Məhkəmə qərarları › İş №2(104)-1886/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1886/2024

24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1886/2024 24.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: Aliment tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (anası) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2(061)-797/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahları xx.xx.2019-cu il tarixdə Ağdam rayon Nəmirli kənd İƏD-i üzrə nümayəndəlikdə 17 sayla qeydiyyata alınmışdır;

2. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X7 və 17 iyul 2022-ci il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur;

3. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 27 aprel 2024-cü il tarixli 00723 saylı arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır;

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli 2(011)-2557/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin qətnaməsi əsasında 03 may 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçı X1 xeyrinə tutulan alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 03 may 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı X1 xeyrinə hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış nikahdan olmuş xx.xx.2020-ci il təvəllüdlü X7 və 17 iyul 2022-ci il təvəllüdlü X10 adlı uşaqların yetkinlik yaşına çatana kimi hər ay hər uşağın saxlanılması üçün 300 manat olmaqla, 600 manat sapit pul məbləğində alimentin və 17 iyul 2022-ci il təvəllüdlü X10 adlı uşağın saxlanması üçün hər ay 100 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2019-cu ilin avqust ayında faktiki olaraq ailə qurmuş, nikahları 05 noyabr 2019-cu ildə rəsmi qeyd edilmişdir. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X7 və 17 iyul 2022-ci il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan xx.xx.2023-cü ildən cavabdehlə ayrı yaşayırlar. İki uşaq hazırda onun yanında yaşayır. Ağır xəstəlik keçirir və hazırda müalicə alır. Bu neçə ay ərizində Cavabdeh bir dəfə də olsun uşaqlarına baş çəkməmişdir. Maddi köməklik etməmişdir.

7. Tərtər Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2(061)-797/2024 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev) iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X7 və 17 iyul 2022-ci il təvəllüdlü X10 adlı uşaqların yetkinlik yaşına çatana kimi hər ay hər uşağın saxlanılması üçün 170 (yüz yetmiş) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi; İddianın qalan hissədə təmin edilməməsi; Alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən hesablanması və dərhal icra edilməsi; Cavabdeh dövlət rüsumu olaraq 60 (altmış) manat 80 (səksən) qəpik alınaraq dövlət nəfinə ödənilməsi; İddiaçı Mediasiya sesiyyasında ödədiyi 55 (əlli beş) manat xidmət haqqının Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2 və 100.2-ci maddələrinə, “Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında” 05 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa, həmçinin “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8, 13 və 19-cu maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, yaşayış minimumu haqqında qanunda edilmiş dəyişikliyə əsasən 2024-cü il üzrə bir uşağın saxlanması xərci 235 manat müəyyən edilmişdir. Cavabdehin hər ay uşaqların saxlanılması üçün 700 manat ödəməyə maddi imkanı çatır. Cavabdehin maddi durumu olduqca yaxşıdır və yüksək maaş alır. Ancaq işə baxan hakim əməkhaqqı barədə arayış alınması barədə verdiyi vəsatəti təmin etmədən və əməkhaqqı məbləğini bilmədən az miqdarda aliment təyin etmişdir. Bundan başqa uşağın 3 yaşına qədər saxlanma xərci məsələsinə isə ümumiyyətlə toxunmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə birgə nikahlarından anadan olmuş uşaqlar hazırda onun himayəsindədir. Özü ağır xəstəlik keçirir və müalicə alır. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, cavabdehin iş yerinə sorğu göndərilməsi barədə məhkəməyə vəsatət vermiş, lakin məhkəmə bunu nəzərə almamışdır. Halbuki, Cavabdeh Anamada işləyir və bildiyinə görə 930 manat əməkhaqqı alır. Alimentin maaşın hissəsi ilə tutulmasını xahiş edir. Cavabdehlə aralarındakı nikah pozulmamışdır. Özü uşaq bağçasında tibb bacısı işləyir və hər gün işə gedir. Cavabdehlə birgə nikahda olduqları dövrdə kredit götürüb onun müalicəsinə sərf etmişlər, həmin krediti cavabdeh ödəyir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (anası) X6 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, oğlu Cavabdeh birinci nikahından da uşağı var və həmin uşağın saxlanılmasına görə hər ay 170 manat aliment ödəyir. Bundan əlavə, oğlu Zaur iddiaçı ilə birgə yaşadıqları 3000 manat kredit götürmüşdür və həmin kredit Zaur tərəfindən ödənilir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Sonuncu məhkəmə iclasında nümayəndə vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

15. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

16. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

17. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

18. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

19. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

20. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

21. Maddə 84.1. ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.

22. Maddə 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

23. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

24. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

25. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaq üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

36. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin olunmuş və cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin apellyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, qətnamə iddia tələbinin təmin olunmamış hissəsində mübahisələndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər nikaha daxil olaraq ailə qurmuşlar və onların birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X7 və 17 iyul 2022-ci il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar və onların birgə nikahlarından anadan olmuş uşaqlar İddiaçı himayəsində qalmışdır. Tərəflər arasındakı nikah pozulmamışdır. Birinci instansiya məhkəməsinin hazırkı mübahisələndirilən qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat sabit məbləğdə alimentin cavabdeh (ata) Cavabdeh alınıb iddiaçı (ana) İddiaçı verilməsi müəyyən edilmişdir. Bununla yanaşı müəyyən olunur ki, Cavabdeh əvvəlki nikahından anadan olmuş uşağın saxlanılmasına görə məhkəmə qətnaməsi əsasında hər ay 170 manat aliment ödəyir. İddiaçının dəlili ondan ibarətdir ki, cavabdehin hər ay hər uşaq üçün 300 manat, əlavə olaraq da 17 iyul 2022-ci il təvəllüdlü X8 üç yaşına çatanadək saxlanılmasına görə 100 manat ödəmək imkanı vardır. Bu qətnamənin 36-cı bəndində qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin eidlməmiş hissəsində yoxlanılır və məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

39. Belə ki, ailə qanunvericiliyinin tələblərindən göründüyü kimi, valideyn uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Valideynin işləməməsi və ya qazanca malik olmaması, yaxud qazancının az olması onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78-ci maddəsi sabit məbləğdə aliment tutulmasına əsas verən hallardan biri kimi valideynin qazancının (gəlirinin) olmamasını, başqa bir hal kimi də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu halı müəyyən etmişdir.

40. Alimentin miqdarının təyin olunması üçün əsas meyarları müəyyən edən Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

41. Tərəflərin maddi vəziyyəti onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sairlə qanunvericiliyə müvafiq olaraq müəyyən edilir.

42. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir.

43. Diqqətəlayiq digər hallar dedikdə isə tərəflərin əmək qabiliyyəti və sağlamlıq vəziyyəti, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmaması və s. məsələlər başa düşülür.

44. Bu baxımdan işin halları təhlil olunduqda müəyyən olunur ki, cavabdeh əmək qabiliyyətlidir və işləməklə müəyyən dərəcədə qazanca malikdir. İddiaçı da həmçinin uşaq bağçasında tibb bacısı işləyir. Alimentin müəyyən olunması zamanı nəzərə alınmalı olan diqqətəlayiq hal cavabdehin əvvəlki nikahından olan uşağına aliment ödəməsidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli 2(011)-2557/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, 03 may 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı X1 xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

45. Bununla yanaşı hər iki tərəfin apellyasiya baxışı zamanı verdiyi izahatı ilə müəyyən olunmuşdur ki, iddiaçı və cavabdeh birgə yaşadıqları dövrdə bankdan kredit götürüb iddiaçının müalicəsinə sərf etmişlər və həmin kreditin aylıq ödənişi cavabdeh tərəfindən ödənilir.

46. Məhkəmə kollegiyası hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün, habelə iddiaçının əvvəlki nikahdan olan uşağına hər ay 170 manat aliment ödəməsini, həmçinin iddiaçının müalicəsinə sərf edilmiş kredit vəsaitinin aylıq ödənişini həyata keçirtdiyini, həmcinin iddiaçının da işləyib qazanca malik olmasını nəzərə alaraq, alimentin hər ay hər uşaq üçün 170 manat məbləğdə müəyyən edilməsini uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti, eləcə də diqqətəlayiq hallarla müqayisədə yolverilən hesab edir.

47. Məhkəmə kollegiyası həmçinin göstərir ki, İddiaçı 17 iyul 2022-ci il təvəllüdlü X8 üç yaşına çatanadək saxlanılmasına görə cavabdehdən hər ay üçün 100 manat vəsait tələb etsə də, lakin işin hallarından göründüyü kimi tərəflərin nikahları pozulmamışdır, onlar yalnız faktiki ayrılmışlar, eləcə də iddiaçı tibb bacısı işləməklə 370 manat məbləğində əmək haqqı alır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini həmin hissədə təmin etməmişdir. Çünki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə müvafiq olaraq ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir.

48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. İşə baxan məhkəmə yoxlanılan hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

49. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddiaçının artırılmasını tələb etdiyi alimentin və uşağın üç yaşına çatana kimi tələb etdiyi vəsaitin bir il ərzində məcmusu 4320 (260+100=360; 360 manat *12 ay) manat təşkil edir. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2(061)-797/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar