Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1946/2025 13.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- X4 (sədrlik edən və məruzəçi), X5 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin e-2(076)-2151/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. JN-237A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Şəmkir Rayon AİK-nın xx.xx.1998–ci il tarixli 52 saylı qərarı ilə İddiaçı və onun digər ailə üzvlərinə Şəmkir rayonu, Mahmudlu kəndində 0.15 ha həyətyanı torpaq sahəsi verilmişdir.
2. Şəmkir RİHB–nın Mahmudlu kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025–ci il tarixli arayışdan görünür ki, İddiaçı məxsus JN–237A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də olan 0.15 ha həyətyanı torpaq sahəsində tikilmiş fərdi yaşayış evi ünvan 1 ünvanda yerləşir. Ev 1988–ci ildə şəxsin öz hesabına inşa edilib, iki mərtəbəli evin ümumi sahəsi 172 m2 ibarətdir. Evdə 4 otaq, 2 zal, 1 mətbəx, 1 hamam və 1 tualetdən ibarətdir.
3. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015–ci il tarixli 2(076)–1436/2015 saylı qətnaməsindən görünür ki, Cavabdeh iki nəfər azyaşlı uşaqları ilə birlikdə Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən və İddiaçı adına qeyd edilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
4. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025–ci il tarixli məktubundan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1436/2015 saylı icra sənədi xx.xx.2015–ci il tarixdə şöbənin icraatına daxil olmuş və tələbkar Cavabdeh xx.xx.2017–ci il tarixli ərizəsinə əsasən icra sənədinin icrasına “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5–ci maddəsi ilə xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı evdən cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə məxsus 14 adda cehiz əşyalarının ona məxsus ünvan 1 fərdi yaşayış evindən çıxarılması, 50 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun cavabdehdən alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş gəlinidir. Cavabdeh onun oğlu X1 ilə mehriban yaşasa da, sonradan aralarında narazılıqlar yaranmış və nikahları məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh onun evinə gəlin köçmüş və oğlu ilə ayrılana qədər onun evində yaşamışdır. Cavabdeh onun evinə gəlin köçərkən özü ilə cehiz əşyaları gətirmişdir. Lakin 2015–ci ildən cavabdeh onun evində yaşamır və onun ailə üzvü sayılmır. Onun cehiz əşyalarının xarab olma və məhv olma təhlükəsi vardır. Cavabdehə dəfələrlə cehiz əşyalarını aparmasını təklif etsə də, Cavabdeh bundan imtina etmişdir. Halbuki, o, cavabdehin əşyalarına nəzarət edə bilmir. Hazırda cavabdehə məxsus iki nəfərlik çarpayı, bir ədəd termo, bir ədəd şkaf, iki ədəd tumbuçka ilə birlikdə bir dəst yataq mebeli, bir ədəd qorka mebel, bir ədəd divan, iki əddə xalça, bir ədəd ikinəfərlik döşək, bir ədəd iki nəfərlik yun yorğan, bir ədəd altı nəfərlik stol, altı nəfərlik stulu ilə birlikdə, bir ədəd yelləncəkli kreslo, bir dəst mətbəx mebeli, bir dəst müxtəlif ölçülü qazan dəsti, iki ədəd meyvə qabı, altı ədəd ayna pərdəsi, dörd ədəd çilçıraq və 1 ədəd süfrə onun evində qalmışdır. Hesab edir ki, cavabdehin əşyalarının onun evində qalmasının hüquqi əsası yoxdur. Lakin cavabdeh könüllü şəkildə əşyalarını onun evindən çıxarmır. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, Cavabdeh məxsus iki nəfərlik çarpayı, bir ədəd termo, bir ədəd şkaf, iki ədəd tumbuçka ilə birlikdə bir dəst yataq mebeli, bir ədəd qorka mebel, bir ədəd divan, iki əddə xalça, bir ədəd ikinəfərlik döşək, bir ədəd iki nəfərlik yun yorğan, bir ədəd altı nəfərlik stol, altı nəfərlik stulu ilə birlikdə, bir ədəd yelləncəkli kreslo, bir dəst mətbəx mebeli, bir dəst müxtəlif ölçülü qazan dəsti, iki ədəd meyvə qabı, altı ədəd ayna pərdəsi, dörd ədəd çilçıraq və 1 ədəd süfrədən ibarət cehiz əşyalarının ona məxsus ünvan 1 fərdi yaşayış evindən çıxarılması, 50 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun cavabdehdən alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Şəmkir Rayon Məhkəməsinin e-2(076)-2151/2025 saylı, xx.xx.2025 -ci il tarixli qətnaməsi ilə (hakim Zaur Allahyarov) iddianın rədd edilməsi, İddiaçı Cavabdeh qarşı evdən cehiz əşyalarının çıxarılması tələbinə dair iddiasıın təmin edilməməsi, ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət ki, Cavabdeh iddiaçının oğlu Vüqar Abdullayevlə 2007-ci il tarixdə evlənmiş, birgə nikahdan iki nəfər uşaqları doğulmuşdur. Cavabdeh toy günü iddiaçının istifadəsində olan, Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən fərdi yaşayış evinə daimi yaşamaq üçün gəlin köçmüşdür. Həmin vaxt cehiz əşyaları da, mübahisəli evin yaşayış otağına yığılmışdır. İddiaçı cavabdehi ailə üzvü kimi qəbul etmiş, onunla ümumi təsərrüfata malik olmaqla, onun həmin evdə daimi yaşamasına razı olmuşdur. Cavabdeh uşaqları ilə birlikdə 2015-ci il tarixədək mübahisəli evdə yaşamışdır. Sonradan tərəflərin ailə münasibətləri pozulmuş və cavabdeh evdən çıxmışdır. Bundan sonra Cavabdeh İddiaçı qarşı “evə köçürülmə” tələbinə dair məhkəmədə iddia qaldırmış, Şəmkir Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli qətnaməsi ilə cavabdehin iki nəfər azyaşlı uşaqları ilə birlikdə Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən və İddiaçı adına qeyd edilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş və tələbkar Cavabdeh xx.xx.2017–ci il tarixli ərizəsinə əsasən icra sənədinin icrasına “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5–ci maddəsi ilə xitam verilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı ilə cavabdeh arasında mübahisəli hüquq münasibəti cavabdehin mübahisəli evə gəlin köçdüyü tarixdən, yəni 2007-ci il tarixdən əmələ gəlmişdir. İddiaçı hazırda özünə məxsus olan, Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən evindən cavabdehin cehiz əşyalarının çıxarılmasını xahiş etsə də, məhkəmənin qanuni qüvvədə olan qətnaməsi ilə cavabdeh həmin evə köçürülmüşdür. Məhkəmə qeyd edir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evindən cehiz əşyalarının çıxarılması ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui– istifadəyə gətirib çıxara bilər, çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, habelə cavabdeh(lər)in etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də, faktiki hallar analoji maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşır, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından bu cür iddia haqlı sayılır. Cehiz əşyalarının çıxarılması tələb edilən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da ev, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi iddiaçının sahibliyindədir və onun tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evdə cavabdehin cehiz əşyalarının qalmasına qanuni əsasın olub-olmaması ilə bağlıdır. Mülki işin materialları ilə müəyyən edilir ki, Cavabdeh ilə Vüqar Abdullayev 2007-ci il tarixdə nikaha daxil olmuş və iddiaçı həmin vaxtdan gəlin qismində mübahisəli evə köçmüşdür. Beləliklə, yaşayış evinin tərkib hissəsindən istifadə hüququ ilə bağlı münasibətlər ilkin olaraq 2007–ci ildə yaranmışdır. Həmin münasibətlər yarandığı vaxt hazırda qüvvədə olan Mənzil Məcəlləsi, o cümlədən Mülki Məcəllənin 30.4-cü maddəsi qüvvədə olmamışdır. Mənzil Məcəlləsi 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə mindiyinə görə həmin iş üzrə mübahisəli hüquq münasibətinə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqinin mümkünlüyü məsələsi hüquqi mövqeyin müəyyənləşdirilməsini tələb edir. İş materialları ilə həmçinin müəyyən edilir ki, Cavabdeh xx.xx.2009-cu ildən sonra da 2017-ci ilə kimi (yəni mülkiyyətçinin oğlu ilə nikahlarının pozulmasına kimi) mübahisəli mənzildə mülkiyyətçi ilə birlikdə onun oğlunun arvadı qismində yaşamış və ümumi təsərrüfat aparmışdır. Həmin müddətdən sonra da cavabdeh çox vaxt mübahisəli evdə yaşamağa davam etmişdir. xx.xx.2009-cu il tarixdə yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsi ilə yaşayış evinin tərkib hissəsindən istifadənin yeni hüquqi əsası Məcəllənin 30.4–cü maddəsi fəaliyyətə başlamışdır. Həmin hüquqi əsas isə yaşayış evinin tərkib hissəsindən istifadə üçün belə bir hüququn əldə edilməsini iddia edən şəxsdən mülkiyyətçi ilə müqavilə bağlamağı tələb etmir. Cavabdeh mülkiyyətçiyə məxsus olan evdə digər qohum qismində (konkret işdə oğlunun arvadı qismində) yaşaması onun gələcəkdə mülkiyyətçinin keçmiş ailə üzvü kimi yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ əldə etməsinə əsas verir (Mənzil Məcəlləsinin 30.4-cü maddəsi). xx.xx.2009-cu il tarixdə yeni hüquq norması qüvvəyə mindiyinə görə həmin tarixdən qüvvəyə minmiş hüquq norması ilə əlaqədar mülkiyyətçi ilə onun evində yaşayan ailə üzvləri və digər qohumlar arasında həmin hüquq normasına münasibətdə yeni hüquq münasibəti meydana çıxır. Ona görə də mübahisəli evin yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və ona məxsus evdə yaşayan Cavabdeh arasında münasibətlərin 2007–ci ildə yarandığını iddia etmək düzgün olmazdı. Buna ancaq o halda bəraət qazandırmaq olardı ki, 2007–ci ildə yaranmış münasibət xx.xx.2009-cu il tarixə kimi başa çatmış və xx.xx.2009-cu il tarixdən sonra davam etməmiş olsun. Lakin Cavabdeh xx.xx.2009-cu il tarixdən sonra da mübahisəli evdə yaşamaqda davam etmişdir. Cavabdeh 2009-cu ilin oktyabr ayının 1-dən sonra da mübahisəli mənzildə yaşadığına, həmin mənzildən istifadə etdiyinə görə bu faktın özü mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiq olunmasına əsas verir. Cavabdeh 2009–cu ilin oktyabr ayının 1-dən sonra deyil, həmin tarixdən əvvəl mübahisəli mənzildə yaşamasına görə ona münasibətdə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasında əksini tapmış bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” qərarında da öz ifadəsini tapmışdır. Məhkəmə Kollegiyası hesab etmişdir ki, 2009–cu ilin oktyabrından sonra mülkiyyətçiyə məxsus mənzildə yaşamağa başlayanlara Mənzil Məcəlləsinin 30.4–cü maddəsinin müddəalarının tətbiq olunması, lakin həmin tarixdən əvvəl mənzildə yaşayıb və o tarixdən sonra da yaşamaqda davam edən şəxslərə Mənzil Məcəlləsinin 30.4–cü maddəsinin müddəalarının tətbiq olunmaması sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan fərqli yanaşmaya və beləliklə bərabərlik prinsipinin pozulmasına səbəb ola bilər. Ona görə də, baxılan mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4–cü maddəsi tətbiq olunmalıdır. Cavabdeh mülkiyyətçinin “keçmiş ailə üzvü” hesab edilir. Belə ki, o, mülkiyyətçi ilə birlikdə uzun müddət mübahisəli mənzildə yaşamaqla onunla ümumi təsərrüfat aparmışdır. 01 oktyabr 2009–cu il tarixdə yeni Mənzil Məcəlləsi qəbul edilənədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53–cü maddəsi “ailə üzvlərinə aşağıdakıları şamil edirdi: “İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər”. Həmin Məcəllənin 123–cü maddəsi isə müəyyən edirdi ki, “Bu Məcəllənin 53–cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar” Beləliklə, Cavabdeh 01 oktyabr 2009–cu il tarixə kimi mülkiyyətçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat apardığına görə onun ailə üzvü hesab edilir. Həmçinin, hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüquqlarının pozulması, onun öz mülkiyyətindən məhrum edilməsi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə təkzib edilir. Belə ki, cavabdehin iddiaçıya məxsus evin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ vardır, bu səbəbdən ona məxsus cehiz əşyalarının mübahisəli evdən çıxarılması ziddiyyət yaradır və bu hal qanuni qüvvədə olan məhkəmə qətnaməsinin səmərəliyini azaldır. Bu isə cavabdehin qanuni mənafeyi ilə ziddiyyət təşkil edir. Cavabdehin mübahisəli evdən istifadə hüququ olduğu müddətdə onun əşyalarının da həmin evdə saxlanması əsaslı hesab edilir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvədə olan 16 iyun 2015–ci il tarixli qətnaməsi ilə cavabdeh iki nəfər azyaşlı uşaqları ilə birlikdə Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən və İddiaçı adına qeyd edilmiş fərdi yaşayış evinə köçürülmüşdür. Belə olan halda cavabdehə məxsus əşyaların həmin evdən çıxarılması qanuni və əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 217.2, 13.4, 146.1 152.1, 152.5, 180.1, 180.2, 228.5, 560.1, 27.1, 27.3, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, 123, 30.1, 30.4, 68.1, 228.5 -ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Şəmkir Rayon Məhkəməsinin qətnaməsindən narazı İddiaçı və nümayəndəsi vəkili Nümayəndə apellyasiya şikayəti verərək, Şəmkir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-2151/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır, Cavabdeh qarşı “evdən cehiz əşyalarının çıxarılması tələbinə dair” iddia qaldırmışdır. Onun bu iddia tələbi Şəmkir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-2151/2025 saylı qətnaməsi ilə ( sədrlik edən: X2) təmin edilməmişdir. Həmin qətnamədən aşağıda qeyd olunan əsaslara görə narazıdır. Qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmasını istəyir. İddianın mahiyyəti üzrə bildirir ki, iddia üzrə Cavabdeh onun keçmiş gəlinidir. Cavabdeh oğlu X1 ilə əvəllər mehriban yaşasa da, sonradan aralarında narazılıqlar baş verdiyindən onların nikahı məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh onun evinə gəlin köçmüş və oğluyla ayrılana qədər onun evində yaşamışdır. Cavabdeh onun evinə gəlin köçərkən ərizədə qeyd olunan cehiz əşyalarını özü ilə gətirmişdir. Cavabdeh oğlundan ayrıldığından artıq ailələrinin üzvü sayılmır. Cavabdeh 2015-ci il tarixindən ona məxsus olan evdə yaşamır. Onun cehiz əşyalarının xarab olma və məhv olma təhlükəsi vardır. Cavabdehə dəfələrlə müraciət edib, cehiz əşyalarını aparmasını təklif etsə də, Cavabdeh bundan imtina etmişdir. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etmişdi. Məhkəmə isə onun haqlı iddiasını təmin etməmişdir. Səbəb olaraq göstərmişdir ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(076)-1436/2015 saylı qətnaməsi ilə Cavabdeh iki uşağı ilə birlikdə ona məxsus olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bu səbəbdən də məhkəmə cavabdehə məxsus olan əşyaların onun evində saxlanmasını əsaslı hesab etmişdir. Cavabdeh Şəmkir rayon İcra və Probasoya Şöbəsinə xx.xx.2017-ci il tarixində icra sənədinin icrasına xitam verilməsi barədə ərizə göndərmişdir. Həmin ərizəyə əsasən isə xx.xx.2015-ci il tarixli 2(076)-1436/2015 saylı icra sənədinin icrasına “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsi ilə xitam verilmişdir. Bu hal isə onu göstərir ki, cavabdeh ona məxsus olan evdə yaşamır. Bu səbəbdən də onun cehiz əşyalarının ona məxsus olan evdə qalması üçün heç bir hüquqi əsas yoxdur. Hətta məhkəmə iclas zalında cavabdeh öz ifadəsində qeyd etmişdir ki, onun oğlu, yəni cavabdehin keçmiş əri yenidən ailə həyatı qurmaq istədiyi üçün o, evdən çıxıb getmişdir. Bu hal isə cavabdehin onun evində yaşamadığını göstərir. O, qoca adamdır. Öz qayğısına ancaq qala bilir. Cavabdehin əşyalarına xidmət göstərmək və onların xarab olmasının qarşısını almaq kimi bir öhdəliyi yoxdur. Eyni zamanda göstərmək istəyir ki, Cavabdeh hazırda Şəmkir rayon Məhkəməsində ona və oğlu Vüqara qarşı “əmlak tələbinə dair” iddia qaldırıb. Belə olan halda məhkəmə onun iddia tələbini nə üçün təmin etməməli idi. Məhkəmə onun təqdim etdiyi sübutları araşdırsa da onlara münasibət bildirmədən ədalətsiz qərar qəbul etmişdir. Buna görə də məhkəmə qətnaməsindən narazıdır. Hesab edir ki, məhkəmə qətnaməsi həm maddi hüquq normalarının, həm də prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkili Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh iddiaçının keçmiş gəlnidir. 2015-ci ildə məhkəmə köçürülmə ilə bağlı qərar qəbul etmişdir. İddiaçı gəlninin əşyalarını saxlaya bilmədiyini qeyd etmişdi. Birinci instansiya məhkəməsi isə evdən çıxarılmaya dair qətnaməni əsəs götürərək iddia tələblərini rədd etmişdir. Həmçinin Cavabdeh cehiz əşyalarına dair tələbi vardır. Tələb edir ki, cavabdeh gəlib hazırki əşyalarını götürsün.
14. Cavabdeh məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
15. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, qarşı tərəf ona həmin evdə yaşamağa icazə verməmişdir. 2015-ci ildə həmin evə köçmüş amma səhhətinə ziyan vurduqları üçün həmin evdə bir ay yaşamışdır. 2019-2020-ci illərdə həmin evə yenidən getmiş lakin qarşı tərəf ona yenidən evə daxil olmağa icazə verməmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, daha sonra icra məmuruna müraciət edib.
16. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkili Vəkil2 izahatında bildirmişdir ki, apellyasiya şikayətinə etiraz edir. Belə ki, iddia ərizəsində cavabdehin 14 adda əşyası olduğu qeyd edilmişdir. Halbuki cavabdehin daha çox 121 adda əşyası vardır. Həmçinin cavabdehin həmin evdə istifadə hüququ vardır, lakin Cavabdeh evə daxil olmasına icazə vermirlər. Hesab edir ki, tərəf əvvəlcə istifadə hüququnu mübahisələndirməli, daha sonra əşyalarının çıxarılmasına dair tələb qaldırmalı idi. Cavabdeh icra məmuruna dəfələrlə müraciət etmişdir. İcra məmuru Rüfət bəy icra işinə xitam verildiyini və yenidən məhkəmədə iddia qaldırmalı olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
19. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
20. Maddə 228. 28.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
21. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər
22. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
29. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
30. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
31. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
36. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsi aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin e-2(076)-2151/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
38. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı keçmiş gəlini olmuşdur. Belə ki, Cavabdeh 2007-ci il tarixdə iddiaçının oğlu Vüqar Abdullayevlə evvlənmiş və hazırki mübahisəli evə gəlin köçmüşdür. Cavabdeh ilə Vüqar Abdullayev ailə münasibətləri pozulmuş, bundan sonra Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəmkir Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh iki nəfər azyaşlı uşaqları ilə birlikdə Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən və İddiaçı adına qeyd edilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İcra zamanı Cavabdeh uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülmüşdür. Bundan sonra İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025–ci il tarixli məktubundan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1436/2015 saylı icra sənədi xx.xx.2015–ci il tarixdə şöbənin icraatına daxil olmuş və tələbkar Cavabdeh xx.xx.2017–ci il tarixli ərizəsinə əsasən icra sənədinin icrasına “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsi ilə xitam verilmişdir. Cavabdeh 1 ay həmin evdə yaşadıqdan sonra evi tərk etmişdir.
39. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Vüqar Abdullayev 2007–ci il tarixdə nikaha daxil olmuş və iddiaçı həmin vaxtdan gəlin qismində mübahisəli evə köçmüşdür. Beləliklə, yaşayış evinin tərkib hissəsindən istifadə hüququ ilə bağlı münasibətlər ilkin olaraq 2007–ci ildə yaranmışdır. Həmin münasibətlər yarandığı vaxt hazırda qüvvədə olan Mənzil Məcəlləsi, o cümlədən Mülki Məcəllənin 30.4–cü maddəsi qüvvədə olmamışdır. Mənzil Məcəlləsi 01 oktyabr 2009–cu il tarixdə qüvvəyə mindiyinə görə həmin iş üzrə mübahisəli hüquq münasibətinə Mənzil Məcəlləsinin 30.4–cü maddəsinin tətbiqinin mümkünlüyü məsələsi hüquqi mövqeyin müəyyənləşdirilməsini tələb edir. İş materialları ilə həmçinin müəyyən edilir ki, Cavabdeh xx.xx.2009–cu ildən sonra da 2017-ci ilə kimi (yəni mülkiyyətçinin oğlu ilə nikahlarının pozulmasına kimi) mübahisəli mənzildə mülkiyyətçi ilə birlikdə onun oğlunun arvadı qismində yaşamış və ümumi təsərrüfat aparmışdır. Həmin müddətdən sonra da cavabdeh çox vaxt mübahisəli evdə yaşamağa davam etmişdir. xx.xx.2009-cu il tarixdə yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsi ilə yaşayış evinin tərkib hissəsindən istifadənin yeni hüquqi əsası Məcəllənin 30.4–cü maddəsi fəaliyyətə başlamışdır. Həmin hüquqi əsas isə yaşayış evinin tərkib hissəsindən istifadə üçün belə bir hüququn əldə edilməsini iddia edən şəxsdən mülkiyyətçi ilə müqavilə bağlamağı tələb etmir. Cavabdeh mülkiyyətçiyə məxsus olan evdə digər qohum qismində (konkret işdə oğlunun arvadı qismində) yaşaması onun gələcəkdə mülkiyyətçinin keçmiş ailə üzvü kimi yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ əldə etməsinə əsas verir (Mənzil Məcəlləsinin 30.4–cü maddəsi).
40. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh iki nəfər azyaşlı uşaqları ilə birlikdə Şəmkir rayonu, Mahmudlu kəndində yerləşən və İddiaçı adına qeyd edilmiş fərdi yaşayış evinə köçürülməsi barədə Şəmkir Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə Cavabdeh mübahisəli fərdi yaşayış evinə köçürülməsinin hüquqi əsası kimi xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarını tətbiq etmişdir. Belə ki, həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə istinad etmiş, həmin normalar əsasında sonucunun yaşamaq hüququnun yaranması qənaətinə gəlmişdir. Həmin qətnamə qanuni qüvvəsinin almışdır. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisəli fərdi yaşayış evində yaşamaq hüqunun yaranması əsası kimi xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına uyğun müəyyən edilməlidir. Həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də, icarədarın ailə üzvləri hesab edilə bilərlər.
41. Lakin məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, Cavabdeh ilə Vüqar Abdullayev ailə münasibətləri pozulandan sonra mübahisəli fərdi yaşayış evini tərk etmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1436/2015 saylı qətnaməsi ilə onun mübahisəli fərsi yaşayış evinə köçürülməsi qət edilsə də cavabdeh həmin evdə daimi yaşamamışdır. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdeh izahatında da bildirmişdir ki, 2015-ci ildə həmin evə köçmüş amma iddiaçı tərəfin onun səhhətinə ziyan vurduqları üçün həmin evdə bir ay yaşamış, 2019-2020-ci illərdə həmin evə yenidən getmiş lakin qarşı tərəf ona yenidən evə daxil olmağa icazə verməmişdir.
42. Göründüyü kimi, Cavabdeh Şəmkir rayonu, Mahmudlu kəndi, R.Əliyev küçəsi 1 saylı fərdi yaşayış evini tərk edərək daimi yaşamaq üçün özünə başqa yaşayış yeri seçmişdir. Cavabdeh fərdi yaşayış evini tərk etdiyi 2017-cı ildə mübahisəli fərdi yaşayış evini könüllü tərk etdiyi vaxtdan ötən 8 il müddətində özünə başqa yaşayış yeri seçməklə fərdi yaşayış evinə ehtiyaclarının aradan qalxmışdır.
43. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur. Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servtitutdur. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
44. İş materiallarından görünür ki, cavabdehin mübahisəli evdən istifadə hüququ tanınmamışdır. Kollegiya qeyd edir ki, cavabdehin istifadə hüququnun olduğu qəbul edilsə belə, həmin hüquq mahiyyət etibarilə servitut kimi qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarına uyğun olaraq, MM-nin 255.8-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Bu baxımdan cavabdehin 2017-ci ildə cavabdehin mübahisəli fərdi yaşayış evini könüllü tərk etməsi, ötən 8 il müddətində özünə başqa yaşayış yeri seçməsi fərdi yaşayış evinə ehtiyacın aradan qalxması kimi qiymətləndirilməlidir ki, birinci instansiya məhkəməsi bu hal üzrə düzgün nəticəyə gəlməmiş, bu halı cavabdehin fərdi yaşayış evinə ehtiyaclarının aradan qalxması və onun mənzili könüllü tərk etməsi kimi qiymətləndirməmişdir.
45. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsi məhkəmə qətnaməsinin qanuni və əsaslı olmasını tələb edir.
46. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
47. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarınıqətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
48. MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, MPM-in 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmişdir.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Şəmkir Rayon Məhkəməsinin e-2(076)-2151/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin e-2(076)-2151/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh X3 məxsus 14 adda cehiz əşyaları: - iki nəfərlik çarpayı, bir ədəd termo, bir ədəd şkaf, iki ədəd tumbuçka ilə birlikdə bir dəst yataq mebeli; - bir ədəd qorka mebel; bir ədəd divan; - iki ədəd xalça; - bir ədəd iki nəfərlik döşək; - bir ədəd iki nəfərlik yun yorğan; - bir ədəd altı nəfərlik stol altı nəfərlik stulu ilə birlikdə; -bir ədəd yelləncəkli kreslo; - bir dəst mətbəx mebeli; - bir dəst müxtəlif ölçülü qazan dəsti; - iki ədəd meyvə qabı; - altı ədəd ayna pərdəsi; - dörd ədəd çilçıraq; - bir ədəd süfrə İddiaçı məxsus Şəmkir rayonu, Mahmudlu kəndi, Rüstəm Əliyev küçəsi 1 saylı fərdi yaşayış evindən çıxarılsın, Ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.