Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1867/2024 27.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli 2(013)-731/2024 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 10000 manat məbləğində pulun, 1400 manat faizin, 5000 manat əldən çıxmış faydanın, 50000 manat mənəvi ziyanın, cəmi 66400 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli 2(013)-731/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 10000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh1 120 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət gəlirlərinə alınması və iddianın qalan və Cavabdeh2 aid hissələrdə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Ağdam Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli 2(013)-731/2024 nömrəli qərardadı ilə (hakim Rafiq Məmmədov) Ağdam Rayon Məhkəməsinin 2(013)-731/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin baxılmadan Cavabdeh1 qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh1 şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh1 şikayətini onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəlləsinin 361ci maddəsinin tələbərinə tam riayət etməklə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin geri qaytarılması üçün heç bir əsas yoxdur. Hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv olunması ehtimallarını nəzərə alıb apellyasiya şikayətini əsassız olaraq geri qaytarmışdır. Heç bir qanuni əsas olmadan apellyasiya şikayətinin geri qaytarılması onun məhkəmə müdafiəsi hüququnu mahdudlaşdırır. Ağdam Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli 2(013)-731/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin 17 iyul 2024-cü il tarixli 2(013)-731/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 02 avqust 2024-cü il tarixli 2(013)-731/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, Ağdam Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli 2(013)-731/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qəbul edilməli və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmin Məcəllənin 361.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. Həmin Məcəllənin 361.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyasının araşdırması zamanı isə müəyyən olunmuşdur ki, Cavabdeh1 Ağdam Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli 2(013)-731/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsi də apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun olmadığını əsas göstərməklə şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, eləcə də apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Lakin, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə nəzər saldıqda müəyyən olunur ki, maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər konkret olaraq apellyasiya şikayətində göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti MPM-ə 2 saylı əlavə uyğun tərtib edilmişdir və MPM-nin 361-ci maddəsinin tələblərinə də uyğundur. Apellyasiya şikayətinin geri qaytarılması üçün MPM-nin 363-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmadığından apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar vardır. İşə baxan birinci instansiya məhkəməsi isə göstərilən hallara düzgün qiymət vermədən apellyasiya şikayətinin qaytarılması barədə yanlış nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və apellyasiya şikayəti qəbul edilməlidir. MPM-nin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 263-264, 372, 398.0.3 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli 2(013)-731/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 02 avqust 2024-cü il tarixli 2(013)-731/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. Ağdam Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli 2(013)-731/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qəbul edilsin və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1867/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1867/2024
27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver