Məhkəmə qərarları › İş №2(104)-1767/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1767/2024

24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1767/2024 24.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X5 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-2938/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Mülki işə əlavə edilmiş AZ-İV №126757 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 11 iyun 2018ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Cavabdeh, ana qrafasında ana adı İddiaçı İman qızı kimi qeyd olunmuşdur.

2. Mülki işə əlavə edilmiş AZ-İV №457673 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 29 may 2020ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Cavabdeh, ana qrafasında ana adı İddiaçı İman qızı kimi qeyd olunmuşdur.

3. Mülki işə əlavə edilmiş Gəncə şəhəri, Kəpəz Rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş “Nikahın pozulması haqqında” 27 oktyabr 2021-ci il tarixli, AZ-İ 394059 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı İman qızının arasında olan nikah ləğv edilmişdir.

4. Mülki işə əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-1322/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.2018-ci ildə anadan olmuş X2 və xx.xx.2020-ci ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay aylıq gəlirinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.

5. Mülki işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, İddiaçı İman qızına “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq Arayış verilmişdir

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018ci il tarixdə anadan olmuş X2 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat alimentin Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, iş üzrə Cavabdeh ilə ailə qurub rəsmi nikaha daxil olmuşdurlar. Birgə nikahdan yetkinlik yaşına çatmayan 2 övladları xx.xx.2018-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X7 anadan olmuşdur. Nikah bağlandıqdan sonra bir müddət münasibətləri normal olsa da, sonradan xasiyyətləri uyğun gəlməmişdir. Bundan sonra Gəncə şəhər Kəpəz Rayon Məhkəməsində iddia qaldıraraq, nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. xx.xx.2021ci il tarixli 2(043)-2324/2021 saylı qətnaməyə əsasən nikahları pozulmuşdur və xx.xx.2021-ci il tarixində Nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. xx.xx.2021-ci il tarixli 2(043)-1322/2021 saylı Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin qətnaməsinə əsasən birgə nikahda anadan olmuş iki azyaşlı xx.xx.2018-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay aylıq gəlirin 1/3 hissəsi miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. 2023-cü il noyabr ayında Azərbaycan Respublikasını N saylı Hərbi Hissəsindən ona zəng gəlmişdir ki, Cavabdeh işdən azad edilmişdir. Həmin tarixdən etibarən cavabdeh uşaqları ilə maraqlanmır. Heç bir maddi köməkliyini göstərmir. Hal-hazırda uşaqların tələbatının ödənilməsi üçün aliment almağı vacibdir. Böyük oğlu orta məktəbdə təhsil alır və ona görə də, məsrəfləri yetərincə artmışdır. Bundan başqa, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da, dəyişdirilmiş və hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də, maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də, davamedici hüququ olan "aliment tələbinə" dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2938/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia qismən təmin edilərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1322/2021 saylı, xx.xx.2021-ci il tarixli ilə müəyyən edilmiş xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 170 manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Məhkəmə xərcinə daxil olan dövlət rüsumu və mediasiya prosesində çəkilən xərc tərəflərə bərabər şəkildə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin yarısı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

10. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2, 58, 75.1, 75.4, 76, 78, 100.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

11. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2938/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin 2(125)-2938/2024 saylı 13 iyun 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o ordu sıralarından tərxis olunmuşdur, fərdi əməklə məşğul olur. Bütün uşaqlarını saxlanılması üçün aliment ödəməlidır. Lakin əvvəlki iş yerindən fərqli olaraq daha az qazanc əldə edir. Məhkəmənin qətnaməsində qeyd edilən alimenti ödəyəcəyi halda, digər övladına aliment ödəyə bilməyəcəkdir. Həmçinin, özünə yaşamaq üçün pul qalmayacaqdır. Alimentin məbləği müəyyən edilərkən onun X4 aliment verməyi, onun yaşayışı, hərbi xidmətdən tərxis olunduqdan sonra yüksək əmək haqqlı iş tapa bilməməyi nəzərə alınmalı və daha aşağı məbləğdə aliment müəyyən edilməlidir. O, Vətən müharibəsinin iştirakçısı olmuşdur. Tərtər rayonunun Talış və Suqovuşan kəndləri, həmçinin Murovdağ yüksəkliyi istiqamətində gedən döyüşlərdə iştirak etmişdir və “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Suqovuşan azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Müharibə zamanı beyin-sinir pozuntusu keçirmişdir, səhhətinlə bağlı olaraq əməliyyat olunmuşdur. Hazırda səhətindəki problemlərlə əlaqədar ağır işlərdə işləyə bilmir. Ağır əmək fəaliyyətini onun səhətinə mənfi təsir göstərəcəkdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verib bildirmişdir ki, müharibə veteranıdır və səhhəti ilə bağlı problemləri vardır. Onun başqa nikahdan da övladı vardır və daxil olmuş və hazırda həmin uşağa da 80 manat aliment ödəyir. Vətən müharibəsi iştirkaçısı olduğuna görə hər ay 80 manat pensiya alır. Hazırda günəmuzd işləməklə gündəlil 15 manat qazanc əldə edir. Məhkəmənin suallarına cavab olaraq isə bildirmişdir ki, hər ay hər uşağa görə 140 manat aliment ödəyə bilər.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq isə bildirmişdir ki, xadimə işləməklə aylıq 300 manat əmək haqqı alır. Məhkəmənin suallarına cavab olaraq isə bildirmişdir ki, hər ay hər uşağa görə 150 manat aliment ödənilməsinə razıdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

16. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

17. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

18. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

19. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

20. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:

21. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

22. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

23. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

30. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

31. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Hazırkı apelyasya şikayətində qətnamə cavabdeh tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2938/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilərək, xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilməlidir.

36. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçı cavabdeh tərəfindən hər ay hər uşağa görə 150 manat aliment ödənilməsinə razı olduğunu, həmçinin cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qismən qəbul edərək, hər uşağa görə 140 manat aliment ödəyə biləcəyini bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının da, işləməklə müəyyən qazanca malik olmasını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilməli və cavabdehdən hə ay hər uşaq üçün tutulan alimentin məbləği 150 manat məbləğində müəyyən edilməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Qət etdi :

Gəncə Şəhər Məhkəməsinin 2(125)-2938/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2938/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh oğlundan tutulan aliment məbləği hissəsində dəyişdirilsin. Cavabdeh xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 (yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar