Məhkəmə qərarları › İş №2(104)-1576/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1576/2024

14.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1576/2024 14.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-15/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, 13 fevral 2012-ci il təvəllüdlü X4 onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 13 fevral 2012-ci il təvəllüdlü X4 onun himayəsində olmasının müəyyən edilməsi, uşağın onun yanında qaldığı vaxtdan sonra yaranmış aliment borcunun silinməsi və X5 münasibətdə aliment öhdəliklərinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-15/2024 nömrəli qərardadı (hakim Kənan Vəliyev) ilə, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı şikayət verərək, qərardad ləğv edilərək tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin davam etdirilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, boşanma işində ayrıca uşaq tələbi olmamışdır. Həmin vaxt məhkəmə boşanma işi ilə bərabər uşaqların kimin yanında qalması, alimentin ödənilməsində həll etmişdir. Həmin vaxt uşaq 10 yaşına çatmamış olduğu üçün məhkəmə o uşağı tələb etsə də uşağı anasına verilmişdir. İndi uşağın 12 yaşı var. Artıq o valideynlərinin hansının yanında qalmaqla bağlı öz fikirlərini bildirmək hüququna malikdir. Belə olan halda bu mənim iddiama baxmaq üçün əsas deyilmi. Məhkəmə yeni əsasın marağını qeyd edir. Uşağın valideynlərdən hər hansı birinin yanında qalmasını bildirmək hüququ əsas deyilmi. Çox təəsüflər olsun ki, iş baxan məhkəmə heç bir tutarlı dəlil olmadan onun iddiası üzrə icraata xitam verilmişdir. Uşaq anasının yanına getmir onun himayəsində qalmaq istəyir. Belə vəziyyətdə məhkəmənin onun iddiasına xitam verib baxmaması onu sübut edir ki, məhkəmə uşağın mənafeyinə zidd addım atmışdır. Qanun 10 yaşında uşağın ona adi məsələlərdə öz fikrini bildirmək hüququnu nəzərdə tutmuşdur. Bu hüququ pozmaq uşağın mənafeyinə ziddir. Bu iddiada isə uşağın mənafeyi hər şeydən üstündür. Məhkəmə praktikasında bu tip işlər demək olar ki, yüzlərlədir. Məhkəmə anasında olan uşaqla bağlı ayrıca iddia tələbi ilə verilmiş işlərə baxmış, uşağın marağını mənafeyini nəzərə almaqla qətnamə qət etmişdir. Çox təəsüflər olsun ki, məhkəmə bu mübahisənin birbaşa uşaqla bağlı olduğuna düzgün hüququ qiymət vermədən yeni əsasən müəyəyn edilmədiyini göstərir. Yeni əsas uşağın 10 yaşına çatmasıdır. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-15/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin iş qərardaddan verilmiş şikayət kimi qəbul edilərək yazılı icraat qaydasında baxılması üçün təyin olunmuşdur. Məhkəmə kollegiyası isə şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 1576/2024 nömrəli qərardadı ilə, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-15/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. İş üzrə İddiaçı və cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadları ləğv edilməli və iş materialları işə yenidən baxılması birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası iş üzrə icraata xitam verilməsi barədə MPM-nin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, baxılan məsələ məhkəmə müdafiəsi hüququ ilə bağlı məsələdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. MPM-nin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, baxılan məsələ məhkəmə müdafiəsi hüququ ilə bağlı məsələdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-in 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Çünki Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikasının MPM-in 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Bu baxımdan işin halları araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə gəldiyi mövqe düzgün olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı hazırkı mübahisəyə Azərbaycan Respublikasının MPM-in 261.0.2-ci maddəsini rəhbər tutaraq iş üzrə icraata xitam vermişdir. Azərbaycan Respublikasının MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, uşağın valideynlərdən hansının yanında qalması məsələsinin həll olunması barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra yaranacaq əsas valideynlərə münasibətdə olmalıdır. Mübahisə həll edilən zaman uşağın 10 yaşa çatmamış olması, lakin məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra onun 10 yaşının tamam olması sonradan yaranmış yeni əsas hesab edilmir. On yaşa çatma, uşağın fikrinin nəzərə alınması ilə bağlı məsələdir. Öncə yeni əsas yaranmalı və bu əsasa görə iddia irəli sürülməli, mübahisəyə baxılarkən 10 yaşına çatmış uşağın fikri öyrənilməli və bu məsələ digər hallarla yanaşı cəm halda qiymətləndirməli və uşağın üstün maraqları nəzərə almalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8 nömrəli (20 fevral 2020-ci il tarixli qərarla edilmiş düzəlişlərlə) qərarının 7.5-ci bəndinə əsasən, məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Həmin Qərarın 7.6-cı bəndinə görə, nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, Azərbaycan Respublikasının MPM-in 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. Məhkəmə qətnaməsinin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşağın həmin valideynin yanında olmadığı hallarda onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsini həll etməklə yanaşı, həmin valideynlə uşaq arasında uzun müddət ərzində ünsiyyətin olmaması nəticəsində yaranan və buna görə də, gələcəkdə qətnamənin icrasını çətinləşdirə biləcək dərəcədə bağlılığın zəiflədiyini, münasibətlərin soyuduğunu müəyyən etdiyi halda uşağın mənafeyi baxımından Azərbaycan Respublikasının MPM-in 220.6-cı maddəsinə uyğun olaraq qətnamənin nəticə hissəsində icra qaydası və müddətini göstərməlidir. Həmin Qərarın 7.8-ci bəndinə görə, məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi Azərbaycan Respublikasının MPM-in 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, Azərbaycan Respublikasının MPM-in 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Hazırki işdən də müəyyən olunur ki, tərəflər arasında nikah Samux Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli 2(058)-1018/2018 nömrəli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olmuş 13 fevral 2012-ci il təvəllüdlü X4 cavabdeh İddiaçı alınaraq anası X2 himayəsinə verilməsi qət edilmişdir. Belə ki, iş materiallarında olan Samux Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli 2(058)-1018/2018 nömrəli qətnaməsindən görünür ki, Samux rayon İHB yanında Qəyyumluq və himayə komissiyasının verdiyi rəydən görünür ki, 13 fevral 2012-ci il təvəllüdlü X4 anası X2 yanında olması məqsədə müvafiq hesab etmişdir. Hazırki mülki işdə birinci instansiya məhkəməsi Daşkəsən rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayə orqanını işə cəlb etmiş, uşağın hansı valideynin yanında qalmasının məqsədəuyğunluğu məsələsini araşdırmaqla rəy verilməsini tələb etmişdir. Çünki, uşağın valideynlərindən və ya şəxslərdən hansının yanında qalması məsələsi yalnız tərəflərin izahatları əsasında həll oluna bilməz. Hər bir halda, məhkəmə tərəfindən qəyyumluq və himayə orqanının müvafiq əsaslandırılmış rəyi alınmaqla, tərəflərin hər birinin uşaqa baxmaq və onu tərbiyə etmək, onun tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanları araşdırılmalı, bu zaman valideynlərin işləyib-işləməmələri, iş rejimləri, yaşayış yeri üzrə mövcud vəziyyət, uşaqın valideynlərinə bağlılığı nəzərə alınmalıdır. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsinin) 73.2-ci maddəsinin tələbinə görə müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Bu normadan göründüyü kimi, qəyyumluq və himayə orqanı tərəfindən verilən rəy əsaslandırılmalıdır. Bu cür əsaslandırma üçün meyar kimi Ailə Məcəlləsinin 60.4-cü maddəsində müəyyən olunmuş hallar çıxış edir. Lakin, bu hallar qəti deyildir və hər bir işin fərdi xüsusiyyətləri də nəzərə alına bilər. Ailə Məcəlləsinin 73.2-ci maddəsində əksini tapmış həyat şəraiti anlayışı, bu normanın məqsədləri baxımından valideynin maddi-məişət şəraiti ilə məhdudlaşmayan daha geniş mənaya malikdir. Komissiya rəy verərkən valideynlərin mənəvi-əxlaqi keyfiyyətlərini, dünyagörünüşünü, uşağın gələcəyi ilə bağlı düşüncələrini və buna nail olmaq üçün göstərdiyi əməli səylərini, uşağın yanında qaldığı halda onun normal mənəvi və fiziki inkişafını təmin etmək üçün imkanlarını (həm mənəvi, həm fiziki-sağlamlıq, həm də maddi və məişət), uşağın valideynə, həm də valideynin uşağa bağlılığını, uşağın fərdi ehtiyaclarını və sair kimi halları aşkar edib göstərməyə borcludur. İş materiallarına əlavə edilmiş Samux rayon İHB yanında Qəyyumluq və himayə komissiyasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 13 fevral 2012-ci il təvəllüdlü X4 atası İddiaçı yanında saxlanılması məqsədə uyğundur. Göründüyü kimi, tərəflərin arasında olan nikah pozulan zaman məhkəmə tərəfindən icra hakimiyyəti orqanı cəlb edilmiş və 13 fevral 2012-ci il təvəllüdlü X4 ananın, yəni X2 himayəsinə verilmişdir. Hazırki tələb üzrə isə icra hakimiyyəti orqanı cəlb edilmiş və azyaşlı Nicat adlı uşağın atanın himayəsində verilməsi məqsədə uyğun hesab edilmişdir. Məkhəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi keçən müddət ərzində (05 ildən artıq) mövcud şəraitin dəyişilməsi, mülki işlər üzrə cəlb edilmiş icra hakimiyyəti orqanlarının fərqli rəylər verməsi (azyaşlının əvvəl anasına, sonra isə atasına verilməsi), bu müddət ərzində uşağın müstəqil olaraq fikrini bildirməsi üçün qanunla müəyyən edilmiş yaş həddinə çatması kimi hallar paralel olaraq araşdırılmamış, mülki işin icraatına xitam verilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-in qətnamələr üçün 217.1-ci maddəsində müəyyən etdiyi qanunilik və əsaslılıq tələbi eyni zamanda bütün məhkəmə aktlarına, o cümlədən qərardadlara da şamil olunur. Qanunilik və əsaslılıq məhkəmə aktının xüsusiyyətidir. Məhkəmə aktının qanuniliyi onun qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı olmasını ehtiva edir. Əsaslılıq dedikdə isə, məhkəmə aktında baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktların əks etdirilməsi, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsinin onda şərh edilməsi, göstərilən halların işin materiallarına uyğun olması nəzərdə tutulur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxarkən də heç bir əsaslandırma aparmadan şikayəti rədd etmişdir. Nəzərə alınmalıdır ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Eyni zamanda, kollegiya bildirir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Birinci instansiya məhkəməsinin araşdırması yarımçıq, formal xarakter daşımaqla yetərincə əsaslandırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-15/2024 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, 2(030)-15/2024 nömrəli qərardadı qismən ləğv edilməli, iş materialları hərəkətlər edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman qərardadın əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-in 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 372, 397, 398.0.2, 399 və 400-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət qismən təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-15/2024 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, 2(030)-15/2024 nömrəli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. İş materialları iddianın mahiyyəti üzrə baxılması barədə mümkünlüyünün araşdırılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar