Məhkəmə qərarları › İş №2(104)-1667/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1667/2025

23.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1667/2025 23.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X8 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 2(061)-883/2025 saylı, 21 iyun 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərtər rayon Ələsgərli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 32 saylı xx.xx.2025ci il tarixli arayışdan görünür ki, İddiaçı Tərtər rayon Ələsgərli kənd İƏD-i üzrə nümayəndəliyin Bayandur kəndində yaşayır. Onun ailə üzvləri X9, X7 və X1 ibarətdir.

2. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X6 xx.xx.2023cü il tarixdə xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X11 adlı uşaqları olmuşdur.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 4381/2023 nömrəli qərarı ilə X12 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Müli Kollegiyasının 2(104)-215/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi-“xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi hər ay bir uşağa görə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin X2 tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən qalmışdır.

4. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı babadan aliment tutulması tələbi ilə ilkin mediasiya şurasına müraciət etmişdir. Cavabdeh 2xx.xx.2025-ci il tarixdə saat 14:00-da ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat

5. İddiaçı Cavabdeh qarşı cavabdehdən birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 246 manat olmaqla, ümumilikdə 744 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı iddia tələbi ilə bağlı dəqiqləşdirmə ərizəsi verərək Cavabdeh qarşı cavabdehdən birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 180 manat alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qızı X12 ilə xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X11 adlı övladları anadan olmuşdur. Aralarında olan münasibətlər pisləşdiyindən nikahları məhkəmə qaydasında pozulmuş və 3 uşaq onun yanında saxlanılmışdır. Həmidə Muradovadan hər ay hər uşağa görə 120 manat olmaqla cəmi 360 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməsə də, kassasiya şikayəti təmin edilmiş və qətnamənin alimentə dair hissəsində Həmidə Muradova “Rekurrent-depresiv pozuntu formasında xroniki psixi pozuntu” xəstəliyindən əzab çəkdiyindən ləğv edilmişdir. Özü şəkərli diabet xəstəliyindən əziyyət çəkir, 3 uşaqı saxlamaqda maddi imkanı çıtmır. Bununla yanaşı Həmidə Muradovanın ona qarşı qaldırdığı qızıl əmlak tələbi təmin edilmişdir. Onun 33000 manat pulun tələbkara verilməsinə maddi vəziyyəti imkan vermir. İddiaçı və onun valideynləri 3 uşaq onun yanında qaldıqdan sonra, uşaqlarla maraqlanmamış, bir ana, baba, nənə kimi uşaqlarla görüşməyə cəhd etməmiş, səhhəti, tərbiyəsi ilə məşğul olmamışlar.

8. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia tələbinə qarşı etiraz edərək göstərmişdir ki, iddiaçı keçmiş kürəkəni olmaqla ona qarşı məhkəmədə aliment tələbi ilə bağlı iddia qaldırmışdır. İddiaçı onun qızı X12 ilə 2005-ci ildə nikaha daxil olmaqla onların 3 övladı olmuşdur. Aralarında ailə münaqişəsi zəminində problemlər yarandığından nikah qeydi pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına müvafiq olaraq qızının psixi xəstəliyi ilə əlaqədar iddiaçı ilə ailəli olduğu dövrdə ona ağır zülmü nəticəsində bu xəstəliyə düçar olduğundan 3 uşaq hazırki iddiaçının himayəsində qalmaqla Gəncə Apellyasiya Məhkəməsinin hər uşaq üçün kəsmiş olduğu aliment məbləği ləğv edilməklə qızının kassasiya şikayəti təmin edilmişdir. Yəni Ali Məhkəmənin qərarı əsasında o, alimentdən azad edilmişdir. İddiaçı isə qızından ona aid olan əşyaları verməmək üçün hazırki iddia ilə öz ailəsinə yox ona qarşı iddia qaldırıb, ondan aliment istəyir. O, nəvələrinin babasıdır. İddiaçı ona qarşı iddia qaldırıb bu məbləği ondan istəyir. Ailə Məcəlləsinin 90-cı maddəsinə istinad etmişdir. Həmin maddədə qeyd edilir ki, yetkinlik yaşına çatmayan nəvələr öz valideynlərindən maddi yardım ala bilmədikdə, bunu zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələri saxlamaq üçün öz valideynlərindən yaxud da ərindən maddi yardım ala bilmədikdə onlara bu hüquq verilir. İddiaçı ondan 3 uşaq üçün 744 manat aliment istəyir. Həmin qanunun normasına görə uşaqlarla bağlı alimentin babadan və nənədən tutulması uşaqlar hər iki valideyndən bu hüququ almaq imkanının itirdikdə istəyə bilər. Uşaqlar iddiaçının himayəsində olmaqla ən yüksək səviyyədə yaşayırlar. Qeyd etdiyi halı müəyyən etmək məhkəmə tərəfindən uşaqların yaşayış şəraitinə baxmaq kifayət edər. İddiaçının kifayət qədər maddi kapitalı, avtomobil ehtiyyat hissələri mağazası, mebel salonu, çoxsaylı icarəyə vermiş olduğu obyektləri mövcuddur ki, bu iddianı qisasçılıq naminə etdiyi bəllidir. Onun təkcə sürdüyü avtomobilin qiyməti 30000 manat təşkil edir. Onun aylıq gəliri 5000 manat təşkil edir. Ancaq mebel mağazasından əldə etdiyi gəlir olduqca yüksəkdir. Onun həyat yoldaşına aliment ödəmək imkanları kifayət qədər yüksək olduğu halda, onun qızı ondan aliment tələb etməmişdir. Onun 63 yaşı vardır. Dövlətdən heç bir pensiya, müavinət almır. Ciddi ürək xəstəsi olduğundan əmək qabiliyyətini itirmişdir. Oğlu olmazsa yaşayış vəziyyəti tamamilə pis vəziyyətə düşər. Oğlunun biri İ qrup əlildir. Oğlu ağır psixoloji xəstədir. Hazırda qızı da, yəni iddiaçının keçmiş həyat yoldaşı onun sayəsində psixi xəstədir. Dərmanlarına və müalicəsinə pul vəsaiti çatdıra bilmirlər. İddiaçının kifayət qədər maddi imkanı vardır. İstinad edilən normanın ona heç bir aidiyyəti yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir.

9. Tərtər Rayon Məhkəməsinin 2(061)-883/2025 saylı, 21 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim Kamil Rzayev) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşağa görə 0,25 misli həddində sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə tutulması, alimentin tutulması dərhal icra edilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət rüsumu olaraq 44 (qırx dörd) manat alınaraq dövlət nəfinə ödənilməsi, İddiaçı ilkin mediasiya sessiyasında ödədiyi 60 (altmış) manat xidmət haqqı Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdehin qızı aralarında olan mübahisələrə görə ayrılmış, ər-arvad münasibətləri pozulmuşdur. Onların birlikdə yaşadıqları dövrdə anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X11 adlı uşaqları iddiaçının yanında qalmışdır. Nicat adlı uşaq yetkinlik yaşına çatmışdır. Odur ki, iddiaçı məhkəməyə 2 uşağın saxlanması üçün aliment təyin edilməsi ilə bağlı dəqiqləşdirmə barədə ərizə təqdim etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 4381/2023 nömrəli qərarı ilə X12 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Müli Kollegiyasının 2(104)- 215/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi-“xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011- ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi hər ay bir uşağa görə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin X2 tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilmişdir. Uşaqların gündəlik tələbatları artdığından iddiaçı onları saxlamaqda çətinlik çəkir, tələbatlarını ödəyə bilmir. İddiaçı əvvəl Mediasiya Şurasına alimentin tutulması ilə bağlı müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddaçı mediasiya sessiyasının keçirilməsim ilə bağlı xidmət haqqını ödəmişdir. Cavabdeh bir il ərzində tutulacaq alimentin miqdarı 1000 manatdan yuxarı, yəni illik 2400 manat olduğuna görə, sonuncudan dövlət rüsumu olaraq 44 (qırx dörd) manat alınaraq dövlət nəfinə verilməlidir. İddiaçı ilkin mediasiya sessiyasında ödədiyi 60 manat xidmət haqqı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İddiaçının izahatını, cavabdehin etiraz ərizəsini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşağa görə 0,25 misli həddində sabit pul məbləğində aliment alınsın İddiaçı xeyrinə verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir.

11. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2-ci və 89-cu maddələrinə, “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8, 13 və 19-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 106.1, 112.1.3, 217.4-cü və 218.cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

12. Tərtər Rayon Məhkəməsinin 2(061)-883/2025 saylı, 21 iyun 2025-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(061)-883/2025 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni məhkəmə qətnaməsinin çıxarılaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onun qızı X12 ilə 2005-ci ildə nikaha daxil olmaqla onların 3 övladı olmuşdur. Aralarında ailə münaqişəsi zəminində problemlər yarandığından nikah qeydi pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarına müvafiq olaraq qızının psixi xəstəliyi ilə əlaqədar iddiaçı ilə ailəli olduğu dövrdə ona ağır zülmü nəticəsində bu xəstəliyə düçar olduğundan 3 uşaq hazırki iddiaçının himayəsində qalmaqla Gəncə Apellyasiya Məhkəməsinin hər uşaq üçün kəsmiş olduğu aliment məbləği ləğv edilməklə qızının kassasiya şikayəti təmin edilmişdir. Yəni, Ali Məhkəmənin qərarı əsasında o, alimentdən azad edilmişdir. İddiaçı isə qızından ona aid olan əşyaları verməmək üçün hazırki iddia ilə öz ailəsinə yox, ona qarşı iddia qaldırıb, ondan aliment istəyir. O, nəvələrinin babasıdır. İddiaçı ona qarşı iddia qaldırıb bu məbləği ondan istəyir. Ailə Məcəlləsinin 90-cı maddəsinə istinad etmişdir. Həmin maddədə qeyd edilir ki, yetkinlik yaşına çatmayan nəvələr öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələri saxlamaq öz valideynlərindən, yaxud da ərindən maddi yardım ala bilmədikdə onlara bu hüquq verilir. İddiaçı ondan 3 uşaq üçün 744 manat aliment istəyir. Həmin qanunun normasına görə uşaqlarla bağlı alimentin babadan və nənədən tutulması uşaqlar hər iki valideyndən bu hüququ almaq imkanının itirdikdə istəyə bilər. Uşaqlar iddiaçının himayəsinə olmaqla ən yüksək səviyyədə yaşayırlar. Qeyd etdiyi halı müəyyən etmək məhkəmə tərəfindən uşaqların yaşayış şəraitinə baxmaq kifayət edər. İddiaçının kifayət qədər maddi kapitalı, avtomobil ehtiyyat hissələri mağazası, mebel salonu, çox saylı icarəyə vermiş olduğu obyektləri mövcuddur ki, bu iddianı qisasçılıq naminə etdiyi bəllidir. Onun təkcə sürdüyü avtomobilin qiyməti 30000 manat təşkil edir. Onun aylıq gəliri 5000 manat təşkil edir. Ancaq mebel mağazasından əldə etdiyi gəlir olduqca yüksəkdir. Onun həyat yoldaşına aliment ödəmək imkanları kifayət qədər yüksək olduğu halda, onun qızı ondan aliment tələb etməmişdir. Onun 63 yaşı vardır. Dövlətdən heç bir pensiya, müavinət almır. Ciddi ürək xəstəsi olduğumdan əmək qabiliyyətimi itirmişdir. Oğlu olmazsa yaşayış vəziyyəti tamamilə pis vəziyyətə düşər. Oğlunun biri 1-ci qrup əlildir. Oğlu ağır psixoloji xəstədir. Hazırda qızı da, yəni iddiaçının keçmiş həyat yoldaşı iddiaçının sayəsində psixi xəstəliyə düçar olmuş, onu da o, saxlamaq məcburiyyətində qalmışdır. İddiaçı tərəfindən ona qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırki iddiaçı onun keçmiş kürəkənidir. X12 ilə 2005ci ildə nikaha daxil olaraq onların üç övladı dünyaya gəlmişdir. Aralarında ailə münaqişəsi zəmnində problemlər yarandığından onların nikah qeydi pozulmuşdur. Məhkəmə ədalətli qərar qəbul etməmiş, şəxsin kifayət qədər imkanlarını onun xəstəliyini, işsizliyini, iki nəfər əlili saxladığını, son dərəcədə olan çətin vəziyyətini məhkəmə nəzərə almamışdır.

14. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh günəbəxan yağı istehsal edən zavod işlədir. Kimdən soruşsaz deyəcək ki, zavodun müdiridir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdeh məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

17. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

18. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

19. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

20. Maddə 89. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

22. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tərtər Rayon Məhkəməsinin 2(061)-883/2025 saylı, 21 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

35. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdehin qızı aralarında olan mübahisələrə görə ayrılmış, ər-arvad münasibətləri pozulmuşdur. Onların birlikdə yaşadıqları dövrdə anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X11 adlı uşaqları iddiaçının yanında qalmışdır. Nicat adlı uşaq yetkinlik yaşına çatmışdır. Odur ki, iddiaçı məhkəməyə 2 uşağın saxlanması üçün aliment təyin edilməsi ilə bağlı dəqiqləşdirmə barədə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 4381/2023 nömrəli qərarı ilə X12 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-215/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsib “xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011- ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi hər ay bir uşağa görə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin X2 tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilmişdir. İddiaçı uşaqların gündəlik tələbatları artdığından onları saxlamaqda çətinlik çəkdiyini, tələbatlarını ödəyə bilmədiyini qeyd edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri baba və nənənin nəvələri saxlamaq vəzifəsi ilə bağlı yaranan mübahisədir. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsidir. Həmin maddədə deyilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər.

37. Qeyd olunan normanın tələbindən görünür ki, nənə və babadan aliment tutulması yalnız uşaqlar öz valideynlərindən maddi yardım ala bilmədikdə mümkündür. Yəni baba və nənədən alimentin tutulması üçün ilkin zəruri şərt uşaqların öz valideynlərindən maddi yardım ala bilməməsidir. İşin müəyyən edilmiş hallarında isə müəyyən olunur ki, Cavabdeh qızı iddiaçının keçmiş arvadı X5 rekkurent depressiv pozuntu formasında xroniki psixi xəstəlik müəyyən edilir. Göründüyü kimi hazırki vəziyyət Həmaidə Muradovanın uşaqların saxlanması üçün maddi yardım göstərmək iqtidarında deyildir. Lakin iddiaçı uşaqların atası olmaqla uşaqları saxlamaq vəzifəsini daşıyır və hazırda uşaqlar onun himayəsindədirlər.

38. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsindən görünür ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən aliment almaq hüququna malikdirlər. Yəni, nəvələrin saxlanması üçün nənə və babadan aliment tutulması üçün ikinci zəruri şərt onların zəruri vəsaitə malik olmasıdır. İş materiallarına əlavə olunmuş “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş Çıxarışdan görünür ki, Cavabdeh sürücü işləməklə aylıq əmək haqqı 400 manat təşkil edir. bu baxımdan Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin zəruri vəsaitə malik olması iş materialları ilə təsdiqini tapmamışdır. İddiaçı cavabdehin mülkiyyətində zavod olması və zavodun direktrou olması ilə bağlı izahatında qeyd etsə həmin halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Tərtər Rayon Məhkəməsinin 2(061)-883/2025 saylı, 21 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. İddia tələbi təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Tərtər Rayon Məhkəməsinin 2(061)-883/2025 saylı, 21 iyun 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-883/2025 saylı, 21 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 180 manat alimentin alınaraq ona ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar