Məhkəmə qərarları › İş №2(104)-1651/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1651/2023

05.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1651/2023 05.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Alimentin azaldılması və aliment borcunun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması və aliment borcunun silinməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(062)-294/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tovuz Rayon Mahkəməsinin xx.xx.2017-ci il tarixli, 2(062)-2010 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, xx.xx.2017-ci il tarixdən başlayaraq İddiaçı tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü Muraz və xx.xx.2013-cü il təvəllüdlü Mübariz adlı uşaqların yetkinlik yaşına çatana kimi bir uşaq üçün 136 manat olmaqla cami 272 manat məbləğdə alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı alimentin azaldılması və aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(062)-2010 saylı qətnaməsinin ləğv edilməsi, alimentin bir uşaq üçün 70 manat olmaqla cəmi 140 manat məbləğdə müəyyən edilməsi və toplanmış aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(062)-2010 saylı qətnaməsi ilə ondan tutulan alimentin miqdarı iki uşaq üçün 140 manatdan heç bir əsas olmadan 272 manata qaldırılmışdır. Borclarının yaranmasının səbəbi 2017-2018-ci illərdə işsiz olması ilə bağlıdır. Bu barədə məşğulluq mərkəzində qeydiyyata alınmışdır. 2018-ci ilin sentyabr ayında “Akkord” şirkətinə işə girmiş və mühafizəçi kimi 2019-cu ilin yanvar ayına qədər 180 manat, həmin tarixdən 2020-ci ilin fevral ayının 1-nə kimi isə 200 manat zəhmət haqqı müqabilində işləmişdir. 2020-ci ildə pandemiya olduğu və qapanmalar olduğundan aliment öhdəliklərini icra edə bilməmişdir. Ümumiyyətlə 200 manat əmək haqqı aldığı halda, onun 272 manat aliment pulu verməsi mümkün olmamışdır. Cavabdeh Bakı şəhərində 2019-cu ildən “Bravo Market” mağazalar şəbəkəsində satıcı vəzifəsində işləyir və məhkəmə qətnaməsi əsasında onun himayəsinə verilmiş Mübariz və Muraz adlı uşaqlar iddiaçının anası ilə Qovlar şəhərində yaşayırlar. Göründüyü kimi cavabdeh həmin qətnamə icra olunmamış və uşaqları özü ilə Bakı şəhərində aparmamaqla valideynlik borcunu yerinə yetirməmişdir. Həmçinin alimenti iddiaçının bank kartına dair ki, bu da həmin pulun onun tərəfindən şəxsi ehtiyaclar üçün xərclənməsi deməkdir. Bundan başqa özü onurğa sütunu yırtığından əziyyət çəkir və müalicəsi üçün hər ay darman preparatlarına ən azı 50 manat pul xərcləyir. Özü 2020-ci ildən Dövlət Məşğulluq Xidmətində iş axtaran kimi qeydiyyatda olsa da, hələ də işlə təmin olunmamışdır. Bundan əlavə işlə təmin olunmaq üçün icra şöbəsinə müraciət etsə də, ərizəsi təmin edilməmişdir.

4. Tovuz Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(062)-294/2023 nömrəli qətnaməsi ilə (hakim Fərid Əliyev) iddianın təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2, 112.1 84 və 100.2-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3, 5 və 8-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 29 mart 2023cü il tarixli 2(062)-294/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, DSMF-nin arayışı, hazırda iş axtaran (işsiz və qazancı olmayan şəxs) DSMF-nin arayışı, ailə tərkibim haqqında arayışı, onun boynunda, bel oma hissəsində və sinəsindədə qirija olmasına dair Sank Peterburq xəstəxanası tərəfindən verilmiş MRT, Qazax diaqnostika mərkəzinin MRT, X1 MRT sənədlərini, uşağın onun görüşdürməməsini etiraf etməsinə, Bakıda işləməsinə və uşaqların onun yox anasının yanında olmasına dair tələbkar Şəbnəm Aliyeva ilə aralarında olan səs yazıları olan SD diski əlavə etmişdir. Tovuz rayon Məhkəmsinin qəbul etdiyi qatnamədən də göründüyü kimi onun sübut kimi məhkəməyə dəlillərə heç bir əhəmiyyət verməmişdir. Cavabdeh onun uşaqla görüşməyinə və uşağın tərbiyəsində iştirak etməyə imkan vermir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

10. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

11. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

12. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

14. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

15. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

16. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.

Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunu

17. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına

20. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;

21. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

22. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

23. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 402.2 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

29. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.

31. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(062)-294/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, işin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh nikahlarından 07 may 2010-cu il tarixdə Muraz və 23 yanvar 2013-cü il tarixdə Mübariz adlı uşaqları doğulmuşdur. Aralarında olan nikah pozulmuş və Tovuz Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh yanında yaşayan Muraz və Mübariz adlı iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 136 manat olmaqla hər ay cəmi 272 manat sabit pul məbləğində alimentin tutulub, Cavabdeh verilməsi qət edilmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə alimentin tutulması əsası ilə, alimentin məbləğinin dəyişdirilməsi (hazırki işdə isə azaldılması) əsası bir-birindən fərqləndirilmişdir. Aliment məbləğinin azaldılması üçün yeganə əsas alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən şəxsin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

35. Göründüyü kimi, qanunvericiliyə görə alimentin müəyyən olunmuş miqdarının dəyişilməsini tərəflərdən biri məhkəmə qaydasında o halda tələb edə bilər ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəfin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuş olsun.

36. Hazırki iş üzrə isə sadalanan hüquq normaları əsasında işin hallarını sistemli şəkildə araşdıraraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, alimentin azaldılması üçün əsas verən hallar yoxdur. İddiaçının xəstə olaraq müailəcə alması, işsiz olması, maddi durumunun pis olması və bunun üçün də valideynlərinin yanında yaşaması barədə dəlilləri alimentin azaldılmasını şərtləndirən hal deyildir. Birinci növbədə ona görə ki, valideyn heç bir halda uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Məhkəmə uşağın normal maddi təminatından az miqdarda aliment müəyyən etməyə haqlı deyildir. Tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. İddiaçının tələb etdiyi hər uşaq üçün 50 manat miqdarında aliment müəyyən edilməsi, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə kəskin dərəcədə azdır və uşağın maddi tələbatlarını təmin etmədiyi açıq-aşkardır.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

38. Məhkəmə kollegiyası iddiaçının cavabdehin azyaşlı uşağın onun görüşməsinə imkan verməməsi dəlili ilə bağlı qeyd edir ki, dəlil əsassızdır. Çünki, tərəflərin birgə nikahlarından doğulmuş azyaşlı uşağın cavabdeh tərəfindən iddiaçıya göstərilmədiyi halda alimentin azaldılması qanunvericiliyin tələbləri baxımından əsas deyildir.

39. Uşağa qayğı göstərilməsinin valideynlərin həm hüququ həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını və uşağın gündəlik tələbatının artmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün Azərbaycan Respublikasının MPM-in 385-ci maddəsində nəzərdə tutulmuş əsasların hər hansı biri mövcud olmadığından apellyasiya şikayəti təmin edilməməlidir.

40. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın alimentin tutulması hissəsində iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382.1, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(062)-294/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar