Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2034/2024 30.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (anası) X2 və cavabdeh X12 vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh X15 qarşı aliment tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3928/2024 saylı qətnaməsindən cavabdeh X20 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3928/2024 saylı qətnaməsi ilə (hakim F.Fərhadov) iddianın qismən təmin edilməsi, X10, xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, X10, ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pulun tutularaq İddiaçı ödənilməsi, X10 44 (qırx dörd) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Cavabdeh X20 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İşin hallari: İddiaçı cavabdeh X15 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bütün rəsmi gəlirlərinin dörddə bir hissəsi miqdarında və ya ayda 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin 2(076)-1169/2016 nömrəli, 04 mart 2016-cı il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək əvvəlki alimentin miqdarının artırılmasına dair dəqiqləşdirmə ərizəsini geri götürmüş, xx.xx.2012-ci il təvəllüdlü qızı X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, qeyd etmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1169/2016 nömrəli, 04 mart 2016-cı il tarixli qətnaməsi üzrə icra sənədinə xitam verilmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə onların xx.xx.2005-ci il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü Axundova Nigar qızı adlı uşaqları olmuşdur. xx.xx.2005-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatmışdır. Hazırda övladı böyüyür və onun maddi ehtiyacları var. Ərzaq, paltar və digər yaşayış tələbatlarının qiymətləri günü-gündən bahalaşır. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır, ona heç bir mənəvi dəstək göstərmir, valideyn olaraq tərbiyəsi ilə məşğul olmur. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşağın atasına qarşı ehtiyac və tələbatı artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlməmişdir Belə ki, məhkəmə qətnaməsinə diqqət yetirdikdə görünür ki, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş sübuta əsasən şəxsin aylıq maaşı göstərilib. Lakin buna baxmayaraq həmin sübut nəzərə alınmayıb və şəxsdən 200 manat məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. Himayəsində 2 azyaşlı uşaqları vardır. Lakin məhkəmə alimentin miqdarını müəyyən edən zaman həmin məsələni nəzərə almamışdır. Bu səbəbdən məhkəmə tərəfindən qəbul edilmiş qətnamə ədalətli hesab edilə bilməz. Digər uşaqlara və bütünlükdə ailənin saxlanması ilə bağlı şəraitin pisləşməsi özlüyündə ədalətli yanaşma hesab edilə bilməz. Bundan başqa məhkəmə qətnaməsindən görünür ki, əvvəllər Şəmkir rayon Məhkəməsinin qətnaməsi ilə 100 manat məbləğində aliment müəyyən edilmişdir. Sonradan iddiaçı alimnetlə bağlı olan icra vərqinə xitam verilməsini tələb etmiş və onun tələbi yerinə yetrilmişdir. Yəni alimentdən imtina etmişdir. İddia tələbindən də göründüyü kimi əvvəlki iddia üzrə deyil yeni idda üzrə aliment tələb edilmişdir. Əgər əvvəlki iddia üzrə edilmiş olsa bu alimentin artırılması ilə bağlı ola bilərdi. Məhkəmə qtnaməsində iddiaçının qaldrıdığı iddianı təsdiq edəcək heç bir sübut göstərilməmişdir. Əksinə məhkəmə tərəfindən göstərilən məsələlər cavabdehin xeyrinə olmuşdur. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü və cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X7 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (anası) X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2012-ci ildə anadan olmuşdur, atası X20, anası İddiaçıdır. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-1169/2016 nömrəli, 04 mart 2016-cı il tarixli qətnaməsində görünür ki, qətnamə ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh 05 fevral 2016-cı ildən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2012ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat sabit pul məbləğində alimentin İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-253/2017 nömrəli, 30 mart 2017-ci il tarixli qətnaməsindən görünür ki, qətnamə ilə Cavabdeh iddiası təmin edilərək Cavabdeh İddiaçı yanında olan xx.xx.2012-ci il təvəllüdlü Nigar adlı uşaqla ünsiyyətdə olması üçün hər həftənin şənbə günü saat 16:00-dan bazar günü saat 19:00dək gecəni onun evində qalmaqla görüş vaxtının müəyyən edilməsi və həmin müddətlərdə uşağın görüş üçün Cavabdeh verilməsi qət edilmişdir İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-254/2017 nömrəli, 30 mart 2017-ci il tarixli qətnaməsindən görünür ki, qətnamə ilə Cavabdeh iddiası təmin edilərək, 21 dekabr 2005-ci il təvəllüdlü Nərgiz adlı azyaşlı uşağın İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir İş materiallarında olan Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İ seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli “adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamə”dən görünür ki, Cavabdeh adını, ata adını və soyadını X20 olaraq dəyişdirmişdir. İş materiallarında olan Gəncə Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Səməd İsmayılov tərəfindən Şəmkir Rayon Məhkəməsinin 2(076)-1169/2016 nömrəli, 04 mart 2016-cı il tarixli icra sənədi üzrə qəbul edilmiş “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 23 iyun 2016-cı il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1169/2016 nömrəli, 04 mart 2016-cı il tarixli icra sənədi icra olunması üçün borclunun əmək pensiyasını aldığı yer üzrə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Gəncə Şəhəri üzrə İcra İdarəsi tərəfindən Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanlanmış 10 may 2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, tələbkar İddiaçı xx.xx.2017-ci il tarixdə Gəncə Şəhəri üzrə İcra İdarəsinə ərizə ünvanlayaraq icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir, odur ki, tələbkar İddiaçı ərizəsi baxılması üçün Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu İsmayıl İsmayılov tərəfindən qəbul edilmiş 16 may 2017-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)-1169/2016 nömrəli, 04 mart 2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İV seriyalı, 694539 nömrəli, xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur, atası X20, anası X9r İş materiallarında olan Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İV seriyalı, 694540 nömrəli, xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur, atası X20, anası X9r. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işəgötürəni baş mühasib X3 ilə X20 arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, X20 həmin MMC-də inkişaf meneceri vəzifəsində işə qəbul edilmiş, onun xx.xx.2024-cü il tarixindən işə başlaması və ona hər ay 384 manat məbləğində əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2015-ci il tarixli Cavabdeh barəsində məlumatından görünür ki, o, ikinci dərəcəli əlildir, əlilliyi hərbi xidmət dövrü ilə əlaqədardır, müayinə tarixi xx.xx.2015-ci il olmaqla, növbəti müayinə tarixi xx.xx.2016-cı ildir. TSEK-in diaqnozu digər xroniki pankreatitlər, xarici sekresiya funskiyasının pozulması ilə, qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası, bağırsaqda sorulmanın dəqiqləşdirilməmiş pozğunluğu, mədə-bağırsaq funskiyasının pozulmasıdır İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Hospitalının hərbi həkim komissiyası tərəfindən verilmiş və 03 iyul 2013-cü il tarixli, 06 nömrəli xəstəlik haqqında şəhadətnaməyə və 03 iyul 2013-cü il tarixli, 629 nömrəli qərara əsasən Cavabdeh qoyulan diaqnoz tez-tez residivləşən və kəskinləşmələrlə müşayiət olunan xroniki pankreatit, orta ağır gedişli, davamlı kəskin ağrı sindromu və xarici sekretor funksiyanın pozulması, qaraciyərin pis distrofiyası, xroniki hepatoxolesistit, xroniki qastrit, İ dərəcəli alimentar piylənmədir. Xəstəliklər xidmət dövründə alınmışdır. Belə ki, o, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Müşayiətçiyə ehtiyac yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən Regional filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-A-177392/2024 nömrəli arayışdan görünür ki, X20 DSMF publik hüquqi şəxsinin Gəncə-Daşkəsən Regional filialından X23 və Sosial X5 məlumata əsasən heç bir növ əmək pensiyası, sosial müavinət və təqaüd almır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə onların xx.xx.2005-ci il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X17 adlı uşaqları olmuşdur. xx.xx.2005-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatmışdır. Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)-1169/2016 nömrəli, 04 mart 2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verildiyindən iddiaçı X17 adlı uşağın saxlanması üçün cavabdehdən aliment tutulması barədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə uşağın mənafeyini nəzərə alaraq yetkinlik yaşına çatmamış xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay 200 manat miqdarında alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsini qət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir İşdən görünür ki, məhkəmə iddia tələbini qismən - 200 manat miqdarında müəyyən edərkən işin bütün hallarını, o cümlədən cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasına əsaslanmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərində göstərilir ki, məhkəmə alimentin məbləğini müəyyən edərkən onun maddi vəziyyətini, yeni ailə həyatı qurduğunu, himayəsində 2 azyaşlının olmasını nəzərə almamışdır. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qazancının az olması kimi dəlili ilə razılaşmır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, mübahisənin həllində maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3928/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1-cü maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X20 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3928/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2034/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2034/2024
30.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver