Məhkəmə qərarları › İş №2(104)-2088/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2088/2025

01.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2088/2025 01.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ələmşah oğlu və X1 ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “alimentin azaldılması” tələbinə dair mülki işi üzrə Gəncə Şəhər Məhkəməsinin 10 oktyabr 2025-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Tərəflərin birgə nikahlarından iki uşaqları doğulmuşdur: xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 3015/2021 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-365/2025 nömrəli qərardadına əsasən həmin qətnamə üzrə tutulan alimentin məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa görə 0,7 misli həddində sabit pul məbləğində indeksasiya olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-3015/2021 saylı qətnaməsinə əsasən Suraxanı Rayon Məhkəməsinin 8(010)-365/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment məbləğinin azaldılaraq, ondan Cavabdeh xeyrinə xx.xx.2012ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 400 manat olması nəzərə alınarsa, həmin məbləğin 0,7 misli həddi 280 manat təşkil edir ki, o, qeyd edilən qərardada əsasən hər ay hər uşağa görə 280 manat ödəməli olmuşdur. O, hal-hazırda məhkəmə tərəfindən ödənilməsi qət edilmiş aliment məbləğini ödəyə bilmir və qeyd edilən məbləğin ödənilməsi onun üçün artıq mümkün deyildir. Belə ki, ondan cavabdehin xeyrinə aliment tutulması barədə qətnamə qəbul edildikdən sonra o, ailə qurmuş və başqa nikahından 17 mart 2025-ci ildə əkiz övladları dünyaya gəlmişdir. Əkiz övladları 27 həftəlik dünyaya gəldiyinə görə onların həyatda qalmasına və müalicəsinə 40.000 manatdan çox xərci çıxmış, ödəməsi onun üçün mümkünsüz görünən bir borcun altına girmiş və tezliklə həmin borc məbləğini qaytarmaq öhdəliyini götürmüşdür. Hal-hazırda uşaqların müalicə xərcləri, etdiyi borc məbləğlərinin qaytarılması zəruriliyi, indiki alimentin ödənilməsi və digər zəruri xərcləri maddi vəziyyətini dözülməz həddə çatdırmışdır. Cavabdehi mediasiyaya dəvət edib, uşaqlar üçün ödənilən alimentin məbləğinin azaldılmasını təklif etmək istəmiş, lakin cavabdeh mediasiya prosesinə də gəlməmişdir. İndi hər ay onun aldığı əmək haqqı uşaqlarının xərclərinə, digər zəruri ödənişlərə çatmır, ailə vəziyyəti çox acınacaqlı haldadır. Demək olar ki, cavabdehdən olan uşaqları üçün ödədiyi aliment miqdarı sonra olan uşaqlarının nəinki maddi durumunu, həmçinin onların sağlamlıq vəziyyətlərini təhlükə altında qoyur. Alimenti ödədiyinə görə uşaqların müalicəsini lazımi qaydada həyata keçirə bilmir. Cavabdeh özü də işləyir, kifayət qədər yüksək gəliri vardır, lakin onun ikinci nikahından olan uşaqları hələ çox körpə olduğuna görə arvadı işləyə bilmir, ailədə tək işləyir, həm aliment ödəyir, həm yeni doğulan uşaqlarının qayğısına qalır, həm də digər zəruri xərcləri, borcları ödəməyə məcbur olur. Göründüyü kimi, məhkəmə ondan aliment tutulmasını qət edəndən sonra o, yeni nikaha daxil olaraq ailə qurmuş, yeni uşaqları olmuş, xərci daha da artmış, bu hal isə alimentin müəyyən olunmuş miqdarına yenidən baxılması zərurəti yaratmışdır. Belə ki, məhkəmə tərəfindən ondan hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutularsa, bu daha ədalətli olar və bu məbləği ödəyə bilər. Çünki hal-hazırda məhkəmə tərəfindən ödənilməsi qət edilmiş aliment məbləği onun üçün çoxdur, bu onun himayəsində olan körpə uşaqlarının və analarının saxlanmasında ona maddi problemlər yaratmışdır. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə qohum evliliyi etdiklərinə görə uşaqları talassemiya xəstəliyindən əziyyət çəkir. İddiaçı “Socar”da sürücü işləyir, həmçinin başqa gördüyü işlər də vardır, maddi imkanı kifayət qədər yaxşıdır. O isə kirayədə qalır, 506 manat əmək haqqı alır. Uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkir. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – Şəhər Məhkəməsi) 2(125)-4943/2025 nömrəli iş üzrə qəbul etdiyi 10 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia tələbinin qismən təmin edilməsi, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-3015/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-365/2025 nömrəli qərardadı ilə indeksasiya olunmuş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2012-ci ildə anadan olmuş X2 və xx.xx.2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa görə 0,6 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Şəhər Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, qanunvericilik alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə şərtləndirmişdir. Hazırki işdən görünür ki, iddiaçının ikinci nikahından himayəsində 2 azyaşlı uşağı vardır. Bununla belə ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Şəhər Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 112.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 217.4-cü maddələlərinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçının aliment ödəməyi cavabdehi öz uşağını saxlamaq vəzifəsindən azad etmir və bir ana kimi cavabdehin də vəzifələrindən biri öz uşağını saxlamaq onun maddi təminatını təmin etməkdir. Yəni iddiaçının ödədiyi alimentlə birlikdə cavabdeh də uşağın saxlanması üçün bütün tədbirləri görməli, onların birlikdə uşaq üçün xərclədikləri vəsait 246 manatdan aşağı olmamalıdır. Valideynlərin uşaq qarşısında bərabər vəzifələri olduğuna görə bir ata kimi uşağın saxlanması xərclərinin təkcə iddiaçının üzərinə qoyulması təkcə iddiaçının hüquqlarının pozulmasına deyil, iddiaçının himayəsində olan uşaqların da maddi sıxıntısının yaranmasına gətirib çıxaracaqdır. Ona görə də, məhkəmə iddiaçıdan hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində alimentin tutulması nəticəsinə gəlsəydi, bu zaman bu daha ədalətli olar, uşaqların saxlanması vəzifəsini həm iddiaçının, həm də cavabdehin üzərinə bərabər formada qoymuş olar, bununla da iddiaçının himayəsində olan əkiz övladlarının da hüquqları qorunmuş olardı. Yəni məhkəmə aliment ödənilməli olan uşaqların minimum səviyyədən aşağı olmamaqla saxlanmasını düşündüyü zaman, iddiaçının himayəsində olan uşaqların hansı səviyyədə saxlanacağını düşünməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etirazın dəlillərinə uyğun izahat vermişdir. İddiaçı apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, Şəhər Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, lakin cavabdeh qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. İddiaçının apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi xahiş olunsa da, Məhkəmə iddia predmetinin bölünməz olduğunu nəzərə alaraq qətnaməni iddiaçının apellyasiya şikayətinə münasibətdə tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. 4. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları” Bəyannaməsi Uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyası” Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 18. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu. 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh nikaha daxil olmuşlar. Bu nikahdan onların iki uşağı var: xx.xx.2012-ci il İnci və xx.xx.2016-cı il təvəllüdlü Röya. Tərəflərin münasibətləri pisləşdiyindən onlar ər-arvad münasibətlərini kəsərək ayrılmışlar. Onlar ayrıldığı vaxtdan uşaqlar cavabdehin (ananın) yanında yaşayırlar. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı uşaqlarının saxlanılması üçün ondan alimentin tutulmasına etiraz etmir. O, cavabdehin işlədiyini və yüksək əmək haqqı aldığını, onun himayəsində yeni nikahından iki azyaşlı uşağının olduğunu, habelə uşaqların saxlanılmasının hər iki valideynin vəzifəsi olduğunu bildirir və alimentin miqdarının minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Məhkəmə apellyasiya şikayətinin müzakirə olunan dəlillərinə münasibətdə bildirir ki, sözsüz ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Tərəflər ayrıldığı vaxtdan uşaqlarin cavabdehin (ananın) yanında yaşaması işin mübahisəsiz halıdır. Belə olan halda, uşaqların gündəlik qayğıları ilə məşğul olmaq, məişət tələbatlarını ödəmək və s. kimi həyat prosesində yaranan məsələləri həll etmək yükü əsas etibarilə, ananın üzərinə düşür. Uşaqların saxlanması üçün onların maddi ehtiyaclarının ödənilməsi öhdəliyi isə hazırki halda atanın üzərinə düşmüşdür. Başqa sözlə, aliment ödəməyə borclu olan tərəf indiki halda iddiaçıdır. Lakin iddiaçı öz üzərinə düşən vəzifədən yayınaraq, cavabdehi, yəni ananı həmin vəzifəyə ortaq etmək niyyəti ilə çıxış edir. Məhkəmənin fikrincə iddiaçının bu mövqeyi ədalət prinsipi baxımından düzgün deyildir. İşləyib-işləməmək barədə qərar cavabdehin verəcəyi şəxsi qərardır və ananın işləməsi iddiaçını öz valideynlik vəzifələrinin icrasından azad edə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, maddi vəziyyətinin hansı səviyyədə olmasından asılı olmayaraq, iddiaçı uşaqlarını saxlamağa borcludur və iddiaçının öhdəsində başqa uşaqlarının olması dа onu cavabdehlə nikahından doğulan uşaqlara görə alimenti ödəmək vəzifəsindən azad etmir. Göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırki yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq Məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi və alimentin miqdarının ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa görə 0,6 misli həddində sabit pul məbləğində müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Gəncə Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə 10 oktyabr 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar