Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1975/2023 21.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli 2(058)-624/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında 01 avqust 1969-cu il tarixli AZ seriyalı ******* nömrəli şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxx 1969-cu il tarixdə Xanlar rayonunda anadan olmuş, atası İddiaçı, anası X1.
2. Samux rayon qeydiyyat şöbəsinin 16 mart 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 xx xxx 1999-cu il tarixdə Samux rayonunda anadan olmuş, atası İddiaçı, anası X4r.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair Samux Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərin hər birindən 220 manat olmaqla, cəmi 440 manat aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1969-cu il təvəllüdlü Elmira və xx xxx 1999-cu il təvəllüdlü Aytac onun qızlarıdır. Əmək qabiliyyətli deyil və heç bir yerdə işləmir. Yaşa görə hər ay 326 manat pensiya alır və bu da onun müalicəsi üçün kifayət etmir. Qızları isə ona maddi köməklik etmir. Halbu ki, cavabdehlərin kifayət qədər maddi imkanı var. Bu barədə Samux 1 saylı Mediasiya təşkilatına müraciət etmiş, lakin heç bir razılıq əldə olunmamışdır.
5. Samux Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli 2(058)-624/2023 nömrəli qətnaməsi ilə (hakim T.Kərimova) iddia tələbi təmin edilməmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1, 83.1 maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 213, 217.4, 216-220, 233, 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Beləki, 326 manat pensiya onun yaşayışı və müalicəsi üçün kifayət etmir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsi və şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 320 manat pensiya alır və həmin məbləğ ona kifayət etmir. Qızları Aytac və Elmira fəhlə işləsələrdə kifayət qədər qazanc əldə edirlər. Buna baxmayaraq ona maddi köməklik göstərmirlər. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, bildirmişdir ki, Gəncə Qalasında satıcı işləyir və 150-160 manat aylıq qazancı olur. Həmçinin himayəsində az yaşlı uşağı var. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin ona münasibətdə təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 ərizə təqdim edərək hər ay 150 manat aliment ödəməyə razı olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
13. Maddə 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.
14. Maddə 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.
15. Maddə 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.
16. Maddə 82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır.
17. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi:
22. Maddə 384.0.2. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
23. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
24. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
27. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Samux Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli 2(058)-624/2023 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə ləğv olunmalı, sonuncudan hər ay 150 manat aliment alınaraq İddiaçı verilməli, Cavabdeh1 münasibətdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, İddiaçı aldığı 320 manat pensiya ilə maddi ehtiyaclarını qarşılamaqda çətinlik çəkdiyini əsas gətirərək cavvabdehlərə (qızlarına) qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir.
31. Bu qətnamənin 29-cu bəndində də qeyd olunduğu kimi kollegiya Cavabdeh1 münasibətdə iddianın təmin edilməməsi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsada, Cavabdeh2 münasibətdə iddianın rədd edilməsi hissədə razılaşmır və gəldiyi nəticəni onunla əsaslandırır ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh iddianın ona münasibətdə təmin edilməsinə etraz etmədiyini bildirmişdir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi iddianı ona münasibətdə də rədd etmişdir. Apellyasiya icraatı zamanı da Cavabdeh2 ərizə verərək atası Qöşqar Priyevə 150 manat aliment ödəməyə etiraz etmədiyini bildirmişdir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Qeyd olunan Məcəllənin 191.3. maddəsində əsasən cavabdeh tərəfindən idia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkıəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh2 iddianı qismən etiraf etdiyi üçün kollegiya hesab edir ki, qətnamə ona münasibətdə ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh2 sabit pul məbləğində hər ay 150 manat aliment alınaraq iddiaçı X2 verilməlidir.
33. Yuxarıda da qeyd olunduğu kimi Cavabdeh1 münasibətdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas deyil. Belə ki, iddiaçı X5 Piriyevanın maddi vəziyyətinin yaxşı olmasını qeyd etsədə, lakin o, bu barədə məhkəməyə hər hansı bir möhtəbər sübut təqdim etməmişdir. Əksinə məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Aytac Priyevanın daimi iş yeri yoxdur və sonuncunun aylıq gəliri 150-200 manat təşkil edir. Eləcədə himayəsində bir azyaşlı uşağı var.
34. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən, 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat müəyyən olunmuşdur. Göründüyü kimi pensiyaçılar üçün yaşayış minimumu 199 manat müəyyən olunmuş və iddiaçı həmin məbləğdən artıq aylıq gəlirə malikdir.
35. Göründüyü kimi, İddiaçı yaşa görə 326 manat əmək pensiyası aldığı halda, qızı Aytac Priyevanın isə aylıq gəliri ölkə üzrə müəyyən olunmuş 246 manat yaşayış minimumundan da aşağıdır.
36. Qyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə iddianın təmin edilməməsi hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, Cavabdeh2 hər ay 150 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməli, alimentin tutulmasının başlanğıcı 11 aprel 2023-cü il tarixdan hesablanmalı, qətnamə bu hissədə dərhal icra edilməli, qətnamə Cavabdeh1 münasibətdə iddianın təmin edilməməsi hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.
37. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə (cavabdehlərin hər birinə münasibətdə) alimentin bir illik məcmusu 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli 2(058)-624/2023 nömrəli qətnaməsi Cavabdeh2 münasibətdə iddianın təmin edilməməsi hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh2 hər ay 150 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Alimentin tutulmasının başlanğıcı 11 aprel 2023-cü il tarixdən hesablansın və qətnamə dərhal icra edilsin. Qətnamə Cavabdeh1 münasibətdə iddianın təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.