Məhkəmə qərarları › İş №2(104)-1701/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1701/2024

26.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1701/2024 26.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-691/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment, ödədiyi 50 (əlİi) manat mediasiya xərcinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-691/2024 nömrəli qətnaməsi (hakim Taleh Mustafayev) ilə, iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti yoxlanılarkən İddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş elektron formada tərtib edilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, Həmin Məcəlləsinin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı Azərbaycan Respublikasının MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş apellyasiya şikayətində tələbini və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi hissələr, həmçinin qəbul edilmiş məhkəmə aktının düzgün hesab etmədiyi konkret əsaslar və maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər göstərilməmişdir. Belə ki, sonuncu tərəfindən mübahisələndirilən hallar yalnız şikayətin “işin halları” hissəsində qeyd edilmiş, lakin həmin halları əlaqəli formalda şikayətin digər hissələrində aydın şəkildə ifadə edən izahlar verilməmiş və yaxud müvafiq qeydiyyatlar aparılmamışdır (2 saylı Əlavənin 6, 7, 8, 9, 10 və 11-ci hissələr). Bundan əlavə, apellyator yalnız prosessual hüquq normalarını sadalamaqla kifayətlənmiş, maddi hüquq normaları ilə bağlı heç bir qeydiyyat aparmamış, həmin normaların pozulmasını və ya düzgün tətbiq edilməməsini işin halları ilə əlaqəli şəkildə şərh etməmişdir. Göründüyü kimi, apellyasiya şikayəti qanunvericliyin tələb etdiyi formada, yəni MPMnin 2 saylı Əlavəsinə uyğun olmadan verilmişdir. Lakin, birinci instansiya məhkəməsi şikayətin mümükünlüyü məsələsinə baxan zaman qeyd olunan hallara diqqət yetirməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə nəzər salınan zaman müəyyən edilir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmamış, yalnız şikayəti tərtib etmiş Vəkil tərəfindən vəkil qismində elektron qaydada şikayət imzalanmışdır. Azərbaycan Respublikasının MPM-in 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 363.1.1-ci maddəsinə görə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməmiş, apellyasiya şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanmamış, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikasının MPM-in 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10, 263, 264, 361, 363.1.1-1 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(045)-691/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Goranboy Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar