Məhkəmə qərarları › İş №2(104)-1586/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1586/2025

28.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1586/2025 28.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: aliment tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2(076)-2113/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 oktyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Nuray adlı uşağı doğulmuşdur;

2. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş xx.xx.2024-cü il təvəllüdlü Nuray adlı uşağın atası hesab edilmişdir;

3. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlə birgə ailə həyatından olub onun himayəsində olan xx.xx.2024-cü il təvəllüdlü Nuray adlı uşağın on səkkiz yaşına çatanadək maddi cəhətdən saxlanması üçün 2025-ci il üçün respublikada müəyyən edilmiş minimum əmək haqqının 0,70 misli miqdarında alimentin mediasiyaya müraciət etdiyi vaxtdan hesablanmaqla və mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh keçmiş əridir. Cavabdehlə faktiki olaraq 2023-cü ilin sentyabr ayının 28-də evlənib ailə qurmuş, nikahlarını isə onun təqsirindən rəsmiləşdirməmişlər. Cavabdehlə birgə ailə həyatından xx.xx.2024-cü il təvəllüdlü Nuray adlı uşaqları olmuşdur. Cavabdehlə nikahlarının olmamasına görə öz ərizəsi əsasında uşaqlarının atası olmasını Qeydiyat Şöbəsinə bildirdiyinə görə xx.xx.2024-cü il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə ailə münasibətləri əvvəl normal olmuş, sonradan onun özünün təqsirindən pozulduğuna, heç bir halda birgə ailə şəraitində yaşamaqları mümkün olmamasına görə onunla faktiki olaraq 8 aydır ki ayrılmışlar. O himayəsində olan xx.xx.2024-cü il təvəllüdlü Nuray adı uşağıla qeyd olunan ünvanda valideynlərinin himayəsində yaşayır. Cavabdeh, uşağın saxlanması üçün könüllü olaraq heç bir maddi yardım etməməsinə görə də ona qarşı məlum iddianı qaldırmalı olmuşdur. Cavabdehdən aliment tələbi üzrə mediasiyaya müraciət etmiş, ancaq ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirməyləri mümkün olmamasına görə ona xx.xx.2025-ci il tarixli MŞG\MT007\2024 arayış təqdim edildi. Onu da əlavə edir ki, cavabdeh Mersedes markalı minik avtomaşını, yaşadıgı evində ticarət marketi olmasına və Qarabağ bölgəsində yerləşən Laçın rayonundakı tikinti işlərində beton daşıyan avtomaşının sürücüsü olmaqla normal maddi imkanı olmasına baxmayaraq könüllü olaraq uşağa hec bir maddi yardım etmir. Cavabdehin əmək haqqı barədə müvafiq arayış əldə etməyi mümkün olmamışdır.

6. Şəmkir Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2(076)-2113/2025 saylı qətnaməsi ilə (hakim Nazlı Heydərova) iddia qismən təmin edilərək, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2024-cü il təvəllüdlü Nuray adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində aliment tutulması; Qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi; Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilməsi qət edilmişdir

7. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 100.2-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Qanunun 8, 13 və 19-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və xx.xx.2024-cü il təvəllüdlü Nuray adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,30 misli həddində aliment tutulmasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci münasibətindən doğulmuş iki uşağı onun himayəsindədir. Özü xəstədir. Onun maddi vəziyyəti araşdırılmadan qətnamə qəbul edilmişdir. Yenə də uşağını saxlamaqdan boyun qaçırmır. Ancaq hər ay minimum əmək haqqının 0.30 misli qədər aliment ödəməyə imkanı çatar.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, işğaldan azad edilmiş ərazilərdə sürücü işləyir və 1200 manat əmək almışdır. Hazırda işləri dayandığından əmək haqqı almır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, işləmir və hər hansı gəliri də yoxdur. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

13. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

14. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

15. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

16. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

17. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

28. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin məzmunundan müəyyən edilir ki, qətnamə iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamənin qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər faktiki ailə qurmuşlar. Onların birgə ailə münasibətlərindən xx.xx.2024-cü il təvəllüdlü Nuray adlı uşaqları doğulmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar. İddiaçı azyaşlı uşağın saxlanılması üçün cavabdehdən sabit məbləğdə aliment tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir.

31. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

32. Ailə qanunvericiliyinə görə, valideynlər uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Valideynin işləməməsi və ya qazanca malik olmaması, yaxud qazancının az olması onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78-ci maddəsi sabit məbləğdə aliment tutulmasına əsas verən hallardan biri kimi valideynin qazancının (gəlirinin) olmamasını, başqa bir hal kimi də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu halı müəyyən etmişdir.

33. Ailə Məcəlləsinin 78.2-ci maddəsi sabit pul məbləğinin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının əsas tutulmasını tələb edir.

34. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınsa da, uşağın mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir.

35. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir; 2025-ci il üçün minimum əməkhaqqı məbləği isə 400 manat müəyyən edilmişdir.

36. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarına əsasən, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi və əmək haqqı minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində sabit məbləğdə müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Bu məbləğ tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir. Həmçinin alimentin bu məbləği uşağın mənafeləri baxımından da qənaətbəxşdir.

37. Apellyatorun maddi vəziyyətinin aşağı olması barədə dəlilini kollegiya əsassız sayır. Çünki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

38. Məhkəmə kollegiyası izah edir ki, yoxlanılan hissədə alimentin bir il ərzində məcmusu 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2(076)-2113/2025 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar