Məhkəmə qərarları › İş №2(104)-1851/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1851/2024

29.10.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1851/2024 29.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: bağışlama müqaviləsinin ləğv edilməsi; ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin hədiyyə alan tərəfindən hədiyyə verənin yaxın qohumuna qarşı pozulması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli 2(061)-671/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X2 arasında nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 65 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Əliyev, arvada Məmmədova soyadları verilmişdir;

2. Mənzilin bağışlanmasına dair notariat işinin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuşdur;

3. Notariat işinin materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, bağışlama ərəfəsində ünvan 2 ünvanında hazırkı Cavabdeh və hazırkı üçüncü şəxs X2 qeydiyyatda olmuşdur;

4. Notariat işinin materiallarında olan X2 tərəfindən verilmiş çap tarixi xx.xx.2024-cü il olan ərizədən görünür ki, o, arvadı İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən mənzilin satılmasına, bağışlanmasına, ipotekaya qoyulmasına və s. qaydada üzərində sərəncam verilməsinə etiraz etmədiyini qeyd etmişdir;

5. Notariat işinin materiallarında olan Bərdə Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinin surətindən müəyyən olunur ki, hədiyyə verən İddiaçı tam mülkiyyət hüququ ilə ona məxsus ünvan 3 ünvanında yerləşən mənzili Cavabdeh bağışlamışdır;

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh, üçüncü şəxslər X2, Bərdə Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 41 kv.m, yaşayış sahəsi 35.2 kv.m, yardımçı sahəsi 5.8 kv.m olan iki otaqlı mənzilin bütün hissəsinin Cavabdeh başğışlaması barədə Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən tərtib edilərək Reyestrdə 4Ə-178№ ilə qeyd edilmiş və informasiya sisteminə daxil olmuş xx.xx.2024-cü il tarixli müqavilənin və onun doğurduğu bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki cavabdehin atası Yusif Əliyevlə 2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Yusiflə nikahlarından övladı olmamışdır. Cavabdeh onun əri Yusifin doğma oğlu, onun isə ögey oğludur. Cavabdehlə münasibətləri yaxşı olmuşdur. 2024-cü ilin yanvar ayında əri Yusif və ögey oğlu Tofiq onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 41 kv.m, yaşayış sahəsi 35.2 kv.m, yardımçı sahəsi 5.8 kv.m olan iki otaqlı mənzili ögey oğlu Cavabdeh bağışlamağı xahiş etdikləri üçün sözügedən mənzili xx.xx.2024-cü il tarixdə Bərdə Regional “Asan Xidmət” Mərkəzində notariat ofisində bağışlama müqaviləsinə əsasən hazırkı Cavabdeh bağışlamışdır. Mənzili cavabdehə bağışlayarkən aralarında şərtləri belə olmuşdur ki, Cavabdeh onun və əri Yusifin həmin mənzildə normal yaşamalarına mane olmayacaq və mənzildən dinc və manesiz şəkildə istifadə edə biləcəklər. Lakin, mənzilə dair öz adına çıxarış aldıqdan sonra Cavabdeh onlarla kobud davranmağa, hətta onun mənzildən çıxmasını tələb etməyə başlamışdır. Cavabdeh ona və ərinə qarşı pis rəftar göstərmiş, yəni telefon zənglərinə cavab verməmiş, evi atasının - Yusifin adına keçirməsini dedikdə bunu etməmişdir. Düşünür ki, gələcəkdə ərinə bir şey olsa, Cavabdeh onu həmin mənzildən çıxaracaqdır.

8. Tərtər Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli 2(061)-671/2024 nömrəli qətnaməsi ilə (hakim Tahir Qubadov) İddiaçı Cavabdeh, üçüncü şəxslər X4, Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin ləğv edilməsi tələbi”nə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 668.1.1, 673.1.1, 673.1.2 və 673.1.3-cü maddələrinə, həmçinin “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Qanununun 1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Cavabdeh söz vermişdir ki, ev adına keçirildikdən sonra onun və əri Yusif Əliyevin evdə rahat yaşamasına mane törətməyəcək və onlara baxacaqdır. Lakin, ev cavabdehin adına keçirildikdən sonra sonuncu üzərinə götürdüyü öhdəliklərin icrasından imtina etmiş, evi satmaq üçün fəaliyyətə başlamışdır. Telefonlara cavab verməyən cavabdeh işlədiyini bəhanə gətirmişdir. Cavabdeh verdiyi sözü tutmamış, öhdəliklərindən imtina etmişdir. Onun bağışlama müqaviləsi bağlandıqdan sonrakı hallarda yaranan vəziyyətdən narazı qaldığı nəzərə alınmalıdır. Çünki, ögey oğlu olan Cavabdeh ev adına keçirildikdən sonra qohumluq münasibətlərində kobudluğa yol vermiş, ona evdə rahat yaşamağa imkan verrməmiş, atasını isə ancaq İddiaçı boşandığı halda evdə yaşamağa icazə verəcəyi ilə hədələyərək qanunsuzluğa yol vermişdir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh sual-cavab əsnasında bildirmişdir ki, atasının durmadan ona zəng etməyindən bezdiyi üçün analığını boşayıb gəlib evdə yaşaya biləcəyini söyləmişdir. Bununla da cavabdeh ailə hüquq münasibətləri üzrə öhdəliklərini kobudcasına pozmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli 2(104)-1851/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Tərtər Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli 2(061)-671/2024 nömrəli qətnaməsinin “İddiaçı Cavabdeh, üçüncü şəxslər X4, Bərdə Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin doğurduğu bütün hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi” hissədə ləğv edilməsi; Həmin hissədə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, bağışlama müqaviləsi əsasında mübahisəli əmlak cavabdehə bağışlandığı gün sonuncu atasını onunla boşanmağa təkid etmişdir. Ona görə də cavabdehlə aralarında narazılıqlar yaranmışdır və bağışlama müqaviləsinin etibarsız hesab olunmasını xahiş edir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, əri Yusif Əliyevlə 2014-cü ildə nikaha daxil olaraq ailə qurmuşlar. Mübahisəli əmlakı birgə nikah dövründə almış olsalar da, lakin əmlak onun vəsaiti hesabına alınmışdır. Hazırda Cavabdeh öz atasını məcbur edir ki, ondan boşansın. Cavabdehin bunu etməkdə məqsədi onu evdən çıxartmaqdır.

15. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, bağışlama müqaviləsi əsasında ona bağışlanan evi atası Yusif Əlizadə 2009-cu ildə almışdır, lakin sonuncu əmlakı öz adına rəsmiləşdirməmişdir. 2021-ci ildə iddiaçı evi öz adına rəsmiləşdirmişdir. O isə atasının aldığı evin iddiaçının mülkiyyətində olmasını qəbul etmir. Hesab edir ki, atasının aldığı ev bir oğul kimi onun mülkiyyətində olmalıdır. Müqavilə bağlanarkən hər hansı öhdəlik götürməmiş, həmin müqavilə qanuni əsaslarla bağlanmışdır. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, ögey anası İddiaçı mübahisəli evdən çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. İddiaçı daima həmin evdə yaşaya bilər. Ancaq bilir ki, evi atasının adına keçirsə, sonuncu təkrarən evi iddiaçının adına rəsmiləşdirəcəkdir. 2022-ci ilin fevral ayında Gəncə şəhərinə gəlmiş, həmin ilin iyun ayında isə işi ilə əlaqədar Bakı şəhərinə köçmüşdür. O vaxtdan da doğma anası ilə birlikdə Bakı şəhərində yaşayır.

16. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahatında bildirmişdir ki, oğlu Tofiq öz anası ilə birlikdə Bakı şəhərində yaşayır. Arvadı İddiaçı ilə oğlu Tofiqin münasibətləri yaxşı olmuş və bir ailə kimi 10 il ərzində birlikdə yaşamışlar. O da istəmişdir ki, məsələni öz aralarında həll etsinlər. Lakin, bağışlama müqaviləsi əsasında ev oğlu Tofiqin adına bağışlandıqdan sonra sonuncu ondan arvadı İddiaçı ilə boşanaraq onunla birlikdə yaşamasını xahiş etmişdir. Həmin vaxt özü də başa düşmüşdür ki, ona nəsə olsa oğlu Tofiq arvadı Tünzaləni evə buraxmayacaq. Evi yenidən Tünzalənin adına keçirtmək üçün notariat ofisinə getmişlər və sənədlər imzalanmaq üçün hazır olanda oğlu Tofiq oradan getmiş və telefonunu söndürmüşdür. Oğlu Tofiqlə heç cür əlaqə saxlaya bilməmişlər. Oğlu Tofiqin onların mobil nömrəsini bloka atmış və onu saymamışdır.

17. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh atası Yusif Əliyevə ondan boşanmağını təklif edir. Cavabdeh mərhələ-mərhələ ona zidd addımlar atır. Cavabdeh daha sonra da evin ona məxsus olduğunu bildirərək onu evdən çıxaracaqdır. Onda olan məlumata görə cavabdeh ona bağışlanmış evi satıb Bakı şəhərində ev alacaqdır. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, onun öz vəsaiti və əri Yusifin bankdan götürdüyü kredit hesabına mübahisəsi gedən evi təmir etdirmişdir. Aralarında belə razılıq olmuşdur ki, evi təmir etdəcəklər və Cavabdeh ailə quraraq onlarla birgə yaşayacaq. Bağışlama müqaviləsi bağlanmamışdan qabaq aralarında belə razılıq əldə edilsə də, lakin müqavilə bağlandıqdan sonra Cavabdeh onlara qarşı rəftarı kəskin dərəcədə dəyişmişdir. Cavabdeh ailə qurub onlarla birgə yaşayacağını vəd etdiyi halda, evi tərk edib Bakı şəhərinə getmiş və orada yaşamağa başlamışdır. Həmçinin, telefon vasitəsilə əlaqə saxlamaq istədikdə cavabdeh onların mobil nömrələrinə cavab verməmiş, onların mobil nömrələrini bloklamış və onlarla kobudcasına rəftar etmişdir. Əri Yusif və o artıq yaşlanırlar, gələcək də hər hansı maddi və digər çətinlikləri yaranacağı təqdir də, Tofiqin onlara hər hansı köməyi dəyməyəcək. Bu şəraitdə Tofiq onlarla ümumiyyətlə maraqlanmır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini və nümayəndəsi olduğu şəxsin verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, o, orta məktəbdə oxuduğu zamanlarda mübahisəli ev alınmışdır. əvvəllər aralarındakı münasibətlər yaxşı olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, o, işdə olan zamanlarda ögey anası və öz atası zəng edib onu narahat etmişlər, telefonda danışılası mövzu olmadığına görə onların nömrəsini bloka atmışdır. Ümumiyyətlə, bağışlama müqaviləsi bağlandıqdan sonra atası və ögey anası ilə aralarındakı münasibətlər pisləşmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahatında bildirmişdir ki, bağışlama müqaviləsi əsasında ev oğlu Tofiqin adına bağışlandıqdan sonra sonuncu ondan arvadı İddiaçı ilə boşanaraq Bakı şəhərinə gəlməsini xahiş etmişdir. Dəfələrlə çalışmışdır ki, məsələni ailə daxilində həll etsinlər. Lakin, bu mümkün olmamışdır. Bağışlama müqaviləsi bağlandıqdan sonra oğlu Cavabdeh onlarla münasibətini soyutmuşdur. Halbuki, həmin müqavilə bağlanana qədər Tofiqin həm onunla, həm də arvadı İddiaçı ilə münasibətləri yaxşı olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq Yusif Əliyev bildirmişdir ki, öz vəsaiti və bankdan götürdüyü kredit hesabına mübahisəsi gedən evi təmir etdirmişdir. Aralarında belə razılıq olmuşdur ki, arvadı İddiaçı evi Cavabdeh bağışlayacaq, o isə evi təmir etdirəcək və Cavabdeh ailə quraraq onlarla birgə yaşayacaq. Bağışlama müqaviləsi bağlanmamışdan qabaq aralarında belə razılıq əldə edilsə də, lakin müqavilə bağlandıqdan sonra Cavabdeh onlara qarşı rəftarı kəskin dərəcədə dəyişmişdir. Cavabdeh ailə qurub onlarla birgə yaşayacağını vəd etdiyi halda, evi tərk edib Bakı şəhərinə getmiş və orada yaşamağa başlamışdır. Hətta Gəncə şəhərinə gələndə onlarla əlaqə saxlamamışdır. Tofiqin məqsədi evi öz adına keçirtmək olmuşdur. İndi özü də başa düşür ki, mübahisəsi gedən əmlakı oğlu Cavabdeh bağışlamaqla səhvə yol vermişlər. Üçüncü şəxs Yusif Əliyev sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

23. Maddə 666. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.

24. Maddə 673.1.2. Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər.

25. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər.

26. Maddə 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

32. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 2(104)-1851/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Tərtər Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli 2(061)-671/2024 nömrəli qətnaməsi “İddiaçı Cavabdeh, üçüncü şəxslər X4, Bərdə Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin doğurduğu bütün hüquqi nəticələrin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi” hissədə ləğv edilmiş və həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır.

36. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı mübahisə predmeti olan bağışlama müqaviləsinin ləğvinin təmin edilməməsi ilə bağlı hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “İddiaçı Cavabdeh, üçüncü şəxslər X4, Bərdə Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi” hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməli, Bərdə Regional “Asan Xidmət” Mərkəzində notariat ofisində İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-178 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi ləğv edilməlidir.

38. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X1 əvvəlki nikahından Cavabdeh adlı oğlu olmuşdur. X6 xx.xx.2014-cü il tarixdə İddiaçı ilə nikaha daxil olaraq ailə qurmuşdur. Bununla yanaşı müəyyən olunur ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı məxsus olmuşdur. Bərdə Regional “Asan Xidmət” Mərkəzində notariat ofisində iddiaçı (hədiyyə verən) İddiaçı ilə cavabdeh (hədiyyə alan) Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-178 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında həmin mənzil İddiaçı tərəfindən Cavabdeh bağışlanmışdır. Hədiyyə verən İddiaçı hədiyyə alan Cavabdeh ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini kobudca pozduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

39. Bu qətnamənin 36-cı bəndində qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsi mübahisə predmeti olan bağışlama müqaviləsinin ləğvinin təmin edilməməsi ilə bağlı hissədə yoxlanılır.

40. Məhkəmə kollegiyası yoxlanılan hissədə irinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

41. İlk növbədə qeyd olunmalıdır ki, mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri).

42. 43. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

43. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır.

44. Bağışlama institutu mənəvi və əxlaqi dəyərlər zəminində formalaşan münasibətlər əsasında hər hansı bir şəxsin öz maddi əmlak nemətlərini könüllü olaraq başqa şəxsə verməsində ifadə olunur.

45. Mülki Məcəllənin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul olunduğu ehtimal olunur.

46. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyən əvəzsiz müqavilə kimi müəyyən edilmişdir. Bağışlama müqaviləsinin əvəzsiz olması onda ifadə olunur ki, hədiyyə alan hədiyyənin müqabilində hədiyyə verənin bəhrələnməsinə və ya hər hansı maddi təminat əldə etməsinə yönələn öhdəliklər daşımır və belə öhdəliyin nəzərdə tutulması istisna edilir.

47. Bununla belə, qanunverici Mülki Məcəllənin 670.1-ci maddəsində bağışlamanın müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini mümkün saymışdır. Həmin maddəyə uyğun olaraq, bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinin nəticələri Məcəllənin 670.3-cü maddəsi ilə tənzimlənir.

48. Həmin öhdəliklərdən biri də hədiyyə alanın ailə hüquq münasibətlərindən irəli gələn hədiyyə verən və ya onun yaxın qohumları qarşısında daşıdığı öhdəliklərdir. Bu növ öhdəliklərlə bağlı qanunda nəzərdə tutulan müddəaların təhlilindən öncə ailə anlayışı ilə bağlı xüsusatlara diqqət yetirilməlidir.

49. Qeyd edilməlidir ki, ailə - hüquqi bağlar və nəticələr yaradan, ailə dəyərləri ilə bağlı münasibətləri ehtiva edən birliyi ifadə edir. Burada ailə dəyərləri dedikdə, qarşılıqlı qayğı, insanların mənsub olduqları ailəyə hörmət və ehtiram göstərməsi kimi mənəvi və əxlaqi münasibətlərin qorunması nəzərdə tutulur.

50. Ailə hüquq münasibətləri ailə qanunvericiliyinin predmeti olmaqla, məzmununu ailə üzvlərinin qarşılıqlı hüquq və öhdəlikləri təşkil edir və bu münasibətlər müəyyən hüquqi faktların baş verməsi ilə (nikaha daxil olma, doğulma və s.) yaranır.

51. Hazırki iddianın hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 673.1-ci maddəsi hədiyyə verənin bağışlamaqdan imtinasının 3 əsasını müəyyən edir: 1. Hədiyyə alanın hədiyyə verənə (onun yaxın qohumuna) qarşı ağır cinayət törətməsi, 2. hədiyyə alan tərəfindən hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması və ya 3. Bağışlama ilə bağlı öhdəliklərin icra olunmaması.

52. İddiaçı məhz ikinci əsasa istinad edərək bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etmiş və mövqeyini belə əsaslandırmışdır ki, bağışlama müqaviləsi əsasında mübahisəli əmlak cavabdehə bağışlandıqdan sonra sonuncu atasını onunla boşanmağa təkid etmişdir. Bağışlama müqaviləsi bağlanmamışdan qabaq cavabdehin ailə quraraq onlarla birgə yaşayacağı, onlara baxacağı barədə razılıq əldə edilsə də, lakin müqavilə bağlandıqdan sonra Cavabdeh onlara qarşı rəftarı kəskin dərəcədə dəyişmiş, onlarla maraqlanmamış və birgə yaşamış olduqları evi tərk edib Bakı şəhərinə getmiş, orada yaşamağa başlamışdır.

53. Hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir.

54. Uşaqların valideynlərə hörmət etmək, onların qayğısına qalmaq borcu, 18 yaşına çatmış əmək qabiliyyətli uşaqların əmək qabiliyyəti olmayan valideynləri saxlamaq borcu qanunvericilikdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr sırasında göstərilmişdir (Konstitusiyanın 34-cü maddəsinin V hissəsi, Ailə Məcəlləsinin 82.1-ci maddəsi).

55. İşin müəyyən edilmiş və faktiki hallarından görünür ki, Cavabdeh üçüncü şəxs X1 əvvəlki nikahından doğulmuş oğludur. X6 xx.xx.2014-cü il tarixdə İddiaçı ilə nikaha daxil olaraq ailə qurmuşdur. Bundan sonra adları qeyd olunan şəxslər uzun müddət birlikdə yaşamışlar və onlar arasında mehriban ailə münasibətləri olmuşdur. Bu münasibətlər zəmnində İddiaçı və əri X7 şəhəri Mahir Əsədov küçəsi bina 7-də yerləşən 7 saylı mənzilin Cavabdeh bağışlamaq niyyətləri olmuşdur. Aralarındak razılığa əsasən İddiaçı evi Cavabdeh bağışlayacaq, iddiaçının vəsaiti və onun əri Yusif Əliyev bankdan götürdüyü kredit hesabına evi təmir etdirəcəklər, Cavabdeh də ailə quraraq onlarla birgə yaşayacaq və onlara baxaraq maddi köməklik edəcəkdir. Beləliklə, İddiaçı əri Yusif Əliyevlə birgə nikah dövründə əldə etdikləri mənzili xx.xx.2024-cü il tarixli, 4Ə-178 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Cavabdeh bağışlamış, onun əri Yusif Əliyev də sözügedən əmlakın özgəninkiləşdirilməsinə etirazı olmaması barədə notariat qaydada təsdiqlənmiş ərizə vermişdir. Bundan sonra bağışlama müqaviləsi bağlandıqdan sonra tərəflər arasındakı ailə münasibətlərində soyuqluq və mübahisələr yaranmışdır. Belə ki, Cavabdeh bağışlama müqaviləsi əsasında evin ona bağışlanmasına nail olduqdan sonra atası Yusif Əliyevin arvadı İddiaçı ilə boşanaraq onunla birgə yaşamasını təkid etmişdir.

58. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh İddiaçı və atası Yusif Əliyevlə mehriban və səmimi ailə münasibətləri əsasında onların rəğbətini qazanaraq mübahisəsi gedən evin bağışlanmasına nail olması, bundan sonra isə atası Yusif Əliyevin arvadı İddiaçı ilə boşanmasına yönələn hərəkətlər etməsi onlar arasında uzun müddət ərzində formalaşmış sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətdir. Digər tərəfdən, Cavabdeh atası Yusif Əliyevə və İddiaçı qarşı bu növ hərəkəti sonuncuların ona qarşı sərgilədiyi ailə münasibətlərinə aşırı dərəcədə ziddir. Çünki, İddiaçı və əri Yusif Əliyev bağışlama müqaviləsi əsasında birgə mülkiyyətlərində olan mənzili heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edərək Cavabdeh bağışladıqları halda sonuncu onların könüllü ittifaq əsasında qurduqları ailə münasibətlərini pozmağa çalışmışdır.

59. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən bağışlama müqaviləsi bağlanmamışdan qabaq tərəflər arasında İddiaçı evi Cavabdeh bağışlayacacağı, əri Yusif Əliyevin evi təmir etdirəcəyi, bunların müqabilində isə Cavabdeh ailə quraraq onlarla birgə yaşayacağı barədə qarşılıqlı razılaşması olduğu halda, Cavabdeh bağışlama müqaviləsi əsasında evin ona bağışlanmasına nail olduqdan sonra üzərinə götürdüyü mahiyyətinə görə sırf mənəvi motiv daşıyan vəzifələrini icra etməmişdir.

60. Həmçinin, tərəflərin apellyasiya baxışı zamanı verdikləri izahatlarla da müəyyən olunmuşdur ki, bağışlama müqaviləsi bağlandıqdan sonra tərəflərin qarşılıqlı münasibətlərində əhəmiyyətli dərəcədə soyuqluq yaranmışdır. Bunun nəticəsində cavabdehin atası Yusif Əliyev və İddiaçı ilə vizual ünsiyyət imkanları aradan qalxmışdır. X10 və İddiaçı telefon vasitəsilə cavabdeh Tofiz Əlizadə ilə ünsiyyət yaratmağa çalışsalar da, lakin sonuncunun onların mobil telefon nömrələrini blok etməsi (zəng və bildirişlərə qadağa) nəticəsində onların cavabdehlə ünsiyyəti tamamilə kəsilmişdir.

61. Nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin, buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir.

62. «Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyriəmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinin dispozisiyasında əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb etdiyindən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir.

63. Məhkəmə kollegiyası işin salananan hallarını nəzərdən keçirərək qeyd edir ki, Cavabdeh mübahisəsi gedən evin ona bağışlanmasına nail olması, bundan sonra isə atası Yusif Əliyevin arvadı İddiaçı ilə boşanmasına yönələn hərəkətlər etməsi, habelə onun ögey anası İddiaçı və atası Yusif Əliyevlə ünsiyyət imkanlarını məhdudlaşdırması ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması kimi qiymətləndirilməlidir. Çünki, Cavabdeh tərəfindən atası Yusif Əliyev və sonuncunun arvadı İddiaçı qarşı həyata keçirilən bu hərəkətlər onlar arasındakı mənəvi bağları aradan qaldırmaqla sağlam və etibarlı ailə münasibətlərin kökündən sarsıdan hərəkətlərdir və işin bu faktik halları hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri pozması kimi qiymətləndirilməlidir.

64. Ailə Məcəlləsinin 92-ci maddəsinə görə əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ögey ata və ana oğul və qızlarını tərbiyə etmişlərsə və ya saxlamışlarsa və özlərinin yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) saxlanmaq üçün maddi yardım ala bilmirlərsə, əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış ögey oğul və qızlarından məhkəmə qaydasında saxlanmaq üçün təminat verilməsini tələb edə bilərlər.

65. Nəzərə alınmalıdır ki, “ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr” dedikdə, ilk növbədə aliment öhdəlikləri yada düşür. Lakin ailə hüquq münasibətlərində aliment (bir-birini saxlamaq üçün vəsait ödənilməsi) öhdəliyindən az əhəmiyyəti olmayan ailə üzvünün qayğı göstərmək və hörmətlə yanaşmaq öhdəliyi var. Ailəni qarşılıqlı hörmət və qayğı elementindən kənar təsəvvür etmək mümkün deyil. Məhz ailə üzvlərinin bir-birinə qayğı və hörmət etməsi insan cəmiyyəti yaranan qədim dövrdən indiyə qədər ailəni cəmiyyətin əsası olaraq ailəni sosial birlik forması kimi yaşatmışdır. Bu xüsusiyyətlər xüsusilə Azərbaycan ailəsi üçün xas olan ali dəyərlərdir. Lakin cavabdehin iddiaçıya qayğı ilə yanaşması sübut olunmur.

66. Kollegiya Ailə Məcəlləsinin 3.0.2-ci maddəsinə müvafiq olaraq xatırladır ki, bütün ailə üzvləri münasibətlərini maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurmalıdır.

67. Həmin Məcəllənin 6.2-ci maddəsinə görə ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır.

68. İşin sadalanan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, müqavilənin ləğvi üçün Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan əsaslar vardır. Birinci instansiya məhkəməsi isə maddi hüquq normalarını yanlış təfsir etməklə həmin hissədə iddianın təmin edilnəməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməlidir.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli 2(061)-671/2024 nömrəli qətnaməsi “İddiaçı Cavabdeh, üçüncü şəxslər X4, Bərdə Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi” hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilsin. Bərdə Regional “Asan Xidmət” Mərkəzində notariat ofisində İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-178 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar