Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1931/2024 02.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-3642/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-3642/2024 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddianın qismən təmin edilməsi, xx.xx.2021-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş mediasiya xərcinin yarısı 27,5 manatın Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh dövlət rüsumu hesabına 42,80 (qırx iki manat 80 qəpik) manatın alınaraq dövlət büdcəsinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin e-2(125)-3642/2024 nömrəli, 22 iyul 2024-cüil tarixli qətnaməsinin qismən, 190 manat aliment ödənilməsi hissəsində ləğv edilməsi və xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 130 (bir yüz otuz) manat alimentin tutulub İddiaçı xeyrinə ödənilməsi dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat alimentin, 50 manat mediasiyaya ödənilən xidmət haqqının Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə el adəti ilə evlənmişdir. Rəsmi nikahları yoxdur. Birgə münasibətlərindən xx.xx.2021-ci il tarixdə Aylin adlı uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən 2023-cü ildən etibarən uşaqları onun himayəsində olmaqla cavabdehlə ayrılmışdır. Uşağın saxlanılmasında maddi baxımdan çətinlik çəkdiyindən məhkəməyə müraciət etmişdir. 200 manat məbləğində aliment kəsilməsinə də razı olduğunu qeyd edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, o, gözdən ömürlük əlildir. Məhdud əmək qabiliyyətlidir. Hər ay əlilliyinə görə 150 manat əlillik pulu alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 6.2ci maddəsinə əsasən işləyə bilmədiyindən işdən azad olunmuşdur. İddiaçının özü də pensiya alır. Məhkəmə bu halları nəzərə almamışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən onun gəlirlərini, qazancını lazımincə qiymətləndirməmişdir. Nəzərə almamışdır ki, yaşadığı Goranboy rayonunda zavod-fabriklər, şirkətlər və sairə yoxdur. Bu baxımdan məhkəmə ədalətlilik prinsiplərini pozmuşdur. Apelyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, alimentin miqdarının 130 manat miqdarında müəyyən edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi və tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Belə ki, işdə olan AZ-İV 592430 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2021-ci ildə Aylin adlı uşaqları anadan olmuşdur. İşdə olan AZ-İ 413931 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci ildə İddiaçı doğulmuş Aylinin atası Cavabdeh hesab edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, MŞG/1MT007/00970 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətindən görünür ki, tərəflər xx.xx.2024-cü il tarixdə, saat 12:00-da keçirilən ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İlkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərc İddiaçı tərəfindən tam ödənilmişdir Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ər-arvadlıq münasibətlərindən xx.xx.2021-ci il tarixdə Aylin adlı uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən 2023-cü ildən etibarən uşaq onun himayəsində olmaqla cavabdehlə ayrılmışdır. Uşağın saxlanılmasında maddi baxımdan çətinlik çəkdiyindən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İşdən görünür ki, məhkəmə iddia tələbini qismən təmin edib cavabdehdən iddiaçının xeyrinə tutulcaq alimentin miqdarını hər ay 190 manat miqdarında müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərində göstərilir ki, məhkəmə alimentin məbləğini müəyyən edərkən onun maddi vəziyyətini, heç bir yerdə işləməməsini nəzərə almamışdır. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin onun heç bir yerdə işləməməsi, qazancının olmaması kimi dəlili ilə razılaşmır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, mübahisənin həllində maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-3642/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1-cü maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-3642/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1931/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1931/2024
02.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver