Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1611/2025 21.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: atalığa dair mübahisə; subyektiv hüquq Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı doğum akt qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 2(030)-206/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 oktyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 10 iyul 2015-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Gəncə “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında 13 avqust 2015-ci il tarixdə 3892 nömrə ilə qeyd edilmişdir;
2. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 10 iyul 2015-ci ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə Gəncə “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin atalığın müəyyən eidlməsi haqqında akt qeydləri kitabında 13 avqust 2015-ci il tarixdə 3892 nömrə ilə qeyd edilmişdir;
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsinin 17 noyabr 2024-cü il tarixli 3-16-5/8-15-2714 nömrəli arayışından görünür ki, İddiaçı Gəncə şəhər Qeydiyyat şöbəsinə daxil olmuş ərizəsinə baxılmışdır. İddiaçı izah edilmişdir ki, övladı - xx.xx.2015-ci il təvəllüdlü X5 barəsində xx.xx.2015-ci il tarixli 3892 saylkı doğum haqqında akt qeydi, həmçinin həmin tarixdə 689 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydləri valideynlərin nikahları olmadığına görə onların razılığına əsasən – yəni birgə ərizələrinə əsasən tərtib olunmuş və ata haqqında məlumat qrafasında uşağın atası Cavabdeh kimi yazılmışdır. Göstərilənlərə əsasən xx.xx.2015-ci il təvəllüdlü X5 barəsində tərtib edilmiş xx.xx.2015-ci il tarixli 689 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğvi yalnız məhkəmə qaydasında ləğv olunduqdan sonra doğum haqqında akt qeydinə müvafiq dəyişiklik edilə bilər.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 iyul 2015-ci il təvəllüdlü X1 atasının Cavabdeh olması barədə 13 avqust 2015-ci il tarixli 689 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə X5 adlı uşağı doğulmuşdur. Həmin uşaq doğulduqdan sonra Cavabdeh ilə nikahdan kənar münasibətləri olmuşdur. Yəni, uşaq doğulduqdan sonra onların münasibəti olmuşdur. Daha sonra doğum haqqında şəhadətnamədə uşağın ata qrafasında ata adının qeyd edilməməsi səbəbindən, cavabdehlə razılığı gəlmişlər ki, xx.xx.2015-ci il təvəllüdlü X3 atalığı barədə ərizə ilə qeydiyyat şöbəsinə müraciət olunsun. Daha sonra xx.xx.2015-ci il tarixdə qeydiyyat şöbəsinə İddiaçı və Cavabdeh birgə ərizə ilə müraciətə edərək xx.xx.2015-ci il təvəllüdlü X4 atalığın müəyyən edilməsi və doğum haqqında şəhadətnamələrinin verilməsini xahiş etmişdir. Cavabdehlə onların münasibətləri uzun müddət olar ki pozulmuşdur və bu səbəbdən uşağın cavabdehin adında olmamasını istəyir. Qeyd olunan məsələ ilə bağlı Gəncə şəhər qeydiyyat şöbəsinə müraciət olunmuşdur, lakin qeydiyyat şöbəsi atalığın müəyyən edilməsi haqqında aktı qeydlərinin ləğv edilməsindən imtina edərək məhkəməyə müraciət olunmasını bildirmişdir. Belə ki, iddiaçının deməsinə görə Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 biolji atası deyildir.
6. Daşkəsən Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 2(030)-206/2025 nömrəli qətnaməsi ilə (hakim Kənan Vəliyev) iddianın təmin edilməməsi; Ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.1, 46.2 və 47.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə qətnaməsi işin əsl hallarını tam və obyektiv əks etdirmədiyi, təqdim etdiyi iddia tələbinin əsaslarını və izahatın təhrif olunduğu və ya ümumiyyətlə nəzərə alınmadığı açıq şəkildə görünür. Bu isə həm prosessual hüquqların pozulması, həm də məhkəmənin obyektiv araşdırma aparmaması kimi dəyərləndirilməlidir. Məhkəmə tərəfindən göstərilmiş hal – yəni uşaq doğulmazdan əvvəl cavabdehlə faktiki nikah münasibətlərində olduğu barədə qeyd tamamilə yanlışdır və onun iradəsini və gerçək münasibətləri əks etdirmir. Əksinə, bu, uşaq doğulduqdan sonra yaranmış qısa müddətli tanışlıq əsasında, sadəcə doğum şəhadətnaməsində “ata” qrafasının boş qalmaması üçün verilmiş razılığa əsaslanmışdır. İddia tələbinin əsasında qeyd etmişdir ki, uşağın atası cavabdeh deyil və atalığın müəyyən olunması haqqında aktın ləğvini bu səbəbdən tələb edir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini səhv qiymətləndirərək guya uşaq doğulmazdan əvvəl faktiki nikah münasibətləri olduğunu əsas kimi götürmüş və özündən uydurulmuş iddia tələbi əsasında qətnamə çıxarmışdır. Bundan əlavə, Cavabdeh hazırda azadlıqdan məhrumetmə cəzası çəkir və iş üzrə iddia ilə bağlı heç bir münasibət bildirməyib. Onun atalıq iddiasını təsdiqləyən və ya təkzib edən heç bir hüquqi mövqeyi təqdim olunmayıb. Məhkəmə həmçinin uşağın maraqlarını və həqiqi bioloji atanın müəyyən edilməsinin vacibliyini araşdırmayıb. Beləliklə, birinci instansiya məhkəməsi faktiki iddia tələbinin əsasını təhrif etmişdir, işin həqiqi hallarını araşdırmamışdır, uşağın hüquqi maraqlarını və bioloji valideyninin müəyyən edilməsinin əhəmiyyətini nəzərə almamışdır. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil və həmin qətnamənin ləğv olunmasını, işə yenidən və obyektiv baxılmasını tələb edir. Həmçinin qətnamədə subyektiv hüquq məsələsinə toxunulub, lakin yanlış hüquqi yanaşma ilə qiymətləndirilib. Subyektiv hüquq şəxsə hüquq norması ilə tanınmış və dövlət tərəfindən qorunan, öz maraqları naminə müəyyən davranışları həyata keçirmək və ya digərlərindən tələb etmək hüququdur. Subyektiv hüquq 3 əsas elementi əhatə edir: Hərəkət etmək ixtiyarı şəxs müəyyən hüquqi davranışı sərbəst seçə bilir; Tələb etmək hüququ – qarşı tərəfdən müəyyən davranışı tələb edə bilir; Hüququ müdafiə etmək hüququ bu hüquqları pozulmuş hesab etdikdə, məhkəməyə müraciət edib müdafiə edə bilir. Məhkəmə subyektiv hüququ yalnız uşağın atasına aid sayıb. Məhkəmə bildirir ki, uşağın atası kimi yazılmış şəxs (yəni cavabdeh) bu qeydiyyatla bağlı mübahisə açmayıb, ona görə də iddiaçı bu barədə iddia qaldıra bilməz. Bu yanaşma Ailə Məcəlləsinin 47.1-ci maddəsinə və Konstitusiya hüquqlarına ziddir. Çünki, orada açıq yazılıb ki, valideyn qismində qeyd olunan şəxs və ya uşağın digər həqiqi valideyni belə mübahisə qaldıra bilər. Ananın – iddiaçının da hüququ vardır, çünki uşaq onun övladıdır və uşağın doğum aktında qeydə alınan atanın bioloji ata olmadığını iddia edir. İddiaçının müdafiə hüququ (subyektiv hüququnun 3-cü elementi) məhdudlaşdırılıb. İddiaçı, uşağın atası barəsində yanlış qeydiyyatın hüquqi nəticələrini aradan qaldırmaq istəyib – bu, onun subyektiv hüququdur. Məhkəmə isə formalist yanaşma ilə bu hüququ tanımayıb, beləliklə: Hərəkət etmək ixtiyarını (atalığın ləğvi üçün məhkəməyə müraciət hüququ), tələb etmək hüququnu (yanlış atalıq qeydinin ləğvini), müdafiə hüququnu (məhkəməyə müraciət etməklə hüququnu qorumağı) faktiki olaraq rədd edib və tanımayıb. uşağın anası olan İddiaçı, həqiqi ata olmadığını iddia edərək atalıq qeydinin ləğvini tələb edib. Əgər doğrudan da Cavabdeh uşağın bioloji atası deyilsə, bu halda uşağın maraqlarının və şəxsiyyət hüquqlarının müdafiəsi baxımından qeyd aktının dəyişdirilməsi vacib ola bilər. Məhkəmə bu arqumenti yetərincə araşdırmayıb, uşağın maraqları ilə bağlı ayrıca qiymətləndirmə aparmayıb, halbuki uşağın hüquqları da Ailə Məcəlləsinin müvafiq maddələrinə əsasən qorunmalıdır. İddiaçı tərəfindən təqdim edilən əsas iddia tələbi açıq şəkildə bildirilmişdir ki, cavabdehlə münasibətlər uşaq doğulduqdan sonra yaranmışdır. Bu isə birbaşa olaraq uşağın cavabdeh tərəfindən bioloji olaraq dünyaya gətirilmədiyini göstərən əsas sübutdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qətnamədə guya uşaq doğulmazdan əvvəl faktiki nikah münasibətlərinin olduğunu qeyd etmiş və iddiaçının iddia tələbi tam təhrif etmişdir. Bu isə iddiaçının təqdim etdiyi sübutun faktiki qiymətləndirilməməsi və ya məhkəmənin sübutlara əsaslanmayan qənaət formalaşdırması deməkdir. İddiaçının nümayəndəsi tərəfindən əlavə sübutların təqdim olunması üçün vaxt istənilmiş, lakin bu təmin olunmamışdır. İş üzrə nümayəndə məhkəməyə vəsatətlə müraciət edərək sübut təqdim edəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, bu vəsatət təmin edilməmişdir. Nəticədə, iş üzrə tam sübut bazası formalaşmamış vəziyyətdə qətnamə çıxarılmışdır. Bu isə tərəfin sübut təqdim etmək hüququnun məhdudlaşdırılması və 14.2-ci maddənin məqsədyönlü tətbiqinin pozulmasıdır. Cavabdeh tərəfindən iddiaya dair münasibət təqdim olunmamışdır, lakin məhkəmə onun adından mövqe formalaşdırmışdır. Cavabdeh azadlıqdan məhrumetmə müəssisəsində olduğundan və məhkəməyə yazılı izahat təqdim etmədiyindən, onun atalıqla bağlı mövqeyi iş materiallarında yoxdur. Lakin məhkəmə cavabdehin bioloji atalıq münasibətinə malik olduğunu fərz etmiş və bu əsasla qətnamə çıxarmışdır. Bu isə mənbəsiz sübutlar əsasında qətnamə çıxarılması və 14.2-ci maddənin birbaşa pozulmasıdır. Bu hallar MPM-nin 14.2-ci maddəsinin açıq və ciddi pozuntusudur və qətnamənin ləğvi üçün əsas verir. İddiaçı – öz tələblərini, cavabdeh – öz etirazlarını sübut etməlidir. Cavabdeh sübut təqdim etməyib, amma onun xeyrinə qətnamə verilib. Cavabdeh (Cavabdeh) iddiaya dair heç bir yazılı münasibət təqdim etməyib, çünki o, azadlıqdan məhrumetmə müəssisəsindədir. O, atalığın saxlanılması üçün sübut təqdim etməli idi, çünki iddiaçı onun bioloji ata olmadığını iddia edir. Lakin cavabdehin heç bir sübut təqdim etməməsinə baxmayaraq, məhkəmə onun atalıq hüququnu qoruyub saxlamış və iddianırədd etmişdir. Bu isə MPM-nin 77.1-ci maddəsinin kobud pozuntusudur, çünki cavabdeh öz mövqeyini sübut etməli idi, amma sübut təqdim etmədən onun xeyrinə qətnamə çıxarılıb. İddiaçının sübut təqdim etməsinə imkan verilməyib, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək sübutlar təqdim edəcəyini və iclasın təxirə salınmasını xahiş edib. Amma məhkəmə bu vəsatəti təmin etmədən işə baxıb və iddianı rədd edib. Bu, iddiaçının sübut təqdim etmək və öz tələblərini əsaslandırmaq hüququnun pozulmasıdır. Bu da MPM-nin 77.1-ci maddənin ruhuna ziddir, çünki tərəflərə sübut etmə imkanı verilməlidir. Beləliklə Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iş üzrə Cavabdeh tərəfindən iddia tələbinə dair heç bir yazılı münasibət və sübut təqdim olunmamışdır. Məhkəmə onun sübut təqdim etmədən atalıq hüququnu tanımaqla, faktiki olaraq cavabdehin sübut etmə öhdəliyini özü üzərinə götürmüş və onun xeyrinə əsaslandırılmamış qətnamə çıxarmışdır. Eyni zamanda, iddiaçının nümayəndəsi tərəfindən sübut təqdim etmək üçün vaxt istənilmiş, lakin bu vəsatət təmin edilməmişdir. Nəticədə, iddiaçının da sübut təqdim etmək