Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1773/2025 28.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - X4 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin hissədə müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 2(023)-1229/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qazax rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-16/2024 saylı qərardadından görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(023)- 929/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuş, xx.xx.2025 il tarixdən başlayaraq, 05 may 2011-ci ildə tarixdə anadan olmuş X6 və 10 sentyabr 2013cü ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır.
2. xx.xx.2025-ci il tarixli, 02/52 saylı arayışından görünür ki, İddiaçı X2 İdarəsində ekskavatorçu işləyir və əmək haqqısı 496 manat təşkil edir.
3. AZ-İİ seriyalı 549878 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü ildə anadan olmuşdur. Həmin uşağın atası İddiaçı, anası X8r.
4. AZ -İV seriyalı 810268 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X9 xx.xx.2023-cü ildə nikah bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 117 nömrə ilə qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, iddianın təmin edilməsi, Qazax rayon məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(023)-929/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və Qazax rayon məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 8(023)-16/2025 nömrəli qərardadı ilə indeksasiya edilərək hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,56 misli həddində sabit pul məbləğində alimentin tutulmasınının dəyişərək, 05 may 2011-cı il təvəllüdlü X11 və 10 sentyabr 2013cü il təvəllüldü X1 üçün onun qazancının (başqa gəlirlərinin) yarısı hissəsində aliment müəyyən edilərək cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə Qazax rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(023)-929/2020 nömrəli qətnaməsilə nikahları pozulmuş və birgə nikahdan doğulmuş 05 may 2011-cı il tarixdə X11 və 10 sentyabr 2013cü il tarixdə X12 doğulmuş uşaqların cavabdehin himayəsinə verilməklə uşaqlarının saxlanması üçün hər birinə 140 manat olmaqla hər ay ondan 280 manat alimentin tutulması qət edilmişdir. Bu aliment onun aldığı əmək haqqının yarısından çox edir. O, X2 İdarəsində 8 saatlıq ştat cədvəli üzrə sürücü işləyirə və aylıq əmək haqqı 496 manatdır. Onun başqa yerdə işi yoxdur. Yaşadığı kənddə təsərrüfatı da yoxdur. Evlidir və ikinci nikahından himayəsində bir azyaşlı uşağı var və yoldaşı hamilədir. Cavabdehin ərizəsi əsasında 11 fevral 2025-ci il tarixli, 8(023)-16/2025 nömrəli qəradadla aliment məbləği indeksasiya olunaraq hər uşaq üçün ölkə üzrə minumum əmək haqqının 0,56 misli həddində sabit pul məbləğində aliment müəyyən edilmişdir. Bu da hər uşaq üçün 224 manat olmaqla 448 manat edir. Onun əmək haqqısı isə 496 manat təşkil edir. O isə əsassız olaraq aliment sabit pul məbləğində müəyyən edilmişdir. Onun başqa gəliri yoxdur. O aliment tələbi ilə bağlı cavabdehə könüllü olaraq mediasiya prosessinin tətbiqi barəcə təklif göndərmiş. Cavabdeh təklifinə cavab verməmişdir. Mediatorun dəvəti əsasında ilkin mediasiya sessiyasından cavabdeh iştirak etmiş və tələbi ilə razılaşmamışdır. Buna görədə mediator tərəfindən 25 aprel 2025-ci il tarixdə müvafiq arayış vermişdir. Mediasiya üçün 50 manat xidmət haqqı ödəmiş və bu tələbi üzrə ödəməli olduğu dövlət rüsumunu tam olaraq əhatə etmişdir.
7. Qazax Rayon Məhkəməsinin 2(023)-1229/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Elçin Mansırov) iddia tələbinin təmin edilməmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi alimentin miqdarının müəyyən edilməsindən sonra, yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişiklik alimentin mqdarının dəyişdirilməsinə əsas ola bilər. Lakin məhkəmə araşdırması zamanı qətnamə üzrə aliment təyin edildikdən sonra iddiaçının ailə və maddi vəziyyətində alimentin miqdarının azaldılmasına əsas ola biləcək dəyişiklik baş verməsi müəyyən olunmamışdır. Belə ki, valideynin qazancının olmaması təqdirdə onun uşağı saxlamaq vəzifəsindən tamamilə və ya qismən azad edilməsi barədə qanunvericilikdə göstəriş yoxdur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işin hallarında aydın olur ki, iddiaçı alimentin hissəvi tutulmasını məhkəmədən xahiş etməklə, əslində əldə etmək istədiyi əsas hüquqi nəticə hazırda ödədiyi aliment məbləğinin azaldılmasıdır. Lakin iddiaçı ailə və ya maddi vəziyyətində baş vermiş hər hansı əsaslı dəyişikliklə bağlı mötəbər hesab ediləcək sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçının iddianın əsası kimi göstərdiyi xüsusatlar onun uşaqların maddi təminatının ödənilməsində tam və ya qismən iştirakdan məhrum edilməsinə əsas hesab oluna bilməz. Eyni zamanda sabit pul məbləğində təyin edilmiş alimentin tutulma üsulunun dəyişdirilməsi onun azalmasına səbəb olacaq ki, qeyd olunan halın baş verməsidə uşaqların mənəfayinə uyğun hesab edilə bilməz.
9. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Qazax Rayon Məhkəməsinin 2(023)-1229/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməhkəməsinin (023)-1229/2025, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun ikinci dəfə ailə qurmasını və bu nikahdan da, uşağının olmasını və arvadının hamilə olması barədə bütün sənədləri təqdim etsə də, məhkəmə qeyd edir ki, ailə və maddi vəziyyətində dəyişiklik yoxdur. Hansı ki, o, stabil olaraq əmək haqqı alır və tələbində onun qazancının və başqa gəlirlərinin yarısı həcmində alimentin müəyyən edilməsidir. Məhkəmə bu hallları və eləcə də alimentin müəyyən edilməsilə bağlı qanunvericiliyin və eləcə də plenumun müəyyən etdiyi təcrübəni nəzərə almamışdır. Buna görədə hesab edir ki, bu qətnamə ləğv edilməli və iddia təmin edilməlidir. O, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, onun qazancının (başqa gəlirlərimin) ən coxu yarısı tutula biləcəyindən birinci nikahından olan uşaqalarının onun qazancının (başqa gəlirlərimin) ən coxu yarısı hissəsində aliment almaq hüquqları vardır.
12. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti ilə oxşar məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
14. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
15. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
16. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
17. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
18. 76.1.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur.
19. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
20. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunu:
22. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
23. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
24. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
33. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
34. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
35. Maddə 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
36. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
37. MPM-in 372.1-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin 2(023)-1229/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdehin birgə nikahından xx.xx.2011-ci ildə X11 və xx.xx.2013-cü ildə X12 doğulmuşdur. Qazax Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci ildə X11 və xx.xx.2013-cü ildə X7 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşağa görə 140 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bundan sonra Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı hər ay hər uşağa görə tutulan aliment məbləğinin 2025-ci il tarixdə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,56 misli həddində indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmiş, Qazax Rayon Məhkəməsinin 8(023)-16/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir.
43. Hazırda İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(023)-929/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və Qazax rayon məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 8(023)-16/2025 nömrəli qərardadı ilə indeksasiya edilərək hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,56 misli həddində sabit pul məbləğində alimentin tutulmasını dəyişdirilərək, 05 may 2011-cı il təvəllüdlü X11 və 10 sentyabr 2013-cü il təvəllüldü X1 üçün onun qazancının (başqa gəlirlərinin) yarısı hissəsində aliment müəyyən edilərək cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi, qanunverici ilkin olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulmasını nəzərdə tutmuşdur. Ailə Məcəlləsinin 78.1-ci maddəsində nəzərdə tutulmuş hallarda isə yalnız uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını nəzərdə tutmuşdur. Hazırkı iş üzrə cavabdehin ərizəsi əsasında aliment sabit pul məbləğində tutulmuşdur. İddiaçı isə alimentin hissə ilə tutulmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, daimi iş yeri var, 496 manat əmək haqqı alır. Bu səbəbdən ondan tutulan aliment hissə ilə tutulmalıdır. Kollegiya qeyd edir ki, iddiaçının əmək haqqının olması sabit pul məbləğində alimentin tutulmasından imtina edilməsi üçün əsas deyildir. Şəxsin əmək haqqı olsa da, alimentin əmək haqqının hissə ilə tutulması tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu hallarda alimentin sabit pul məbləğində tutulması nəzərdə tutulmuşdur. İddiaçının əmək haqqının 496 manat olması səbəbindən alimentin əmək haqqının hissəsi ilə tutulması halında 496 manatın 1/3 hissəsi 165.3 manat təşkil edərdi ki, iki uşağın yetkinlik yaşına çatanadək alimentin həmin məbləğdə tutulması cavabdehin marağının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilərdi. Odur ki, məhkəmə apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin maddi imkanının aşağı olması, yenidən nikaha daxil olması dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər alimentin məbləğinin dəyişdirilməsi üçün əsas deyil. Belə ki, alimentin sabit pul məbləğində, yaxud əmək haqqının hissəsi ilə tutulması əsasları qanunverikildə konkret göstərilmişdir. İddiaçının yuxarıda qeyd edilədiyi əsaslar alimnetin azaldılması əsaslarıdır ki, iddiaçı hazırda tələbi alimentin azaldılmasını deyil, dəyişdirilərək əmək haqının hissəsi kimi tutulmasından ibarətdir.
46. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Qazax Rayon Məhkəməsinin 2(023)-1229/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi cavabdehdən tutulmalı olan aliment məbləği hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Qazax Rayon Məhkəməsinin 2(023)-1229/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 2(023)-1229/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.