Məhkəmə qərarları › İş №2(104)-165/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-165/2024

05.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-165/2024 05.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə Qətnaməsi Açar söz: atalığın müəyyən edilməsi və aliment tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2212/2023 saylı mülki iş üzrə 01 avqust 2023- cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İşdə olan Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, İddiaçı 08 iyun 2022-ci il tarixdə X1 adlı bir uşaq doğulmuş, uşağın ata adı ananın göstərişinə əsasən “X2” kimi qeyd edilmişdir. İşdə olan Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 may 2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh qeydiyyat orqanına gəlmədiyi üçün atalığın müəyyən edilməsi mümkün olmamışdır. Mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 9/29 nömrəli rəyinə əsasən Cavabdeh ekspertizaya təqdim olunmuş X1 adlı uşağın bioloji atası olması təsdiqini tapmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehin 08 iyun 2022–ci il tarixdə doğulmuş Yusif adlı uşağın atası olması faktının müəyyən edilməsi və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2021-ci il tarixdə faktiki olaraq evlənmiş, lakin rəsmi nikah qeyd etdirməmişdir. Birgə qeyri–rəsmi nikahlarından 08 iyun 2022–ci il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. Ailə daxili narazılıqlara görə cavabdehlə ayrılmışlar, ayrılarkən azyaşlı uşağı onun yanında qalmışdır. Cavabdehlə rəsmi nikahları olmadığından uşağın atalığı müəyyən edilməmiş qalmışdır. Cavabdeh isə uşağına münasibətdə qeydiyyat orqanına gedərək atalığını etiraf etməkdən imtina etmişdir. Həmçinin, azyaşlı uşağının saxlanmasında tək başına çətinlik çəkir. Belə ki, mövcud vəziyyətdə azyaşlı uşağının tələbatlarını tək başına qarşılaya bilmir. Cavabdeh isə ayrıldıqları vaxtdan etibarən uşaq üçün heç bir maddi yardım göstərmir. Halbuki, cavabdeh fərdi əməklə məşğul olur və yaxşı qazanc əldə edir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2212/2023 saylı mülki iş üzrə 01 avqust 2023- cü il tarixli qətnaməsi ilə (hakim T.Musayev) iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı 08 iyun 2022-ci il tarixdə doğulmuş Yusif adlı uşağın atası hesab edilməsi, 14 iyun 2023-cü il tarixdən başlayaraq, 08 iyun 2022-ci il tarixdə doğulmuş Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi, Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumunun tutulub, elektron hökümət portalına ödənilməsi, qətnamənin alimentlə bağlı hissədə dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq, apelyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, o, özünü xx.xx.2022-ci il tarixdə anadan olmuş Yusifin atası hesab emir. O, iddiaçı ilə 03 avqust 2021-ci ildə faktiki ailə qurmuş və 15 gün birlikdə ailə münasibətlərində yaşamışlar. Ayrıldıqdan sonra iddiaçı ona zəng etmiş və hamilə olmasını bildirmişdir. O, əvvəllər də ailəli olmuş lakin, onun problemi olduğundan uşaqları dünyaya gəlməmişdir. Ona görə də hesab edir ki, Yusifin atası deyil və DNK analizi təyin olunmasını xahiş edir. Bundan başqa, iddiaçı onu aldatdığından formal ərizə ilə məhkəməyə müraciət edərək 250 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Lakin, heç bir yerdə işləmir və özünün olmayan uşağa görə aliment də ödəmək istəmir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.2. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Uşaq Hüquqları haqqında Qanun: Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmsına şərait yaratmalıdırlar. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Maddə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. İşdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi nəzərdə tutulmuşdur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsində təqdim edilir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsinin qətnaməni dəyişdirmək səlahiyyəti vardır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Maddə MPM-in 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə MPM-in 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni alimentin məbləğinin müəyyən edilməsi hissəsində qismən əsassız hesab edir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi başlıca dəlil ondan ibarətdir ki, o, xx.xx.2022-ci il tarixdə anadan olmuş Yusif adlı uşağın atası deyildir. İşin bu halına hüquqi qiymət verilməsi məqsədilə kollegiya tərəfindən iş üzrə məhkəmə tibbi-genetik ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 9/29 nömrəli rəyinə əsasən Cavabdeh ekspertizaya təqdim olunmuş X1 adlı uşağın bioloji atası olması təsdiqini tapmışdır. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 9/29 nömrəli rəyinin işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası işdə olan sübutlara əsaslanmaqla hesab edir ki, hazırki işdə Cavabdeh İddiaçı 08 iyun 2022-ci il tarixdə doğulmuş Yusif adlı uşağın atası hesab edilməsi barədə qərar qəbul edərkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Bundan başqa kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin birgə nikah münasibətlərindən 08 iyun 2022-ci il tarixdə doğulmuş Yusif adlı uşağın yetkinlik yaşına çatana kimi hər ay 250 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı verilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi aliment ödəməyə borclu olan əmək qabiliyyətli valideyn özünün yetkinlik yaşına çatmayan uşağını saxlamaq və uşaq üçün qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsi daşıyır. Cavabdeh isə aliment ödəməkdən azad edilməsinə əsas verə bilən, onun əmək qabiliyyətli olmadığı barədə heç bir rəsmi sənəd (əlilliyin müəyyən edilməsi barədə rəsmi sənəd) iş materiallarında mövcud deyildir. Bununla belə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi aliment ödəməyə borclu olan valideynin maddi vəziyyətini və uşağın aylıq minimum tələbatını nəzərə almadan aliment təyin etmişdir. Çünki, cavabdehin hər ay 250 manat sabit pul məbləğində alimenti ödəmək üçün müvafiq qazancının olması barədə iş materiallarında heç bir sübut yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2212/2023 saylı mülki iş üzrə 01 avqust 2023-cü il tarixli qətnaməsi 08 iyun 2022-ci il tarixdə doğulmuş Yusif adlı uşağın yetkinlik yaşına çatana kimi hər ay 250 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı verilməsi hissəsində dəyişdirilməli, Cavabdeh alınmalı olan aylıq alimentin məbləği 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməlidir. Kollegiya göstərir ki, MPM-in 112-ci maddəsinə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki işdə bu məbləğ (200 man x 12 ay)=2400 manat məbləğini təşkil edir. Ona görə də, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən, bu qətnamənin atalığın müəyyən edilməsi hissəsindən kassasiya şikayətinin veriməsi nəzərdə tutulsa da, alimentlə bağlı hissəsindən ayrılıqda kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2212/2023 saylı mülki iş üzrə 01 avqust 2023-cü il tarixli qətnaməsi 08 iyun 2022-ci il tarixdə doğulmuş Yusif adlı uşağın yetkinlik yaşına çatana kimi hər ay 250 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı verilməsi hissəsində dəyişdirilsin. Cavabdeh alınmalı olan aylıq alimentin məbləği 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxslər tərərfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar