Məhkəmə qərarları › İş №2(104)-1659/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1659/2023

11.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1659/2023 11.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “alimentin artırılması” tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 2(061)-382/2023 saylı mülki iş üzrə 17 aprel 2023-cüil tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarius tərəfindən təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə doğulmuş X4 adlı uşağın atası Cavabdeh, anası isə X1r.

2. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 2(061)-925/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında olan 09 avqust 2017-ci il tarixli rəsmi nikah pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2018-ci il tarixdə doğulmuş X4 adlı uşaq anasının yanında saxlanılmış və Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat aliment tutularaq hazırkı iddiaçı Novruzova (Cəfərova) Sahilə Fəzrəddin qızına verilməsi qət edilmişdir.

3. İş materiallarında olan mediator V.Səfərov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 00108 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı Fəzrəddin qızı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Tərtər Rayon Məhkəməsinin 2(061)-925/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 140 manat məbləğində alimentin artırılaq hər ay 220 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında İddiaçı Fəzrəddin qızı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, onların birgə nikahdan bir uşaqları - xx.xx.2018-ci il təvəllüdlü X4 doğulmuşdur. Onlar aralarında olan narazılıqlara görə nikahları 2020-ci ildə pozulmuş, həmin qətnaməyə əsasən hazırki Cavabdeh Fatimənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat aliment tutulması qət edilmişdir. Həmin məbləğdə alimentlə uşağı normal tərzdə saxlamaq çətinlik çəkir. Uşağın gündəlik tələbatları artmışdır. Cavabdeh isə uşağın saxlanılmasında əlavə heç bir maddi köməklik göstərmir. Məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək, bildirmişdir ki, cavabdeh rəsmi olaraq heç bir yerdə işləmir, məhkəmə qətnaməsinə əsasən qət edilmiş alimenti ödəyə bilmir. Ona görə də məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Tərtər Rayon Məhkəməsinin 2(061)-382/2023 saylı mülki iş üzrə 17 aprel 2023cüil tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin 2(061)- 925/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 180 manat alimentin tutularaq iddiaçı Novruzova (Cəfərova) Sahilə Fəzrəddin qızına verilməsi, dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət mədaxilinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Tərtər Rayon Məhkəməsinin 2(061)-382/2023 saylı mülki iş üzrə 17 aprel 2023-cüil tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərinə əsasən məhkəmə alimentin artırılması barədə tələblərə baxarkən tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa tərəflərdən birinin tələbi ilə alimentin miqdarı arıtırla və ya azladıla bilər. Ancaq iddiaçı ailə və ya maddi vəziyyətində hər hansı bir dəyişikliyin olması barədə məhkəməyə sübut təqdim etməmiş, məhkəmə isə maddi hüquq normasının tələblərini düzgün tətbiq etməyərək iddianın qismən təmin edilməsi barədə qərar çıxarmışdır. Məhkəmə tərəfindən sübutlara obyektibv hüquqi qiymət verilməmiş, nəticədə əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını mnəhkəmə kollegiyasında xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya məhkəməsində icraat

11. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmyaraq onlar məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası iş materiallarında olan sübutlar əsasında işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxmışdır. Tətbiq edilən hüquq

12. “Uşaq hüquqları haqqında” 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

13. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

14. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər

15. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

16. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanun:

17. Maddə 5 - dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

18. Maddə 8 - hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır

19. Maddə 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır.

20. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

26. Maddə 112.1.3. Aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir.

27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. Maddə 372.1 - apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. Maddə 372.6 - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Maddə 372.7 - apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılması ilə bağlı məhkəmə qərarı əsaslı olmuşdur.

33. Belə qənaətə gələrkən məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.

34. Mülki işin materiallarında olan sübutlara əsasən işin faktiki halları kimi müəyyən edilir ki, tərəflər xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, onların birgə nikahdan xx.xx.2018-ci il tarixdə X4 doğulmuşdur. Tərtər Rayon Məhkəməsinin əvvəlki- 2(061)-925/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda iddiaçı həmin məbləğlə uşaqların tələbatını ödəyə bilmədiyindən alimentin artırılması barədə iddia ilə məhkəməyə müraciət etmiş və iddiası qismən təmin edilmişdir.

35. Cavabdeh heç bir yerdə işləmədiyini, əvvəlki qətnamə çıxarılan vaxtdan hazırki vaxtadək onun maddi vəziyyətində hər hansı bir yaxşılaşma olmadığını qeyd edərək, qətnaməni mübahisələndirmiş, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

36. Kollegiya hesab edir ki, apellyatorun dəlilləri məhkəmənin müəyyən etdiyi aylıq aliment məbləğinin azaldılmasına əsas vermir. Çünki, artıq yuxarıda qeyd edildiyi kimi, aliment ödəməyə borclu olan əmək qabiliyyətli valideyn özünün yetkinlik yaşına çatmayan uşağını saxlamaq və uşaq üçün qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsi daşıyır. Bir uşağın aylıq minimum tələbatı isə qeyd edildiyi kimi 220 manat müəyyən edilmişdir. Məhkəmə isə 180 manat məbləğində, yəni, uşağın aylıq minimum tələbatı olan 220 manat məbləğindən 40 manat daha aşağı məbləğdə aliment təyin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi aliment ödəməyə borclu olan valideynin maddi və ailə vəziyyətini nəzərə almış və uşağın aylıq minimum tələbatından daha aşağı olan məbləğdə aliment təyin etmişdir. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Novruzova (Cəfərova) Sahilə Fəzrəddin qızına verilməsi barədə qərar qəbul edərkən, aliment ödəməyə borclu olan valideynin maddi və ailə vəziyyətini nəzərə almış olduğundan, cavabdehin apellyasiya şikayətinin dəlilləri iş üzrə qətnamənin ləğvi və ya dəyişdirilərək, müəyyən olunmuş aylıq alimentin məbləğinin daha da azaldılması üçün əsas hesab edilə bilməz.

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin 2(061)-382/2023 saylı mülki iş üzrə 17 aprel 2023-cüil tarixli dəyişdirilmədən saxlanılmalıdır.

38. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsinin mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, məhkəmənin artırmış olduğu (180-140)=40 manat aylıq alimentin bir illik məcmusu (40 manat x 12ay)=480 manat məbləğini təşkil edir. Göründüyü kimi, həmin məbləğ 5000 manatdan aşağı məbləğdir, ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-382/2023 saylı mülki iş üzrə 17 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar