Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1744/2023 17.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı X3 etibarnamə üzrə nümayəndəsi X7 (atası) və Cavabdeh iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2(040)-302/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında 10 noyabr 2020-ci il tarixli AZ-İV seriyalı 503584 nömrəli şəhadətnamənin surətindən görünür ki, X10 16 oktyabr 2020-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası X4r.
2. Goranboy Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 2(045)-1907/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 ilə Cavabdeh arasında 14 dekabr 2019-cu il tarixdə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 52 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından 16 oktyabr 2020-ci il tarixdə doğulmuş X8 anası- iddiaçı X3 yanında saxlanılması, 28 oktyabr 2021-ci il tarixdən hesablanmaqla, 16 oktyabr 2020-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 125 (yüz iyirmi beş) manat sabit pul məbləğində alimentin, uşağın 3 yaşına çatana kimi saxlanması üçün 50 manat alimentin Cavabdeh tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı X6 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Goranboy Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 2(045)-1907/2021 nömrəli qətnaməsinə əsasən 16 oktyabr 2020-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay tutulan aylıq 125 manat alimentin məbləğinin artırılaraq hər ay 220 manat müəyyən edilməsi, eyni zamanda uşağın 3 yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı X6 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar və birgə nikahlarından 16 oktyabr 2020-ci il tarixdə Fuad adlı uşaqları anadan olmuşdur. Aralarındakı münasibətlər pozulduğundan ayrılmışlar və Goranboy Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 2(045)-1907/2021 nömrəli qətnaməsi ilə nikahları lpozulmuş, uşaq onun himayəsində saxlanılmış, eləcədə hər ay 125 manat aliment təyin edilmişdir. Uşaq azyaşlı olduğundan işləyə bilmir və onun saxlanılmasında maddi çətinliklər çəkir.
5. Kəlbəcər Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2(040)-302/2023 nömrəli qətnaməsi ilə (hakim H.Qəniyev) iddia tələbi qismən təmin edilərək, 16 oktyabr 2020-ci ildə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Goranboy Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 2(045)-1907/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aylıq 125 (yüz iyirmi beş) manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, 16 oktyabr 2020-ci ildə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi; Qalan hissədə iddianın təmin edilməməsi; Hazırki qətnamə üzrə alimentin tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması; Cavabdeh 25 (iyirmi beş) manat mediasiya xərci tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78, 112.1 maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8 maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 216-220 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və 16 oktyabr 2020-ci il təvəllüdlü Fuad adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment, eləcədə uşağın saxlanılması üçün anaya 50 manat ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, onun mənafeyləri nəzərə alınmamışdır. Hər ay uşağı görməyə gedən zaman lazımı qida və geyim əşyaları alır. Miqdarı artırılmış alimenti ödəməyə maddi imkanı çatmayacaq.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iddiaçı ali təhsillidir. Oğlu Fuad uşaq uşaq bağçasına gedir və iddiaçı işləyə bilər. Su idarəsində işləyir və 615 manat əmək haqqı alır. Yenidən ailə qurmuş və 150 manat aliment ödəməyə maddi imkanı çatır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, alimentin müəyyən olunması hissədə qətnamənin dəyişdirilərək 150 manat müəyyən olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak iddiaçı X3 etibarnamə üzrə nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izaha verdikdən sonra əlavə olaraq bildirmişdir ki, uşaq körpə olduğundan qızı Gültəkin işləyə bilmir. 15 manat alımentlə uşağı saxlamaq olmaz, uşağın tələbatı 200 mantdan da çoxdur. X2 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı X6 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. İddiaçı nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmuşdur. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
14. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
15. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
16. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
17. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.
18. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
19. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
20. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
21. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
22. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 31.Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini alimentin müəyyən olunması hissəsində qismən ləğv olunmasını xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsi 16 oktyabr 2020-ci il təvəllüdlü Fuad adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarını artıraraq hər ay 200 manat sabit pul məbləğində müəyyən etməkdə düzgün nəticəyə gəlmişdir.
33. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən olunmur. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, iddiaçı X6 ilə Cavabdeh birgə nikahından 16 oktyabr 2020-ci il tarixdə Fuad adlı uşaqları anadan olmuşdur. Goranboy Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 2(045)- 1907/2021 nömrəli qətnaməsi ilə adı qeyd olunan uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 125 manat sabit pul məbləğində aliment müəyyən olunmuşdur. X6 müəyyən olunmuş alimentlə uşağı saxlamaqda çətinlik cəkdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instasniya məhkəməsi də qətnamə mübahisələndirilən hissədə iddianı qismən təmin edərək müəyyən olunmuş alimentin məbləğini artıraraq 200 manat müəyyən etmişdir.
35. Bu qətnamənin 32-ci bəndində də qeyd olunduğu kimi qətnamə mübahisələndirilən hissədə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən, 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat müəyyən olunmuşdur.
36. Göründüyü kimi uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən olunmuşdur. Ona görə də kollegiya hesab edir ki, Cavabdeh ödəmək niyyətində olduğu 150 manat adı qeyd olunan uşağın fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyümələri, eləcədə əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılması baxımından yetərli sayıla bilməz.
37. Müəyyən olunmuş alimentin miqdarı artırılarkən onun mənafeyi, eləcədə hər ay uşağı görməyə gedərkən lazımı qida və geyim əşyaları alması barədə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsas deyil.
38. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında da qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğlarının çəkilməsinin uşağın himayəsində olduğu valideyinin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Eləcə də qeyd olunan qərarda məhkəmələrə tövsüyyə olunmuşdur ki, aliment ödəyən əmək qabliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətinin dəlilləri əsassızdır, qətnamə maddi və prosessual hüquq nörmaları düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, mübahisələndirilən hissədə qətnamənin dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Qətnamə mübahisələndirilən hissədə alimentin bir illik məcmusu beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2(040)-302/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “16 oktyabr 2020-ci ildə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Goranboy Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 2(045)-1907/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aylıq 125 (yüz iyirmi beş) manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, 16 oktyabr 2020-ci ildə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.