Məhkəmə qərarları › İş №2(104)-1747/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1747/2024

20.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1747/2024 20.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi tələbinə dair ilk, Cavabdeh iddaçı İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın yarı dəyərinin bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-602/2024 nömrəli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri kredit müqavilələri üzrə 50000 (əlli min) manat pul vəsaitinin ½ hissəsinin, yəni 25000 (iyirmi beş min) manat pulun və ödənilmiş 165 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh iddaçı İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın yarı dəyərinin bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın bütünlüklə rədd edilməsinə və onun qarşılıqlı iddiasının təmin edilərək avtomobillərin cəmi dəyəri olan 68500 (altmış səkkiz min beş yüz) manatın yarısı olan 34250 (otuz dörd min iki yüz əlli) manatın və 205 (iki yüz beş) manat dövlət rüsumunun iddiaçıdan alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-602/2024 nömrəli qətnaməsi (hakim Gündüz Abbasov) ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh 15 avqust 2019-cu il tarixli, 19028-001/747714 saylı kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 26 avqust 2019-cu il tarixli Razılaşmaya əsasən verilmiş 50000 (əlli min) manat məbləğində kreditin yarı dəyəri olan 25000 (iyirmi beş min) manat məbləğində pul və 165 (bir yüz altmış beş) manat ödənilmiş dövlət rüsumu, cəmi 25165 (iyirmi beş min bir yüz altmış beş) manat məbləğində pul alınaraq İddiaçı verilməsi, Cavabdeh iddaçı İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın yarı dəyərinin bölünməsi haqqında qarşılıqlı iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi təmin edilmədiyindən Cavabdeh ödədiyi 205 (iki yüz beş) manat məbləğində dövlət rüsumunun Cavabdeh özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddianın tam təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, ilk iddia üzrə iddiaçı iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372 və 373-cü maddələrinə görə iddia müddəti 3 il müəyyən edilmişdir. Qeyd etməyi zəruri hesab edir ki, Tərtər Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(061)-619/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Tərtər Rayon Qeydiyyat Şöbəsində bağlanmış 19 mart 2016-cı il tarixli, 38 saylı nikah qeydinin pozulması qət edilmişdir. Sözügedən qətnamə xx.xx.2021-ci ildə qüvvəyə minmişdir. Həmin qətnamədən 3 il 4-5 ay keçdikdən sonra, yəni, 2024-cü ilin may-iyun aylarında hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Buradan da belə aydın olur ki, iddaçının iddiası formal xarakterli olmaqla qərəzli şəkildə qaldırlımışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Tərtər rayonu Qapanlı kəndində qeydiyyatda olduğunu, Bakı çəhərində yaşadığını, nikahın pozulmasına dair xx.xx.2021-ci ildə qəbul edilmiş qətnamədən apellyasiya və kassasiya şikayətinin verildiyini, iddia müddətinin keçmədiyini bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Cavabdeh İddiaçı təkrar teleqramma vuraraq işin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-602/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün ərazi aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə görə Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-in 5.1-ci maddəsində göstərilmişdir ki, Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikasının MPM-in 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya dövlət rüsumunun ödənilməsi,mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması, iddia ərizəsi təmsilçi tərəfindən verildiyi halda onun səlahiyyətlərinin lazımi qaydada rəsmiləşdirilməsi, iddia ərzəsinə əlavə edilmiş sənədlərin siyahısı, iddia ərizəsinin ərazi aidiyyəti üzrə düzgün məhkəməyə verilməsi və s. kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. İş materialları ilə müəyyən edilir ki, iddia tələbi iki hissədən ibarət olmaqla, ilk iddia birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi, qarşılıqlı iddia isə birgə nikah dövründə əldə olunmuş əmlakın yarı dəyərinin bölünməsi ilə bağlıdır. Həm qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh, həm də ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, onların hər ikisi Tərtər rayonu, Yuxarı Qapanlı kəndində qeydiyyatdadırlar. Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsi aidiyyətlə bağlı ümumi qayda müəyyən edərək göstərir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri” məfhumunun anlayışı qanunla müəyyən olunmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə görə Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Çünki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır. Məhkəmə kollegiyası xatırladır ki, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsi olmuşdur. Belə ki, verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti Azərbaycan Respublikasının MPM-in 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə aidiyyətinin müəyyən olunmasıdır. Əgər aidiyyət pozulmuşdursa, Azərbaycan Respublikasının MPM-in 152.1.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır. Birinci instansiya məhkəməsi işin bu mərhələsində məhkəmə aidiyyəti ilə bağlı uyğunsuzluq müəyyən etməmişdir. Qeyd olunmalıdır ki, Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. (MPM-nin 45.1-ci maddəsi). İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi baxılmaq üçün başqa məhkəməyə verə bilər. (MPM-nin 44.2.2-ci maddəsi). “İnsan hüquqlarının və əsas azadlıqları müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuş və Bərdə rayon Məhkəməsi prosessual qanunvericiliyin aidiyyətlə bağlı tələblərini pozmaqla işi icraatına qəbul edərək, hazırkı qətnaməni qəbul etmişdir. Azərbaycan Respublikasının MPM-nin 384.0.4-cü maddəsinə görə işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, Apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikasının MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının MPM-in 387.2.1-ci maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, ləğv edilməlidir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-602/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilməlidir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 384, 385, 387, 405-407-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-602/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi tələbinə dair ilk, Cavabdeh iddaçı İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın yarı dəyərinin bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş Tərtər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası üzərindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar