Məhkəmə qərarları › İş №2(104)-1778/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1778/2025

25.09.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1778/2025 25.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, Bərdə Rayon Məhkəməsinin 2(021)-3049/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı verdiyi şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bərdə Rayon İcra Hakimiyyətinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs Abduləli qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs Abduləli qızının qəyyumluğuna verilməsi barədə Bərdə Rayon İcra Hakimiyyəti Başçısın 20 sentyabr 2019-cu il tarixli 109 saylı Sərəncamının ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-3049/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Bayram Məhərrəmov) əsasən işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və işin yenidən Bərdə Rayon Məhkəməsinin icraatına qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Hazırkı iddia tələbi üzrə İcra Hakimiyyətinin Qəyyumluqla bağlı sərəncamı inzibati akt sayılmadığından, hazırki mübahisə mülki xarakterlidir. Bu səbəbdən mübahisəyə ümumi məhkəmələrdə baxılmalıdır. Bərdə Rayon Məhkəməsinin 2(021)-3049/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-3049/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və iddia ərizəsinə mükünlük məsələsinə baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Ona görə də, iddiaçı inzibati orqanın qərarından aidiyyət qaydalarına uyğun olaraq müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Bərdə Rayon İcra Hakimiyyəti Başçısın 20 sentyabr 2019-cu il tarixli 109 saylı Sərəncamı Maraqlı şəxs Abduləli qızının qəyyumluğuna verilməsi barədədir. Yəni Sərəncamın əsasını təşkil edən münasibət mülki xarakterlidir. Yəni şəxsin üzərində qəyyumun təyin edilməsindən irəli gəlir və həmin sərəncam Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi əsasında verilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarının 4-cü bəndində qeyd edilir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Hazırkı mübahisə Maraqlı şəxs Abduləli qızının qəyyumluğuna verilməsi barədə Bərdə Rayon İcra Hakimiyyəti Başçısın 20 sentyabr 2019-cu il tarixli 109 saylı Sərəncamı ilə bağlıdır ki, iddia tələbini işin mahiyyəti baxımından təfsir etdikdə, söhbət İPM-in 36-cı maddəsində nəzərdə tutulmuş mənada tanınma haqqında iddiadan gedir. Onun məqsədi mübahisələndirilən sərəncamın ləğvidir. Lakin bu iddia inizbati qaydada mümkünlük şərtlərinə cavab vermir. Belə ki, İcra hakimiyyətinin yanında olan Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi əsasında verilmiş sərəncamın ləğvi barədə iddia "İnzibati icraat haqqında" Qanunun 2.0.2-ci və İPM-in 36-cı maddələrində nəzərdə tutulmuş mənada inzibati məhkəmələr qarşısında mübahisələndirilə bilən inzibati akt sayılmır. İşdən göründüyü kimi, iddia olunan Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi əsasında verilmiş sərəncam mülki qaydada şəxsin üzərində qəyyumun müəyyən edilməsindən irəli gələn şəxsin mübahisənin həlli məqsədi ilə Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilən və iddiaçınında iştirak etdiyi mülki məhkəmə icraatı daxilində həll edilməli olan mövqeni (qənaəti) əks etdirir. Həmin Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi əsasında verilmiş sərəncam mülki məhkəmə icraatı çərçivəsində, məhkəmənin qərardadına əsasən və həmin icraatın məqsədləri çərçivəsində baxılır, ona baxmaq və həll etmək səlahiyyəti də, həmin mülki məhkəməyə məxsusdur. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini inzibati mühbahisə olması əsası ilə icraata qəbul etməkdən imtina etməkdə səhvə yol vermişdir. Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 157, 158, 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-3049/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin mümkünlük məsələsinə yenidən baxılması üçün iş Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar