Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1722/2023 17.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Mirzəyeva (Nağıyeva) Əfsanə Faxrəddin qızına qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Mirzəyeva (Nağıyeva) Əfsanə Faxrəddin qızına qarşı alimentin məbləğinin azadılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(125)-931/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə Apelyasiya Məhkəməsinin 17 may 2019-cu il tarixli, 2(104)-2152/2019 nömrəli qətnaməsindən görünür ki, 26 mart 2012-ci il təvəllüdlü X8 və 25 aprel 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulmasına dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli 2(044)-753/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Mirzəyeva (Nağıyeva) Əfsanə Faxrəddin qızına qarşı alimentin məbləğinin azadılması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli 2(044)-753/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını azaldaraq 26 mart 2012-ci il təvəllüdlü X5 və 25 aprel 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay, hər uşaq üçün 80 (səksən) manat, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli 2(044)-753/2019 nömrəli qətnaməsinə əsasən 26 mart 2012-ci il təvəllüdlü X8 və 25 aprel 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan X2 xeyrinə hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdehdən ayrıldıqdan sonra, 2020-ci ildə X9 ilə ailə qurmuş və onunla birgə nikahından 18 oktyabr 2022-ci il tarixdə X10 və X12 adlı iki əkiz uşaqları anadan olmuşdur. Müəyyən olunmuş 240 manat alimenti ödəyə bilmir. X1 filialına iş verilməsi üçün müraciət etmiş və işaxtaran kimi qeydiyyata alınmışdır. Buna baxmayaraq halhazırkı dövrədək işlə təmin olunmamışdır. İlk nikahdan olan və hazırki nikahdan olan övladlarına baxmaqda çətinlik çəkir. Uşaqları saxlamaq hər iki valideynin vəzifəsi olduğundan alimentin məbləği azadılmalıdır.
4. Gəncə Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(125)-931/2023 nömrəli qətnaməsi ilə (hakim M.Mustafayev) İddiaçı cavabdeh X3 qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası təmin edilməməsi; Ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.
5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.2 maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8, 13, 19 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 235, 360-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və hər ay hər uşağa 80 manat olmaqla, cəmi 160 manat aliment müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Cavabdehlə ayrıldıqdan sonra ailə qurmuş və himayəsində iki azyaşlı uşağı var. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, yenidən ailə qurmuş və həmin ikahdan iki azyaşlı uşağı var. Fəhlə işləyir və aylıq gəliri 240-260 manat olur. Ona görə də 240 manat alimenti ödəyə bilmir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məkhəməsinin qətnaməsinin ləğv edilməsini və hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 160 manat aliment müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Mirzəyeva (Nağıyeva) Əfsanə Faxrəddin qızı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
11. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
12. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
13. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
14. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
15. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.
16. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
17. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
18. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
19. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
20. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Kollegiya hesab edir ki, iki uşağa görə müəyyən olunmuş 240 (120+120=240) manat alımentin miqdarının azaldılmasına dair İddiaçı iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
31. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmiş. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, işdən müəyyən olunur ki, İddiaçı ilə cavabdeh Mirzəyeva (Nağıyeva) Əfsanə Faxrəddin qızının birgə nikahlarından 26 mart 2012-ci il tarixdə Səkinə, 25 aprel 2014-cü il tarixdə isə Məhəbbət adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan tərəflər ayrılmış və uşaqlar ananın himayəsində saxlanılmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli 2(044)-753/2019 nömrəli qətnaməsi ilə 26 mart 2012-ci il təvəllüdlü X8 və 25 aprel 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti versədə, lakin Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 may 2019-cu il tarixli, 2(104)-2152/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli 2(044)-753/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı yenidən ailə qurmasını və həmin nikahdan iki azyaşlı uşağının olmasını, eləcədə rəsmi iş yerinin olmaması və aylıq gəlirlərinin 240-260 manat olmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instasniya məhkəməsi də iddianı təmin etməmişdir.
33. Bu qətnamənin 33-cü bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən, 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat müəyyən olunmuşdur.
34. Göründüyü kimi uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən olunmuşdur. Ona görə də kollegiya hesab edir ki, alimentin miqdarının azaldılaraq 80 manat, cəmi 160 manat müəyyən olunmasını adları qeyd olunan uşaqların fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyümələri, eləcədə əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılması baxımından yetərli sayıla bilməz.
35. Apellyasiya şikayətinin yenidən ailə qurması və həmin nikahdan iki azyaşlı uşağının olması, eləcədə fəhlə işləməsi dəlilinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlili əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil.
36. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında da qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğlarının çəkilməsinin uşağın himayəsində olduğu valideyinin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Eləcə də qeyd olunan qərarda məhkəmələrə tövsüyyə olunmuşdur ki, aliment ödəyən əmək qabliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətinin dəlilləri əsassızdır, qətnamə maddi və prosessual hüquq nörmaları düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, qətnamənin dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Qətnamə mübahisələndirilən hissədə alimentin bir illik məcmusu beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(125)-931/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.