Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1986/2025 25.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: alimentin azaldılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 26 avqust 2025-ci il tarixli 2(125)-3757/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 noyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X2 xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşlar;
2. Doğum haqqında şəhadətnamələrdən görünür ki, İddiaçı və X1 birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 doğulmuşdur;
3. İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat birliyində yaşıllaşma şöbəsində briqadir vəzifəsində işləməklə orta aylıq əmək haqqı cəmi hesablanmaqla 580 manat, çatan vəsait 483.3 manat təşkil edir;
4. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(125)-49/2025 nömrəli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilmiş; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-1404/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuş; xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır;
5. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır;
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(125)-49/2025 nömrəli qərardadına əsasən müəyyən edilmiş minimum əmək haqqının 0,89 misli həddində sabit pul məbləğində alimentin miqdarının azaldılması və xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci il tarixdə yenidən nikaha girmiş, həmin nikahdan onun 2015 və 2016-cı illərdə iki uşağı anadan olmuşdur. Hazırda o Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində işləyir və aylıq əmək haqqı 580 manat, ümumi ələ çatası vəsait isə 483 manat təşkil edir. Onun heç bir yerdən gəliri yoxdur, maddi imkanı zəifdir, ailəsini yalnız əmək haqqıyla təmin edir. Hazırda oğlu Emilin yetkinlik yaşına çatanadək saxlanması üçün 200 manat məbləğində aliment ödəyə bilər.
8. Gəncə Şəhər Məhkəməsinin 26 avqust 2025-ci il tarixli 2(125)-3757/2025 nömrəli qətnaməsi ilə (hakim Xədicə səfərli) iddia qismən təmin edilərək, Gəncə Şəhər Məhkəməsinin 8(125)-49/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ilə indeksasiya edilmiş alimentin məbləğinin dəyişdirilməsi; İddiaçı xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 110.2 və 112.1,-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay 160 manat sabit pul məbləğində alimentin və xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay 30 manat məbləğində pul vəsaitinin İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Həmin il üçün «Minimum aylıq əməkhaqqının artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli sərəncamına əsasən minimum əməkhaqqının məbləği 180 manat müəyyən edilmişdir. Lakin, həmin vaxtdan aliment məbləğinin artırılması tələbi ilə məhkəməyə tərəfindən müraciət olunmamışdır. Halbuki, hər il yaşayış minimumuna uyğun olaraq alimentin miqdarı artırılmışdır. Övladı Emilin aylıq tələbatları və müalicə xərcləri xeyli artdığına görə məcbur olub aliment miqdarının artırılması və hər il yaşayış minimumuna uyğun olaraq indeksasiya olunması ilə bağlı 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(125)-49/2025 nömrəli qərardadına əsasən alimentin miqdarı 0.89 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir. Hazırda isə ilin sonudur və 2026-cı il üçün yaşayış minimumunun məbləğinin artırılması da nəzərdə tutulmuşdur. Bundan başqa Emilin müalicə məsrəfləri də nəzərə alınmalıdır. Buna görə də hesab edir ki, alimentin məbləği azaldılmamalıdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh işləmir. Himayəsində olan uşağın səhhətində problemlər var və müalicəyə ehtiyacı var. Yaşayış minimumu artıb və 2026-cı ildə daha da artacaq. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, cavabdehin himayəsindəki uşaq məktəblidir, ehtiyacları çoxdur və bundan əlavə uşağın müalicələri də xərc tələb edir. Cavabdeh özü də işləmir və hər hansı gəliri yoxdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında İddiaçı Rza oğlu apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, 2015-ci ildə yenidən nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan 2 uşağı var. Maddi vəziyyəti 200 manatdan artıq aliment ödəməyə imkan vermir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, əməkhaqqısı 483 manatdır və başqa da gəliri yoxdur. İddiaçı Rza oğlu sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. O, məhkəmə iclasında nümayəndə (vəkil) vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
16. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
23. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
27. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin məzmunundan müəyyən edilir ki, qətnamə iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Belə olan halda qətnamənin qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «İddiaçı xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi» hissədə dəyişdirilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,60 misli həddində sabit pul məbləğində müəyyən edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün ata İddiaçı ana Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində sabit pul məbləğində aliment tutulur. Bununla belə müəyyən edilir ki, İddiaçı xx.xx.2015-ci il tarixdə X2 ilə nikaha daxil olaraq ailə qurmuşdur və həmin nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 doğulmuşdur. İddiaçı ailə vəziyyətində dəyişiklik olduğunu və müəyyən edilmiş aliment məbləğini ödəməkdə çətinlik çəkdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
30. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
31. Hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azaldılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
32. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
33. Kollegiyanın qənaətinə görə hazırkı işdə Ailə Məcəlləsinin 112-ci maddəsinin tətbiqi üçün qanuni əsaslar vardır. Belə ki, iddiaçının maddi vəziyyəti dəyişmişdir, onun sonrakı ailə münasibətindən xx.xx.2015-ci il təvəllüdlü Gülnar və xx.xx.2016-cı il təvəllüdlü Ərtoğrul adlı uşaqları vardır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-1404/2019 nömrəli qətnaməsi ilə aliment təyin edilən vaxt iddiaçının sonrakı nikahdan olan Gülnar adlı uşaq 4, digər Ərtoğrul adlı uşaq isə 3 yaşında olmuşlar. Hazırda həmin uşaqların birinin 9, digərinin 10 yaşı olmaqla iddiaçının himayəsindədirlər və onların geyim, qida, sağlamlıq, təhsil xərcləri vardır. Digər tərəfdən iddiaçının hazırda aldığı əməkhaqqı müvafiq tutulmalardan sonra 483.3 manatdır. xx.xx.2012-ci il təvəllüdlü Emil adlı uşağın saxlanılması üçün İddiaçı tutulan aliment məbləği isə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.89 misli həddindədir (cari günə 356 manat). Hərçənd ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Nəzərə alınsa ki, sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti nəzərə alınmaqla təyin edilir, bu halda hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.89 misli həddində iddiaçıdan tutulan aliment məbləği onun maddi və ailə vəziyyətinə münasibətdə yolverilən deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq alimentin məbləğinin dəyişdirilməsinin (azaldılması) mümkünlüyü barədə nəticəyə gəlmişdir.
35. Bununla yanaşı iddiaçıdan tutulmalı olan alimentin yeni məbləğinə münasibətdə kollegiya vurğulayır ki, birinci instansiya məhkəməsinin təyin etdiyi hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment uşağın mənafeyinə uyğun sayıla bilməz.
36. Belə ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
37. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir; 2025-ci il üçün minimum əməkhaqqı məbləği isə 400 manat müəyyən edilmişdir.
38. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
39. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur.
40. Tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu, eləcə də uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçıdan tutulmalı olan alimentin miqdarı hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,60 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Kollegiyanın qənaətinə görə, bu miqdarda sabit pul məbləğində aliment hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatandır. Həm də bu məbləğ xx.xx.2012-ci il təvəllüdlü Emil adlı uşağın mənafeyinə uyğun olmaqla tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir.
41. Məhkəmə kollegiyası izah edir ki, yoxlanılan hissədə alimentin bir il ərzində məcmusu 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 26 avqust 2025-ci il tarixli 2(125)-3757/2025 nömrəli qətnaməsi «İddiaçı xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi» hissədə dəyişdirilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,60 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.