Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1894/2025 15.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5176/2025 nömrəli, 22 avqust 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5176/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5176/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından narazı qalan İddiaçı şikayət verərək, qərar əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, əslən Kəlbəcərli olan faktiki hal-hazırda Gəncə şəhəri Qızıl Qaya qəsəbəsində məskunlaşan Cavabdeh1 onun aldatmış və ondan bir neçə günlük etbarnamə almışdır ki, onunla qonşuluqda olan obyektinə işıq çəkdirmək adından ondan aldığı etibarnamə ilə ona məxsus torpaq sahəsini(torpaq sahəsi Gəncə şəhərinin ərazisindədir) bir başqasına satmışdır. Əlavə olaraq bildirir ki, cavabdeh hələ də Gəncə şəhəri Qızıl Qaya qəsəbəsində yaşayır. Onlar hələ Kəlbəcər rayonuna köçürülməyiblər. Bildirmək istəyir ki, cavabdeh 32 ildi Gəncə şəhəri Qızıl Qaya qəsəbəsində məskunlaşdığı üçün onun hal-hazırki yaşayış yeri Gəncə şəhəri Qızıl Qaya qəsəbəsidir və onlar məcburi köçgün kimi hələdə Gəncə şəhərində qeydiyyatdadırlar. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5176/2025 nömrəli, xx.xx.2025-ci il tarixli nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-5176/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadından İddiaçı tərəfdən verilmiş şikayətin təmin edilməməsi və şikayətin material ilə birlikdə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5176/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1nın qeydiyyat ünvanı Kəlbəcər rayonu ərazisində, Cavabdeh2 qeydiyyat ünvanı isə Göygöl rayonunda yerləşdiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Cavabdeh1 qarşı hissədə Kəlbəcər Rayon Məhkəməsində və (ya) Cavabdeh2 qarşı hissədə Göygöl rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi Cavabdeh1 qeydiyyat ünvanı Kəlbəcər rayonu Keştək kəndi, Cavabdeh2 qeydiyyat ünvanı isə Göygöl rayonu, Şəhriyar kəndidir. Odur ki, iddia cavabdehlərin qeydiyyat yerinə görə verilmədiyindən birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Belə ki, MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 5176/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5176/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1894/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1894/2025
15.10.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver