Məhkəmə qərarları › İş №2(104)-2060/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2060/2023

05.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2060/2023 05.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(021)-1089/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022 ci-il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh bir uşağa görə 220 manat və 3 yaşınadək baxılması üçün, 100 manat aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(021)-1089/2023 saylı qətnaməsi ilə (sədrlik edən Q.Əbilov) iddia qismən təmin edilmiş, 05 noyabr 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün, məhkəməyə müraciət edildiyi, yəni 12 yanvar 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması, alimentin tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi, iş üzrə ödənilməmiş 50 (əlli) manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(021)-1089/2023 saylı qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ona qarşı qərəzli mövqe tutur, ona görə ki, cavabdehin maddi imkanı çox yüksəkdir. O, 320 manat ödəmə imkanına malikdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(021)-1089/2023 saylı qətnaməsinin tam ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, müəyyən olunmuş minimum 220 manat aliment məbləği hər iki valideynə şamil edilməsi, aralarında bərəbər şəkildə bölünməlidir. O, heç bir yerdə işləmir, həmçinin o, ikinci qrup Qarabağ müharibəsi iştirakçısı, qazidir.Bundan əlavə məhkəmə müharibə veteranları dövlət rüsumundan azad olunduğu halda hakim dövlət rüsumunun da ondan tutulması barədə əsassız qətnamə qəbul etmişdir. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə kollegiyaya məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Cavabdeh ilə qeyrirəsmi nikahları olmuşdur. Onların qeyri-rəsmi nikahlarından bir uşaqları anadan olmuşdurxx.xx.2022 ci-il təvəllüdlü X3. Onların qeyri-rəsmi nikahları olsa da, Cavabdeh atalığı qəbul etmişdir. Onların ailə münasibətləri alınmamış, cavabdehlə bir evdə ailə kimi yaşamaq qeyri-mümkündür. Uşaqları onun himayəsindədir, onunla birlikdə yaşayır. O, özü heç bir yerdə işləmir, maddi cəhətdən çox çətinlik çəkir. Cavabdehin rəsmi iş yeri olmasa da, maddi vəziyyəti çox yaxşıdır. Ona görə də, onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(021)-1089/2023 saylı qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(021)-1089/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: AZ-İ № 431160 nömrəli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 05 noyabr 2022-ci il tarixdə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. AZ-İV № 804896 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 05 noyabr 2022-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinin tələblərinə uyğun olaraq Arayış verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh ilə faktiki ailə qurmaqla qeyri-rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından 05 noyabr 2022-ci il təvəllüdlü X3 adlı bir uşaqları anadan olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, uşaqların əvvəlki təminat səviyyəsini, onun hüquq və mənafelərini nəzərə alaraq, hesab etmişdir ki, 12 yanvar 2023-cü il tarixdən başlayaraq, 05 noyabr 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün, Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsassız sayaraq, qeyd edir ki, o, həm iddia ərizəsinə, həm apellyasiya şikayətində cavabdehin yüksək gəlirlərə malik olmasına dair heç bir sübut növü əlavə etməmişdir. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, alimentin məbləği müəyyən edilərkən onların da maddi və ailə vəziyyəti nəzərə alınmalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən, aliment ödəməyən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Aliment ödəyən şəxsin maddi imkanı üçün ödənilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına zəmin yaradacaqdır. Məhkəmə kollegiyası məhkəmənin uşağın 3 yaşına çatana kimi hər ay 100 (bir yüz) manat pul tutulması tələbinin rədd edilməsi hissəsində gəldiyi nəticəni də əsaslı sayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə görə, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2 və 84.2.2-ci maddələrinə görə, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Lakin iş materiallarından görünür ki, tərəflər faktiki münasibətdə olmaqla, aralarında rəsmi nikah olmamış və ona görə də, onlar ər-arvad statusu daşımamışlar. Digər tərəfdən, məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız sayaraq qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borcludular. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin dəyişdirilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(021)-1089/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(021)-1089/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar