Məhkəmə qərarları › İş №2(104)-2037/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2037/2024

29.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2037/2024 29.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 04 iyul 2024-cü il tarixli 2(125)-2962/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilmədiyindən onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi və İddiaçı ona dəymiş mənəvi ziyanla bağlı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır;

2. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 12 mart 2024-cü il tarixli qərardan görünür ki qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilmədiyindən onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi və İddiaçı ona dəymiş mənəvi ziyanla bağlı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hərəkətləri nəticəsində onu mənəvi iztirablara qoymaqla vurduğu mənəvi ziyanı 100000 manat dəyərində qiymətləndirib həmin 100000 vəsaitin cavabdehdən tutaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göygöl şəhəri 21/2-ci kvartalda ailəsi ilə birlikdə yaşamaqla subaydır. Cavabdeh ilə bir ildən artıqdır ki, tanış olmuşdur. Fərid iş adı ilə onunla tanış olduqdan sonra münasibətləri yaranmışdır. 2023-cü ilin sentyabr ayının əvvəli xatırlamadığı tarixdə saat 01:00 radələrində Cavabdeh ona zəng edərək işlə bağlı danışmaq istədiyini bildirmiş, bu səbəbdən onu özünə məxsus avtomobil ilə yaşadığı ünvandan götürüb Göygöl rayonu, ərazisində tanımadığı yerə aparmışdır. Həmin yerdə avtomobili saxladıqdan sonra onun arxa sərnişin oturacağına keçməsini istəmişdir. O, arxaya keçəndən sonra Fəriddə arxaya keçib onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, bundan sonra onu maşından düşürərək özü çıxıb getmişdir. Bu hadisədən sonra cavabdeh onun nömrəsini qadağan olunmuş siyahıya salaraq telefonlarına cavab vermədiyi üçün Cavabdeh barəsində Göygöl rayon PŞ-nə şikayətlər etmişdir. Onun əməlində cinayət tərkibinin olub-olmaması hələ də araşdırılır. Hesab edir ki, qeyd olunan məsələdə Fərid həmçinin onun şəxsiyyətini alçaltmışdır, etibarından sui-istifadə etmişdir. Belə ki, Cavabdeh onu işə düzəldəcəyi ilə bağlı ona söz verməsini və onu işlə təmin etsə şikayət və tələbinin olmayacağını da əlavə etmişdir. Lakin daha sonra Cavabdeh ona işçi kimi vəsiqə verməsinə baxmayaraq qərəzli formada ona işləməsində kömək etmədiyini də bildirmişdir. Məsələ ilə bağlı bütün detalları və əlavələrini məhkəmənin iclasında bildirəcəkdir. Cavabdehin hərəkətləri nəticəsində onun şəxsiyyətinə, mənəvi və psixoloji durumuna zərər gəlmişdir. Cavabdehin hərəkətləri (aldatma, etibarından sui istifadə, alçatmaq və s.) nəticəsində o arzu olunmaz vəziyyətə düşmüş, əsəb, stress keçirmiş və ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Bu səbəbə görə çəkdiyi mənəvi iztirablar nəticəsində bir neçə aylardı özünə gələ bilmir. Həmçinin cavabdehin hərəkətləri nəticəsində ona fiziki iztirablar formasında da mənəvi zərər vurulmuşdur. Ona görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23 və 1097-ci maddələrinə əsasən cavabdeh, onun şərəf və ləyaqətini alçaldan həqiqətə uyğun olmayan məlumatların yayılmasından ibarət olan hüquqa zidd hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzini verməlidir. Cavabdeh tərəfindən ona dəymiş mənəvi zərəri 100000 (bir yüz min) manat dəyərində qiymətləndirir, çünki ona Cavabdeh artıq zənglər olunmuş və hər zəngə cavab verdikdə mənəvi sarsıntı keçirmişdir.

5. Gəncə Şəhər Məhkəməsinin 04 iyul 2024-cü il tarixli 2(125)-2962/2024 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi; Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 390 (üç yüz doxsan) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1 və 1096.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən şəxsi həyat sirri və ya şəxsin toxunulmazlıq məlumaltlarının məhkəmə qaydası ilə təkzib edilməsi və yayılmış məlumatlar nətiəcəsində vurulmuş zərərəin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Onun keçirdiyi mənəvi sarsıntılar nəticəsində yaşadığı gərginlik göz qabağındadır. Məhkəmə iddianı rədd edərkən bunları nəzərə almamışdır. Ona qarşı olan hərəktələrlə bağlı Göygöl rayon Polis şöbəsində aparılmış araşdırmanı almadan həmin materiallarda olan iş üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmadan məhkəmə iddianı rədd etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli 2(104)-2037/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 04 iyul 2024cü il tarixli 2(125)-2962/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxılması qərara alınmışdır.

e) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə birlikdə işləmişdir, lakin sonuncu onu aldadaraq bədbəxt etmişdir. Sədrlik edənin sualına cavab olaraq İddiaçı bildirmişdir ki, cavabdeh onunla sevgili olmuş, lakin ailə qurmamışdır. Cavabdeh ona qarşı əxlaqsız hərəkətlər etdiyinə görə ona təzminat ödəməlidir. Onun cavabdehlə intim münasibəti könüllü olmamışdır. Bununla bağlı polisə müraciət etmiş və ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Cavabdeh ona hədə-qorxu gəldiyinə görə əvvəllər onun barəsində şikayət etməkdən çəkinmişdir. İşdəki məsələlərlə əlaqədar cavabdehə məxsus avtomobilə əyləşmiş və həmin vaxt da cavabdeh onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ona şər, böhtan atır. O, jurnalist işləyir. 2022-ci ildə iddiaçını onun anasının razılığı ilə işə götürmüşdür. Sonradan iddiaçının qeyri etik hərəkətlərinə görə işdən azad etmişdir. Belə ki, işləri ilə əlaqədar öz avtomobili ilə iddiaçını Bakı şəhərindən Gəncə şəhərinə gətirmişdir. Avomobildə olarkən iddiaçı özü ona qarşı əxlaqsız hərəkət etmişdir. Bu hərəkətlərinə görə iddiaçını avtomobildən düşürmək istəsə də, lakin sonuncu bundan imtina etmişdir. Daha sonra işlə əlaqədar Şuşa şəhərində olanda iddiaçı onun telefonuna mesaj göndərərək yenidən işə başlamaq istdiyini bildirmişdir. O da iddiaçı ilə razılaşıb onu yenidən işə götürmüşdür. Sədrlik edənin sualına cavab olaraq Cavabdeh bildirmişdir ki, heç vaxt iddiaçı ilə yaxın münasibətdə olmamış və ona qarşı qeyri-əlaqi hərəkətləri olmamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 1096.1 və 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh onunla qeyritəbii yolla cinsi əlaqədə olduğunu, bununla da onun şəxsiyyətinə, mənəvi və psixoloji vəziyyətinə zərər vurduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı müəyyən olunur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl İddiaçı Cavabdeh ona qarşı qeyri-əxlaqi hərəkətlər etməsi barədə şikayət ərizəsilə polis şöbəsinə müraciət etmiş və müraciət əsasında aparılan araşdırmanın nəticəsi olaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

28. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

30. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər.

31. Daha sonra Plenum qeyd etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

32. Kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.

33. Hazırkı işdən görünür ki, İddiaçı Cavabdeh onunla qeyri-əxlaqi hərəkətlər etməsini əsas göstərməklə mənəvi zərərə məruz qaldığını iddia edir. Lakin işin faktiki halları ilə cavabdehin iddiaçıya zərər vurulması ilə nəticələnən hər hansı hərəkəti törətmiş olması təsdiqini tapmır.

34. Belə ki, iş materiallarındakı sənədlərə əsasən müəyyən olunur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl İddiaçı Cavabdeh ona qarşı qeyri-əxlaqi hərəkətlər etməsi barədə şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etmiş və müraciət əsasında aparılan araşdırma zamanı fakt öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

35. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

38. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

39. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

40. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

41. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.

42. Şərh olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmənin gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 04 iyul 2024-cü il tarixli 2(125)-2962/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar