Məhkəmə qərarları › İş №2(104)-1985/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1985/2023

20.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1985/2023 20.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin azaldılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1 və cavabdeh İsmayılova (Qurbanova) Aytac Kamran qızının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 03 may 2023-cü il tarixli 2(125)-2055/2023 nömrəli qətnaməsindən cavabdeh İsmayılova (Qurbanova) Aytac Kamran qızı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(046)-376/2020 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh2 iddiası təmin edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı aylıq qazancının 1/4 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir.

2. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1355/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 iddiası təmin edilmiş, xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin və Turqay üç yaşına çatanadək hər ay 70 manat alimentin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir.

3. Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli İddiaçı Gəncə şəhər Baş Polis İdarəsinin Xüsusi Təyinatlı Bölüyünün polis nəfəri, polis baş serjantı işləyir və onun aylıq əmək haqqı vergilər çıxıldıqdan sonra 1113,56 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, ondan Cavabdeh1 xeyrinə xx.xx.2022-ci il təvəllüdlü oğlu Turqayın saxlanılması üçün tutulan alimentin və Cavabdeh2 xeyrinə xx.xx.2019-cu il təvəllüdlü qızı Elayın saxlanılması üçün tutulan alimentin miqdarını azaldıb, hər biri üçün qazancının 1/6 hissəsi miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1355/2022 №-li qətnaməsi ilə ondan Cavabdeh1 xeyrinə xx.xx.2022-ci il təvəllüd oğlu Turqay Qurbanlının saxlanılması üçün hər ay qazancının ¼ hissəsi miqdarında aliment, üstəlik Cavabdeh1 özünün Turqayın 3 yaşı tamam olana kimi saxlanılması üçün 70 manat miqdarında aliment tutulmasını qət edilmişdir. Ondan hər ay qazancının 1/4 hissəsi miqdarında aliment həm də Göyçay rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-376/2020 №-li qətnaməsi ilə Cavabdeh2 xeyrinə xx.xx.2019cu il təvəllüdlü qızı Elay Qurbanzadənin saxlanılması üçün tutulur. Aylıq qazancının 1/2 hissəsi bu minvalla aliment tutulduğundan ona qalan yalnız o biri 1/2 hissəsidir ki, bu isə ailə qanunvericiliyi ilə ziddiyyət təşkil edir.

6. Bundan sonra cavabdeh İsmayılova (Qurbanova) Aytac Kamran qızı iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Etiraz onunla əsaslandırılmışdır ki, iddianı qəbul etmir, iddiaçı tələbini aylıq qazancının 1/2 hissəsinin alimentə tutulması, özünə qazancının ½ hissəsinin qalması, bu halın ailə qanunvericliyi ilə ziddiyyət təşkil etməsi ilə əsaslandırmış, bu zaman Ailə Məcəlləsinin 76.1 və 76.1.2-ci maddələrinə istinad edərək həmin maddələri səhv təfsir etmişdir. İddia tələbinin əsasları ilə razı deyil. Belə ki, iddiaçının dəfələrlə ailə qurub hər arvadından uşaq sahibi olaraq uşaqların saxlanması üçün aliment ödəməsi onun qızının hüquqlarının pozulması üçün əsas ola bilməz. İddiaçı maddi normanı öz mənafeyinə uyğun dəyişərək qızının saxlanılması üçün qazancının 1/6 hissəsinin tutulmalı olduğunu göstərir. Halbuki, Ailə Məcəlləsinin 76.1.1-ci maddəsi imperativ xarakterli normadır. Yəni, hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda alimentin tutulması məcburidir. Qanunvericilikdə 1 uşağa görə qazancın 1/6 hissədə tutulması nəzərdə tutulmamışdır. Bundan başqa, o, azyaşlı qızı ilə birlikdə valideynlərinin himayəsində yaşayır, heç bir yerdə işləmir. İddiaçı qazancından tutulan alimentdən başqa uşağının saxlanılması üçün ona heç bir maddi köməklik göstərmir. Hətta, ona hədiyyə olunmuş qızıl-zinət əşyalarını belə qaytarmamışdır. Yəni onun maddi vəziyyəti iddiaçının maddi vəziyyətindən pisdir. Göründüyü kimi, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir.

8. Gəncə Şəhər Məhkəməsinin 03 may 2023-cü il tarixli 2(125)-2055/2023 nömrəli qətnaməsi (hakim Fuad Fərhadov) ilə iddianın təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 2(046)-376/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin məbləği dəyişdirilməsi, İddiaçı, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərin) 1/6 hissəsi miqdarında aliment tutularaq Cavabdeh2 ödənilməsi, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1355/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında tutulmuş alimentin məbləği dəyişdirilməsi, İddiaçı, xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay qazancının (başqa gəlirlərin) 1/6 hissəsi miqdarında aliment tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, o, məhkəmə aktları ilə xx.xx.2019-cu il təvəllüdlü X5 üçün İddiaçı qazancından 1/4, xx.xx.2022-ci il təvəllüdlü X6 üçün isə 1/4 hissəsində aliment tutulmuşdur. Beləliklə, iddiaçıdan ümumilikdə tutulan alimentin həcmi onun qazancının yarısını təşkil edir. Yaranmış vəziyyət isə Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələblərinə uyğun deyil. Qeyd olunan normanın tələbinə görə iddiaçıdan aliment şəklində iki uşaq üçün tutulan alimentin miqdarı onun aylıq qazancının üçdə birini (iki uşağın hər biri üçün ayrılıqda altıda birini) təşkil etməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməklə iddiaçıdan xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh2 xeyrinə Göyçay Rayon Məhkəməsinin 2(046)-376/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin məbləği azaldılmalı və iddiaçının qazancının 1/6 hissəsi məbləğində müəyyən edilməli, eyni zamanda iddiaçıdan xx.xx.2022-ci il təvəllüdlü X2 üçün Cavabdeh1 xeyrinə Gəncə Şəhər Məhkəməsinin 2(125)-1355/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin (uşaq üç yaşına çatanadək hər ay 70 manat alimentin tutulması hissəsi istisna olmaqla) məbləği azaldılmalı və iddiaçının qazancının 1/6 hissəsi məbləğində müəyyən edilməlidir.

10. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2 və 112.1 maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh İsmayılova (Qurbanova) Aytac Kamran qızı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 03 may 2023-cü il tarixli 2(125)-2055/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Ailə Qanunvericiliyndə bir uşağın saxlanılması üçün qazancın 1/6 hissəsi miqdarında alimnetin tutulması nəzərdə tutulmamışdır. Məhkəmə qızının saxlanılması üçün iddiaçının qazancından tutulan ¼ hissə alimenti digər cavabdehin, yəni iddiaçının ondan sonrakı arvadının oğlunun saxlanılması üçün iddiaçının qazancından tutulan 1/4 hissə alimentlə toplayaraq iddiaçıdan ümumilikdə tutulan alimentin həcminin onun qazancının yarısını təşkil etməsinin Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələblərinə uyğun gəlməməsi kimi qiymətləndirmiş, maddi normanı düzgün təfsir etməmişdir. Belə ki, istinad olunan normanın tələbinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə iddiaçıdan aliment şəklində iki uşaq üçün tutulan alimentin miqdarı onun aylıq qazancının üçdə birini (iki uşağın hər biri üçün ayrılıqda altıda birini) təşkil etməsi barədə səhv qənaətə gəlmişdir. Belə ki, Cavabdeh1 öz oğlunu, o da öz qızını birlikdə deyil, ayrı-ayrı saxlayırlar.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İsmayılova (Qurbanova) Aytac Kamran qızının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. İş üzrə İddiaçı, cavabdehlər İsmayılova (Qurbanova) Aytac Kamran qızı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. İddiaçı və cavabdeh Aytac İsmayılova (Qurbanova) vəkil və nümayəndə ilə təmsil olunmuşlar. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

18. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

19. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

20. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

21. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

22. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

23. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

24. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

25. Maddə 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.

“Uşaq hüquqları haqqında” Konvensiya

26. Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarı

27. 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

28. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

29. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.

Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunu

30. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;

34. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

39. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

40. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

41. Maddə 402.2 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

42. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

45. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.

47. İlkin olaraq kollegiya qeyd edir ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuş və iş üzrə düzgün olmayan nəticəyə gəlinmişdir. Birinci instansiya məhkəməsi alimentin azaldılması barədə nəticəyə gələrkən Ailə Məcəlləsinin 76-cı maddəsinə yanlış təfsir etmiş və bununla da düzgün olmayan nəticəyə gəlmişdir. Maddi hüquq normalarının səhv və ya düzgün tətbiq edilməməsi isə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır.

48. Azərbaycan Respublikasının MPM-in 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

49. Azərbaycan Respublikasının MPM-in 386-cı maddəsinə görə, мaddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

50. İddia tələbinin hüquqi əsaslılığı ilə bağlı kollegiya aşağıdakıları qeyd edir.

51. Belə ki, işin kollegiya tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı cavabdeh İsmayılova (Qurbanova) Aytac Kamran qızı ilə xx.xx.2018-ci il tarixdə nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2019-cu il tarixdə Elay adında uşaqları doğulmuşdur. Daha sonra aralarında olan narazılıqlara görə ayrılmışlar. İddiaçı Cavabdeh2 azyaşlı uşağın saxlanması üçün maddi yardım etmədiyi üçün sonuncu məhkəməyə müraciət etmiş və Göyçay Rayon Məhkəməsinin 2(046)- 376/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 iddiası təmin edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı aylıq qazancının 1/4 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Daha sonra iddiaçı digər Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşdur. Onların birgə nikahlarından xx.xx.2022-ci il tarixdə Turqay adında uşaqları doğulmuşdur. Lakin, sonuncular ailə daxili narazılıqlar olduğu üçün sonra ayrılmışlar. İddiaçı azyaşlı uşağın saxlanmasına yardım etmədiyi üçün Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1355/2022 nömrəli qətnaməsi ilə, Cavabdeh1 iddiası təmin edilmiş, xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin və Turqay üç yaşına çatanadək hər ay 70 manat alimentin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Hazırda isə iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək hər iki nikahdan olan uşaq üçün alimentin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında tutulmasının onun mənafeinə zidd olduğundan alimentin qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında təyin edilməsini xahiş etmişdir.

52. İlkin olaraq qeyd olunmalıdır ki, ailə hüquq münasibətlərində uşaq hüquqlarına xüsusi önəm verilir və onların hüquqlarına toxunan bütün məsələlərin həllində uşaqların hüquqları üstün tutulur.

53. Bu, uşaq hüquqları ilə bağlı bir sıra milli və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktlardan irəli gəlir. Belə ki, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

54. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

55. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır.

56. Uşaq hüquqlarının sırasında uşağın valideynlərindən aliment almaq hüququ xüsusi yer tutur. Çünki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələri).

57. Uşağın aliment hüququ iki formada - məhkəmədənkənar və məhkəmə qaydasında həll olunur.

58. Alimentin ödənilməsinin məhkəmədənkənar qaydası Ailə Məcəlləsinin 94-cü maddəsində müəyyən olunmuşdur. Həmin normaya görə aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment ödənilməsi barədə saziş notariat qaydasında təsdiq edildikdə, icra vərəqəsi qüvvəsinə malik olur.

59. Alimentin məhkəmə qaydasında tutulmasının əsasları isə Ailə Məcəlləsinin 75.4cü və 76.1-ci maddəsində müəyyən olunmuşdur. Ailə Məcəlləsinin 75.4-cü maddəsində deyilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

60. Ailə Məcəlləsinin 76.1-ci maddəsində göstərilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görəqazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda tutulur.

61. Birinci instansiya məhkəməsi iddia tələbini əsaslı hesab edərək, iddianı təmin etmişdir.

62. Məhkəmə həmin nəticəyə gələrkən qeyd etmişdir ki, məhkəmə aktları ilə xx.xx.2019-cu il təvəllüdlü X5 üçün İddiaçı qazancından 1/4, xx.xx.2022-ci il təvəllüdlü X6 üçün isə 1/4 hissəsində aliment tutulmuşdur. Beləliklə, iddiaçıdan ümumilikdə tutulan alimentin həcmi onun qazancının yarısını təşkil edir. Yaranmış vəziyyət isə Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələblərinə uyğun deyil. Qeyd olunan normanın tələbinə görə iddiaçıdan aliment şəklində iki uşaq üçün tutulan alimentin miqdarı onun aylıq qazancının üçdə birini (iki uşağın hər biri üçün ayrılıqda altıda birini) təşkil etməlidir.

63. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının cavabdehlər ilə birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X6 üçün qazancın (başqa gəlirlərin) 1/6 hissəsi məbləğində alimentin tutulması qanunsuzdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Ailə Məcəlləsinin 76.1-ci maddəsində uşaqlar üçün aliment məbləğinin 1/6 hissəsi miqdarında tutulması müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi göstərilən Qanunu yanlış təfsir edərək, əvvəlki məhkəmə qətnamələri ilə hər uşağın hər birinə ¼ hissədə aliment təyin edildiyindən, hazırki Ailə Məcəlləsinin 76.1.2-ci maddəsində 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulduğu üçün iki uşağın hər biri üçün ayrılıqda altıda birini təyin etmişdir.

64. Həmçinin, iddiaçının Cavabdeh2 ilə birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü Elay adlı uşaq və Cavabdeh1 ilə birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü Turqay adlı uşaq doğulmuşdur. Göründüyü kimi, iddiaçı iki müxtəlif nikahdan doğulmuş uşaq üçün qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment ödəyir. Birinci instansiya məhkəməsi isə aliment təyin edilən uşaqların hazırda ayrı-ayrılıqda fərqli valideynlərinin (cavabdehlərin) yanında, başqa-başqa ünvanlarda yaşamasını və uşağın maraqlarının daha yaxşı təmin edilməsini nəzərə almamışdır.

65. Digər tərəfdən isə məhkəmə qətnamələri ilə, iddiaçıdan ümumilikdə tutulan alimentin həcminin sonuncunun qazancının yarısını təşkil etməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır.

66. Çünki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

67. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

70. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

71. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməməlidir.

72. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddia tələbi təmin edilmədiyindən, hazırki iddianın alimentin tutulmasının azaldılması hissəsində iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

73. Ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilməlidir.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 03 may 2023-cü il tarixli 2(125)-2055/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin azaldılması tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilsin. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar