Məhkəmə qərarları › İş №2(104)-206/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-206/2025

07.01.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-206/2025 07.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Ağstafa Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(015)-11/2022 nömrəli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh «X3 Company» MMC-dən ödənilməmiş əmək haqqına görə 2400 manat pulun və son haqq-hesabın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(015)-11/2022 nömrəli qətnaməsi ilə (hakim Natiq Abbasov) iddia təmin edilərək, Cavabdeh1 MMC-dən ödənilməmiş əmək haqqına görə 2400 manat pul və ödənilməli olan son haqq-hesab tutularaq İddiaçı verilməsi; Cavabdeh «X3 Company» MMC-dən 44 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, cavabdeh qismində göstərilən Cavabdeh1 MMC xx.xx.2020-ci il tarixdə Cavabdeh2 MMC-yə qoşularaq ləğv edilmişdir. Bu barədə Dövlət Vergi Xidmətində müvafiq reyestrdən çıxarış verilmişdir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edən zaman əvvəlcə qiyabi qətnamə qəbul edilmişdir. Daha sonra qiyabi qətnamənin ləğvi barədə məhkəməyə ərizə verən zaman cavabdeh hüquqi şəxsin artıq ləğv edilmiş olması barədə məhkəməyə məlumat vermişlər. Məhkəmə cavabdehi əsl cavabdehlə əvəz etməli olduğu halda, bunu etməmişdir. Həmçinin, işə baxılarkən cavabdeh təşkilatın hüquq varisi olaraq onlara məlumat verilməmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh1 MMC xx.xx.2020-ci il tarixdə Cavabdeh2 MMC-yə qoşularaq ləğv edilmişdir. Ləğv olunduğundan MMC-nin asan imzası da deaktiv edilmiş və nəticədə "xxxx" informasiya sisteminə daxil olmaq imkanı da məhdudlaşdırılmışdır. Müəssisənin ləğvi ilə bağlı Dövlət Vergi Xidməti müvafiq reyestrdən çıxarış vermişdir. Həmçinin, iddiaçının iddia qaldırıdığı vaxt cavabdeh qismində qeyd olunmuş Cavabdeh1 MMC artıq ləğv olunmuşdur. Məhkəmə isə bunu araşdırmamış və faktiki olaraq mövcud olmayan şirkətlə bağlı qərar qəbul etmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, müəssisə ləğv olunub, bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı var və həmin qərar artıq icra olunub. Cavabdeh2 MMC ləğv edilmiş Cavabdeh1 MMC-nin hüquqi varisidir. Cavabdeh1 MMC artıq ləğv olunub, həmin müəssisə Dövlət Vergi Xidmətinin reyestrində qeydiyyatda yoxdur. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbuletməyərək izahatında bildirmişdir ki, ilk dəfə məhkəməyə müraiət edən zaman ərazi aidiyyət məsələsi mübahisələndirilmiş, lakin iş ərzi aidiyyəti üzrə baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir. Həmin müəssisənin direktoru da məhkəmə iştirak edib və şirkətin ləğv olunması barədə heç bir məlumat verməyib. Cavabdeh təşkilatdan əmək haqqının ödənilməsini xahiş edir. Artıq 4 ildir ki, müxtəlif bəhanələrlə məhkəmə prosesləri keçirilir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, xx.xx.2018ciil tarixdən xx.xx.2020-ci il tarixədək cavabdeh müəssisədə işləmişdir. Müəssisə hər ay 650 manat əmək haqqı verməli olduğu halda, heç bir ödəniş etmədiyindən öz ərizəsi ilə işdən çıxmışdır. Hazırkı məhkəmə kollegiyasının iclasında işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli Təhvil Aktından görünür ki, "X4 Company" MMC-nin "xxxx" MMC-ə qoşulması ilə əlaqədar "X4 Company" MMC-nin bütün borlular qarşısında öhdəlik və vəzifələri və s. "xxxx" MMC-ə keçmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli, **********335600 nömrəli çıxarışından görünür ki, "xxxx" MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyində xx.xx.2017-ci il tarixdə VÖEN **********1 nömrəsi ilə dövlət qeydiyyatına alınmış "X4 Company" MMC-nin ona qoşulmasi nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarının ərizənin baxılmamış saxlanılması barədə MPMnin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikası MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya dövlət rüsumunun ödənilməsi, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması, iddia ərizəsinin forma və məzmuna uyğun tərtibi, səlahiyyətli şəxs tərəfindən imzalanması, iddia ərizəsi təmsilçi tərəfindən verildiyi halda onun səlahiyyətlərinin lazımi qaydada rəsmiləşdirilməsi, iddia ərzəsinə əlavə edilmiş sənədlərin siyahısı, iddia ərizəsinin ərazi aidiyyəti üzrə düzgün məhkəməyə verilməsi və s. kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına Hazırkı işdən müəyyən edilmişdir ki, Cavabdeh1 MMC xx.xx.2020-ci il tarixdən Cavabdeh2 MMC-yə qoşulduğundan onun hüquq və vəzifələri də Cavabdeh2 MMC-yə keçmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixdən Cavabdeh1 MMC adlı hüquqi şəxs artıq mövcud olmamışdır. İddiaçı isə xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatında mövcud olmayan Cavabdeh1 MMC-yə qarşı hazırkı tələbini irəli sürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 55.1-ci maddəsinə görə, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən, hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən, hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Göründüyü kimi, "X4 Company" MMC xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-yə qoşulduğundan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55 və 56-cı maddələrinə əsasən "X4 Company" MMC-nin hüquq və vəzifələri "xxxx" MMC-yə keçdiyindən hesab olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə mövcud olmayan hüquqi şəxsə qarşı iddia irəli sürmüşdür. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək, mövcud olmayan hüquqi şəxsə qarşı müvafiq tələb barədə ərizəni icraata qəbul etmiş və iddianı təmin etmişdir. Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsində təsbit edilmişdir ki, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində ərizənin baxılmamış saxlanılmasının prosessual hüquqi əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, işə baxılmasına mane olur. Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsində təsbit edilmişdir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.2-ci maddəsinə görə, qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. İddiaçı tərəfindən irəli sürülmüş tələbin Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin tələblərinə uyğun olmadığını və apellyasiya mərhələsində həmin nöqsanın aradan qaldırılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin iddiaçıya izah edir ki, hazırkı tələblə Cavabdeh1 MMC-nin hüquqi varisi olan "xxxx" MMC-yə qarşı müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 149, 259, 263-266, 384.0.5 və 402.2-maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 2(015)-11/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, hazırkı tələblə Cavabdeh1 MMC-nin hüquqi varisi olan "xxxx" MMC-yə qarşı müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar