Məhkəmə qərarları › İş №2(104)-1932/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1932/2024

03.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1932/2024 03.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-51/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü Turxan Məmmədovun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə İddiaçı tutulan alimentin ödənilməsinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-51/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Xədicə Səfərli) iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-51/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın təmin edilməməsinə əsas kimi, Belçika Səfirliyinin (məhkəmə tapşırığına cavab verilməsi səlahiyyəti xaricində olmasına baxmayaraq) mübahisəli xx.xx.2024-cü il tarixli cavab məktubu götürmüşdür. Qeyd olunduğu kimi, məhkəmə tapşırığının icrası Belçika Səfirliyinə həvalə olunmadığı kimi, onun verdiyi məlumat da birtərəflidir. İlk öncə qeyd edilməlidir ki, Səfirliyinin xx.xx.2024-cü il tarixli məktubuna (bir gün sonra tərtib olunmuş) xx.xx.2024-cü il tarixli vətəndaşlıq vəziyyəti aktları kitabından çıxarış Azərbaycan dilində deyil, digər bir ifadə ilə niderland dilində olan bir sənədin mötəbər sübut kimi qəbul edilərək işə yekun qiymət verilməsi qəbul edilməzdir. Ayrıca əlavə edilməlidir ki, Google Translate proqrqamı vasitəsilə tərcümə ediləndə uşağın “Turxan” adının xx.xx.2021-ci il tarixdən “Turhan” kimi dəyişdirildiyini müəyyən edilir. Lakin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Belçika qurumlarına göndərilən məhkəmə tapşırığında uşağın adının dəyişdirilib-dəyişdirilməməsi məsələsi yox, onun yaşadığı halda üçüncü şəxslər tərəfindən övladlığa götürülüb götürülməməsi, övladlığa götürüldüyü halda bu barədə vətəndaşlıq vəziyyəti aktının hansı tarixdən yekun rəsmiləşdirilməsi və aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənilib-ödənilmədiyi barədə rəsmi məlumatın əldə edilməsi barədə idi. Göründüyü kimi, səlahiyyətlərini aşaraq məhkəmə tapşırığını “icra etməyə çalışmış” Belçika Səfirliyi məhkəmə tapşırığındakı suallara cavab verə bilməmiş, hazırki iş üzrə əhəmiyyət kəsb etməyən 2021-ci ildə baş vermiş bir məsələ barədə məlumat verərək çaşqınlıq yaratmışdır. Ayrıca, cavabdehin- uşağın anasının da fikrini yazması ayrıca ironik bir vəziyyət yaratmışdır. Nəticədə məhkəmə öz qərardadının icra olunaraq işin hərtərəfli tam və obyektiv araşdırılması yerinə, cavabdehin Səfirliyə telefonla verdiyi məlumatı daha mötəbər sübut kimi qəbul etmişdir. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, cavabdehlə birlikdə əvvəlcədən Belçikda yaşamış, iddiaçı isə hazırda Bakı şəhərində yaşayır. İddiaçının uşaqla ünsiyyət hüququna dair məhkəmə qətnaməsi yoxdur. Məhkəmə qətnaməsi ilə iddaçıdan cavcabdehin xeyrinə aliment tutulsa da, iddiaçı alimenti ödəyə bilmədiyindən, ölkədən çıxışına qadağa qoyulmuşdur. İddiaçı ehtimal edir ki, onun cavabdehlə birgə nikahından doğulmuş Turxan xarici vətəndaşın övladlığına verilmişdir. Lakin məhkəmə həmin halı tam aydınlaşdıra bilməmişdir. Məhkəmə tərəfindən verilmiş tapşırığa səlahiyyətli orqan tərəfindən cavab verilməmişdir. Uşağın övladlığa verilməsinə dair onlada mötəbər sübut yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-51/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-51/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: Gəncə Şəhər Nizami rayon Məhkəməsinin 2(044)-5183/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, xx.xx.2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər anası Cavabdeh himayəsində qalması; xx.xx.2016-cı ildən başlayaraq İddiaçı xx.xx.2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. Gəncə Şəhər Nizami rayon Məhkəməsinin 2(044)- 3804/2017 saylı, xx.xx.2017-cı il tarixli qətnaməsinə əsasən, iddia təmin edilərək Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)- 5183/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2017-ci il tarixdən başlayaraq İddiaçı xx.xx.2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət olunmuşdur. Məhkəmə tapşırığına cavab olaraq, Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin konsulluq idarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, Gəncə Şəhər Məhkəməsinin X2 ilə bağlı daxil olmuş sorğu Səfirliyin notası ilə Belçika tərəfinə təqdim edilmişdir. Belçika tərəfindən cavab olaraq Belçika tərəfindən qeyd olunan məsələdə səlahiyyətli olan aidiyyəti dövlət prokurorluğunun Niderland dilli bölgəsində yerləşdiyi səbəbindən müvafiq qaydada uyğun olaraq sözügedən hüquqi yardım ilə bağlı sorğunun Niderland dilində göndərilməsi xahiş edilmişdir. Eyni zamanda Belçikanın Brasschaat bələdiyyəsindən əldə edilmiş məlumata əsasən bildirirlər ki, 2014-cü il 14 dekabr tarixində anadan olmuş X1 adında hərf dəyişikliyi edilmiş (əvvəlki adı “Turkhan” kimi qeyd olunmuş, hazırda isə “Turhan”) və bu barədə müvafiq akt tərtib edilmiş (əlavə olunur). Həmçinin, T.Məmmədov heç kim tərəfindən övladlığa götürülməmişdir. Qeyd olunan məlumat Turxan Məmmədovun anası Cavabdeh tərəfindən də təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı aliment öhdəliyini xitam verilməsini xahiş etmiş, tələbini birgə nikahdan doğulmuş uşağın xarici vətəndaş tərəfindən övladlığa götürülməsi və Belçika qurumlarında başqa ad, soyad və başqa vətəndaşlıq vəziyyəti statusunda qeydə alınması ilə əsaslandırmışdır. Məhkəmə tapşırığına cavab olaraq təqdim olunmuş məlumata əsasən, 2014-cü il 14 dekabr tarixində anadan olmuş X1 adında hərf dəyişikliyi edildiyi (əvvəlki adı “Turkhan” kimi qeyd olunmuş, hazırda isə “Turhan”) və bu barədə müvafiq akt tərtib edildiyi, T.Məmmədovun heç kim tərəfindən övladlığa götürülmədiyi, qeyd olunan məlumatın Turxan Məmmədovun anası Cavabdeh tərəfindən də təsdiq olunduğu müəyyən edilmişdir. İddiaçının təmsilçisi məhkəmə tapşırığına verilmiş cavabı əsassız hesab etsə də, bu halı təsdiqləyən hər hansı dəlil təqdim etməmişdir. Beləliklə, məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilməsi üçün əsaslar müəyyən olunmadığından, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2-ci maddəsinə əsasən, məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: 113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; 113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə; 113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; 113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; 113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda. Göründüyü kimi, ailə qanunvericiliyində məhkəmə qaydasında tutulan alimentin ödənilməsinin xitamına əsas verən hallar müəyyən edilmişdir və hazırki iş üzrə məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilməsi üçün əsaslar müəyyən olunmadığından iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia ərizəsində və apellyasiya dəlillərində xx.xx.2014-cü il təvəllüdlü Turxan Məmmədovun xarici vətəndaş tərəfindən övladlığa götürüldüyünü və Belçika qurumlarında başqa ad, soyad və başqa vətəndaşlıq vəziyyəti statusunda qeydə alındığını göstərsə də, bu barədə birinci instansiya məhkəməsinə və məhkəmə kollegiyasına mötəbər sübut növləri təqdim etməmişdir. Əksinə, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tapşırığına cavab olaraq, Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin konsulluq idarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, Gəncə Şəhər Məhkəməsinin X2 ilə bağlı daxil olmuş sorğu Səfirliyin notası ilə Belçika tərəfinə təqdim edilmişdir. Belçika tərəfindən cavab olaraq Belçika tərəfindən qeyd olunan məsələdə səlahiyyətli olan aidiyyəti dövlət prokurorluğunun Niderland dilli bölgəsində yerləşdiyi səbəbindən müvafiq qaydada uyğun olaraq sözügedən hüquqi yardım ilə bağlı sorğunun Niderland dilində göndərilməsi xahiş edilmişdir. Eyni zamanda Belçikanın Brasschaat bələdiyyəsindən əldə edilmiş məlumata əsasən bildirirlər ki, 2014-cü il 14 dekabr tarixində anadan olmuş X1 adında hərf dəyişikliyi edilmiş (əvvəlki adı “Turkhan” kimi qeyd olunmuş, hazırda isə “Turhan”) və bu barədə müvafiq akt tərtib edilmiş (əlavə olunur). Həmçinin, T.Məmmədov heç kim tərəfindən övladlığa götürülməmişdir. Qeyd olunan məlumat Turxan Məmmədovun anası Cavabdeh tərəfindən də təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-51/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 384, 392-393 və 402-407-ci maddələrini maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-51/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar