Məhkəmə qərarları › İş №2(104)-1767/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1767/2025

22.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1767/2025 22.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmlak tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 və Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 2(125)-946/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 dekabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə Univermaq tərəfindən verilmiş qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə 06 noyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1 ədəd sep, Rus istehsalı, 14.9 qram, 583 əyarlı - 1370 manat; 1 ədəd qolbağ, Rus istehsalı, 5 qram, 583 əyarlı- 500 manat; 2 ədəd üzük, İtaliya istehsalı, 16,9 qram, 750 əyarlı - 2110 manat; 2 ədəd sırğa, Rus istehsalı, 8,2 qram, 583 əyarlı,- 820 manat; 3 ədəd üzük, Rus istehsalı, 9,6 qram,- qaşı qara brilyant (5 karat), 583 əyarlı, - 2700 manat; 6 ədəd üzük, Rus istehsalı, 15 qram, 583 əyarlı - 1500 manat; 1 ədəd klon ürək forması, Rus istehsalı, 5 qram, 583 əyarlı,- 500 manat; 1 ədəd sep-klon birlikdə, Rus istehsalı, 5 qram, 583 əyarlı,- 500 manat; qızıl-zinət əşyalarının cəmi dəyəri 10000 manatdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1) dəyəri 1370 manat, çəkisi 14.9 qram, əyarı 583 olan 1 ədəd rus istehsalı sep, 2) dəyəri 500 manat, çəkisi 5 qram, əyarı 583 olan 1 ədəd rus istehsalı qolbağ, 3) dəyəri 2110 manat, çəkisi 16,9 qram, əyarı 750 olan 2 ədəd italyan istehsalı üzük, 4) dəyəri 820 manat, çəkisi 8.2 qram, əyarı 583 olan 2 ədəd rus istehsalı sırğa, 5) dəyəri 2700 manat, çəkisi 9.6 qram (qaşı qara brilyant), əyarı 583 olan 3 ədəd rus istehsalı üzük, 6) dəyəri 1500 manat, çəkisi 15 qram, əyarı 583 olan 6 ədəd rus istehsalı üzük, 7) dəyəri 500 manat, çəkisi 5 qram əyarı 583 olan 1 ədəd rus istehsalı ürək formasında klon və 8) dəyəri 500 manat çəkisi 5 qram əyarı 583 olan rus istehsalı sep klonu ilə birlikdə qızıl-zinət əşyalarının və ya ümumi dəyəri olan 10000 manat, vəkil xidməti üçün ödənilmiş 322 manat, mediyasiya xidməti üçün ödənilmiş 60 manat və dövlət rüsumu kimi ödənilmiş 70 manat rüsumun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə n ikahları 01 mart 2013-cü il tarixdə Gəncə şəhər Qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2018-ci ildə Hüseyn oğlu, xx.xx.2014-cü ildə Nəzrin və xx.xx.2011-ci ildə Nərmin adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan hal-hazırda faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh1 ilə birgə yaşadığı dövrdə ona məxsus qızıl-zinət əşiyalarını cavabdeh və anası Cavabdeh2 Hüeyn qızı götürülərək öz məqsədləri üçün Lombarda girov qoyaraq pul götürmüşlər. Kredit müqaviləsinin vaxtı bitdikdən sonra isə təkrarən yenidən Lombarda girov qoyub pul götürmüşlər. Artıq iki ildən çox müddətdir ki, cavabdehlə ailə münasibətlərinə son qoyaraq ayrı yaşayırlar. Dəfələrlə cavabehlərdən ona məxsus qızıl-zinət əşyalarını qaytarmalarını tələb etmiş, lakin sonuncular müxtəlif bəhanələr edərək qaytarmaqdan qərəzli olaraq yayınmışlar. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Gəncə Şəhər Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 2(125)-946/2025 nömrəli qətnaməsi ilə (hakim X.Səfərli) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızılzinət əşyaları və ya onların dəyərinin alınıb qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2 və 157.4 maddələri, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34 maddəsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 216-220, və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmənin hazırlıq iclasında qızıl-zinət əşiyalarının cavabdehdə olmasını sübut edən səs yazısı təqdim olunsada məhkəmə həmin sübuta düzgün qiymət verməmişdir. Eləcədə qızıl-zinət əşiyalarının cavabdehlər tərəfindən banka girov qoyulması ilə bağlı bakdan məlumatın götürülməsi ilə bağlı vəkilin vəsatəti əsasında məhkəmə tərəfindən banka verilmiş sorğuya cavab alınmadan qətnamə çıxarılmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. 20 oktyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı göstərmişdir ki, 13 yaşında Cavabdeh1la nişanlanıb, 16 yaşında isə Pərvin onu qaçırmışdır. Valideyinləri 13 yaşından ona qızıl-zinət əşyaları hədiyyə etmişlər. İddia ərizəsində 1-ci sırada qeyd olunan çəkisi 14.9 qram, əyarı 583 olan 1 ədəd rus istehsalı reket formalı sepi anası almış, lakin neçə manata və hansı ildə aldığını bilmir. İkinci sırada olan və çəkisi 5 qram, əyarı 583 olan 1 ədəd rus istehsalı qolbağı toyun üç günlüyündə təxminən 350 manata anası almışdır. Üçüncü sırada olan və çəkisi 16,9 qram, əyarı 750 olan 2 ədəd italyan istehsalı üzüklərin hər ikisini atası alıb, yəni brilyant qaşlı üzüyü 1600 manata nişanda, birini isə toydan sonra 1200 manata almışdır. Dördüncü sırada olan 2 ədəd sırğanın birini bacısı Aytac, birini isə bacısı Ruziyə uşaqlarının 1 və 2 yaşları olanda alıb, lakin çəkisini və qiymətini bilmir. Beşinci sırada olan üç ədəd üzüklərdən birini qaynanası uşağın ad günündə 80 manata, digər ikisini isə hər birinin qiyməti 100 manatdan olmaqla uşaqların ad günündə özü alıb. Altıncı sırada olan 6 ədəd üzükdən ikisini 3000 manata nişanda papası almış, yerdə qalan dörd ədəd üzüklərin cəmi dəyəri isə 800 manat olmuşdur. Yeddinci sırada olan bir ədəd klonu böyük qızı Nərminin 6 yaşı tamam olanda almışdır. Səkkizinci sırada olan 5 qramlıq sep və klonu isə 200 manata qızı Nəzrinə almışdır. Həmin qızıllar qaynanasında olmuşdur. Belə ki, qızıllar hamısı hədiyyə olunmuş və hədiyyə olan gün qaynanası dərhal onun və uşaqların qolundan, qulağından və boynundan açıb götürmüş, o isə buna irad bildirməmişdir. Ancaq toylara gedəndə taxmaq üçün qızılları ona vermiş, qalan vaxtlarda isə qaynanasında olmuşdur. Pərvinin xalası oğlunun uşağı Ramil əsgərliyə gedəndə qızılların hamısı üstündə olub. Hətta üzükləri barmağına iki-iki taxırdı. Keçmiş həyat yoldaşının bacısı oğlu Sənanın kiçik toyunda da qızılları taxmışdır. Normalda qızıl həvəskarı deyil. Cavabdehin nümayəndəsinin sualına cavabda isə bildirdi ki, harasa gedəndə qızılları kiminsə acığına taxmışdır. Qızılların qramını və qiymətini lombard sənədlərinə (bank) baxıb yazmışdır.

10. Həmin tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (eləcədə digər cavabdehin) (vəkil) Vəkil2 izahatında bildirmişdir ki, əslində iddiaçı nümayəndəsi olduğu şəxsə qarşı belə bir tələb irəli sürsədə, tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğunu sübut edə bilmir. Hətda nəvaxt alınmasını belə dəqiq bilmir. Lombard sənədində girov qoyulmuş qızıl sep 686 manat dəyərində olmuşdur. İddiaa ərizəsində isə 1370 manat dəyərində sep tələb olunur. Cavabdehdlərdə iddiaçıya məxsus hər hansı bir qızıl qalmamışdır.

11. 24 noyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında isə iddiaçı izahatında bildirmişdir ki, iddia ərizəsində birinci və ikinci sırada qeyd olunan seri və qolbağı anası üç günlükdə hədiyyə etmiş, Üçüncü sırada qeyd olunan 2 ədəd üzüklər qara rəngli brilyantdan olmuşdur, birini nişan günü, birini isə nişandan 2-3 ay sonra atası hədiyyə etmişdir. Dördüncü sırada qeyd olunan 2 ədəd sırğa uşaqlar üçün hədiyyə olunub, hər biri 4 qram olub, birini uşaqların xalası (özünün bacısı) Aytac,birini isə Ruziyə alıb, ikisi birlikdə 800 manat dəyərində olub. Beşinci sırada qeyd olunan üç ədəd qara brilyantdan sırğanı atası toydan sonra başqa-başqa vaxtlarda hədiyyə edib və hər biri ayrı-ayrılıqda 2700-3000 manat dəyərində olub. Altıncı sırada olan 6 ədəd üzüklərdən birini 22 və ya 23 yaşı tamam olanda əri alıb, digərlərini isə özü almışdır və hamısı birlikdə 1500 manat dəyərində olmuşdur. Yeddinci sırada olan klonu 500 manata qızı Nərminin 5 yaşı tamam olanda, səkkizinci sırada olan sep klonla birlikdə qızı Nəzrinin 1 yaşı tamam olanda almışdır. Qeyd olunan qızılların hamısını özü könüllü olaraq saxlamaq üçün qaynanasına vermişdir.

12. 24 noyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 Tanrıverdi oğlu izahatında bildirmişdir ki, nümayəndəsi olduğu şəxsə məxsus qızıl-zinət əşyaları cavabdehlərdəı qalmışdır. Tərəflər arasında uzun müddətdir ki, mübahisə var. İddiaçı qızıllarını cavabdehdən istədikdə sonuncu ona bildirmişdir ki, qızılları uşaqların gələcəyi üçün saxlayıram və tərəflər arasında telefon danışığı var.

13. 24 noyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (eləcədə digər cavabdehin) (vəkil) Vəkil2 vermiş olduğu əvvəlki izahtanı təsdiq etmişdir.

14. 22 dekabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasındə həm iddiaçı, həmdə cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi CD diskdəki səs tədqiq olunmuşdur.

15. İddiaçı tərəfin təqdim etdiyi CD diskdə Cavabdeh1 iddiaçının dediyi sözün qarşılığında ona bildirir ki, “mən elə şərəfsiz deyiləm ki, qızıl satıb maşın alım”.

16. Cavabdeh tərəfin təqdim etdiyi CD diskdəki səs yazısı tərəflərin iştirakl ilə tədqiq edilərkən müəyyən olunmuşdur ki, İddiaçı anası ilə mobil telegfon danışığı zamanı ona deyir ki, “bu yox, vidyonun tarixiynən bilinir”, daha sonra isə anasına deyir ki, başqa telefonla yox, məncə bunu nəsə diskə zada da çıxartmaq olar, prostu o üzüklər və seplər boğazımda şəkil və vidiolar paylaşmışam, peysərdə nəsə elə bir şəkilim və ya videom olsa fsyo”.

17. Cavabdeh tərəfin təqdim etdiyi CD diskdəki səsin iddiaçıya (anası ilə aparılan danışıq) məxsus olub-olmaması soruşulduqda sonuncu anası ilə danışdığını təsdiq etmişdir. İddiaçı tərəfin təqdim etdiyi CD diskdəki səsin Cavabdeh1 məxsus olmasınıda cavabdehin nümayəndəsi təsdiq etmişdir.

18. Təqdim olunmuş CD disklərdəki danışıqlar tədqiq olunduqdan sonra iddiaçı tərəf apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəf isə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

19. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Lakin sonuncular məhkəmə iclasında nümayəndə vastəsilə təmsil olunduğundan kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 157.2 Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. Maddə 666. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

22. Maddə 34.1. nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.01. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

33. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 01 mart 2013-cü il tarixdə nukahlarını qeydə aldırmışlar. Sonuncuların birgə nikahlarından üç uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan Gəncə Şəhər Məhkəməsinin 23 may 2024-cü il tarixli 2(125)-1105/2024 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Tərəflər artıq faktiki olaraq ayrı yaşayır. İddiaçı ona və uşaqlarına hədiyyə olunmuş və iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının cavabdehlərdə qalmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

34. Kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları, tərəflərin izahatları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan apellyasiya şikayətinin dəlillərini kollegiya birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas saymır.

35. Kollegiya ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, əmlakın (hazırkı işdə qızılzinət əşyalarının) qaytarılmasına dair tələb, mülkiyyətin müdafiəsini tənzimləyən qanunvericilik müddəaları əsasında həll olunmalıdır. Konkret olaraq hazırkı mübahisə predmeti olan qızıl-zinət əşyalarının qaytarılması tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur:

1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə uyğun olaraq mülkiyyətçi, özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

36. Bundan əvvəldə qeyd olunduğu kimi İddiaçı iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarından bəzilərinin hələ 13 yaşından, bəzilərinin ailə qurduqdan sonra valideyinləri tərəfindən ona hədiyyə olunmasını, bəzilərinin isə özü və qohumları tərəfindən uşaqlarına hədiyyə olunmasını qeyd edir və həmin əşyaların da hazırda cavabdehlərdə qalmasını, cavabdeh tərəf isə iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının onlarda olmadığını iddia edir. Kollegiya iddiaçı tərəfin irəli sürdüyü dəlilləri iddianın təmin olunması üçün əsaslı saymır.

37. Belə ki, İddiaçı iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyalarının cavabdehlərdə qalmasını bildirsə də, lakin sonuncu həmin əmlakların cavabdehlərdə qalmasını təsdiq edəcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

38. Belə ki, iddia ərizəsində göstərilən 20 adda qızıl-zinət əşyalarının bəzilərinin sayı tək, bəziləri isə bir neçə sayda qeyd olunmuş, bir neçə sayda göstərilən qızılların çəkisi və dəyəri də ümumi olaraq göstərilmişdir. Apellyasiya icraatı zamanı İddiaçı qızılların bəzilərinin hələ 13 yaşından, bəzilərinin toydan sonra valideyinləri tərəfindən ona hədiyyə olunmasını, bəzilərinin onun özü (özünə və uşaqlarına aldığını), bəzilərinin qohumları tərəfindən (uşaqlarına hədiyyə olunmasını iddia etdiyi) alınmasını, bəzisinin isə evli olduğu müddətdə əri və qaynanası tərəfindən ona və uşaqlara hədiyyə olunmasını bildirsə də, lakin sonuncunun əvvəlki və sonrakı məhkəmə iclaslarında verdiyi izahatlar ziddiyyətli olmuşdur. Belə ki, iddiaçı birinci sırada göstərilən bir ədəd sepin kim tərəfindən alınmasını, eləcə də hansı formada olmasını qed etməsə də, lakin dəyərini 1370 manat göstərmişdir. İzahatında isə həmin sepin reket formalı olmasını, üçgünlükdə anası tərəfindən alınmasını, lakin hansı qiymətə alınmasını deyə bilməmişdir. İkinci sırada olan qolbağın da kim tərəfindən və nə vaxt alınması qeyd olunmamış, sadəcə çəkisi və qiyməti 500 manat göstərilmişdir. İzahatında isə iddiaçı bildirmişdir ki, qolbağı üçgünlükdə anası 350 manata alıb hədiyyə etmişdir. 20 oktyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında isə iddiaçı izahatında bildirmişdir ki, iddia ərizəsində 5-ci sırada göstərilən 3 ədəd üzükdən birinin 80 manata qaynanası tərəfindən, digər ikisinin isə hər biri 100 manatdan olmaqla onun özü tərəfindən uşaqlarına hədiyyə alınmışdır. Buna baxmayaraq 24 noyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında isə bildirmişdir ki, 5-ci sırada olan 3 ədəd üzüyün üçü də qara rəngli brilyantdan olub və hər biri 2700-3000 manatdan olmaqla müxtəlif vaxtlarda atası tərəfindən alınmışdır. Eləcə də 20 oktyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında 6-cı sırada göstərilən 6 ədəd üzükdən ikisinin atası tərəfindən 3000 manata alındığını, qalanlarının isə cəmi dəyəriniun 1500 manat olduğunu qed etsədə, 24 noyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında 6 ədəd üzüklərdən birinin ya 22, yada 23 yaşının tamam olması münasibətiylə əri tərəfindən alındığını, qalanlarının isə özü tərəfindən 1500 manata alındığını bildirmişdir.

39. İddiaçı cavabdehlərdən tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehlərdə qalmasının sübutu kimi Cavabdeh1 adından lombarda girov qoyulmuş qızılların siyahısını təqdim etmişdir. 25 yanvar 2017-ci il tarixli aktdan müəyyən olunur ki, həqiqətən də Cavabdeh1 adından lombarda 9 ədəd müxtəlif adlarda qızıl-zinət əşyaları (üzük, sırğa sep və qolbağ) qoyulmuşdur. Kollegiya qeyd edir ki, həmin qızıl-zinət əşyalarının məhz iddiaçıya məxsus olması kimi qiymətləndirilməsi özlüyündə istisna olunur. Çünki iddiaçı özü apellyasiya icraatı zamanı izahatında bildirmişdir ki, qızılların qramını və qiymətini lombard sənədlərinə (bank) baxıb yazmışdır.

40. Digər tərəfdən iddiaçı tərəf məhkəmə kollegiyasına CD disk təqdim edərək göstərmişdir ki, onunla Cavabdeh1 arasında mobil telefon danışığı var və sonuncu həmin danışıqlarda ona bildirmişdir ki, “qızılları uşaqların gələcəyi üçün saxlayıram”. Bundan əvvəldə qeyd olunduğu kimi keçirilmiş sonuncu məhkəmə iclasında tərəflərin iştirakları ilə CD diskdəki səs yazısı tədqiq olunmuşdur. Tədqiq olunmuş CD diskdəki danışıqlarda Cavabdeh1 iddiaçıya məxsus qızılların onlarda olması, xüsusəndə “qızılları uşaqların gələcəyi üçün saxlayıram” deməsi aşkar olunmur. Danışıqlar zamanı sonuncu deyir ki, “ mən elə şərəfsiz deyiləm ki, qızıl satıb maşın alım. Göründüyü kimi iddiaçı tərəf qızılların cavabdeh tərəfdə qalmasının sübutu kimi məhkəməyə CD disk (səs yazısı) təqdim etsə də, lakin CD diskin tədqiqi zamanı qızılların cavabdehdə qalması öz əksini tapmır.

41. Əksinə cavabdeh tərəfin məhkəmə kollegiyasına təqdim etdiyi CD diskdən müəyyən olunmuşdur ki, İddiaçı mobil telefon vastəsilə əlaqə yaradaraq hazırkı iş üzrə cavabdehlə aralarında yaranmış mübahisədən irəli gələn mövzuda anası ilə söhbət edir. İddiaçı anasına deyir ki, “bu yox, videonun tarixiynən bilinir”, daha sonra isə deyir ki, “başqa telefonla yox, məncə bunu nəsə diskə zada da çıxartmaq olar, prostu o üzüklər və seplər boğazımda şəkil və vidiolar paylaşmışam, peysərdə nəsə elə bir şəklim və ya videom olsa fsyo”.

42. Kollegiya iddiaçının CD diskdə “bu yox, videonun tarixiynən bilinir”, daha sonra isə dediyi “başqa telefonla yox, məncə bunu nəsə diskə zada da çıxartmaq olar, prostu o üzüklər və seplər boğazımda şəkil və videolar paylaşmışam, peysərdə nəsə elə bir şəklim və ya videom olsa fsyo” anasına dediyi bu söz və ifadələri ağlabatan mühakimə əsasında hüquqi qiymət verir və belə qənaətə gəlir ki, iddiaçının bu növ davranışı özlüyündə hazırkı iddiasında cavabdehlərə qarşı qeyri-səmimidir. Çünki, iddiaçı tərəfindən işlədilən bu söz və ifadələrin hərfi mənasından birmənalı olaraq belə nəticəyə gəlmək olar ki, iddiaçı sosial şəbəkədə paylaşdığı və üzərində də qızıllar əks olunan fotoşəkil və videoları Cavabdeh1 əldə edəcəyi təqdirdə, hazırkı iddiasının uğursuz nəticələnəcəyindən narahatçılıq hissi keçirir.

43. Yəni, cavabdeh tərəfindən məhkəməyə belə bir sübut təqdim olunacağı təqdirdə məhkəmə tərəfindən qızıl-zinət əşyalarının (mövcudluğu sübut olunarsa belə) cavabdehlərdə qalmasının həqiqətə uyğun olmamasından, hazırkı iddiasının əsassız sayılacağından, nəticə etibarıyla həmin əmlakların məhz onun özünün sahibliyində qalması kimi qiymətləndirilməsindən ehtiyat edir. Belə bir sübutun olmayacağı təqdirdə isə iddianın uğurlu olmasına ümid edir.

44. Beləliklə, yuxarda qeyd olunan və iş üçün mühüm əhəmiyyət kəsb edən bu hallar bir daha onu deməyə əsas verir ki, iddiaçının tələb etdiyi (mövcudluğu sübut olunsa belə) qızıl-zinət əşyalarının cavabdehlərin qanunsuz sahibliyində qalması sübut olunmur. Yəni işin qeyd olunan bu halları Mülki Məcəllənin 157.2. maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır.

45. Halbuki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 384, 392, 393, 384 və 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 2(125)-946/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar