Məhkəmə qərarları › İş №2(104)-2086/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2086/2023

02.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2086/2023 02.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-728/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh birgə nikah dövründə əldə etdikləri mənzilin dəyərinin yarısı (13.500 manat), həmin mənzilə çəkilmiş təmir xərcinin (12.500 manat) və həmin mənzilə alınan mebellərin dəyərinin yarısı (7000 manat) yəni, cəmi 33.000 (otuz üç min) manatın alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-728/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Rəşad Mustafayev) iddia qismən təmin edilmiş, Cavabdeh 30642.5 (otuz min altı yüz qırx iki manat əlli) manat pul və 181.93 (bir yüz səksən bir manat doxsan üç əpik) manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-728/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddia tələbi ona qarşı yox, "xxxx" MTK-ya qarşı qaldırılmalı idi. Belə ki, mənzilə dair onunla MTK arasında müqavilə olsa da, mülkiyyət hüququ MTK-ya məxsus olmuşdur. O, payçı kimi MTK-ya daxil olmuş və sonra mənzilə görə ödənişləri edə bilmədiyi üçün ümumi yiğıncağın qərarı ilə payçılar siyahısından kənarlaşdırılmışdır. İş üzrə Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, Cavabdeh ilə 2001-ci ildə evlənmişlər, 2020-ci ilin iyununda isə ayrılmışlar. O, evi 2017ci ildə Abşeron rayonu, Masazır qəsəbəsi "xxxx" yaşayış Kompleksində yerləşən 39 saylı binanın, 1-ci blok, 6-cı mərtəbədə 2 otaqlı 29 saylı mənzili 27000 manata təmirsiz və əşyasız vəziyyətdə satın almış, evdə yalnız mansar olmuşdur. Evi aldıqdan sonra tam təmir etdirmiş və 16000 manat xərc çəkmişdir. Ev 2020-ci ilin sentyabr ayının 1-də onun xəbəri olmadan cavabdeh tərəfindən X3. Evi cavabdeh 53000 manata satıb və 4000 manat isə evdə olan əşyaların bir qismi müqabilində evi satın alan X4 pul alıb. Cavabdeh evi əşyaları ilə birlikdə cəmi 57000 manata satmış, onun evin satılmasından xəbəri olmamışdır. Cavabdeh evi satarkən paltaryuyan maşını, televizor və soyuducunu özünə götürübdür. O, evdə olan əşyalara 11-12 min manat pul xərcləmiş, belə ki, evin girişində olan qardirop və şkafa 1400 manat, kondisionerə 1800 manat ödəmiş, paltaryuyan, televizor və soyuducuya cəmi 2000 manat, mətbəx mebeli üçün 1600 manat pul vermiş, divan, televizor altı, stol-stul, 1 ədəd yataq taxtı tumuçkası ilə birlikdə, 3 ədəd taxta kravat və 2 ədəd uşaqlara kitab rəfinə cəmi 5000 manata yaxın pul vermişdir. Hazırda həmin əşyalara görə 2050 manat kredit borcu, həmçinin evin təmirində istifadə olunan qranitə görə 835 manat borcu qalmışdır.1400 manat evin kommunal borcu olmasını və cavabdeh tərəfindən ödənilməsini qəbul edir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-728/2023 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh 26,542,50 (iyirmi altı min beş yüz qırx iki manat əlli qəpik) manat pul və 181.93 (bir yüz səksən bir manat doxsan üç qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan xx.xx.2017-ci il tarixli, 039/0029 saylı tikinti haqqında fərdi müqavilədən görünür ki, Cavabdeh sifarişi ilə "xxxx" MTK Abşeron rayonu, Masazır qəsəbəsi, 39 saylı binada, 1-ci blokda 6-cı mərtəbədə 2 otaqlı 29 saylı mənzilin tikintisini öz öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş Payçılıq vəziyyəti barədə "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" MTK arasında xx.xx.2017-ci il tarixində müqavilə imzalanmış və həmin tarixdən payçı MTK-ya üzv olmuşdur. Payçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksdə 39 saylı binada, 1-ci blokda 6-cı mərtəbədə 2 otaqlı sahəsi 66.1 kv.m olan 29 saylı mənzili almışdır. Payçı mənzilin ümumi dəyərini tam ödəmiş və hazırda MTK-ya mənzil üzrə borcu yoxdur. İş materiallarına əlavə edilmiş Payçılıq vəziyyəti barədə "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, X7 ilə "xxxx" MTK arasında xx.xx.2020-ci il tarixində müqavilə imzalanmış və həmin tarixdən payçı MTK-ya üzv olmuşdur. Payçı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksdə 39 saylı binada, 1-ci blokda 6-cı mərtəbədə 2 otaqlı sahəsi 66.1 kv.m olan 29 saylı mənzili almışdır. İşdə olan xx.xx.2020-ci il tarixli, 039/0029 saylı tikinti haqqında fərdi müqavilədən görünür ki, X1 ilə "xxxx" MTK Abşeron rayonu, Masazır qəsəbəsi, 39 saylı binada, 1-ci blokda 6-cı mərtəbədə 2 otaqlı 29 saylı mənzilin tikintisini öz öhdəsinə götürür. İşdə olan Cavabdeh notarial qaydada verilmiş xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, 39 saylı binada, 1-ci blokda 6-cı mərtəbədə 2 otaqlı ümumi sahəsi 66.1 kv.m olan 29 saylı mənzildən və payından imtina edərək, həmin mənzilin X5 ( AA 0311928) adına dəyişdirilməsinə etiraz etmədiyini və gələcəkdə MTK-ya qarşı iddiası olmayacağını bildirmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1358/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh, "xxxx" MTK-ya və X6 qarşı müqavilənin etibarsız hesab olunması, mənzildən çıxarılma və əmlakın bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh nikahı Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 137 saylı akt qeydinə əsasən pozulmuşdur. İşdə olan telefoqramdan görünür ki, Şəmkir Rayon Məhkəməsinin məhkəmə iclasının katibi X8 həmin məhkəmənin icraatında olan İddiaçı Cavabdeh qarşı“pul” tələbinə dair 2(076)-728/2023 nömrəli işlə bağlı 16 may 2023-cü il tarixdə özünə məxsus (051)- 717-57-57 nömrəli mobil telefonla şahid X6 məxsus (050)-865-73-73 nömrəli mobil telefonla əlaqə saxlayıb məhkəmə iclasında iştirakının zəruriliyini bildirmiş və iddia ərizəsinə baxılmasına dair məhkəmə iclasında iştirakının zəruri olması barədə lazımi qaydada xəbərdar edilmişdir. X7 cavabında xəstə olduğunu, mədəsi ilə bağlı yeni əməliyyat olunduğu üçün məhkəmə iclasına gələ bilmədiyini, evi 53000 manata Cavabdeh satın aldığını evin əşyalarına görə isə əlavə 4000 manat pul ödədiyini bildirmişdir. İş materialları ilə müəyyən edillir ki, İddiaçı 23 aprel 2001-ci il tarixdə Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, birgə nikahlarından xx.xx.2001-ci il təvəllüdlü X9, xx.xx.2003-cü il təvəllüdlü X12, xx.xx.2009-cu il təvəllüdlü X10 adlı 3 uşağı olmuşdur. Onlar birgə nikah dövründə, yəni xx.xx.2017-ci il tarixli, 039/0029 saylı tikinti haqqında fərdi müqavilə ilə, Cavabdeh ilə "xxxx" MTK arasında xx.xx.2017-ci il tarixində müqavilə imzalanmış, həmin tarixdən payçı MTK-ya üzv olmuş, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksdə 39 saylı binada, 1-ci blokda 6-cı mərtəbədə 2 otaqlı sahəsi 66.1 kv.m olan 29 saylı mənzili almış, mənzilin ümumi dəyərini tam ödəmişdir. Tərəflər arasında olan nikah Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 137 saylı akt qeydinə əsasən pozulmuşdur. Cavabdeh notarial qaydada verilmiş xx.xx.2020-ci il tarixli ərizəsi ilə, Abşeron rayonu, Masazır qəsəbəsi, 39 saylı binada, 1-ci blokda 6-cı mərtəbədə 2 otaqlı ümumi sahəsi 66.1 kv.m olan 29 saylı mənzildən və payından imtina edərək, həmin mənzilin X5 ( AA 0311928) adına dəyişdirilməsinə etiraz etmədiyini və gələcəkdə MTK-ya qarşı iddiası olmayacağını bildirmiş, X7 həmin mənzilə dair "xxxx" MTK arasında xx.xx.2020-ci il tarixində müqavilə imzalanmış və Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksdə 39 saylı binada, 1-ci blokda 6-cı mərtəbədə 2 otaqlı sahəsi 66.1 kv.m olan 29 saylı mənzili almışdır. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, mübahisə edilən mənzil tərəflərin birgə nikah dövründə əldə edilib, cavabdeh tərəfindən faktiki olaraq başqasına satıldığı üçün, həmin mənzilə dair əldə edilmiş məbləğin yarısı üzərində iddiaçının payı müəyyən edilməli və cavabehdən 30642.5 (otuz min altı yüz qırx iki manat əlli) manat pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə qismən razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisə edilən mənzil tərəflərin birgə nikah dövründə əldə edilib, cavabdeh tərəfindən faktiki olaraq başqasına satıldığı üçün, həmin mənzilə dair əldə edilmiş məbləğin yarısı üzərində iddiaçının payının müəyyən edilməsi hissəsində qanuni nəticəyə gəlsə də, payın məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh birgə nikah dövründə əldə etdikləri mənzilin dəyərinin yarısı (13.500 manat), həmin mənzilə çəkilmiş təmir xərcinin (12.500 manat) və həmin mənzilə alınan mebellərin dəyərinin yarısı (7000 manat) yəni, cəmi 33.000 (otuz üç min) manatın alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəflərin payını müəyyən edərkən, kondisioner, paltaryuyan, televizor və soyuducuya xərclənmiş pulları da nəzərə almış və bununla da, tələbdən kənara çıxmışdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı mənzili 27000 manata təmirsiz və əşyasız vəziyyətdə satın almalarını, təmirə 16000 manat xərc çəkmələrini, evin cavabdeh 53000 manata satılmasını və 4000 manat isə evdə olan əşyaların bir qismi olmaqla, cavabdehin evi əşyaları ilə birlikdə cəmi 57000 manata X2 göstərsə də, birinci instansiya məhkəməsində iştirak etmiş Cavabdeh isə öz izahatında evi içindəki əşyalarla birlikdə 53000 manata X2, həmin vaxt evin komunal borcu yığıldığına görə 1400 manat ödəməsini göstərmişdir. Həmçinin cavabdeh izahatında göstərmişdir ki, hazırda iddiaçının həmin evə alınmış əşyalara görə 2050 manat kredit borcunun tam ödənilməməsini, evin təmirində istifadə olunan qranitə görə 835 manat borcun qalması ona məlumdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, evin satıldığı 53000 manat məbləği əsas götürülməklə, alınmış əşyalara görə iddiaçının 2050 manat kredit borcunun, evin təmirində istifadə olunan qranitə görə 835 manat borcunun olması, həmin borcun (2050 +835):2=1442,5 hissəsi Cavabdeh aid edilməsi, cavabdeh tərəfindən 1400 manat evin kommunalına görə borcun ödənilməsi, 1442,5-1400=42,50 manat Cavabdeh iddiaçıya borcunun olması nəzərə alınmaqla, 53000:2-42,50=26,457,50 manat Cavabdeh, 26,542,50 manat İddiaçı payının olması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Cavabdeh iddia tələbi ona qarşı yox, "xxxx" MTK-ya qarşı qaldırılmalı olması, mənzilə dair onunla MTK arasında müqavilə olsa da, mülkiyyət hüququnun MTK-ya məxsus olması, onun payçı kimi MTK-ya daxil olması və sonra mənzilə görə ödənişləri edə bilmədiyi üçün ümumi yiğıncağın qərarı ilə payçılar siyahısından kənarlaşdırılmasına dair apellyasiya dəlillərini əsassız hesab edir. Belə ki, iddia tələbi mübahisəli mənzilin cavabdeh tərəfindən başqasına satılması nəticəsində əldə edilmiş pul məbləği ilə bağlıdır ki, həmin tələbin "xxxx" MTK-ya heç bir aidiyyəti yoxdur. Cavabdehin mənzilə görə ödənişləri edə bilmədiyi üçün ümumi yiğıncağın qərarı ilə payçılar siyahısından kənarlaşdırılmasına dair apellyasiya dəlillərini gəldikdə isə, onun işdə olan notarial qaydada verilmiş xx.xx.2020-ci il tarixli ərizəsi ilə müəyyən edilir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, 39 saylı binada, 1-ci blokda 6-cı mərtəbədə 2 otaqlı ümumi sahəsi 66.1 kv.m olan 29 saylı mənzildən və payından imtina edərək, həmin mənzilin X5 ( AA 0311928) adına dəyişdirilməsinə etiraz etmədiyini və gələcəkdə MTK-ya qarşı iddiası olmayacağını bildirmişdir. Həm də, iş materiallarına əlavə edilmiş Payçılıq vəziyyəti barədə "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh mənzilin ümumi dəyərini tam ödəmiş və MTK-ya mənzil üzrə borcu olmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki iş üzrə məhkəmə iclası cavabdehin iştirakının təmin edilməsi üçün təxirə alınsa da, o, təkrarən məhkəmə iclasına gəlməmiş və apellyasiya şikayətinin dəlillərinə dair heç bir mötəbər sübut növü təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh ilə birgə nikah müddətində əldə etdiyi Abşeron rayonu, Masazır qəsəbəsi "xxxx" yaşayış Kompleksində yerləşən 39 saylı binanın, 1-ci blok, 6-cı mərtəbədə 2 otaqlı 29 saylı mənzilin satışından cavabehin əldə etdiyi 53000 manat məbləğ hesabına 26,542,50 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.2 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qismən işin həqiqi hallarına qismən uyğun olmamışdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)- 728/2023 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh 26,542,50 (iyirmi altı min beş yüz qırx iki manat əlli qəpik) manat pul və 181.93 (bir yüz səksən bir manat doxsan üç qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384, 385, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-728/2023 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh 26,542,50 (iyirmi altı min beş yüz qırx iki manat əlli qəpik) manat pul və 181.93 (bir yüz səksən bir manat doxsan üç qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar