Məhkəmə qərarları › İş №2(104)-1750/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1750/2023

12.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1750/2023 12.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3289/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3289/2023 saylı qətnaməsi ilə (hakim Z.İmanov) iddianın qismən təmin edilməsi, xx.xx.2023-cü il tarixdən başlayaraq, 16 sentyabr 2019-cu il təvəllüdlü X4 və 23 noyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, qətnamənin alimentlə bağlı hissədə dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun (mediasiya xərcinin) iddiaçıya aid edilməsi, Cavabdeh 58,40 (əlli səkkiz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3289/2023 saylı qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay 560 manat məbləğində alimentin (hər uşağa 280 manat olmaqla) tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə nikaha daxil olaraq evlənmiş və birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X4 və xx.xx.2020-ci il tarixdə X3 doğulmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Bir-birlərini başa düşmüş və aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyumuş, hazırda isə münasibətləri tamamilə kəsilmişdir. Onlar ayrı-ayrılıqda yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqları isə onun himayəsindədir. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir. Hərbçidir, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qulluq keçir, cavabdehin orta aylıq gəliri yüksəkdir (ona bildirmir). Uşaqlar balaca olduğundan o, işləyə bilmir, uşaqların təminatını ödəmək çətindir. Valideyn köməyindən yararlanır. Uşaqların immuniteti zəifdir, tez-tez xəstələnirlər. Maddi cəhətdən çox çətinlik çəkir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur. Belə ki, hakim alimenti müəyyən edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №li qərarının 8.2-ci bəndində göstərilən məlumata zidd olaraq, iddiaçının hamyəsində olan 16 sentyabr 2019-cu il təvəllüdlü X4 və 23 noyabr 2020-ci il təvəllüdlü X3 adlı uşaqların qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını nəzərə almadan, cavabdehdən hər uşağa görə 280 manat olmaqla cəmi 560 manat alimentin tutulması əvəzinə hər uşağa 160 manat olmaqla cəmi 320 manat məbləğində alimentin tutulmasına dair qətnamə çıxarmışdır. Göründüyü kimi uşaqların hüquqları ciddi olaraq pozulmuşdur. Onun maddi imkanı aşağıdır, qarşı tərəf isə işləyir. Maddi imkanı aşağı olduğu üçün nikahın pozulması üçün 100 manat məbləğində dövlət rüsumu ödəyə bilməmiş, buna görə nikahın ləğv olunması tələbi ilə deyil, ancaq aliment tələbinə dair iddia qaldırmalı olmuşdur. Hazırda qarşı tərəfin maaşının öyrənilməsi məqsədilə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili tərəfindən sorğu verilmişdir. Cavabdeh hərbçidir, onun maaşı təxminən 1000-1200 manatdır. Belə olan halda cavabdeh hər uşağa görə 280 manat olmaqla cəmi 560 manat aliment ödəyə bilər və hesab edir ki, bir ata olaraq da ödəməlidir. Çünki valideynlər uşaqları saxlamağa borcludurlar. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxrı barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi və məhkəmə iclasında iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən - müəyyən edilmiş alimentin məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, işdə olan AZ-İİ seriyalı, 342735 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X2 arasında 18 iyun 2019-cu il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 iyun 2019-cu il tarixdə 1388 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Həsənov”, arvada “Həsənova” soyadı verilmişdir. İşdə olan AZ-İV seriyalı, 384121 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 16 sentyabr 2019-cu il tarixdə doğulmuşdur. Valideynləri atası – Cavabdeh, anası İddiaçıdır İşdə olan AZ-İV seriyalı, 537074 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 23 noyabr 2020-ci il tarixdə doğulmuşdur. Valideynləri atası – Cavabdeh, anası İddiaçıdır İşdə olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli, MŞG/1-06442 nömrəli arayışdan görünür ki, bu arayış Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi “iki azyaşlı uşaqların yaşaması üçün aliment” tələbinə dair mübahisə üzrə xx.xx.2022-ci il tarixində 15:00 saatlarında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə 15:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat mediasiyaya dair xərci tam ödəmişdir Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla evlənmiş, cavabdeh ilə rəsmi nikahından 16 sentyabr 2019-cu il təvəllüdlü X4 və 23 noyabr 2020-ci il təvəllüdlü X3 adlı 2 uşaqları doğulmuşdur. Tərəflər hazırda faktiki olaraq ayrılmış və uşaqlar iddiaçının yanındadır. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya maddi yardım göstərmədiyindən İddiaçı “iki azyaşlı uşaqların yaşaması üçün aliment” tələbinə dair mediasiya şurasına müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə edilmədiyi üçün iddiaçı “alimentin tutulması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Cavabdeh yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün hər ay cəmi 560 manat məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddia tələbini qismən, hər bir uşağa hər ay 160 manat məbləğində alimentin tutulmasını müəyyən etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisə iki azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin tutulması ilə bağlı yaranan mübahisədir və iddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etmiş, qanunun tətbiqində səhvə yol vermiş olmasa da, azyaşlıların valideyn köməyinə ehtiyaclarının olmasını, ananın himayəsində azyaşlı uşaqlar olduğuna görə heç bir yerdə işləmədiyini kifayət qədər nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Birinci instansiya məhkəməsi uşağın marağını nəzərə alıb iddianı qismən təmin edərək, müəyyən olunmuş alimentin miqdarını yuxarıda qeyd olunan məbləğdə təyin etmişdir, lakin məhkəmə alimentin miqdarı məsələsini müzakirə edərkən iddiaçının maddi vəziyyətin, o cümlədən onun himayəsində olan iki uşağı olduğuna görə heç bir yerdə işləmədiyini kifayət qədər nəzərə almamışdır. Odur ki, məhkəmə kollegiyası bir uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş hər bir uşaq üçün hər ay 160 manat miqdarında alimentin məbləğini aşağı sayır və hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilərək alimentin miqdarı hər ay bir uşağa görə 200 (iki yüz) manat, iki uşağa görə cəmi 400 manat miqdarında müəyyən edilməli, bununla da apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 402.1-cü maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3289/2023 saylı qətnaməsi - müəyyən edilmiş alimentin məbləği hissəsində dəyişdirilsin. 16 sentyabr 2019-cu il təvəllüdlü X4 və 23 noyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3289/2023 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 160 (bir yüz altmış) manat məbləğində alimentin məbləği dəyişdirilərək hər ay hər bir uşağa görə 200 (iki yüz) manat, iki uşağa görə cəmi 400 (dörd yüz) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edilən andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Şamil Rzaquliyev Hakimlər Loğman Süleymanov İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar