Məhkəmə qərarları › İş №2(104)-1711/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1711/2023

18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1711/2023 18.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 və Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2146/2023 saylı iş üzrə 02 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 27 may 2019-cu il tarixli 2(104)-2180/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 28 oktyabr 2011ci il təvəllüdlü X2 və 19 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 27 may 2019-cu il tarixli 2(104)-2180/2019 saylı qətnaməsi ilə 28 oktyabr 2011-ci il təvəllüdlü X2 və 19 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün müəyyən edilmiş hər ay hər uşaq üçün160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin miqdarını dəyişdirərək, Cavabdeh aylıq ümumi qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, aldığı alimentin miqdarı çox azdır, bu məbləğ uşaqların minimum ehtiyaclarını ödəmir.

4. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2146/2023 saylı iş üzrə 02 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim X.Səfərli) iddia tələbi təmin edilmiş, Cavabdeh 28 oktyabr 2011-ci il təvəllüdlü X2 və 19 sentyabr 2014-cü il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmiş, 28 oktyabr 2011-ci il təvəllüdlü X2 və 19 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

5. Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2146/2023 saylı iş üzrə 02 may 2023-cü il qətnaməsinin dəyişdirilməsini və hər iki uşaq üçün alimentin miqdarını 220 manat, cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh yenidən rəsmi nikah bağlamış və yeni ailədən Xalilzadə Fuad və Xəlilzadə Raul adlı 2 övladı anadan olmuşdur. Həmin uşaqlar körpə olduğu üçün daha çox maddi vəsaitə ehtiyac yaranır. Bununla da belə, Cavabdeh uşaqları bir-birindən ayırmır, hamısının ehtiyaclarını imkan daxilində maksimum qarşılamağa çalışır. Cavabdehin hazırda dövlət ipotekası olaraq 25 il müddətinə hər ay 417 manat məbləğində ipoteka krediti ödəmək öhdəliyi vardır. Həmçinin, onun himayəsində onkoloji xəstə anası var. Hal-Hazırda mediasiya təşkilatında 13 may 2023-cü il tarixdə barışıq sazişi bağlayaraq cavabdeh anası olaraq X4 hər ay 300 manat aliment ödəmək öhdəliyi götürmüşdür. Digər tərəfdən məhkəmə iddiaçının özünün işləməsini və yüksək əmək haqqı alması ilə bağlı araşdırma aparmamış və bu məsələyə hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

11. Maddə 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur.

12. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

16. Maddə 112.1. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

17. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

18. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

19. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

20. MPM-in 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. MPM-in 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən tərəfləri dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollеgiyası göstərir ki, apellyator şikayətində qətnamənin dəyişdirilərək, ondan sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir.

24. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

25. Belə ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında Ailə Məcəlləsinin 76-cı və 78-ci maddələrinin mətnləri göstərilmiş və qeyd edilmişdir ki, qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni, qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Göründüyü kimi, Ailə Məcəlləsinin qeyd olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən etmişdir. 26.Məhkəmə kollеgiyası göstərir ki, Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən Konstitusiya Məhkəməsinin qərarları qətidir, ləğv edilə, dəyişdirilə və rəsmi təfsir oluna bilməz.

27. Bundan əlavə, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli Qərarının 8.7 bəndində məhkəmə qərara almışdır ki, aliment ödəyən şəxsin digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və.s) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilə bilməz.

28. Qeyd edilənləri önəçəkən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin cavabdehin hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında müəyyən edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olduğundan, cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və yaxud da ki dəyişdirilməsi və alimentin sabit pul məbləğində tutulması üçün əsas hesab edilə bilməz.

29. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisəlsndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Kollegiya göstərir ki, məhkəmənin təyin etdiyi alimentin bir illik məcmusu 5000 manatdan aşağı məbləğdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdehin aylıq əmək haqqı 2000 manatdır. Həmin məbləğin 1/3 hissəsi (2000:3)=666.12 manat məbləğini təşkil edir. Əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aylıq alimentin miqdarı isə iki uşaq üçün cəmi 320 manat olmuşdur. Azərbaycan Respublikasının MPMin 112.1-ci maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göründüyü kimi, iddiaçıya ödənilməli olan alimentin məbləğindəki bir illik fərq (666,12 man.-320 man.)=346 man. x12 ay =3174 manat məbləğini təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən, hazrki iş üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayəti verilə bilməz.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2146/2023 saylı iş üzrə 02 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar