Məhkəmə qərarları › İş №2(104)-1760/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1760/2024

28.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1760/2024 28.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-502/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-502/2024 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı iddiasının qismən təmin edilməsi, İddiaçı və Cavabdeh arasında 10 fevral 2014-cü il tarixdə Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Qaramurad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, 25 sentyabr 2013-cü ildə anadan olmuş X5 və 16 iyul 2015-ci ildə anadan olmuş X6 anaları X3 yanında qalmalarının müəyyən edilməsi, 25 sentyabr 2013-cü ildə anadan olmuş X5 və 16 iyul 2015-ci ildə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı Aydən qızının xeyrinə hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının 16 noyabr 2023-cü il tarixdən X10 və X11 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-502/2024 saylı qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-502/2024 nömrəli qətnaməsində yol verilmiş yanlışlıq aradan qaldırılaraq Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-502/2024 nömrəli qətnaməsinin nəticə hissəsində “X7” sözlərinin “İddiaçı” kimi oxunması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə şəhər Məhkəməsinin 2(125)-502/2024 saylı, xx.xx.2024-cü il il tarixli qətnaməsini qismən 25 sentyabr 2013-cü ildə anadan olmuş X5 anasının himayəsinə verilməsi və alimentin tutulmasının 16 noyabr 2023-cü il tarixdən hesblanması hissəsində ləğv edib 25 sentyabr 2013-cü ildə anadan olmuş X5 onun himayəsində saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında olan nikahın pozulması, onların birgə nikahından xx.xx.2013-cü ildə anadan olmuş X5 və xx.xx.2015-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 10 fevral 2014-cü il tarixdə nikahlarını qeydə aldırmışdır. Onların birgə nikahından Mədinə və Xədicə adlı 2 uşaq anadan olmuşdur. Lakin birgə yaşadıqları müddət ərzində ona qayğı göstərməmiş və ona qarşı layiq olmadığı münasibəti göstərmişdir. Hətta onunla Cavabdeh birgə münasibətlərindən 3-cü uşaq üçün hamilə olarkən, Cavabdeh onu həkimə aparmamış, uşağın tələf olması üçün ona qarşı hərəkətlər etmişdir. O, xəstə olduqda, yaxud onun hər hansı orqanı ağrıdıqda isə Cavabdeh hər kəsin gec-tez öləcəyini deyib, xəstəliyə görə ölməkdən qorxmamağı ona tövsiyyə etmişdir. Bəzi vaxtlar isə o, həkimə aparılmasını deyil, ümidlə yaşamaq üçün sadəcə həkimə aparılmaq vədi verilməsini arzulamışdır. Onların birgə yaşadıqları müddət ərzində Cavabdeh maraq dairəsi yalnız təsərrüfatdan və malqaradan ibarət olmuşdur. Cavabdeh birgə nikahdan doğulmuş uşaqların təhsilləri ilə də maraqlanmamış və uşaqlara ata qayğısı göstərməmişdir. O, uzun illər Cavabdeh xarakterinin normallaşacağını, ona, eləcə də birgə nikahdan doğulmuş uşaqlara qayğı göstərəcəyini və ailə münasibətlərinin yaxşılacağını səbrlə gözləsə də, Cavabdeh öz davranışlarını dəyişməmişdir. Bütün bunlar onlar arasındakı münasibətlərin bərpa olunmayacaq qədər pisləşməsinə səbəb olmuşdur. Qeyd olunan səbəbdən də o, yaşamaq üçün öz valideynlərinin yaşadığı ünvana, daha sonra isə uşaqların təhsil aldıqları məktəbin yaxınlığında valideynlərinin kirayə tutduqları mənzilə köçmüşdür. Hazırda valideynləri onun və uşaqlarının yaşaması üçün fərdi yaşayış evi tikmək məqsədi ilə həyətyanı torpaq sahəsi almışlar və qısa zaman ərzində həmin torpaq sahəsində fərdi yaşayış evi inşa olunacaqdır. Cavabdeh birgə nikahdan doğulmuş uşaqların öz yanında qalmaları üçün həmin uşaqlara mobil telefon və planşet alıb vermiş, hətta Mədinəni gəzmək üçün tək Bakı şəhərinə göndərmişdir. Mədinə onunla söhbət edərkən, atasının evi, təsərrüfatı və digər bütün əmlakı ona verəcəyini dediyini bildirmişdir. Hazırda hər iki uşaq onun yanında yaşayır. Odur ki, iddianın təmin edilməsi, nikahın pozulması, onların birgə nikahından xx.xx.2013-cü ildə anadan olmuş X10 və xx.xx.2015-ci ildə anadan olmuş X6 onun yanında qalması, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual prossesual hüququ normalarının pozulması ilə qəbul edildiyindən qətnamə qismən 25 sentyabr 2013-cü ildə anadan olmuş X5 anasının himayəsinə verilməsi və alimentin tutulması 16 noyabr 2023-cü il tarixdən hesblanması hissəsində ləğv edilməli, 25 sentyabr 2013-cü ildə anadan olmuş X5 onun himayəmdə saxlanılması barədə yeni qətnamə qəbul edilməl idi. Belə ki, işdə olan Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli, 5-1/2-03/545/2024 nömrəli rəyindən görünür ki, xx.xx.2013-cü ildə anadan olmuş X5 atas Cavabdeh, xx.xx.2015-ci ildə anadan olmuş X6 anası İddiaçı himayəsinə verilməsi məqsədəmüvafiq hesab edilir. Lakin məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verdi. əlavə olaraq göstərdi ki, hazırda qızı Mədinə onun yanında qalır. Odur ki, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı qız apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmə iclasında iştirak edən proses iştirakçılarıını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-502/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ 932363 nömrəli X4 surətindən görünür ki, Cavabdeh və X9 xx.xx.2014-cü ildə Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının Qaramurad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikah bağlamışlar. Nikah bağlanandan sonra arvada “Məhərova” soyadı verilmişdir. İş materiallarında olan Doğum haqqında AZ İİİ 368258 saylı şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü Mədinə adlı uşağın atası Cavabdeh, anası isə İddiaçı Adil qızıdır. İş materiallarında olan Doğum haqqında AZ İİİ 603786 saylı şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü Xədicə adlı uşağın atası Cavabdeh, anası isə İddiaçı Adil qızıdır. İşdə olan Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli, 5-1/2-03/545/2024 nömrəli rəyindən görünür ki, xx.xx.2013-cü ildə anadan olmuş X5 atası Cavabdeh, xx.xx.2015-ci ildə anadan olmuş X6 anası İddiaçı himayəsinə verilməsi məqsədəmüvafiq hesab edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, işə birinci iinstansiya məhkəməsində baxılanda tərəflərin birgə nikahından xx.xx.2013-cü ildə anadan olmuş X10 və xx.xx.2015ci ildə anadan olmuş X11 hazırda İddiaçı yanında yaşayaraq, Gəncə şəhər N.Nərimanov adına 25 nömrəli tam orta məktəbdə təhsil almışlar. Həmin uşaqlar məhkəmə iclasında dindirilərkən xx.xx.2013-cü ildə anadan olmuş X10 atası Cavabdeh, xx.xx.2015-ci ildə anadan olmuş X11 isə anası İddiaçı yanında qalmaq istədiklərini bildirmiş, hazırda isə uşaqlardan xx.xx.2013-cü ildə anadan olmuş X10 faktiki olaraq atasının yanında qalır. Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2024-cü il tarixli, 5-1/2-03/545/2024 nömrəli rəyi ilə xx.xx.2013-cü ildə anadan olmuş X5 atasının yanında qalmaq istəyini nəzərə alıb yuxarıda göstərilən rəyi vermişdir. Lakin həmin rəydə işin digər halları, yəni S.S.X2 özünə qarşı daha çox sevgi yaratmaq məqsədi ilə faydalı olub-olmamasından asılı olmayaraq, uşağın istəklərini (mələsən, mobil telefon və planşet vermək, məktəbindən verilmiş ev tapşırıqlarının uşağın arzusuna uyğun icra edilib-edilməməsi, uşağın sərbəst gəzintisi və s.) yerinə yetirməsi, Cavabdeh İddiaçı ilə aralarında olan mübahisənin bütün ünsürlərini uşağa ötürməsi, Cavabdeh uşaqların təhsili ilə maraqlanmaması və bu kimi digər hallar, eləcə də uşaqların ayrı yaşamaqlarının onların mənafelərinə zidd olması nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyasının rəyini və 10 yaşına çatmış uşaqların fikrini digər sübutlarla birlikdə qiymətləndirərək, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların yaşını, onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafını, eləcə də həmin uşaqların anasının yanında qalmalarının onların mənafeyinə uyğun olmasını, hər iki valideynin öz uşaqları barəsində bərabər hüquqlara malik olmasını nəzərə alaraq, hesab edir ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmamış uşaqların iddiaçının yanında qalması onların mənafeyinə uyğundur. Məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim edilməməsini, eləcə də cavabdehlə yanaşı iddiaçının da uşaqları saxlamaq vəzifəsini, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini və 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat olmasını razılığını nəzərə alaraq, hesab edir ki, iddia tələbi alimentin tutulması tələbinə dair hissədə qismən təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşaqlarım saxlanması üçün hər ay hər uşağa görə 120 manat, cəmi 240 sabit pul məbləğində aliment tutulmalıdır Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı nikahı pozmaqda haqlı olmuşdur Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 7.1-ci bəndindəki tövsiyələrdə göstərilir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin qərarın 7.4 cü bəndində qeyd edilir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Göründüyü kimi ailə qanunvericiliyinin normalarında olduğu kimi Ali Məhkəmə Plenumunun qərarında da, uşaqlara dair mübahisə həll edilərkən uşaqların üstün mənafelərinin, onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının təmin olunması kimi halların nəzərə alınmasının zəruriliyi xüsusi vurğulanır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi uşaqların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafı üçün iddiaçı tərəfindən daha yaxşı şərait yaradıldığını, onların artıq vərdiş etdiyi şəraitdə qalıb yaşamasının uşaqların mənafeyinə daha çox uyğun olduğunu, uşaqların bir-birinə bağlılığını, ana nəvazişinə olan ehtiyaclarını, həmçinin valideynlər barədə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərə alaraq hesab edir ki, uşağın anasının yanında qalması onun qanuni manafeyinə daha yaxşı cavab verir. İşin hallarından da görünür ki, iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsi həmin xüsusatları nəzərə almışdır. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı Gəncə şəhərində, cavabdeh isə Gədəbəy rayonunda yaşayır. Uşaqlardan biri anada, digəri atada qaldığı halda onların bir-biri ilə müntəzəm ünsiyyət saxlamaları uşaqlar istəsələr belə təbii ki, mümkün olmayacaq və bu son nəticədə uşaqların psixologiyasına mənfi izini buraxmış olacaqdır. Bu baxımdan da kollegiya uşaqların mənafeyini nəzərə alaraq onların bir-birindən ayrılmasını məqsədəmüvafiq saymır və hesab edir ki, birinci instansiya məhkəməsi hər iki uşağı ananın yanında qalmasını müəyyən etməkdə düzgün nəticəyə gəlmişdir. Alimentin tutulması ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, iş üzrə tərəflər arasında nikahı pozan məhkəmə uşağın mənafeyini nəzərə alaraq yetkinlik yaşına çatmamış uşaqların anasının yanında saxlanmasını və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay hər uşağa 120 manat miqdarında alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsini qət etmişdir. Qətnamədən göründüyü kimi məhkəmə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarını müəyyən edərkən cavabdehin maddi vəziyəti ilə yanaşı, Respublikada 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimunun məbləğini, həmçinin iddiaçının da uşağını saxlamaq vəzifəsinin olduğunu nəzərə almış və iddia tələbini qismən təmin edərək həmin iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin miqdarını 120 manat sabit pul məbləğində müəyyən etmişdir ki, məhkəmə kollegiyası da həmin məbləğlə razılaşır. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli, 5-1/2-03/545/2024 nömrəli rəyindən görünür ki, xx.xx.2013-cü ildə anadan olmuş X5 atas Cavabdeh, xx.xx.2015-ci ildə anadan olmuş X6 anası İddiaçı himayəsinə verilməsi məqsədəmüvafiq hesab edilir. Lakin məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflərin birgə nikahlarından doğulmuş uşaqların yaşını, onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafını, eləcə də həmin uşaqların anasının yanında qalmalarının onların mənafeyinə uyğun olmasını, hər iki valideynin öz uşaqları barəsində bərabər hüquqlara malik olmasını nəzərə alaraq, hesab edir ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmamış uşaqların iddiaçının yanında qalmasını onların mənafeyinə daha uyğun saymışdır ki, məhkəmə kollegiyası da uşaqların mənafeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi uşağın üstün mənafəyini nəzərə alıb iddia tələbinin qismən təmin edilməsini qət etməkdə haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-502/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar