bağlı ödənilən xərcin əvəzi kimi 600 (altı yüz) manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 34 (otuz dörd) manat məbləğində pul alınıb, İddiaçı verilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 442 və 739-cu maddələrinə, həmçinin Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 77.1, 107, 115 və 119.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən nəzərə alınmamışdır ki, o, məhkəmə iclasında ifadə verərək 2021-ci ilin fevral ayında 1900 manat pula ehtiyacı olduğu üçün anası Nümayəndə3 hazırki iş üzrə İddiaçı 1900 manat sələmə pul götürdüyünü və hər ay 200 manatın anası Gülafət tərəfindən 4 nömrəli avtobusun sürücüsünə verildiyini bildirmişdir. Anası 2 il müddətinə hər ay 200 manat məbləğində pulu iddiaçıya göndərsə də, iddiaçı ananın hər ay göndərdiyi pulu sələmin faizinə çıxaraq 1400 manat borcu olduğunu bildirmişdir. Nəzərə çatdırır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tanış olarkən ona məlum olmuşdur ki, onun tərəfindən verilmiş izahat məqsədli formada dəyişdirilmiş və iddiaçının xeyrinə yazılmışdır, məhz bu səbəbdən məhkəmə iclas protokoluna qeyd də vermişdir. Lakin məhkəmə onun düzgün qeyd edilməyən ifadəsini iddianın etirafı kimi qəbul edərək iddianın təmin edilməsinə dair qətnamə qəbul etmişdir. İddiaçı iddia tələbində guya onun tərəfindən xx.xx.2024-cü il tarixədək bütun borcu bağlamağına dair öhdəlik götürməyi ilə bağlı, müxtəlif tarixlərdə ona cəmi 400 manat verməyi ilə bağlı, həmçinin hazırda iddiaçıya 1500 manat borcu olmasına dair sözləri qeyd etməsinə baxmayaraq, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmiş və məhkəmədən sələmə pul verməsini və ondan götürülmüş pulun tam bağlanmasını gizlədərək, öz-özündə sələmə verdiyi pula görə faizlər hesablayaraq, ondan əlavə pul tələb etmişdir. Lakin məhkəmə bu halları araşdırmadan, iddiaçının heç bir sübuta əsaslanmayan izahatını sübut kimi qəbul edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Prosessual məsələlər

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəməyə ərizə göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə baxılmasını təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə baxılma müddətini nəzərə alaraq, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

16. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

23. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh 1900 manat borc verilmiş, sonuncu borcundan 500 manat ödəmiş, qalıq 1400 manatı isə qaytarmamışdır. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

29. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, baxılan işdə cavabdeh və onun nümayəndəsi olan anası iddiaçıya 1400 manat məbləğində borcun olmasını etiraf edərək, borcu hissə-hissə ödəyə biləcəklərini bildirmişlər. Beləliklə, məhkəmədə hər iki tərəfin verdiyi izahatlardan işin faktiki halları kimi müəyyən olunur ki, cavabdehin iddiaçıya 1400 manat məbləğində borcu mövcuddur və cavabdeh tərəf həmin borcun ödənilməsinə etiraz etmir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

31. İşin müəyyən edilmiş və faktiki hallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh 1900 manat borc pul verilmiş, sonuncu borcundan 500 manat ödəmiş, qalıq 1400 manatı isə ödəməmişdir. Bu hal cavabdeh tərəfin birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatı ilə öz təsdiqini tapmışdır. Cavabdehin arqumenti ondan ibarətdir ki, həmin vəsait iddiaçıdan onun tərəfindən deyil də, anası tərəfindən alınmışdır.

32. Kollegiya bu dəlili əsassız saymışdır; Belə ki, əvvəla, cavabdeh 1900 manat pul vəsaitinin məhz anası tərəfindən iddiaçıdan borc alındığnı bildirdiyi halda, cavabdehin anası birinci instansiya məhkəməsində icraat zamanı onun (oğlunun) etibarnamə üzrə nümayəndəsi qismində iştirak etmiş və borcun mövcud olduğunu, hissə-hissə ödəniləcəyini bildirmişdir (bax mülki iş səhifə 71 məhkəmə iclas protokolu). Başqa sözlə, cavabdehin etibarnamə üzrə səlahiyyəti nümayəndəsi etirafedici məzmunda izahat verərək borcun oğluna aid olduğunu qəbul etmiş, bu barədə hər hansı arqumenti olmamışdır. Digər tərəfdən, iddiaçı və cavabdeh arasında qeydə alınmış Whatsapp sosial şəbəkə yazışması iş materiallarına əlavə edilmişdir. Cavabdeh iddiaçıya ünvanladığı smslərdə «maddi imkanının zəif olduğunu», «borcunu qaytaracağı» və s. ifadələr işlətmişdir. Hansı ki bu ifadələr ağlabatan mühakimə əsasında borcöhdəlik hüquq münasibətlərinin iddiaçı ilə cavabdeh arasında yaranmış olmasına dəlalət edir.

33. İzahatının təhrif edilmiş olması barədə apellyatorun dəlilini də kollegiya əsassız saymışdır. Çünki, cavabdeh tərəfindən məhkəmə iclas protokoluna müvafiq qeyd verilmiş, məhkəmənin qərardadı ilə də ərizə rədd edilmişdir.

34. Şərh olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir. Məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Apellyasiya şikayətində göstərilən dəlillər isə formal mülahizə olmaqla qətnamənin ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 20 may 2025-ci il tarixli 2(125)-1467/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar