Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1666/2024 08.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-1052/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdə Ağdərə rayon Umudlu kəndində anadan olmuşdur. Tərtər rayon Ağdərə qəsəbəsində qeydiyyatdadır.
2. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır.
3. Mülki işə əlavə edilmiş AZ-İV №287995 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 20 fevral 2014-cü il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Cavabdeh Bünyat oğlu, ana qrafasında ana adı İddiaçı kimi qeyd olunmuşdur.
4. Mülki işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq Arayış verilmişdir
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 235 manat məbləğində alimentin və 50 manat mediasiya xərcinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə qeyri-rəsmi olaraq ailə qurub evlənmişlər. Birgə nikah dövründən xx.xx.2014-cü il tarixdə X4 adlı övladları anadan olmuşdur. Cavabdehlə aylardır ayrı yaşayırlar. Cavabdeh övladının saxlanılması üçün heçbir maddi yardım etmir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
7. Bərdə Rayon Məhkəməsinin 2(021)-1052/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Qamət Əbilov) iddia qismən təmin edilərək, tərəflərin birgə nikahlarından 20 fevral 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi tarixdən, yəni 01 fevral 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 235 manat olmasını, uşağı saxlamaq hər iki valideyinin vəzifəsi olmasını nəzərə alaraq, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından doğulmuş 20 fevral 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 190 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır.
9. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 34-cı maddəsinin 4-cü hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2, 58, 752.1, 78.1-ci maddəsinə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Bəyənnaməsinin 3-cü prinsipinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8, 13, 19-cu maddəsinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Bərdə Rayon Məhkəməsinin 2(021)-1052/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamə ilə müəyyən edilmiş, İddiaçı ilə faktiki nikah münasibətlərindən xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 190 manat sabit pul məbləğində alimentin məbləğinin hər ay bir uşaq üçün 120 manat müəyyən edilməsinə və alimentin Bərdə rayon məhkəməsinin (021)-1052/2024 saylı, xx.xx.2024-cü il qətnaməsinin qanuni qüvvəsini almasından sonra hesablanmasına dair yeni məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.
11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmə iclasında bildirmişdir ki, himayəsində bir övladı var və bir uşağa da, hazırda aliment ödəyir. Belə ki, Bərdə rayon məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(021)3129/2019 saylı qətnaməsinə əsasən 09 dekabr 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanamsı üçün ondan hər uşaq üçün 100 manat olmaqla ümumilikdə 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Sözügedən qətnamə üzrə icra işinə də, xitam verilməmişdir. Məhkəmədə dəfələrlə işləmədiyini, davamlı maddi gəlirinin, sabit qazancının olmadığını, üzərində digər aliment öhədliyinin olmasını hakimin diqqətinə çatdırsa da, lakin təssüflər olsun ki, iddiaçının onun gəlirinə dair heç bir sübut təqdim edə bilməməsi qarşılığında məhkəmə yenə də, ona yüksək məbləğdə 190 manat aliment qət etmişdir. Məhkəmə qətnaməsini yaşayış minimumuna dair Azərbaycan Respublikasının qanunun tələb şərtlərini alimentin məbləğinin müəyyən edilməsində əsas alaraq qərar qəbuluna getmişdir. Lakin, məhkəmə bu zaman həm də, onu doğru və ədalətli şəkildə qiymətləndirməliydi ki, onun artıq öz rəsmi nikahlı ailəsi var və iki uşaq üçün maddi təminatı həyata keçirməyə məcburdur, həmçinin, həmin uşaqlardan birinə də, əvvəldə qeyd etdiyi kimi məhkəmə qətnaməsi ilə ayda 100 manat aliment ödəyir. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətə layiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Bir sözlə alimentin tutulması mahiyyətdir, alimentin miqdarı isə mahiyyət deyil. Bu qərar aşağıdakı səbəblərə görə ədalətsiz və qəbuledilməzdir: 1. Kifayət qədər maliyyə dəstəyi yoxdur: Məhkəmənin aliment təyinatı qərarı onun faktiki maliyyə öhdəliklərini və ehtiyaclarını nəzərə almır. Alimentlərin məbləği onun maliyyə imkanları, aktual xərcləri və öhdəlikləri nəzərə alınmaqla müəyyən edilməlidir. 2. Müstəqil amillər: Məhkəmənin qərarında aliment öhdəliklərini yerinə yetirmək qabiliyyətinə təsir edən mühüm müstəqil amillər nəzərə alınmamışdır. Məsələn, məhkəmə onun cari müalicə xərclərini və ya aliment ödəmə qabiliyyətini azalda biləcək digər maliyyə öhdəliklərini nəzərə almadı. 3. Vəziyyətin dəyişdirilməsi: Həyatındakı vəziyyət qərar veriləndən bəri dəyişib. İşini itirmiş və çətin maliyyə vəziyyətinə düşmüşdür ki, bu da onu əvvəlki səviyyədə aliment öhdəliklərini yerinə yetirə bilmir. O, məhkəmədən bu dəyişiklikləri nəzərə alaraq aliment məbləğinin yenidən nəzərdən keçirilməsini xahiş edir.
4. Qanunvericiliyə əməl edilməməsi: Məhkəmənin qərarı aliment təyinatını tənzimləyən qanunvericiliyə zidd ola bilər. O, məhkəmə kollegiyasından işini yenidən nəzərdən keçirməsini və məhkəmənin qərarının mövcud qanunvericiliyə uyğun olduğundan əmin olmasını istərdi. 5. Digər mülahizələr: O da məhkəmədən aliment öhdəliklərini yerinə yetirmək qabiliyyətimə təsir göstərə biləcək digər amillərə və mülahizələrə baxmağı xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, hazırda heç bir yerdə işləmir. Başqa nikaha daxil olmuşdur və həmin nikahdan iki uşağı vardır.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq isə bildirmişdir ki, hazırda bir otaqlı mənzildə kirayədə yaşayış, maddi vəziyyəti ağırdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
15. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
16. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
17. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
18. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
19. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:
20. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
21. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
22. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
30. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Hazırkı apelyasya şikayətində qətnamə Cavabdeh tərəfindən yalnız aliment məbləği hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-1052/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, işin hallarından müəyyən edilmişdir ki, tərəflər 2014-cü ildə faktiki evlənməklə ailə qurmuşlar və birgə nikahlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş Elcan adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətləri pozulmuş və birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsində qalmışdır.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşaqların ananın himayəsində olmasını, onların qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, 2024-cü il üçün yaşayış minumumu məbləğinin ölkə üzrə uşaqlara görə 235 manat müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hər ay uşağa 190 (bir yüz doxsna) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsinə dair qanuni və əsaslı nəticəyə gəlmişdir.
37. Məhkəmə kollegiyası cavabdehin heç bir yerdə işləməməsi, başqa nikahdan uşaqlarının olması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, birincisi, həmin dəlillər alimentin məbləğinin azaldılmasına əsas vermir. Belə ki, ailə qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərindən görünür ki, valideynlər işləyib-işləməmələrindən asılı olmayaraq uşaqlarını saxlamağa borcludurlar. Cavabdeh ata kimi uşaq hüquqlarına hörmətlə yanaşmağa, uşağın cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşmasında üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur. Onun uşağını saxlamaq həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur.
38. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
39. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 2(021)-1052/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdehdən tutulmalı olan aliment məbləği hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :
Bərdə Rayon Məhkəməsinin 2(021)-1052/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-1052/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.