Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1965/2023 28.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(066)-663/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh “ümumi borcun ½ hissəsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə alınmış 9150 manat borcun ½ hissəsinin alınaraq ona verilməsinə və 65.75 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi olaraq ailə qurmuşdur. Cavabdeh ilə birgə nikahları zamanı birgə təsərrüfatın idarə edilməsi ilə bağlı xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-dən 6000 manat məbləğində və xx.xx.2018-ci il tarixdə isə, 3150 manat məbləğində kredit götürmüşdür. Həmin krediti tam şəkildə ödəmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Göygöl Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(066)-663/2023 saylı qətnaməsi ilə (sədrlik edən Əyyub Kərimov) iddia təmin edilmiş, tərəflərin birgə nikahı dövründə İddiaçı adına əldə edilmiş və onun tərəfindən "xxxx" ASC-yə ödənilmiş kredit ödənişlərinin yarısı olan – 4575 (dörd min beş yüz yetmiş beş) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 65.75 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(066)-663/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin həqiqi halları tam və obyektiv araşdırılmamış, qətnamə maddi-prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, o, iddiaçı ilə 2018-ci ilin fevral ayında boşanmaq qərarına gələrək uşaqlarını da götürüb atası evinə getmişdir. 2018-ci ilin noyabr ayında iddiaçı gəlib onu öz evlərinə aparmış və normal ailə kimi yaşamağa söz vermişdir. Lakin qayınanası imkan verməməsinə görə, çox qısa müddətdən sonra yenidən ayrılmışlar və atası evinə qayıtmışdır. 2018-ci ilin dekabr ayında Göygöl Rayon Məhkəməsinə boşanmaq üçün ərizə vermişdir. Bu müraciətindən sonra iddiaçının boşanmamaq üçün etdiyi təkidlərdən sonra fikrini dəyişmiş və məhkəmənin 2019-cu il tarixli qərardadı ilə boşanma işi baxılmamış saxlanılmışdır. Bundan sonra yenidən ailəsinə olan müdaxilələrə görə o, 2020-ci ildə atası evinə getmiş və məhkəməyə boşanma üçün müraciət etmişdir.Məhkəmənin 2021-ci il tarixli qətnaməsinə əsasın onunla aralarında olan nikah qeydiyyatı pozulmuş və azyaşlı uşaqların saxlanmasına görə iddiaçıdan onun xeyrinə aliment kəsilmişdir. İddiaçı 2018-ci ilin aprel və noyabr aylarında hansı bankdan hansı səbəbə görə kredit götürməsi haqqında heç bir məlumatı olmamışdır. Sonradan 2018-ci ilin noyabr ayında iddiaçı gəlib onu öz evinə aparandan sonra onun özü bildirmişdir ki, Kapital Bankdan xeyli məbləğdə kredit götürüb, o, həmin pulları nəyə xərclədiyini soruşduqda iddiaçı ona bildirmişdir ki, atan evində olmasaydın krediti də nə üçün götürdüyümü və pulu nəyə xərclədiyimi bilərdin. Bundan başqa iddiaçı 2021-ci il tarixli nikahın pozulması və aliment işində məhkəməyə verdiyi ifadəsində onunla 2020-ci ilin sentyabr ayından ayrı yaşamasını bildirsə də, məhkəmənin 08 iyun 2023-cü il tarixli iddia tələbində olan mülki işində izahat verərək münasibətlərinin 2019-cu ildə pozulmasını göstərmişdir. Bundan da aydın olur ki, İddiaçı ifadəsi və hər sözü saxtadır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Sədrlik edənin suallarına cavab olaraq isə bildirdi ki, o, 2018-ci ilin fevral ayından 2019-cu ilin yanvarınadək atası evində olmuşdur. İddiaçının götürdüyü kreditdən onun məlumatı olmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(066)-663/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, birgə nikah dövründə götürülmüş borcu cavabdehin müalicəsinə xərcləmişdir. Bütün krediti isə özü ödəmişdir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(044)-1074/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, cavabdehin nə vaxt əməliyyat olunduğunu bilmir. Cavabdeh sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, o, 2016-cı ildə əməliyyat olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(066)-663/2023 saylı qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Göygöl Rayon Məhkəməsinin 2(066)-340/2021 nömrəli, 27 aprel 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 13 aprel 2013-cü il tarixdə Göygöl rayon Qızılca kənd icra nümayəndəliyində rəsmiləşdirilmiş 03 nömrəli nikah akt qeydi pozulmuşdur. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 127CLM38401884AA nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank 30 ay müddətinə illik 26,4 faiz dərəcəsi ilə gündəlik tələbat krediti kimi İddiaçı 6000 (altı min) manat məbləğində kredit vermişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 127CLM********** nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank 24 ay müddətinə illik 25,34 faiz dərəcəsi ilə gündəlik tələbat krediti kimi İddiaçı 3150 (üç min yüz əlli) manat məbləğində kredit vermişdir. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçının birgə nikahları zamanı birgə təsərrüfatın idarə edilməsi ilə bağlı iddiaçı İsaqov X1 Bank ASC-dən xx.xx.2018-ci il tarixdə 6000 manat məbləğində və xx.xx.2018-ci il tarixdə 3150 manat məbləğində kredit götürmüşdür. Həmin kredit iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən "xxxx" ASC-dən götürülmüş pul tərəflərin birgə yaşadıqları dövürdə alınmışdır. Həmin borc isə, tərəflərin birgə ailə təsərrüfatı aparması üçün əldə edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlərin hətta 2019-cu ildən pozulması nəzərə alınsa belə, iddiaçı tərəfindən bankdan kredit 2018-ci ildə götürülmüşdür. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, o, birgə nikah dövründə götürülmüş borcu ailəsi üçün xərcləmişdir. Bütün krediti isə özü ödəmişdir. Onların münasibətləri 2019-cu ildə pozulmuşdur. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə yaşadıqları dövrdə alınmış kreditin yarısı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin edərkən, mübahisənin maddihüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33, 36.1, 36.3 və 37.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh ilə 13 aprel 2013-cü ildə rəsmi nikaha daxil olaraq evlənmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli, 127CLM38401884AA nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-dən 30 ay müddətinə illik 26,4 faiz dərəcəsi ilə 6000 manat məbləğində, xx.xx.2018-ci il tarixli, 127CLM********** nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-dən 24 ay müddətinə illik 25,34 faiz dərəcəsi ilə ilə 3150 manat məbləğində kredit götürmüşdür. Həmin kredit məbləği tərəflərin faktiki nikah münasibətlərində olmadığı müddətdə götürülmüşdür. Bununla belə, məhkəmə kollegiyasında müəyyən edildi ki, Cavabdeh 2018-ci ilin fevral ayında iddiaçı ilə aralarında olan narazılıqlara görə ayrılıb atası evinə getmiş və 2019-cu ilin noyabr ayında iddiaçı barışığa cəhd etsə də, lakin çox qısa müddət bir yerdə oılub, yenidən ayrılmışlar və 2019-cu ilin yanvarınadək atası evində olmuşdur. İddiaçı tərəfindən qeyd edilən kredit məbləğləri də həmin dövrdə, yəni xx.xx.2018-ci ildə və xx.xx.2018-ci il ildə götürülmüşdür ki, bu dövr isə onların faktiki olaraq ayrı yaşadıqları dövrə təsadüf edir. Bu isə o deməkdir ki, iddiaçı həmin məbləğləri cavabdehin məlumatı və xəbəri olmadan bankdan götürüb öz ehtiyacları üçün xərcləmişdir. Cavabdehin apellyasiya dəlilləri həm də, Göygöl Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(066)-340/2021 saylı qətnaməsi üzrə verdiyi izahatı ilə tam uyğun gəlir ki, bu da onun dəlillərinin düzgün olmasına dəlalət edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı məhkəmə kollegiyasının iclasında birgə nikah dövründə götürülmüş borcu cavabdehin müalicəsinə xərclədiyini bildirsə də, bununla bağlı heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Sədrlik edənin suallarına cavab olaraq isə bildirdi ki, cavabdehin nə vaxt əməliyyat olunduğunu bilmir. Cavabdeh isə sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, o, 2016-cı ildə əməliyyat olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qismən işin həqiqi hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qismən səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən edə bilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(066)-663/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(066)-663/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə alınmış 9150 manat borcun ½ hissəsinin alınaraq ona verilməsinə və 65.75 manat dövlət rüsumunun tutulmasına dair iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1965/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1965/2023
28.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver