Məhkəmə qərarları › İş №2(104)-1926/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1926/2025

15.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1926/2025 15.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(066)-950/2025 nömrəli qətnaməsindən Cavabdeh (bundan sonra – cavabdeh) tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdehə qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Göygöl rayon Məhkəməsinin alimentin indeksasiya edilməsi barədə 8(066)-65/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş, yəni indeksasiya edilmiş xx.xx.2016-cı il təvəllüdlü X2 görə olan alimentin miqdarının azaldılaraq, 130 manat həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(066)-950/2025 nömrəli qətnaməsi (hakim Leyla Hüseynzadə) ilə, iddianın qismən təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin 8(066)-65/2025 nömrəli xx.xx.2025-ci il tarixli, qərardadı ilə müəyyən edilmiş ölkə üzrə minimum əmək haqqının 0,86 (sıfır tam yüzdə səksən altı) misli həddində təyin edilmiş alimentin məbləğinin azaldılması, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində aliment tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sübut təqdim edilməmişdir. Buna görə də apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda —bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Hazırkı halda iddiaçı tərəfindən “aliment məbləğinin azaldılması” barədə tələblə məhkəməyə müraciət edilmiş və iddianın qiyməti bir il ərzində azaldılması istənilən məbləğin həcminə bərabər tutulur. İddiaçı alimentin mövcud məbləğdən azaldılaraq 130 manat həddində müəyyən edilməsini xahiş etmişdir. Bu zaman iddianın qiyməti MPM-in qeyd olunan normasına əsasən belə hesablanır: İddianın qiyməti = 130 manat × 12 ay = 1.560 manat. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. İş materiallarına əsasən, iddianın məhkəməyə verilməsi üçün iddianın qiymətinə mütənasib olaraq 1.560 manat məbləğə görə ödənilməli olan dövlət rüsumunun məbləği 35,26 manat təşkil etmiş və iddiaçı mediasiya prosesesinin keçirilməsi ilə bağlı ödədiyi 60 manat mediasiya xərcinə münasibətdə dövlət rüsumu ödmədən məhkəməyə müraciət etmək imkanı əldə etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Bu halda, 8.6-cı maddənin tələbi tətbiq edilməklə dövlət rüsumu 8.1-ci maddəyə uyğun hesablanmalı və yarı miqdarda (50%) ödənilməlidir. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətinin verilməsinə görə 35,26 manatın 50 faizi, yəni 17.63 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda heç bir ödəniş həyata keçirilməmişdir. Apellyasiya şikayətinə nəzər salınan zaman isə – aliment alınması barədə iddialar üzrə-iddiaçılar – əsası ilə cavabdeh tərəfindən dövlət rüsumu ödənilməmişdir. Buna əsasən məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən yalnız iddiaçılar alimentin alınması ilə bağlı iddialar üzrə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Bu güzəşt cavabdehlərə və ya apellyasiya şikayəti verən digər şəxslərə şamil edilmir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1.2-ci maddəsinə əsasən, yalnız aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırkı işdə isə cavabdeh aliment alan şəxs deyil, əksinə, alimentin miqdarının azaldılması barədə iddia üzrə apellyasiya şikayəti verən şəxs qismində iştirak etdiyindən, həmin maddədə nəzərdə tutulmuş güzəşt ona şamil edilmir. Mübahisənin predmeti aliment alınması ilə deyil, artıq təyin edilmiş aliment məbləğinin azaldılması ilə bağlı olduğundan, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsində nəzərdə tutulmuş rüsumdan azadolma qaydası bu halda tətbiq edilə bilməz. Bu səbəbdən cavabdeh apellyasiya şikayəti verdikdə dövlət rüsumu ödəməkdən azad edilmir. Qanunun 9.1.2-ci maddəsi alimentin alınması məqsədilə verilən iddialar üzrə iddiaçılara şamil olunur və aliment öhdəliyinin azaldılması barədə iddialar həmin kateqoriyaya daxil olmadığından, cavabdehin apellyasiya şikayəti üzrə dövlət rüsumunun ödənilməsindən azadolma hüququ yoxdur. Beləliklə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə dövlət rüsumunun ödənilməsi qanunvericiliyin tələbinə uyğun zəruri sayılır və cavabdeh bu öhdəlikdən azad edilmir. Belə olan halda, cavabdeh apellyasiya şikayəti verdikdə artıq dövlət rüsumunun ödənilməsindən azadolma güzəşti tətbiq edilə bilməz və apellyasiya şikayətinin qanunla müəyyən edilmiş dövlət rüsumu ödənilmədən təqdim edilməsi prosessual tələblərin pozulması kimi qiymətləndirilir. Göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada cavabdeh qeyd edilən kateqoriya işlər üzrə rüsumun ödənilməsindən azad edilməmiş, bununla da dövlət rüsumunun ödənilməsi məhkəməyə müraciətin əsas şərtlərindən biri olduğundan, onun ödənilməməsi prosessual qanunvericiliyin tələblərinə zidd olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətin verilməsi üçün qanunla tələb olunan dövlət rüsumunu ödəməmiş, birinci instansiya məhkəməsi isə şikayəti Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.2-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 361, 363.1.1-1 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(066)-950/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti hüquqi qiymət verilməsi üçün mülki işlə birlikdə Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar