Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1577/2023 09.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(076)-933/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, hər ay 200 manat olmaqla sabit pul məbləğində müəyyən edilməsi və hər ay 100 manat müalicə xərcinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə faktiki olaraq ayrılmışlar. Birgə nikah dövründə 2015-ci il təvəllüdlü Elmira adlı uşaqları doğulmuşdur. Sonradan aralarında narazılıqlar yarandığı üçün rəsmi olaraq ayrılmışlar və bu günədək ayrı yaşayırlar. Şəmkir Rayon Məhkəməsinin 2018-ci il tarixli qətnaməsi ilə ona uşağın saxlanılması üçün ödənilən alimentin miqdarı artırılaraq 130 manat müəyyən edilmişdir. Hazırda uşaq onun himayəsindədir və 130 manat aliment uşağın ehtiyaclarını ödəmir. Eyni zamanda cavabdeh alimentdən başqa heç bir maddi yardım göstərmir. Şəmkir Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(076)-933/2023 saylı qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddia tələbi qismən təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3534/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarıın artırılması, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pulun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: AZ-İİİ seriyalı, 473201 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 11 yanvar 2015-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-3534/2018 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-cu il tarixli qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 100 (yüz) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 130 (bir yüz otuz) manat məbləğində müəyyən edilməsi, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü Elmira adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Şəmkir Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(076)-933/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, Şəmkir Rayon Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 2(076)-933/2023 saylı qətnaməsininin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, o heç bir yerdə işləmir. Hər ay 130 (yüz otuz) manat alimenti güclə ödəyir və aliment borcları yığılır. Özü ikinci dəfə ailə qurmuşdur, 2 azyaşlı uşağı var özü də əməliyyat olub. İddiaçı iddia ərizəsində şər böhtan yazaraq guya yaxşı qazanc əldə etdiyini bildrib. Əslində heç bir yerdə işləmir və qazancı yoxdur. Valideynlərinin köməkliyi ilə ailələri dolanırlar. Məhkəməyə isə xəstəliyi ilə bağlı və yeni doğulan uşaqlarının sənədlərini təqdim etsə də Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-933/2023-cü il tarixli ədalətsiz qətnaməsi ilə iddia haqsız olaraq qismən təmin edilməklə hər ay ondan 180 manat aliment tutulması qət edilmişdir. Hazırda o həmin qətnamə ilə razı deyil və ləğv edilməsini istəyir. İşin faktiki hallarından göründüyü kimi iddiaçının iddia tələbi təmin olunmamalı idi. Lakin buna baxmayaraq, məhkəmə əsassız olaraq iddianı təmin etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, cavabdehin maddi imkanı olmaması ilə bağlı göstərdikləri yalandır. Belə ki, o, gündəlik fərdi əməklə məşğul olaraq gəlir əldə edir. Onun 180 manat alimenti ödəməyə imkan çatır. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu: 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh birinci instansiyası məhkəməsində iddianı qismən etiraf etməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 150 manat aliment, 20 manat isə uşağın xəstəliyi ilə bağlı müalicə xərci ödəməyə razı olduğunu bildirmişdir ki, həmin məbləğin də cəmi 170 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi isə cavadbehin etiraf etdiyi ümumi məbləğdən 10 manat artıq olmaqla, yalnız 180 manat məbləğində aliment ödənilməsi ilə bağlı qətnamə çıxarmışdır ki, qeyd olunan fakt cavabdehin ayda 170-180 manat aliment ödəmək imkanının olmasını təsdiq etməkdədir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası uşağın ananın himayəsində olmasını, onun qayğılarının çəkilməsinin ananın üzərinə düşməsini, 2023-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin alimentin miqdarını 180 manat məbləğində müəyyən etməsi əsaslı olmuşdur. Buna görə də Şəmkir Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(076)-933/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Şəmkir Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(076)-933/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(076)-933/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.