hüququ faktiki olaraq pozulmuşdur. Bu hallar MPM-nin 77.1-ci maddəsinin və ədalətli məhkəmə araşdırmasının prinsiplərinin pozulmasıdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh onun qohumudur. Uşağın həqiqi atası ortaya çıxmadığına görə cavabdehdən xahiş etmişdir ki, uşağın doğum akt qeydinə ata kimi onun adı yazılsın. Daha sonra isə cavabdeh azadlıqdan məhrum edilmişdir. Cavabdeh onunla əlaqə saxlayaraq uşağın atalıq qeydinin ləğv edilməsini istədiyini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirmişdir ki, cavabdehlə əvvəl münasibətləri oilmamış, uşaq doğulduqdan sonra cavabdehlə münasibətləri yaranmışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş emtişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitesiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin iştirakı məhkəmə iclasında iştirakı təmin edilməmiş, eləcə də iştirakının təmin edilməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
13. Maddə 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur.
14. Maddə 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.
15. Maddə 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X5 10 iyul 2015-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Uşağın doğum haqqında şəhadətnaməsində atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. Belə ki, atalığın müəyyən edilməsi haqqında qeydiyyat orqanı tərəfindən verilmiş şəhadətnamə əsasında Cavabdeh 10 iyul 2015-ci il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir (ata-ananın razılığına əsasən – yəni birgə ərizələrinə əsasən doğum akt qeydi tərtib olunmuşdur). İddiaçı cavabdehin 10 iyul 2015-ci il təvəllüdlü uşağın atası olmadığını əsas göstərərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
27. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh öz aralarında nikahda olmadığından uşağın atası haqqında qeyd onların birgə ərizəsi əsasında aparılmışdır. Bununla da Cavabdeh uşaq üzərində valideynlik hüquqları yaranmışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi atalığa, analığa dair mübahisə açmaq, yəni valideynlər barədə qeydi mübahisələndirmək hüququ uşağın valideyni qismində yazılmış şəxsə məxsusdur. Uşağın atası kimi yazılmış şəxs Cavabdeh bununla bağlı mübahisə açmamışdır. İddiaçı isə hazırkı tələb üzrə subyektiv hüquqa malik şəxs deyildir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
29. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir.
30. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 47.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə, adıçəkilən Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.
31. Göründüyü kimi, qanunverici, atalığa dair mübahisə açma barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Ailə Məcəlləsinin 47.1-ci maddəsi ilə müəyyənləşdirmişdir. Bu subyekt siyahısının artırılmasına yol verilmir. Çünki, bu növ məsələlərin həlli uşağın həqiqi valideyninin və doğum akt qeydində valideyn qismində yazılmış şəxsin müstəsna hüququdur.
32. Hazırki iş üzrə mübahisə Cavabdeh tərəfindən, habelə 10 iyul 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatdıqdan sonra onun tərəfindən açıla bilər.
33. Eyni zamanda iddiaçı qeydlər zamanı cavabdehin uşağın həqiqi atası olmadığı barədə məlumatlı olduğunu bildirir. Lakin buna baxmayaraq Cavabdeh uşağın atası olması barədə qeydə etiraz etməmiş, əksinə iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, uşağın atası barədə qeyd iddiaçının öz ərizəsi əsasında aparılmışdır.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbi irəli sürməyə subyektiv hüququ olmadığından onun bu tələbi təmin edilə bilməz.
35. Odur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 2(030)-206/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.