Məhkəmə qərarları › İş №2(104)-1928/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1928/2025

26.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1928/2025 26.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X2 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 22 avqust 2025-ci il tarixli, 2(040)-840/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 yanvar 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Kəlbəcər Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(040)-331/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı “nikahın pozulması, uşağın atanın himayəsində qalması və aliment tələbinə dair” iddiası qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh X8 arasında 23 dekabr 2012-ci il tarixdə Goranboy rayon Qaraçinar kənd icra nümayəndəliyi tərəfindən 08 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından 08 iyul 2013-cü ildə doğulmuş X6 və 24 aprel 2016-cı ildə doğulmuş X3 nikah pozulduqdan (boşanmadan) sonra ataları-İddiaçı yanında saxlanılmış, alimentin tutulması hissədə iddia təmin edilməmişdir.

2. Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 iyul 2024-cü il tarixli, AZ-İ № 482246 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, 31 may 2024cü il tarixdə İddiaçı ilə X4 nikahina xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 03 iyul 2024-cü il tarixdə 67 nömrə ilə qeyd edilmişdir.

3. Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 yanvar 2014-cü il tarixli, AZ-İİİ № 243767 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08 iyul 2013-cü ildə Azərbaycan Respublikasının İmişli şəhərində doğulmuş, atası İddiaçı, anası X7r.

4. Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 may 2016-cı il tarixli, AZ- İİİ № 688753 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 24 aprel 2016-cı ildə Azərbaycan Respublikasının Beyləqan rayonunda doğulmuş, atası İddiaçı, anası X7r.

5. Goranboy 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş 16 may 2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, hazırki mübahisə ilə bağlı mediasiya prosessi baş tutmamışdır.

6. "xxxx" MMC tərəfindən verilmiş 002 nömrəli, 14 yanvar 2026-cı il tarixli məktubdan görünür ki, 23 sentyabr 2025-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-yə ½ ştat vahidi ilə İstehsalat sahəsinə ümumi istehsalat işçisi kimi işə cəlb olunmuş və hazırda əmək haqqısı 250 manatdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən hesablanmaqla, övladları- 08 iyul 2013-cü il təvəllüdlü X6 və 24 iyun 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün, hər ay hər uşağa görə yaşayış minimumunu təmin edəcək həddə, yəni hər uşağa görə 246 manat sabit pul məbləğində aliment, həmçinin onun tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci, eləcədə 100 manat hüquqi xidmət haqqının əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 23 dekabr 2012-ci il tarixdə Goranboy rayon Qaraçinar kənd İcra nümayəndəliyində nikahlarını qeydə aldırmışlar və birgə nikahlarından 08 iyul 2013-cü ildə Zəhra, 24 aprel 2016-cı ildə isə Fatimə adlı uşaqları anadan olmuşlar. Kəlbəcər Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli 2(040)-331/2024 nömrəli qətnaməsi ilə aralarında bağlanmış nikah akt qeydi pozulmuş və birgə nikahlarından anadan olmuş Zəhra və Fatimə adlı uşaqlar onun yanında saxlanılmışdır. Uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə uşaqların saxlanılmasın köməklik göstərmir.

9. Kəlbəcər Rayon Məhkəməsinin 22 avqust 2025-ci il tarixli, 2(040)-840/2025 nömrəli qətnaməsi ilə (hakim H.Qəniyev) iddia tələbinin rədd edilməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.2-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, Kəlbəcər Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(040)-331/2024 nömrəli qətnaməsinə əsasən 08 iyul 2013-cü ildə doğulmuş X6 və 24 aprel 2016-cı ildə doğulmuş X3 onun yanında saxlanılmışdir. Uşaqlar hazırda da onun yanındadır. Uşaqları üçün yaşayış minimumu 246 manatdır. Cavabdeh uşaqların saxlanılmasında ona maddi kömək göstərmir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, uşaqlar iki ildir ki, onun yanındadır. Kommunal Təsərrüfati İstehsalat Birliyində fəhlə işləyir və aylıq əmək haqqı 400 manatdır. Həmin məbləğlə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdehin isə maddi imkanının olmasına baxmayaraq uşaqların saxlanılmasında ona köməklik göstərmir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir.

16. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, əvvəllər işləməsədə, lakin 2025-ci ilin sentyabr ayından yarış ştat işləyir və aylıq əmək haqqı 250 manatdır. Başqa gəlirləri yoxdur və aldığı əmək haqqı onun aylıq təlabatını ödəmir. Uşaqların saxlanılması üçün aliment ödəməyə heç cür imkanı yoxdur. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

18. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

19. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

20. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

21. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.

22. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

23. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

24. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

25. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu

26. Maddə 1.0.5. Aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailədir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

32. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

33. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

37. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh 23 dekabr 2012-ci il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar və sonuncuların birgə nikahlarından 08 iyul 2013-cü il tarixdə Zəhra, 24 aprel 2016-cı il tarixdə isə Fatimə adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan tərəflər faktiki olaraq ayrılmış və Kəlbəcər Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(040)-331/2024 nömrəli qətnaməsi ilə sonuncuların nikahı pozulmuş, 08 iyul 2013-cü ildə doğulmuş X6 və 24 aprel 2016-cı ildə doğulmuş X3 boşanmadan sonra ataları İddiaçı yanında saxlanılmışdır. Həmin iş üzrə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin olunmamışdır. İddiaçı cavabdehə qarşı yenidən aliment tələbnə dair hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir.

38. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nədicə ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən olunmur. Apellyasiya şikayətinin dəlillərini kollegiya qətnamənin ləğvi üçün əsas saymır.

39. İddiaçı cavabdeh X5 qarşı nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment tələbinə dair iş üzrə iddia tələbinin alimentə dair hissədə təmin olunmaması barədə Kəlbəcər Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli 2(040)-331/2024 nömrəli qətnaməsində qeyd olunmuşdur ki, cavabdehin maddi və ailə vəziyyəti, gəlirləri, əmlak vəziyyəti və diqqətəlayiq olan digər hallar hazırkı halda ondan aliment tutulmasını mümkünsüz edir. Hazırkı iş üzrədə məhkəmə eyni əsasla iddianı rədd etmişdir.

40. Sorğu əsasında "xxxx" MMC-dən alınmış 23 sentyabr 2025-ci il tarixli əmək müqaviləsindən müəyyən olunmuşdur ki, Cavabdeh "xxxx" MMC-də ½ ştat vahidi ilə işləyir, aylıq əmək haqqı 250 manatdır.

41. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2024-cü il tarixli Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur.

42. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanun 1.0.5ci maddəsində az təminatlı ailə anlayışına verilən tərifə görə, aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür.

43. Göründüyü kimi cavabdehin aldığı əmək haqqı 2025-ci il üzrə əmək qabiliyyətli əhali üçün müəyyən olunmuş 305 manatdan azdır. Ona görədə kollegiya hesab edir ki, iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdehin maddi və ailə vəziyyəti istər birinci halda, istərsə də hazırkı mübahisə üzrə (alimentlə bağlı) eynilik təşkil edir. Hətta cavabdeh birinci halda işləməsədə, sonuncunun hazırda əmək müqaviləsi üzrə 250 manat alması onu deməyə əsas vermir ki, Günel Orucova aliment ödəmək üçün maddi imkana malikdir. Çünki yuxarıda da qeyd olunduğu kimi 2025-ci il üzrə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 305 manat müəyyən edilmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin əmək müqaviləsi üzrə aldığı 250 manat onun özünün zəruri ehtiyaclarının ödənilmməsini təmin etmir.

44. İddiaçi İddiaçı isə iddia ərizəsində cavabdehin maddi imkana malik olmasını qeyd etsədə, sonuncunun əmək müqaviləsi üzrə 250 manat almasından başqa digər gəlirlərinin olması təsdiq olunmur və nədə iddiaçı bu barədə məhkəməyə sübut təqdim etməmişdir. İddiaçının özünə münasibətdə isə “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, İddiaçı “X13” MMC-də fəhlə işləyir, aylıq əmək haqqı 400 manatdır.

45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin ləğvü üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. İddia tələbi üzrə alimentin bir illik məcmusu 5000 (246+246=492x12=5904) manatdan çox olduğuna görə, bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulur.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 22 avqust 2025-ci il tarixli, 2(040)-840/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən İddiaçı tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar