Məhkəmə qərarları › İş №2(104)-1703/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1703/2023

12.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1703/2023 12.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Qızıl-zinət tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(066)-673/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə şəhər Mərkəzi univermağının qızıl-zinət əşyalarının qiymətləndirilməsi üzrə mütəxəssisi Elmar Kərimli tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının qiymətləndirilməsi üzrə mütəxəssis rəyindən görünür ki, 750 ǝyyarlı qızıldan hazırlanmış 5.5 qram çəkidə olan 0,60 sot brilliant qaşlı nişan üzüyü - 550 (beş yüz əlli) manat və 583 əyyarlı qızıldan hazırlanmış 16 qram çəkidə olan 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət kitab formalı sırğaüzük dəsti 1040 (bir min qırx) manat məbləğində hal-hazırki dövrdə orta bazar qiymətləri ilə müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 750 əyyarlı qızıldan hazırlanmış 5.5 qram çəkidə olan 0.60 sot brilliant qaşlı nişan üzüyü, 583 əyyarlı qızıldan hazırlanmış 16 qram çəkidə olan 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət kitab formalı sığra-üzük dəsti həmin əşyalar olmadıqda, dəyərləri olan 1590 manat pulun, eyni zamanda mediasiya xərcinə görə ödənilmiş 50 manat, dövlət rüsumuna görə ödənilmiş 36 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə el adəti ilə ailə qurub, nikahlarını rəsmiləşdirmədən bir yerdə yaşayaraq, birgə təsərrüfatı idarə etmişlər. Birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X3 adlı bir uşaqları anadan olmuşdur. İddiaçı həmin vaxtı ona aid cehiz əşyalarını cavabdehin evinə aparmışdır. Həmçinin iddiaçıya toy zamanı və digər vaxtlarda müxtəlif adda qızıl-zinət əşyaları hədiyyə edilmişdir. İddiaçı ilə cavabdehin ailə münasibətləri ilk vaxtlar qaydasında olmuş, sonradan yola gedə bilməmişlər. Aralarında olan ər-arvad münasibətləri faktiki kəsilmişdir. Göygöl Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2 (066)-120/2023 nömrəli qətnaməsinə əsasən 05 iyun 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. İddiaçı cavabdehlə faktiki olaraq ayrı yaşadıqları müddətdə iddiaçıya məxsus 750 əyyarlı qızıldan hazırlanmış 5.5 qram çəkidə olan 0.60 sot brilliant qaşlı nişan üzüyü 550 manat və 583 əyyarlı qızıldan hazırlanmış 16 qram çəkidə olan 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət kitab formalı sırğa-üzük dəsti 1040 (min qırx) manat dəyərində qızıl-zinət əşyaları cavabdehdə qalmışdır. İddiaçı dəfələrlə bu barədə cavabdehə xəbərdarlıq etsə də, o qızılları iddiaçıya qaytarmamışdır. İddiaçı bu səbəbə görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Göygöl Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(066)-673/2023 nömrəli qətnaməsi ilə (hakim Əyyub Kərimov) iddianın təmin edilməsi, Cavabdeh - 750 ǝyyarlı qızıldan hazırlanmış 5.5 qram çəkidə olan 0,60 sot brilliant qaşlı nişan üzüyü və 583 əyyarlı qızıldan hazırlanmış 16 qram çəkidə olan 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət kitab formalı sırğa-üzük dəsti həmin əmlakların naturada qaytarılması mümkün olmadıqda isə onların dəyəri olan, cəmi 1590 (min beş yüz doxsan) manat məbləğində pul, ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu və 50 (əlli) manat mediasiya xərci alınaraq İddiaçı verilməsi qət edilmişdir.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2 225.2 və 225.3-cü maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 29.1, 34.1 və 34.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 216-220, 222.1, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(066)-673/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual normaların pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə qətnaməsinda göstərilənlərlə bağlı yəni, məhkəmə iclasında o izahatında iddia arizəsində göstərilmiş qızıl-zinət aşyasının həqiqətən mövcud olmasını və həmin qızıl-zinət aşyalarının gedərkən özü ilə aparması ilə bağlı bildirir ki, o məhkəmə iclasında o cür izahat verməmişdir. Həmin vaxt məhkəmə iclasında bildirmişdir ki, İddiaçı məxsus qızıl-zinət əşyaları iddia ərizəsində qeyd edilənlər deyil, toy diskinda olan qızıllardır. Yəni toy ərəfəsində iddiaçıya verilən qızıllar olmuş və qızılların qiyməti iddia ərizəsində qeyd edilən məbləğdə olmamışdır. Həmin qızılları isə iddiaçı gedərkən özü ilə aparmışdır. Bundan başqa qeyd edir ki, iddiaçıya toy ərfəsində hədiyə edilən iddia ərizəsində qeyd edilən formada va qiymətdə qızıllar deyil, iddiaçıya toy ərəfəsində 3 adda 770 manat dəyərində qızıl-zinət əşyası (nişan üzüyü 320 manat dəyərində, 1 ədəd üzük və 1 cüt sırğa isə 450 manat dəyərində) verilmişdir. Həmçinin, qeyd edir ki, iddiaçı ilə ailə hayatı qurduqdan sonra valideynlərinə məxsus evin yaxınlığından olan evdə yaşamışlar. Həmin vaxtdan da, evin açarının biri onda biri də iddaçıda olmuşdur. Həmçinin iddiaçının qızıl-zinət əşyalarının qoyduğu sandığın açarıda həmişə iddiaçıda olmuşdur. 2022-ci ilin avqust ayında iddiaçı əməliyyat olunandan sonra valideyinlarinin yanına gedib, həmin ilin sentyabr ayında isə hərbi hissədə işə düzəlməyi üçün sənədlər topladığı üçün evdə olmamışdır. İddiaçı təxminan 2022-ci ilin sentyabr ayının 13-də yaşadıqları evdən özünə məxsus əşyaları, qızılları və övladlarının sənədlərini götürüb getmişdir. Lakin, buna baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia arizasinda qeyd edilən əşyaların mövcud olması, həmin qiymətdə olması və həmin qızılların onda qalması barədə sübut təqdim edilməməsinə baxmayaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, iddia arizəsində göstərilmiş qızıl-zinət əşyası həqiqətən mövcud olmuş, həmin qızıl-zinət aşyalarını iddiaçı gedərkən özü ilə aparmışdır. O, iddiaçı ilə ailə hayatı qurduqdan sonra valideynlərinə məxsus evin yaxınlığından olan evdə yaşamışlar. Həmin vaxtdan da, evin açarının biri onda biri də iddaçıda olmuşdur. Həmçinin iddiaçının qızıl-zinət əşyalarının qoyduğu sandığın açarıda həmişə iddiaçıda olmuşdur. 2022-ci ilin avqust ayında o, iddiaçını əməliyyat olunması üçün xəstəxanaya aparmışdır. İddiaçı əməliyyatdan sonra xəstəxanadan valideyinlərinin yanına çıxıb getmişdir. İddiaçı təxminan 2022-ci ilin sentyabr ayının 13-də yaşadıqları evdən özünə məxsus əşyaları, qızılları və övladlarının sənədlərini götürüb getmişdir. Ona görə də iddianın rədd oilunmasını xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək və cavabdehin izahatında göstərdiyi xüsusatları təsdiq edərək, şikayətin təmin edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə el adəti ilə ailə qurub, evlənmiş, təsərrüfatı birgə idarə etmişlər. Bu münasibətdən xx.xx.2021-ci ildə Hüseyn adlı bir uşaqları anadan olmuşdur. O, həmin vaxtı ona aid cehiz əşyalarını cavabdehin evinə aparmışdır. Həmçinin ona toy zamanı və digər vaxtlarda müxtəlif adda qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Onun cavabdehin ailə münasibətləri ilk vaxtlar qaydasında olmuş, sonradan yola gedə bilməmişlər. Aralarında olan ər-arvad münasibətləri faktiki kəsilmişdir. Göygöl Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2 (066)-120/2023 nömrəli qətnaməsinə əsasən 05 iyun 2021-ci ildə Hüseyn adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. O, cavabdehlə faktiki olaraq ayrı yaşadıqları müddətdə iddiaçıya məxsus 750 əyyarlı qızıldan hazırlanmış 5.5 qram çəkidə olan 0.60 sot brilliant qaşlı nişan üzüyü 550 manat və 583 əyyarlı qızıldan hazırlanmış 16 qram çəkidə olan 1 cüt sırğa və 1 ədəd üzükdən ibarət kitab formalı sırğa-üzük dəsti 1040 (min qırx) manat dəyərində qızıl-zinət əşyaları cavabdehdə qalmışdır. Sonuncu dəfə o evdən ödündən əməlliyyat olunmaq üçün cavabdehlə xəstəxanaya getmiş oradan isə atası evinə getmişdir. Hazırda uşağı ilə birlikdə atası evində yaşayır. O bir dəfə iddiaçının iştirakı ilə öz paltarlarını götürmüşdür. İddiaçı ona qızılları qaytarmadığı üçün məhkəməyə iddia ərizəsi vermişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

12. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

13. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

16. Maddə 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

17. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

18. Maddə 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyinə görə qətnamənin əsaslılığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

32. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına görə, İddiaçı ilə Cavabdeh el adəti ilə qeyri-rəsmi evlənməklə ailə münasibəti qurmuşlar. Birgə ailə münasibətlərindən xx.xx.2021-ci il təvəllüdlü X3 adlı bir uşaqları anadan doğulmuşdur. İddiaçı toy günü el adəti ilə cavabdehin yaşadığı fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçının cehiz əşyaları da həmin evdə olmuşdur. İddiaçıya toy və nişan zamanı mübahisəli qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Lakin, daha sonra tərəflər ailə daxili münaqişələrə görə ayrılmışlar. Bundan sonra Göygöl Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(066)-120/2023 nömrəli qətnaməsinə əsasən 05 iyun 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Evdən çıxan zaman iddiaçının qızıl-zinət əşyaları cavabdehə məxsus evdə qalmışdır.

34. Bu baxımdan həmin əşyaların alınmasına dair tələb, qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. İddia ərizəsində göstərilən qızıl əmlakların hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

36. İşin halları Azərbaycan Respublikasının MM-in 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun araşdırılarkən görünür ki, iş materialları ilə iddiaçıya məxsus olması sübut olunur. Belə ki, bu hal tərəflərin izahatları ilə təsdiq olunur. Eyni zamanda cavabdeh tərəf qızıl-zinət əşyalarının mövcudluğunu mübahisələndirmir. Qeyd olunan hallar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilənlər onun tərəfindən sübut edilmiş və məhkəmə iclası zamanı öz təsdiqini tapmışdır.

37. Lakin cavabdeh tərəf bildirir ki, həmin qızıl-zinət əşyaları iddiaçı tərəfindən evdən çıxıb gedən zaman özü ilə aparmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfin bu dedikləri yalnız formal mülahizələrə söykənir və hər hansı sübutla təsdiq edilmir. Halbuki, həmin halları sübut etmə öhdəliyi Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

40. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

41. Eyni zamanda kollegiya bildirir ki, birinci instansiya məhkəməsinin iclası zamanı iddiaçı tərəf iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyalarının hər birinin dəyəri və çəkisi barədə mütəxəssis rəyini məhkəməyə təqdim etmiş, cavabdeh tərəf isə qızılların dəyəri və çəkisini mübahisələndirsə də, bu barədə mütəxəssis rəyinini təkzib edəcək hər hansı mötəbər rəy təqdim edə bilməmişdir. Bundan başqa cavabdeh izahatında qızılların mövcud olmasını bildirmiş, iddiaçını əməliyyat üşün xəstəxanaya apardığını, oradan isə iddiaçının anası evinə getməsini bildirmiş, qızılların onların yaşadığı evdə qaldığını hər ikisində evin açarı olduğunu bildirmişdir. Göründüyü kimi, iddiaçı evdən gedərkən qızılları aparmaq iqtidarında olmamışdır.

42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə faktlar nöqteyi-nəzərindən düzgün nəticəyə gəlmişdir.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

44. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göygöl Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 2(066)-673/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar